Məhkəmə qərarları › İş №e-2-2(113)-753/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-753/2020

20.02.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-753/2020 20.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, Kreditor MMC-nin Borclunə qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN E T D İ: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 250,16 manat, cərimə üzrə 665,43 manat, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun məbləğinin borcludan tələb edilərək kreditora verilməsinə dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 8 saylı “Avtonəqliyyat və Xüsusi təyinatlı texnika vasitələrinə servis xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən sonuncu, ona məxsus olan avtonəqliyyat və xüsusi təyinatlı texnika vasitələrinə texniki xidmət göstərilməsi müqabilində Kreditor MMC-yə razılaşdırılmış xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüş, xx.xx.2018-ci il tarixində kreditor tərəfindən göstərilmiş xidmətlərin nəticəsində borcluya EAAK seriyalı, 613954 nömrəli elektron qaimə göndərilmiş, borclunun qeyd olunan qaimə üzrə ödəməli olduğu vəsaitin məbləği 250,16 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-in: 275-ci maddəsində göstərilir ki, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. 276.1-ci maddəsində göstərilir ki, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Kreditorun tələbinin aşkar olması dedikdə, məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sübutların məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən də kreditor tərəfindən irəli sürülən pul məbləğinin alınması və ya əmlakın tələb edilməsinə dair tam əsaslığının məhkəmə üçün aşkar olması başa düşülməlidir. Tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması dedikdə isə, burada mübahisəsiz olan bütövlükdə hüquq münasibətləri deyil, yalnız borclunun müəyyən pul məbləği ödəmək və ya əmlakı vermək vəzifəsidir ki, bu da kreditorla borclu arasında olan hüquq münasibətlərinin yalnız bir ünsürünü təşkil edir. Ona görə də borclunun müəyyən pul məbləğini ödəmək və ya əmlakı vermək vəzifəsinin və yaxud belə bir vəzifənin mövcudluğunun hər hansı bir formada tam və ya qismən mübahisələndirilə bilməsi işə əmr qaydasında baxılmasını istina edir. Bu halda işə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 279.2.2-ci və 279.2.3-cü maddələrində göstərilir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardısa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Kreditorun ərizəsi məhkəmədə öyrənilərkən müəyyən edilmişdir ki, qanunun göstərilən tələbinə əməl edilməmişdir. Belə ki, iş materiallarına borclunun müqavilə üzrə ödəməli olduğu məbləğdən nə qədər ödəməsi və nə qədər borcunun qalması barədə sənəd əlavə olunmamışdır. Bununla da məhkəməyə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, sübutlar məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən işə əmr icraatı qaydasında baxılmamalı, Kreditor MMCnin Borclunə qarşı məhkəmə əmrinin çıxarılması tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin dövlət rüsumunun ödənilməsinə dair qəbz geri qaytarılmalıdır. Kreditora izah edilməlidir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında ərizə verməsinə mane olmur. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRAR V E R D İ: Kreditor MMC-nin Borclunə qarşı məhkəmə əmrinin çıxarılması tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Ərizə və ona əlavə olunmuş sənədlər, həmçinin 20 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli, ********* nömrəli qəbz Kreditor MMC-yə geri qaytarılsın. Kreditor MMC-yə izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə kommersiya mübahisələri ilə bağlı tələblərə riayət edilməklə iddia icraatı qaydasında ərizə verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar