Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-717/2023 27.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı podrat müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında “03” iyun 2022-ci tarixində podrat müqaviləsinə əsasən 2405.35 manat məbləğində əsas borc, 253 manat cərimə, 192 manat əldən çıxmış fayda, cəmi 2850,35 (iki min səkkiz yüz əlli manat, otuz beş qəpik) manat, mediasiya təşkilatına ödənilmiş olan 60 manat rüsumu yekun olaraq 2910,35 (iki min doqquz yüz on manat, otuz beş qəpik) manat məbləği iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında “03” iyun 2022-ci il tarixində podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC damın sudan izolyasiya işlərini görməyi, Cavabdeh MMC isə həmin işlərin dəyərini müqavilə və qiymət razılaşma protokolları əsasında İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin İddiaçı MMC tərəfindən müqavilə ilə nəzərdə tutulan işlər vaxtında və lazımi qaydada icra edilib təhvil verilsə də işlərin dəyəri Cavabdeh MMC tərəfindən tam şəkildə ödənilməmişdir. Nəticədə hal-hazırda Cavabdeh MMC-nin İddiaçı MMC qarşısında 2405.35 manat (ƏDV daxil) məbləğində ödənilməmiş borcu mövcuddur. Tərəflər arasıda bağlanmış olan “03” iyun 2022-ci il tarixində podrat müqaviləsinə əlavə 01 kimi tərtib edilmiş 03 iyun 2022-ci il tarixli qiymət razılaşdırma protokolunda göstərilmişdir ki, izolyasiya işləri-birinci qat geotextil keçənin sərilməsi, izolyasiya qatı olan pvc 1.5 mm membranın sərilməsi və qaynaq olunması, son qat geotextil keçənin sərilməsi, pvc membranı perimetr boyu parapetlərə bərkidilməsi idmətləri üzrə toplam sifarişçi tərəfindən podratçıya 10325 (ƏDV daxil) manat ödəniş edilməli idi. Həmin nəzərdə tutulan ödənişin bir qismi ödənilmiş, 2405.35 AZN (ƏDV daxil) məbləğ isə indiyədək ödənilməmişdir. Tərəflər arasında 2 nömrəli forma əsasında 2022-ci ildə yerinə yetirilmiş işlərin və istifadə olunmuş materialların qəbulu aktı təsdiqlənmişdir. Hər iki tərəfin imza-möhürü ilə təsdiq etdiyi aktda qeyd edilmişdir ki, podratçı tərəfindən izolyasiya işləri texniki normalara uyğun yerinə yetirilmişdir. İşin icrası nəticəsində hər hansı bir qüsura yol verilməmişdir. Həmin aktda da göstərildiyi kimi işləri təhvil alan yerində baxış və sınaq zamanı görülmüş işlərdə heç bir qüsur və çatışmazlıq aşkarlanmamışdır. Habelə təyin olunmuş nəticə əldə edilmişdir. Bu akt imzalandığı andan etibarən qeyd olunan sahəyə məsuliyyət təhvil alanın üzərinə düşür və təhvil alan bu tarixdən sonra təhvil verilmiş işlərdə mexaniki və digər zədələrə və çatışmazlıqlara görə tam məsuliyyəti öz üzərinə götürür. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq məhkəməyə izahatında qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şirkət 15 ildən çoxdur ki, bu işlə məşğuldur. Hər-hansı keyfiyyətsiz işin görülməsi və ya qüsurlu işin görülməsi və bunun aradan qaldırılmaması halı olmamışdır. İzolyasiya işləri gördükdən sonra su tökülüb o da yoxlanıldıqdan sonra təhvil-təslim aktı imzalanır və möhürlənir və hər işdə oduğu kimi bu işdə də eyni qaydada görülmüş iş təhvil verilmişdir. İşlərin təhvil verilməsindən sonra cavabdeh tərəfindən işlər görülmüş, həmin işlərin nəticəsində isə zədələrin baş verməsi mümkündür. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazında qeyd etmişdir ki, "xxxx" şirkəti ilə podrat müqaviləsi bağlamışlar, sifarişçi isə hazırki şirkət olmuşdur. İşlərin görülməsi İsmayıllı rayonunda razılaşdırılmışdır. İzolyasiya işləri ilə bağlı İddiaçı MMC-yə müraciət etmişdir. Yekun olaraq qiymət protokolu verilmiş və onun əsasında ödəniş olmuşdur. İzolyasiyasiyadan sonra onun üzərinə çınqıl tökülmüş ki bu işlər iddiaçıya yox onlara aid olmuşdur. Daha sonra əlavə işlər görüldüyü üçün forma 2 tərtib olunmuşdur. Dəfələrlə qarşı tərəf müraciət etmişdir ki, forma 2-lərə imza çəkilsin. Belə ki, bu hadisələr yay aylarında baş vermiş, qarşı tərfə bildirilmişdir ki, yalnız bir halda forma 2-lərə imza atılacaqdır. Əgər payızda, qışda hər-hansı problem olsa gəlib düzəltsinlər. Qarşı tərəf də bununla razılaşmışdır. 2 ay keçdikdən sonra görülən işlərin bərbad olduğu məlum oldu. Belə ki, binadan su axmağa başladı. Payız ayları başlayanda bina suyun içərisində idi. Bununla bağlı fotoşəkilləri də mövcuddur. Dəfələrlə qarşı tərəfə zəng edib bildirildi ki, gəlib işi tamamlasınlar. Həmin işlə bağlı olaraq özlərinin gördükləri təmir işləri də bərbad olmuşdur. Sifarişçi də pulu yubatmışıdır. Qış aylarında hər-hansı problem olacağı halda gələcəkləri barədə məlumat vermələrinə baxmayaraq, gəlməmişlər. Məcbur qalmış iddiaçının görüdüyü işi tam sökərək yenidən izolyasiya etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh MMC “sifarişçi” İddiaçı MMC “podratçı” olmaqla imzalanmış 03 iyun 2022 tarixli 03062022/1100 saylı podrat müqaviləsinə əsasən müqaviləni predmeti “sifariçi”nin proyekti sahəsində “sifariçi” tərəfindən bu müqavilənin 3.3 bəndində nəzərdə tutulmuş şərtlərin təmin edilməsi ilə “podratçı” tərəfindən damın sudan izolyasiya işlərinin görülməsi təşkil edir. “Sifariçi” isə bu işlərin bu müqabilində bu müqavilənin 1.2 və 2.1 bəndində müəyyən olunmuş məbləği “podratçı”ya ödəməyi öz öhdəsinə götürür. 1.2 bəndə əsasən bu müqavilə üzrə damın izolyasiya işlərinin 1 m2-a görə ƏDV xaric dəyəri 37,24 manat, olmaqla, ümumi məbləği ƏDV xaric 8.750 manat müəyyən edilir. 2.1. bəndə əsasən bu müqavilə üzrə izolyasiya işlərinin dəyəri müqavilənin ayrılmaz hissəsi olan “Qiymət razılaşma protokolu” müəyyən edilir. Müqavilə üzrə müəyyən edilmiş sahə işlərin yekunlaşmasından sonra yenidən hesablanacaq və yekun sahə qarşılıqlı razılaşma ilə təhvil-təsim aktı və Forma 2 vasitəsilə təsdiqlənəcək. Təsdiqlənmiş ölçülər müqavilənin ayrılmaz hissəsi olan “Qiymət razılaşma protokolu”nda razılaşdırılmış vahid qiymətə vurulur və ümumi məbləğdən avans məbləği çıxılaraq podratçıya ödənilir. 2.2. “sifarişçi” əvvəlcədən “podratçı”-ya nəzərdə tutulan işlərin görülməsi üçün əvvəlcədən bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan ümumi dəyərin 70%-ni (yetmiş faiz) avans ödəyir. Həmin məbləğə aid iş görüləcək səthin 1 metrə tül və ya 1 m2la sahəsi nəzərə alınmaqla iş icra edilir və təhvil verilir. Bu ardıcıllıqla işin icrası davam etdirilir və işlər təhvil verilir; 2.2.1 Görülmüş işin təhvili nəticəsində, həmin işə görə “sifarişçi” tərəfindən ödəniləcək məbləğ 5 (beş) iş günü ərzində “podratçı”ya ödənilməsini təmin etməlidir. 2.3. Hesablaşmalar zamanı ödəniləcək vəsait ödəmə gününün valyutanın manata olan məzənnəsi nəzərə alınaraq Azərbaycan manatı ilə ödənilməlidir. Göstərilən işlərə görə ödənişin və ya bu müqavilə ilə nəzərdə tutulan cərimələrin tam həyata keçirilməsinədək olan dövr ərzində işlərin dəyərinin ifadə olunduğu valyutanın xarici valyutaya (ABŞ dolları. Avro və s) görə rəsmi və ya gizli devalvasiya və ya inflyasiyası baş verərsə. Podratçı işlərin qiymətlərini və ya cərimələri devalvasiya və ya inflyasiya həcmində artırmaqla, müəyyən etdiyi yeni qiymətlər əsasında tərtib etdiyi yeni elektron qaimə-fakturanı (və ya Əlavə razılaşmaya düzəlişi) sifarişçiyə təqdim edir və sifarişçi həmin qaimə-faktuıa üzrə işlərin dəyərini və cərimələri 3 (üç) iş günü podratçıya ödəyir. 3.1.3. “Podratçı” bu müqavilənin predmetinə aid olan podrat işlərini qüsursuz və keyfiyyətli yerinə yetirməlidir. İşin keyfiyyətinə görə podratçı məsuliyyət daşıyır. 3.1.4. “Podratçı” işlərin görülməsi zamanı “sifarişçi”-nin təlimatlarına (əgər bu təlimat izolyasiya uyğulanması standartlarının tələbinə cavab verirsə) riayət etməlidir. 3.3.6. Təhvil təslim aktına (Forma 2) əsasən işi qəbul etmək “sifarişçi”nin vəzifəsidir. 6.1. Podrat razılaşdırılmış iş həcmindən asılı olaraq təyin olunan iş müddəti ərzində, iş görüləcək sahənin “sifarişçi” tərəfindən təhvil-təslim aktı ilə “podratçı”ya təhvil verilməsindən etibarən ( ) gün ərzində, “podratçı” tərəfindən tamamlanıb “sifarişçi”yə təhvil veriləcək. Qarşısı alınmaz qüvvənin təsiri nəticəsində və iş görüləcək ərazi “podratçı”ya “sifarişçi” tərəfindən zamanında təhvil verilməzsə bu müddətin uzadılmasına görə “podratçı” məsuliyyət daşımır. 03 iyun 2022 tarixli 03062022/1100 nömrəli müqaviləyə dair qiymətlərin razılaşdırılması protokoluna əsasən görülmüş işlərin dəyəri ilə bağlı cəmi 8.750 manat, 1.575 manat ƏDV məbləği cəmi 10.325 manat ödəniş tərəflər arasında razılaşdırılmışdır. Qiymətlərin razılaşdırılması protokolunu hər iki tərəf təsdiqləmişdir. İddiaçı MMC və Cavabdeh MMC arasında tərtib edilmiş 2022-ci ildə yerinə yetirilmiş işlərin və istifadə olunmuş materialların qəbulu barədə aktda cəmi 10.788,43 manat, 1.941,42 manat ƏDV məbləği olmaqla ümumilikdə 12.730,35 manat məbləğində işlərin görülməsi tərəflər arasında razılaşdırılmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş bank hesabında mədaxil əməliyyatlarından məlum olur ki, xx.xx.2022 tarixində 3000 manat, xx.xx.2022 tarixində 3.000 manat, xx.xx.2022 tarixində 2.750 manat Cavabdeh MMC tərəfindən xidməti haqqı təyinatı olaraq köçürmə aparılmışdır. xx.xx.2022 tarixli MŞB/6-7248 saylı mediasiya arayışına əsasən 60 manat mediasiya xərci "xxxx" MMC tərəfindən ödənilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubuna verilmiş xx.xx.2023 tarixli cavab məktubunda qeyd edilmişdir ki, 03 iyun 2022-ci il tarixində bağlanmış podrat müqaviləsinə əsasən İddiaçı MMC İsmayıllı rayonunda yerləşən Cüdo Fedarasiyasında dam örtüyündə izolvasiya işləri görməli idi və Cavabdeh MMC-yə təhvil verməli idi. Bina yağış sularından əziyyət çəkməsin. İddiaçı MMC yay aylarına işi görüb təhvil veriblər. Payız ayları gələndə artıq İddiaçı MMC-nin keyfiyyətsiz olaraq gördüyü işlərdə problemlər yaranmışdır. Bina əvvəlki vəziyyətində havalandırma boruları yaxşı düzəldilmədiyindən yağış suları binanın içərisinə axmışdır. Dəfələrlə İddiaçı MMC-nin məhsul şəxs olan işçisinə bu haqda məlumat verilmişdir. Məlumat verilmişdir ki, İddiaçı MMC görülmiş işləri yekunlaşdırsınlar, yaranmış problemləri aradan qaldırsınlar və ödəniş bundan sonra həyata keçirilsin. Lakin şirkət bu məlumatlandırmaya məhəl qoymamışdır. Hal-hazırda İddiaçı MMC keyfiyyətsiz görüb təhvil verdiyi iş başqa şirkət tərəfindən görülür. Burdan belə bir hal yaranır ki, Cavabdeh MMC-yə zərər verilmişdir. Bu halda Cavabdeh MMC şirkəti də məhkəməyə müraciət edib dəymiş ziyanın qaytarılmasını tələb edəcəkdir. "xxxx" MMM tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023 tarixli pretenziya məkubunda qeyd edilmişdir ki, Cavabdeh MMC ilə "xxxx" MMM arasında xx.xx.2022 tarixli XM/1252022 nömrəli müqavilə mövcuddur (Xidmətlər göstərilməsi haqqında). Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə üzrə işlər 45 gün ərzində yekunlaşaraq təhvil verilməli idi. Əvvəlcə xx.xx.2022 tarixində müqavilənin 3.5-ci bəndinə uyğun olaraq “forma- 2” əsasında işlərin 47.564 manat dəyərində hissəsi təhvil alınmışdır. Bundan sonra işlərin icrasının gecikdirilməsinə və müqavilə üzrə vaxtında təhvil verilməməsinə baxmayaraq, icraçının işləri keyfiyyətli icra edə bilməsi üçün ümumilikdə 81389,58 manat ödəniş xx.xx.2022 tarixinədək ödənilmişdir. Bu məbləğ isə təhvil alınmış işlərin dəyərindən 33 825,58 manat daha artıqdır, işlərin vaxtında təhvil verilməməsinə və bununla belə xeyli ödənişin avans olaraq ödənilməsinə baxmayaraq, işlər bugünədək təhvil verilməmişdir. Göstərilənləri nəzərə alaraq, 10 (on gün) ərzində işlərin keyfiyyətli şəkildə tamamlanaraq təhvil verilməsini tələb edilir. Əks halda, müqavilənin 3.4-cü bəndinə uyğun olaraq müqaviləyə xitam verərək işlərin görülməsini vəsait hesabına: artıq ödənilmiş 33 825,58 manat məbləğin geri qaytarılması, eləcə də işlərin tamamlanması üçün çəkiləcək əlavə bütün xərcləri tələb etməklə icra edilməsi üçün hüquqi prosedur başladılacaq. Bu halda, həmçinin müqavilənin 3.4-cü bəndinə uyğun olaraq dəymiş bütün növ zərəri, o cümlədən işlərin icrasını gecikdirilməsi üçün əldən çıxmış fayda, eləcə də əlavə faizlər və dəbbə pulu da tələb ediləcəkdir. İV. İşin müəyyən edilən halları: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında işlərin görülməsinə dair podrat müqaviləsi imzalanmışdır. İddiaçı müqavilədə nəzərdə tutulmuş işləri yerinə yetirmiş, tərəflər arasında işlərin təhvil verilməsi ilə bağlı akt tərtib edilmişdir. Cavabdeh müqavilə üzrə ödənişlərinin bir hissəsini ödəsə də ödənişi tam olaraq yerinə yetirməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən görülmüş işlərin keyfiyyətini mübahisələndirilmişdir. V. Tətbiq edilən hüquq: Mülki Məcələnin 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1. maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcələnin 762.1. podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi Podrat münasibətlərində müvafiq işlərin görülməsi müqabilində sifarişçi muzd ödəməlidir. Muzdun ödənilməsi ilə bağlı sifarişçinin öhdəliyinin yaranması anı isə bir halda iş yerinə yetirildikdən sonra, digər hallarda isə yerinə yetirilmiş iş sifarişçi tərəfindən qəbul edildikdə sonra başlanılır. İkinci halda yerinə yetirilmiş işin qəbulu müqavilədə nəzərdə tutulmalı və ya işin xarakterindən irəli gəlməlidir. Tərəflər arasında imzalanmış müqavilənin 6.2 bəndində razılaşdırılmışdır ki, işlərin təhvil verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına (Forma 2) əsasən 3 (üç) iş günü ərzində həyata keçirilir. “Sifarişçi” tərəfindən işin təhvil-təslimində nümayəndə iştirak etmədikdə iş birtərəfli təhvil verilmiş sayılır və bu haqda “sifarişçi”-yə 3 (üç) iş günü ərzində məlumat verilir. Bağlanmış xidmət müqaviləsinin 3.3.6-cı bəndində göstərilmişdir ki, təhvil təslim aktına (Forma 2) əsasən işi qəbul etmək “sifarişçi”nin vəzifəsidir. Hazırki halda, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki Forma 2 sənədləri əsasında iddiaçı tərəfindən yerinə yetirilmiş işlər cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdehin işi yay ayında qəbul etdiyini, su axıdılaraq izolyasiyanın yoxlandığını , ona görə qüsurları müəyyən etməyin mümkün olmadığını , yağış yağdıqda isə izolyasiya olunmuş hissələrdən su keçdiyini bununla da təhvil verilmiş işin qüsurlu olduğundan qalan məbləğin ödənilməməsi ilə əsaslandırmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iddia etdiyi üçün bu halları sübut etmək yükü onun üzərinə düşür. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəəyyən edilən hallardan və cavabdehin izahatından göründüyü kimi izolyasiya işi təhvil alındıqdan sonra həmin izolyasiyanın üzərində damda cavabdeh tərəfindən digər tamamlama işləri görülmüşdür. Tərəflər arasında imzalanmış müqavilənin 4.6. bəndinə əsasən iş “sifarişçi”yə təhviltəslim edildikdən sonra “sifarişçi”-nin məsul olduğu səbəblərə görə baş verən qırılmalar, sökülmələr, layihə dəyişikliyi texniki zədə, mexaniki zədə, dəmir-qəlib işlərinin görülməsi nəticəsində, qaynaq ərimələrinin fəsadı nəticəsində, su buraxma halları və başqa bu kimi xətalara görə məsuliyyət “sifarişçi”yə aid edilir. Belə xətalar nəticəsində su buraxma halları baş verdikdə həmin sahədə təmir işlərinin aparılması tərəflərin qarşılıqlı qiymət razılaşması ilə əlavə ödəniş əsasında həyata keçirilir. Cavabdeh su buraxmanın məhz iddiaçının görüdüyü işin qusurlu olması ilə əlaqəli hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin dəlilləri iddianı tam vəya qismən aradan qaldıran mahiyyətində deyil və hazırkı halda iddiaçı tərəfindən həyata keçirilmiş işin qüsurlu olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda bu barədə iş materiallarında sübutlar olmadığı üçün podrat müqaviləsi üzrə ödənilməmiş borcun cavabdehdən tutulmasına dair iddiaçının tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan məbləğin mübahisələndirilmədiyini və işin təhvil verilməsinin təsdiqini tapdığını nəzərə alaraq, hesab edir ki, podrat müqaviləsi üzrə 2405,35 manat məbləğində əsas borc cavabdehdən tutulmalıdır. Bundan başqa iddiaçı cavabdehdən 253 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 4.7 bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilə üzrə işlərin dəyərinin ödənilməsi gecikdirildikdə. Sifarişçi gecikdirilmiş hər gün üçün ödənilməli olan məbləğin 0,1 %-i miqdarında podratçıya cərimə ödəyir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən ödənişlərin gecikdirilməsi öz təsdiqini tapdığından cərimə məbləği cavabdehdən tutulmalıdır. Bununla yanaşı məhkəmə cərimə məbləğinin iddia tələbində qeyd olunan hissəsinin əsas borca nisbətdə tənasübsüz dərəcədə yüksək olduğunu nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan cərimə məbləği hissəsində qismən təmin edilməli, 120 manat dəbbə pulu cavabdehdən tutulmalıdır. Qeyd edilənlərdən əlavə iddiaçı 192 manat əldən çıxmış faydanın da tutulmasını tələb etmişdir. Mülki qanunvericiliyin müddəaları əldən çıxmış faydanın şəxsin hüququ pozulmayacağı halda mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri nəzərdə tutmuşdur. Belə ki, iddiaçı həmin məbləği tələb edəcəyi halda cavabdeh tərəfindən borcun gecikdirilməsi ilə şəxsin adi dövriyyə şəraitində əldə edə biləcəyi gəlirdən məhrum olması hallarını səbəbli şəkildə əlaqələndirməlidir. Bununla belə iddiaçı tərəfindən həmin halları təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd olunanlara əsasən 60 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 2405.35 (iki min dörd yüz beş manat otuz beş qəpik) manat əsas borc, 120 (bir yüz iyirmi manat) manat cərimə, mediasiya təşkilatına ödənilmiş olan 60 manat rüsum İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-717/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-717/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver