Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-746/2025 20.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X13 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh MMC-yə “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X2 katibliyi, İddiaçının nümayəndələri X3 və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı “X13 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh MMC-yə “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X13 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 110200C001641 saylı "xxxx"nə əsasən yaranmış 300.900 manat (ƏDV daxil) borcun, hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə ödənilmiş 500 manat və 595 manat məbləğində dövlət rüsumunun cəmi 301.995 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı”nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Sifarişçi qismində Cavabdeh MMC ilə İcraçı qismində İddiaçı” arasında **********641 saylı "xxxx" bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə uyğun olaraq İcraçı, Sifarişçinin müəyyən etdiyi U-62 və U-71 ərazilərində tank istehsalı və quraşdırılması layihəsi üçün məsləhət və mühəndislik xidmətləri yerinə yetirməyi, Sifarişçi isə xidmətləri qəbul edib əvəzində ƏDV xaric 255,000.00 manat təşkil edən xidmət haqqı ödəməyi öz öhdəsinə götürür. Sözügedən müqavilənin 2.1-ci bəndinə əsasən Sifarişçi X8nin 100%-ni təşkil edən ƏDV xaric 255,000.00 manat məbləğini İcraçı işləri tam yerinə yetirdikdən sonra hesab-faktura, elektron qaimə-faktura və təhvil-təslim aktının təqdim edildiyi tarixdən etibarən 30 iş günü ərzində İcraçının bank hesabına köçürmə yolu ilə ödəyir. Müavilənin şərtlərindən göründüyü kimi Cavabdeh MMC müvafiq xidmət haqqını 30 iş günü ərzində İddiaçı”nin bank hesabına köçürmə yolu ilə ödənilməli idi. Lakin bu günə qədər cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 110200C001641 saylı "xxxx" üzrə iddiaçıya hər hansı ödəniş olunmamış, cavabdeh müqavilə şərtlərini pozaraq öz üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Hal-hazırda cavabdeh PROKON MMC-nin İddiaçı”nə müqavilə üzrə 300.900 manat (ƏDV daxil) borcu vardır. Məhkəməyə müraciət olunmazdan əvvəl xx.xx.2024-cü il tarixdə qarşı tərəfə rəsmi formada pretenziya məktubu ünvanlansa da, Cavabdeh MMC tərəfindən məsələnin məhkəmədən kənar həll edilməsi istiqamətində hər hansı bir addım atılmamışdır. Odur ki, yuxarıda qeyd edilən xüsusatları da nəzərə alaraq xx.xx.2022-ci il tarixli, 110200C001641 saylı "xxxx"nə əsasən Sifarişçi, iş üzrə cavabdeh PROKON MMC sözü gedən müqavilədən irəli gələn borc öhdəliyi olan 300.900 manat (ƏDV daxil), hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə ödənilmiş 500 manat və 591 manat məbləğində dövlət rüsumunu İddiaçı”nə ödəməlidir.
3. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, "X14 ve Ticaret Anonim Şirketi" (bundan sonra “İddiaçı”) məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, **********641 saylı "xxxx" (bundan sonra “Müqavilə”) üzrə Cavabdeh MMC-yə (bundan sonra “Cavabdeh” və ya “Şirkət”) qarşı 255,000.00 manat (iki yüz əlli beş min manat) (ƏDV xaric) pul tələbi ilə iddia qaldırmışdır. Cavabdeh həmin iddia ilə razı deyildir. Şirkətin rəhbərliyində dəyişiklik baş vermişdir. Şirkətin Baş direktoru X10 xx.xx.2023-cü il tarixindən tutduğu vəzifəsindən azad edilərək əvəzinə yeni Baş direktor X9 təyin edilmişdir. Bununla bağlı Baş direktor X7 Baş direktor vəzifəsini icra etdiyi vaxtda Şirkətdə təhvil-təslim prosesi başlanılmışdır. xx.xx.2024-cü il tarixindən etibarən Şirkətdə Baş direktor vəzifəsini X4 icra edir və təhvil-təslim prosesi hələ də davam edir. Təhvil-təslim gedişatında aparılan daxili təftiş zamanı İddiaçı tərəfindən irəli sürülən 255,000.00 manat (iki yüz əlli beş min manat) (ƏDV xaric) əsas borc tələbinə dair göstərilmiş xidmətlərə aid təhvil-təslim aktları da daxil olmaqla bəzi ödəniş sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Bu səbəbdən, müqavilə üzrə Cavabdehə İddiaçı tərəfindən satılmış malların satış qiymətlərində uyğunsuzluqlar olduğundan, Cavabdeh həmin satılan malların real satış qiymətini müəyyən etmək üçün audit şirkətinə müraciət etmişdir və qiymətləndirmə rəyini almışdır. Qiymətləndirmə rəyinin nəticələrinə görə, İddiaçının müqavilə üzrə Cavabdehdən tələb etdiyi 255,000.00 manat (iki yüz əlli beş min manat) (ƏDV xaric) əsas borc məbləği şişirdilmişdir. Audit şirkətinin qiymətləndirmə rəyindən məlum olur ki, həmin məbləğ real məbləğdən 10 - 15% (on – on beş faiz) artıq göstərilmişdir. Cavabdeh bununla əlaqədar xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək Cavabdehin İddiaçıya olan real borc məbləğini tam və dəqiq müəyyən edilməsi üçün məhkəmə-iqtisad ekspertizası təyin edilməsini xahiş etmişdir. Lakin, təftiş zamanı İddiaçının irəli sürdüyü iddia məbləğini araşdırıldığı zaman Şirkətdə Müqavilə üzrə Xidmətlərin gösətrilməsinə dair ümumiyyətlə hər-hansı bir sənəd aşkar edilməmişdir. Buda onu müəyyə edir ki, İddiaçı və Cavabdeh arasında Xidmət Müqaviləsi bağlansa da İddiaçı tərəfindən heç bir Xidmət göstərilməmişdir. Bunun əyani sübutlarından biridə odur ki, İddiaçı məhkəməyə müraciət etsə də Xidmətlərin göstərilməsinin sübutunu təqdim edə bilməmişdir. Beləki, İddiaçı elektron məhkəmə sisteminə sübut kimi aşağıdakı sənədlər yerləşdirmişdir: 1. Müqavilə; 2. Elektron qaimə; 3. E-poçt yazışmaları Yuxarıdakı sənədlər yalnız əqdin formal hissəsinin göstəricisidir, lakin Xidmətlərin həqiqətən də göstərilməsinə dair sübutular yoxdur. Müqavilədən də görünür ki, Xidmətlərin predmeti prosedurların və metodların hazırlanmasından ibarət olub. Lakin bu prosedurların və metodların hazırlanmasına dair nə Şirkətə nə Məhkəməyə hər-hansı sübüt təqdim edilməmişdir. İddiaçının elektron sistemə yüklədiyi E-poçt yazışmalarında da həmin prosedurlar və metodlardan söhbət getmir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. “X13 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********641 saylı xidmət müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu Müqaviləyə, Əlavə №l-də (bundan sonra “X1” adlanacaqdır) göstərilən təsvirə uyğun olaraq İcraçı, Sifarişçinin müəyyən etdiyi U-62 və U-71 ərazilərində tank istehsalı və quraşdırılması layihəsi üçün məsləhət və mühəndislik xidmətləri yerinə yetirməyi (bundan sonra “Xidmətlər” adlanacaq), Sifarişçi isə Xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra “Xidmət haqqı”) ödəməyi öz öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlərin ümumi dəyəri ƏDV xaric 255,000.00 AZN təşkil edir (bundan sonra “X8”) və Tərəflər hazırkı Müqavilə çərçivəsində bütün öhdəliklərini yerinə yetirənə qədər dəyişməyəcəkdir.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi, X8nin 100%-ni təşkil edən ƏDV xaric 255,000.00 AZN məbləğini icraçı işləri tam yerinə yetirdikdən sonra hesab-faktura, elektron qaimə faktura və təhvil-təslim aktının təqdim edildiyi tarixdən etibarən 30 (otuz) iş günü ərzində İcraçının bank hesabına köçürmə yolu ilə ödəyir.
11. Müqavilənin 2.3-cü bəndinə əsasən hazırkı Müqavilə əsasında aparılacaq bütün ödənişlər üzrə Sifarişçinin öhdəliyi yalnız onun tərəfindən hesab-fakturanı və qarşılıqlı imzalanmış təhvil-təslim aktını qəbul etdiyi tarixdən sonra gələn növbəti gündən etibarən yaranır. Təqdim ediləcək bütün hesab-fakturalar möhürlənməli və İcraçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. Hesab- fakturalar iki orijinal nüsxədə təqdim olunmalıdır və onların qəbul tarixi hər birinin X5 və Mühasibatlıq departamentinin imzası və ştampı ilə təsdiqlənməlidir. X5 və Mühasibatlıq departamentinin qəbulu barədə müvafiq qeydləri aparıldıqdan sonra Hesab-fakturanın bir nüsxəsi dərhal İcraçıya qaytarılmalıdır.
12. Müqavilənin 5.2-ci bəndinə əsasən sifarişçinin vəzifələri:
13. Müqavilənin 5.2.1-ci bəndinə əsasən Bu Müqavilənin şərtlərinə uyğun, Xidmətlərin nəticələrini Təhvil-təslim Aktı əsasında İcraçıdan qəbul etmək;
14. Müqavilənin 5.2.2-ci bəndinə əsasən bu Müqavilə üzrə Xidmətlərin keyfiyyətini yoxladıqdan sonra onların dəyərini Müqavilədə nəzərdə tutulan müddətdə və məbləğdə İcraçıya ödəmək;
15. 25.08.2022-ci il tarixli təhvil-təslim aktına əsasən tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli **********641 saylı xidmət müqaviləsinin Əlavə 1-də göstərilən təsvirə uyğun olaraq icraçı tərəfindən, sifarişçinin müəyyən etdiyi U-62 və U-71 ərazilərində tank istehsalı və quraşdırılması layihəsi üçün məsləhət və mühəndislik xidmətlərinin yerinə yetirildiyi və xidmətlərin ümumi dəyəri ƏDV xaric 255000 manat təşkil edir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
16. İddiaçı tərəfindən müqavilə üzrə 300.900 manat dəyərində göstərilmiş xidmət üzrə cavabdehə xx.xx.2022-ci il tarixli EBCC610519 saylı e-qaimə göndərilmişdir.
17. Cavabdeh şirkətinin əməkdaşı olan Mahir Tağıyev tərəfindən iddiaçı şirkətə və əlavə olaraq iddiaçı və cavabdeh şirkətlərinin əməkdaşlarına yazılmış xx.xx.2022-ci il tarixli e-mail yazışmasından görünür ki, xx.xx.2022-ci il tarixli EBCC610519 saylı eqaimənin vurulduğu və ödənişin edilməməsinin səbəbi kimi ödəmə imkanının olmaması göstərilmişdir.
18. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
24. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə sifarişçinin tapşırığı ilə U-62 və U-71 ərazilərində tank istehsalı və quraşdırılması layihəsi üçün məsləhət və mühəndislik xidmətlərinə görə xidmət haqqı müəyyən edilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
26. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
27. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
29. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
30. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
31. İşin halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixində Sifarişçi qismində Cavabdeh MMC ilə İcraçı qismində İddiaçı” arasında **********641 saylı "xxxx" bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə uyğun olaraq İcraçı, Sifarişçinin müəyyən etdiyi U-62 və U-71 ərazilərində tank istehsalı və quraşdırılması layihəsi üçün məsləhət və mühəndislik xidmətləri yerinə yetirməyi, Sifarişçi isə xidmətləri qəbul edib əvəzində ƏDV xaric 255,000.00 manat təşkil edən xidmət haqqı ödəməyi öz öhdəsinə götürür. Sözügedən müqavilənin 2.1-ci bəndinə əsasən Sifarişçi X8nin 100%-ni təşkil edən ƏDV xaric 255,000.00 manat məbləğini İcraçı işləri tam yerinə yetirdikdən sonra hesab-faktura, elektron qaimə-faktura və təhvil-təslim aktının təqdim edildiyi tarixdən etibarən 30 iş günü ərzində İcraçının bank hesabına köçürmə yolu ilə ödəyir. Müavilənin şərtlərindən göründüyü kimi Cavabdeh MMC müvafiq xidmət haqqını 30 iş günü ərzində İddiaçı”nin bank hesabına köçürmə yolu ilə ödənilməli idi. Lakin bu günə qədər cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 110200C001641 saylı "xxxx" üzrə iddiaçıya hər hansı ödəniş olunmamış, cavabdeh müqavilə şərtlərini pozaraq öz üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir.
32. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
34. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
35. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
36. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
37. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
38. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
39. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir.
40. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
42. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, ödənilməmiş qalmışdır.
43. Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi tələbinin əsaslı olması yalnız elektron vergi-hesab fakturaları ilə deyil, həmçinin xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktı və tərəflər arasında olan e-mail yazışması ilə də təsdiqini tapır. Belə olduğu halda, iddia təmin edilməli, 300900 (ƏDV daxil) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
44. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 595 manat məbləğində dövlət rüsumu və 500 manat hüquqi yardım xərcinin cavabdehdən tutulması tələb edilmişdir.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
47. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 500 manat vəkil xərcinin ödənişinə dair sübutu təqdim etmədiyi üçün, həmin hissədə tələb təmin edilə bilməz. İddia qalan hissədə təmin edildiyi üçün iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli, 110200C001641 saylı "xxxx"nə əsasən yaranmış (ƏDV daxil) 300.900 (üç yüz min doqquz yüz) manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 595 manat tutularaq iddiaçı “X13 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova