Məhkəmə qərarları › İş №e-2-2(113)-7208/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7208/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7208/2025 09.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə (hüquqi varis “X2 LTD” MMC) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin prosessual hüquqi varisinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə (hüquqi varis “X2 LTD” MMC) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 212.40 manat məbləğində borc və 30 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 242,40 manat borc məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (İcraçı) ilə cavabdeh "xxxx" MMC (Sifarişçi) arasında xx.xx.2021-ci il tarixli, D/Q-048/2021 saylı “Podrat” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən, Sifarişçi yəni "xxxx" MMC sifariş verir, “İcraçı” yəni İddiaçı MMC isə hazırkı müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə sınaqların aparılması üzrə öhdəliyi öz üzərinə götürür. Sınaq xidmətlərinin növləri və qiymətləri bu müqaviləyə olan Əlavə ilə razılaşdırılır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən hazırkı müqavilənin 2.1 bəndində göstərilən xidmətlərə görə Sifarişçi İcraçıya bu müqaviləyə Əlavə kimi verilən və onun ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə göstərilmiş qaydaya uyğun məbləği ödəyir. Buna uyğun olaraq, Cəmiyyət tərəfindən cavabdeh "xxxx" MMC üçün sınaqların aparılması xidmətləri göstərilməsinə baxmayaraq cavabdeh xidmət haqqını bugünə qədər ödəməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, 929923 nömrəli, EBCD seriyalı elektron qaimə ilə cavabdehin iddiaçıya 212,40 manat məbləğində borcu yaranmışdır. Cavabdehə onlayn kargüzarlıq vasitəsiləilə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, qalan borcun 10 (on) gün ərzində iddiaçıya ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən qalan borcun ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. Bundan sonra isə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1, 425.1, 442.1, 753.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında tərəflər arasında xx.xx.2021-ci il tarixli müqavilənin imzalandığını, iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC üçün sınaqların aparılması xidmətlərinin göstərilməsinə baxmayaraq cavabdehin xidmət haqqını bugünə qədər ödəmədiyini, həmçinin cavabdeh tərəfin yazılı etirazında qeyd edildiyi kimi iddiaçı olaraq müddətin ötürülmədiyini, belə ki, e-qaimə üzrə müddətin xx.xx.2025-ci il tarixə kimi olduğunu, xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiklərini, iddia ərizəsinin və pretenziya məktubunun cavabdehin VÖEN-ni aktiv göründüyündən onlayn kargüzarlıq qaydasında göndərdiklərini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq e-qaimə göndərildikdən sonra tərəflə hər hansı təhvil-təslimin edilmədiyini, iş üzrə təhvil-təslim aktının olmadığını, tərəflər arasında bu formada işgüzar münasibətlərin mövcud olduğunu, müqavilə şərtlərinə əsasən laboratoriya analiz keçirməmişdən əvvəl qarşı tərəfin ödəniş etməli olduğunu, lakin tərəflər arasında şifahi razılığa və işgüzar münasibətlərə əsasən heç zaman problem yaranmadığı üçün ilk öncə işlərin yerinə yetirildiyini, daha sonra ödənişin qarşı tərəfdən tələb edildiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin prosessual hüquqi varisinin nümayəndəsi izahatında bildirmişdir ki, fiziki olaraq "xxxx" MMC-nin e-kabinetinə daxil olmaqları mümkün deyil, “Asan imza” və parol yoxdur. Bu səbəbdən pretenziya məktubunu da görməmişlər. Həmçinin rəsmi ünvanlarına da hər hansı məktub göndərilməmişdir. Qarşı tərəf də hazırda məhkəmə iclasında bildirir ki, işlərin görülməsi ilə bağlı hər hansı təhviltəslim atkı mövcud deyildir. Odur ki, borcun yaranma əsası da olmadığından iddia tələbini qəbul etmir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, tərəflər arasında bu münasibətlərdən əlavə işgüzar münasibətlər olmuş və həmin münasibətlər əsasında yaranmış borc məbləği təhvil-təslim aktı əsasında ödənilmişdir. Cavabdehin prosessual hüquqi varisi məhkəməyə elektron qaydada iddiaya etiraz ünvanlayaraq qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli, 929923 nömrəli, EBCD seriyalı elektron qaimədən artıq 3 il müddət keçdiyindən və hüquqi varis olan “X2 LTD” MMC-yə pretenziya xarakterli məktub göndərilmədiyindən, hesab edir ki, iddiaçı üçün iddia müddətinin axımı başlanan və 3 illik müddəti 15 sentyabr 2025-ci il tarixində bitdiyindən və iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən ərizə baxılmadan saxlanılmalı və məhkəmənin qərarı əsasında geri qaytarılmalıdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin təsisçisinin qərarı ilə "xxxx" MMC-nin “X2 LTD” MMC-yə qoşulması, qoşulma dövlət qeydiyyatına alındığı tarixdən "xxxx" MMC-nin fəaliyyətinə xitam verilərək təhvil aktı üzrə bütün hüquq və vəzifələrin “X2 LTD” MMC-nə keçməsi, qoşulma barədə mətbuatda elanın dərc edilməsi və "xxxx" MMC-nin dövlət qeydiyyatından çıxarılması haqqında ərizənin imzalanaraq müvafiq orqana təqdim edilməsi qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli, **********920800 nömrəli çıxarışına əsasən “X2 LTD” MMC (**********) "xxxx" MMC-nin (**********) ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, D/Q- 048/2021 saylı müqavilənin 1-ci bəndinə əsasən sifarişçi sifariş verir, İcraçı isə hazırkı müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə sınaqların aparılması üzrə öhdəliyi öz üzərinə götürür. Sınaq xidmətlərinin növləri və qiymətləri bu müqaviləyə olan Əlavə ilə razılaşdırılır. Əlavədə olmayan yeni xidmət növləri və qiymətlərin dəyişdirilməsi tərəflərin razılığı ilə həyata keçirilir. 2.1-ci bəndə əsasən icraçı Sifarişçi tərəfindən ödəniş yerinə yetirildikdən sonra Sifarişçinin tapşırığı ilə nümunələr götürür, müxtəlif növ mikrobioloji, fiziki-kimyəvi sınaqları aparır, görülmüş işlərə dair hesabat hazırlayır. 4.1-ci bəndə əsasən hazırkı müqavilənin 2.1. bəndində göstərilən xidmətlərə görə Sifarişçi İcraçıya bu müqaviləyə Əlavə kimi verilən və onun ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə göstərilmiş qaydaya uyğun məbləği ödəyir. 4.2-ci bəndə əsasən ödəniş, işlər yerinə yetirilmədən əvvəl təqdim olunan hesab-fakturaya əsasən manatla bank köçürməsi yolu ilə 10 (on) iş günü ərzində həyata keçirilir. xx.xx.2021-ci il tarixli, D/Q-048/2021 saylı Xidmətlərin göstərilməsi barədə Müqaviləyə 1 nömrəli Əlavəyə (qiymət razılaşdırma protokoluna) əsasən aparılan sınağın (Yağ turşu tərkibinin təyini) qiyməti 60 manat müəyyənləşdirilmişdir. xx.xx.2022-ci il tarixli, 929923 nömrəli, EBCD seriyalı, dəyəri 202,40 manat elektron qaimə-faktura Labaratoriya analiz və sertifikat xərcləri üzrə ödəniş edilməsi üçün iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. 26.08 2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi üzrə öhdəlik münasibətlər mövcud olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər arasında bütün mühüm şərtləri razılaşdırılaraq bağlanmış xx.xx.2021-ci il tarixli, D/Q-048/2021 saylı müqaviləyə əsasən cavabdeh sifariş verir, iddiaçı isə müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə sınaqların aparılması öhdəliyini üzərinə götürür, iddiaçı cavabdeh tərəfindən ödəniş yerinə yetirildikdən sonra cavabdehin tapşırığı ilə nümunələr götürür, müxtəlif növ mikrobioloji, fiziki-kimyəvi sınaqları aparır, görülmüş işlərə dair hesabat hazırlayır, göstərilən xidmətlərə görə cavabdeh iddiaçıya müqaviləyə əlavə kimi verilən və onun ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə göstərilmiş qaydaya uyğun məbləği ödəyir. Hazırda iddiaçı "xxxx" MMC üçün sınaqların aparılması xidmətlərinin göstərildiyini bildirərək 212,40 manat məbləğində borcun ödənilməsini tələb etmiş, cavabdehin prosessual hüquqi varisi “X2 LTD” MMC isə iddiaya etiraz edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin ötürülməsi barədə ərizəsi ilə bağlı qeyd edir ki, hazırkı mübahisə üzrə iddia müddəti ötürülməmişdir. Çünki tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış, labaratoriya analiz və sertifikat xərcləri üzrə ödəniş edilməsi üçün iddiaçı tərəfindən cavabdehə 929923 nömrəli, EBCD seriyalı dəyəri 202,40 manat olan elektron qaimə-faktura xx.xx.2022-ci il tarixdə göndərilmiş, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ötməmişdir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə xidmət göstərməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi əsassızdır və buna görə də rədd edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli, D/Q-048/2021 saylı müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər razılaşmışlar ki, iddiaçı cavabdeh tərəfindən ödəniş yerinə yetirildikdən sonra cavabdehin tapşırığı ilə nümunələr götürür, müxtəlif növ mikrobioloji, fiziki-kimyəvi sınaqları aparır, görülmüş işlərə dair hesabat hazırlayır. Göründüyü kimi, müqavilə üzrə əvvəlcə ödəniş həyata keçirilməli, daha sonra sınaq işləri görülməli idi. Bu baxımdan qeyd edilməlidir ki, iddiaçı tərəfindən müqavilədə nəzər tutulmuş xidmətlərin cavabdehə təhvil verilməsini təsdiq edən təhvil-təslim aktı iş materiallarına əlavə olunmamış, həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəflər arasında təhvil-təslim aktının imzalanmadığını bildirmişdir. İddiaçının sübut olaraq istinad etdiyi yeganə sənəd elektron qaimədir ki, həmin qaimənin sistem vasitəsi ilə təsdiq edilməsi cavabdehin qeyd edilən xidmətləri almasını qəbul etməsi kimi qiymətləndirilməməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki işdə elektron qaimənin sistem tərəfindən təsdiqlənməsi cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətlərin qəbul edilməsi və dəyərinin ödənilməsini qəbul etməsi mənasına gələ bilməz, ona görə ki, mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmamışdır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan 20 aprel 2022-ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmçinin tərəflər arasında əvvəllər, müqavilənin əksinə olaraq sınaqların keçirilməsindən sonra elektron qaimə əsasında ödəniş olması kimi işgüzar adətin formalaşması barədə də məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Eyni zamanda iddiaçının təqdim etdiyi elektron qaimədə hazırkı müqaviləyə istinad olunmamışdır ki, bu da özlüyündə həmin qaimənin hazırkı müqavilə üzrə göndərilməsini şübhə altına alır. Yekun olaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə sınaqların aparılması xidmətləri sübut olunmadığından iddia təmin edilməməlidir. Həmçinin, məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə (hüquqi varis “X2 LTD” MMC) qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar