Məhkəmə qərarları › İş №e-2-2(113)-745/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-745/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-745/2023 24.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (köhnə adla "xxxx" MMC) Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 128.580 manat əsas borcun, 20.000 manat cərimə, ümumilikdə 148.580 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 tərəfindən ipotekaya qoyulmuş Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 133, mənzil 11. Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 23, M9, mənzil 1 ünvanında yerləşən mülkiyyətində olan yaşayış sahəsinə yönəldilməsi, 400 (dörd yüz) manat mediasiya prosesi zamanı mediatora ödənilən məbləğin və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 29 yanvar 2020-ci il tarixli, GPSFD-BHBD/xx/xx/2020 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı Müqaviləsinin şərtlərinə görə İddiaçı MMC tərəfindən Cavabdeh2 150.000 manat məbləğində nisyə alış limiti ayrılmışdır. Borclunun 29 yanvar 2020-ci il tarixli, GPSFD-BHBD/xx/xx/2020 nömrəli nisyə alqı-satqı Müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2020-ci il tarixdə Cavabdeh2 ilə notarial ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 133, mənzil 11. Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 23, M9, mənzil 1 ünvanında yerləşən mənzil İddiaçı MMC-nin qarşısında ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi bağlandıqdan sonra, həmin müqavilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Azərbaycan Respublikasının İpoteka haqqında qanununun 10.4-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 ilə müqavilə bağlandıqdan sonra, İddiaçı MMC müqavilə ilə üzərinə götürdüyü ödəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmışdır. Lakin borclu xx.xx.2021-ci il tarixindən başlayaraq müqavilənin şərtlərini pozaraq, nisyə aldığı malların əsas məbləğinin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Borclunun xx.xx.2021-ci il tarixə təhvil aldığı (nisyə götürdüyü) mallar üzrə 128.580 manat məbləğində borcu yaranmışdır. Borc Cavabdeh2 tərəfindən xx.xx.2021ci il tarixli “Üzləşmə Aktı” ilə təsdiq edildikdən sonra dəfələrlə müraciət etməyimizə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qismən qəbul etmiş, təxmini 150.000 dəyərində malların verildiyi və 42.000 manat ödəniş edildiyini, ipoteka predmetinin dəyərinin təxmini 150.000 manat olduğunu bildirmişlər.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. - 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (köhnə adla "xxxx" MMC) ilə Cavabdeh2 arasında 29 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilmiş müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq tərəflər arasında xx.xx.2020-cü il tarixində ipoteka müqaviləsi bağlanmışdır.

9. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir

10. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

11. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (köhnə adla "xxxx" MMC) üzərinə düşür.

12. İddiaçı tərəf cavabdehə 170.580 manat dəyərində olan malların verildiyini, qeyd edilmiş puldan 42.000 manat ödəniş edildiyini qeyd edir və 128.580 manat məbləğində borcunun qaldığını bildirir.

13. Cavabdeh tərəf isə iddianı qismən qəbul edir, 150.000 manat dəyərində malların verildiyini və 42.000 manat ödəniş edildiyini bildirir.

14. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBAF 920874 saylı dəyəri 17.850 manat olan, EBAG 019782 saylı dəyəri 18.100 manat olan, EBAG 148764 saylı dəyəri 17.700 manat olan, EBAG 369517 saylı dəyəri 17.700 manat olan, EBAG 562380 saylı dəyəri 17.700 manat olan, EBAG 765409 saylı dəyəri 17.175 manat olan, EBAG 797109 saylı dəyəri 17.175 manat olan, EBAG 912460 saylı dəyəri 17.000 manat olan, EBAH 140048 saylı dəyəri 17.255 manat olan, EBAH 359126 saylı dəyəri 12.925 manat olan elektron qaimələr göndərilmişdir.

15. Qeyd edilən elektron qaimələrdə əks olunmuş məbləğlərin cəmi sadə riyazi hesablama ilə 170.580 manat təşkil edir.

16. Bundan başqa iş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh2 iddiaçıya 128.580 manat borcunun qaldığını etiraf etmişdir.

17. Məhkəmə iclasında qeyd edilmiş üzləşmə aktında olan imzanın Cavabdeh2 məxsus olub-olmaması soruşulmuş, Cavabdeh2 da, imzanın ona aid olduğunu bildirmişdir.

18. Belə olan halda Məhkəmə hesab edir ki, həqiqətən də, iddiaçı tərəfindən cavabdehə 170.580 manat dəyərində olan mallar verilmiş, cavabdeh tərəf isə 42.000 manat ödəniş etdikdən sonra 128.580 manat borcu qalmışdır.

19. Ona görə də, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 128.580 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Məhkəmə iddianın 20.000 manat cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

22. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.

23. Qeyd edilmiş normaların məzmunundan göründüyü kimi dəbbə pulu ya qanundan irəli gəlməli, ya da müqavilə nəzərdə tutulmuş olduğu halda tələb edilə bilər. Hazırkı halda isə, nə alqı-satqı müqaviləsində alıcının malın dəyərini ödəməməsi ilə bağlı gecikdirilmiş gün üçün cərimənin hesablanması ilə bağlı norma, nə də müqavilədə bu barədə hər hansı bir bənd yoxdur.

24. Ona görə də, iddia cərimə borcunun tələb edilməsi hissəsində təmin edilə bilməz.

25. Məhkəmə iddianın digər hissələri ilə bağlı aşağıdakıları qeyd edir.

26. Məhkəmə iclasında iddiaçı tərəf ipoteka ilə yüklü edilmiş əmlakın dəyərinin 280.000 manat, cavabdeh tərəf isə təxmini 150.000 manat olduğunu bildirdi.

27. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.3-cü bəndindən görünür ki, ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 280.000 manat müəyyən edilmişdir.

28. İş materiallarına əlavə edilmiş “Yeni Dövr” qiymətləndirmə mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 133, mənzil 11. (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 216.200 manat, likvid dəyəri isə 194.000 manat təşkil edir.

29. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəydən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 133, mənzil 11. (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 330.000 manat, likvid dəyəri isə 280.000 manat təşkil edir.

30. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 280.000 manat müəyyən edilməlidir.

31. Belə ki, qeyd edilmiş ipoteka müqaviləsində tərəflər bu mənzilin qiyməti ilə bağlı razılığa gəlmişdir. Həmçinin də, qeyd edilmiş mənzilin çıxarışına nəzər yetirildikdə görünür ki, mənzilin sahəsi 166,3 kv.m təşkil edir. Belə olan halda isə təmirli, iri ölçülü mənzilin dəyərinin cavabdehin qeyd etdiyi kimi 150.000 manat və yaxud “Yeni Dövr” qiymətləndirmə mərkəzinin qeyd etdiyi kimi 194.000 manat olması ağlabatan deyildir.

32. Bundan başqa da, cavabdeh tərəfin mənzilin dəyərinin nəyə görə 150.000 manat qeyd etməsi dəlili də, aydın deyildir.

33. Ona görə də, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 128.580 manat məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə tutma ilkin satış qiyməti 280.000 manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 133, mənzil 11, (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməlidir.

34. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul ödənilmişdir.

35. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.

36. Həmçinin də, ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi olaraq, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 18,58 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.

37. Yekun olaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 128.580 (bir yüz iyirmi səkkiz min beş yüz səksən min) manat məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə tutma ilkin satış qiyməti 280.000 manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 133, mənzil 11, (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 18 (on səkkiz) manat, 58 (əlli səkkiz) qəpik məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar