Məhkəmə qərarları › İş №e-2-2(113)-7580/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-7580/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7580/2025 09.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: podrat müqaviləsi, avans ödənişin geri qaytarılması Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, MM-17/12/24 saylı müqavilə bağlanmışdır.

2. Həmin Müqavilənin: 2.1. 1.1-ci bəndinə görə Bu Müqaviləyə əsasən icraçı (cavabdeh) Şuşa şəhəri ərazisində, FD 05 nömrəli binanın inşası işlərində, bu müqavilənin Əlavə / Əlavələrində göstərilən işləri dövlət və beynəlxalq standartlara uyğun şəkildə icra edib Sifarişçiyə (iddiaçıya) təhvil verir və bunun müqabilində Sifarişçi İcraçıya haqq ödəyir. Dövlət və beynəlxalq standartlara uyğun olmayan işlərə görə haqq ödənilmir. 2.2. 1.2 və 1.3-cü bəndlərinə əsasən, yerinə yetirilməli olan işlərin siyahısı və məbləği barədə məlumatlar müqavilənin ayrılmaz tərkib hisssəsi olan Əlavə/Əlavələrdə öz əksini tapır. Bu müqaviləyə əsasən işlərin icra müddəti 15 gündür. 2.3. 2.1-ci bəndinə əsasən, “İcraçı” işləri öz riski, özünün cəlb olunmuş işçi qüvvəsi, alət, texnika və avadanlıqlarla görür. 2.4. 2.2-ci bəndinə əsasən, müqavilə əsasında göstərilən işlər bu sahədə mövcud olan dövlət standartlarına, habelə həmin dövlət standartlarının məcburi tələblərindən aşağı olmayan beynəlxalq standartlara uyğun olmalıdır. İcraçı zəruri olduqda və ya Sifarişçi tərəfindən tələb olunan hallarda görülən İşlərin tələb olunan standartlara uyğunluğunu müvafiq sənədlərlə təsdiq etməlidir. 2.5. 2.3-cü bəndinə əsasən, “İcraçı” işlərin başa çatması haqqında “Sifarişçi”ni yazılı şəkildə məlumatlandırır. İşlərin təhvil verilməsi üçün hazır olması haqqında məlumat “Sifarişçi” və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. 2.6. 2.4-cü bəndinə əsasən, bu Müqaviləyə əsasən yalnız dövlət və beynəlxalq standartlara uyğun şəkildə yerinə yetirilmiş işlər Sifarişçi tərəfindən təhvil alınır. Standartlara uyğun yerinə yetirilməyən işlərə görə və bunun nəticəsində Sifarişçinin məruz qaldığı bütün maddi zərərlərə, cərimələrə görə İcraçı tam maddi məsuliyyət daşıyır. 2.7. 2.5-ci və 2.6-cı bəndlərinə əsasən, bütün işlərə başlamamışdan öncə İcraçı tərəfindən hər bir iş növü üçün ayrıcılıqda “işin icra üsülü” təqdim olunmalıdır (sənədin forması Sifarişçi tərəfindən təqdim olunacaq) və işlərin icrası təsdiq olunmuş icra üsuluna uyğun tətbiq olunacaqdır. İşin icrası təsdiq olunmuş işin icra üsuluna görə tətbiq olunmadığı hallarda Sifarişçi tərəfindən “Uyğunsuzluq Raporu” açılacaqdır. 2.8. 3.1-ci bəndinə əsasən, icraçının vəzifələri: 3.1.1. “İcraçı” göstəriləcək xidmətlərin keyfiyyətinə görə cavabdehdir. 3.1.2. “İcraçı” göstəriləcək xidmətləri vaxtında təhvil verməlidir. 3.1.3. “İcraçı” gördüyü işlərin nəticəsi haqqında müvafiq sənədlər hazırlayaraq “Sifarişçi”yə təqdim edir 2.9. 5.1-ci bəndinə əsasən, müqavilənin dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə/Əlavələrdə göstərilən işlərin qiymətlərinin cəmindən ibarətdir. 2.10. 5.3-cü bəndinə əsasən, Ödəniş, “İcraçı” tərəfindən Forma- №2, Elektron- Qaimə və Təhvil-Təslim aktı təqdim edildiyi və bu sənədlərin Sifarişçi tərəfindən təsdiq edildiyi tarixdən sonra 30 ( otuz ) bank günü ərzində “Sifarişçi” tərəfindən “İcraçı’nın hesablaşma hesabına köçürmə yolu ilə ödənilir. 2.11. 5.4-cü bəndinə əsasən, Sifarişçi istənilən vaxt 15 (on beş) gün qabaqcadan yazılı formada bildiriş verməklə birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verə bilər. 2.12. 6.2-ci bəndinə əsasən, İşlərin bu Müqavilədə göstərilən icra müddəti “İcraçı”nın təqsirinə görə gecikdikdə “Sifarişçi” “İcraçı"-ya 1 (bir) gün gecikməyə görə bu müqavilənin dəyərinin 0,1 % -i məbləğində dəbbə pulu tətbiq edə bilər. 2.13. 7.1, 7.2 və 7.3-cü bəndlərinə əsasən, Görülmüş işlərlə bağlı zəmanət müddəti ən azı 2 (iki) il müddətinə müəyyən edilir. Zəmanət müddətinin axımı bu müqavilə üzrə işlərin təhvil verilməsi tarixindən etibarən başlayır. İcraçı İşlərin icrası və Zəmanət müddətləri ərzində yaranmış bütün qüsur və çatışmamazlıqları öz hesabına aradan qaldırmalıdır.

3. xx.xx.2024-cü il tarixli, MM-17/12/24 saylı müqaviləyə xx.xx.2024-cü il tarixli 1 saylı Əlavə ilə tərəflər icraçı tərəfindən icra edləcək işlərin siyahısı və məbləği barədə razılıq əldə etmiş, “Fransız tipli metal məhəccər (h=1000 mm)” növdə 1 vahidinin qiyməti 230 manat olmaqla 59 ədəd, ümumilikdə ƏDV daxil 16012,6 manat dəyərində işlərin görülməsi razılaşdırılmışdır. 1 nömrəli Əlavəyə görə işlərin təhvil verilmə müddəti 14 gün, ödəniş şərtləri isə, 50% avans, 50% təhvildən sonra 1 ay ərzində ödənilməsi müəyyən edilmişdir.

4. xx.xx.2024-cü il tarixli, 171224/AR saylı subpodrat müqaviləsi üzrə 2 saylı, xx.xx.2025-ci il tarixli X1 ilə tərəflər icraçı tərəfindən icra edləcək işlərin siyahısı və məbləği barədə razılıq əldə etmiş, “Fransız tipli balkon məhəccərin hazırlanması” növündə 1 vahidinin qiyməti 230 manat olmaqla 40 ədəd və “Pilləkən qəfəsi üçün metal pilləkən (taxta tutacaq) hazırlanması” növündə 1 vahidinin qiyməti 300 manat olmaqla 63 ədəd, ümumilikdə ƏDV daxil 33158 manat dəyərində işlərin görülməsi müəyyən edilmişdir. 2 saylı Əlavəyə görə işlərin təhvil verilmə müddəti 30 iş günü, ödəniş şərtləri isə 50% avans, 50% təhvildən sonra 1 ay ərzində ödənilməsi müəyyən razılaşdırlmışdır.

5. Bundan başqa, iş materiallarına əlavə eidlmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən, ümumilikdə ƏDV daxil 32845,3 manat məbləğində pul cavabdehə ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya, cəmi 17322,4 manat dəyərində elektronqaimə göndərilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı 15522,90 manat məbləğində artıq ödənilmiş avansın, avansın ödənildiyi günə gədər bank uçot dərəcəsi ilə ona hesablanmış faizlərin - müqavilə üzrə tədbiq edilmiş 4917 manat məbləğində dəbbə pulunun və 152 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış MM- 17/12/24 №-li xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh metal məhəccərlərin hazırlayaraq quraşdırmalı, iddiaçı isə bunun müqabilində müqavilədə razılaşdırılmış xidmət haqqını ödəməlidir. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra edərək, aşağıdakı ödəniş tapşırıqlarına əsasən cavabdehə müqavilə üzrə ümumi 32845,30 manat məbləğində ödəniş etmişdir: xx.xx.2024 il tarixli – 6785 AZN + 18% ƏDV = 8006,30 AZN; xx.xx.2025 il tarixli – 14050 AZN + 18% ƏDV = 16579 AZN; xx.xx.2025 il tarixli – 7000 AZN + 18% ƏDV = 8260 AZN. Lakin təqdim edilmiş elektron – qaimələr və təhvil-təslim aktlarında müəyyən edilmişdir ki, cavabdeh yalnız 17322,40 manat dəyərində xidmət göstərmişdir. Bununla da, cavabdehdə iddiaçının 15522,90 manat məbləğində artıq ödənilmiş avans qalmışdır. Bundan əlavə, müqaviləyə 2 saylı Əlavəsində işlərin icra edilməsi müddəti avansın ödənildiyi gündən 30 iş günü nəzərdə tutulmuşdur. Həmin əlavə üzrə onlar tərəfindən avansın xx.xx.2025-ci il tarixində ödənilməsinə baxmayaraq, işlər bu günki günədək təhvil verilməmişdir. Bununla da, cavabdeh tərəfindən işlərdə 100 gün gecikməyə yol verilmişdir. Müqavilənin 3.1.2-ci bəndinə əsasən, İcraçı göstəriləcək xidmətləri vaxtında təhvil verməlidir. Müqavilənin 6.2-ci bəndinə əsasən, İşlərin bu Müqavilədə göstərilən icra müddəti gecikdikdə, Sifarişçi İcraçıya 1 gün gecikməyə görə bu müqavilənin dəyərinin 0,1% məbləğində dəbbə pulu tədbiq edə bilər. Müqavilənin ümumi dəyəri 49170.60 manat olduğundan, işlərin hər gecikdirilmiş günə görə 49,17 manat dəbbə pulu hesablanıb, 100 gün gecikməyə görə ümumi dəbbə pulu 4917 manat təşkil edir

b) İddiaya qarşı etirazın dəlilləri

8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək işə qiyabi icraat qaydasında baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

Aəzrbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

16. Maddə 442, 443.1 və 448.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

18. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

19. Maddə 752.1 Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

20. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

21. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

22. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilmədirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Aərbayvan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır

MƏHKƏMƏNİN MÖVQEYİ

28. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

29. MM-nin 386.1-ci maddəsindən göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə, əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

30. Məhkəmə qeyd edir ki, müqavilə iki və ya daha şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Bu baxımdan, müqaviləni bağlayan tərəflər üzərlərinə müəyyən öhdəliklər götürərək hüquqi baxımdan həmin öhdəliklərə bağlı olurlar. Bu bağlılıq həm də tərəfləri müqavilə şərtlərinə əməl etməyə məcbur etməkdə ifadə olunur.

31. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, MM- 17/12/24 saylı müqavilə əsasında öhdəlik hüquq münsibətləri yaranmışdır. Müqaviləyə əsasən, cavabdeh Şuşa şəhəri ərazisində, FD 05 nömrəli binanın inşası işlərində, bu müqavilənin Əlavə / Əlavələrində göstərilən işləri dövlət və beynəlxalq standartlara uyğun şəkildə icra edib iddiaçıya təhvil verməyi, İddiaçı isə bunun müqabilində cavabdehə haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.3-cü bəndinə əsasən, iddiaçı cavabdeh tərəfindən Forma- №2, Elektron-Qaimə və Təhvil-Təslim aktı təqdim edildiyi və bu sənədlərin onun tərəfindən təsdiq edildiyi tarixdən sonra 30 bank günü ərzində cavabdehin hesablaşma hesabına köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürmüşdür.

32. İş materiallarından görünür ki, tərəflər xx.xx.2024-cü il tarixli, MM-17/12/24 saylı müqaviləyə 1 saylı Əlavə ilə ümumilikdə ƏDV daxil 16012,6 manat dəyərində, 2 saylı Əlavə ilə 33158 manat dəyərində işlərin görülməsini razılaşdırmış, təhvil verilmə müddətini 30 iş günü, ödənişin isə 50% avans, 50% təhvildən sonra 1 ay ərzində ödənilməli olmasını müəyyən etmişlər. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmiş, ümumilikdə ƏDV daxil 32845,3 manat məbləğində ödəniş həyata keçirmişdir.

33. Cavabdeh görüləcək işlərin dəyərinin bir qismini avans şəklində əvvəlcədən qəbul etməyə dair hüququndan istifadə etmiş, lakin işlərin müqavilədə razılaşdırılmış qaydada görülərək iddiaçıya Forma-№2, Elektron-Qaimə və ya Təhvil-Təslim aktı əsasında təhvil verilməsinə dair öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya cəmi 17322,4 manat dəyərində elektron-qaimə göndərilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi də öz izahatında cavabdeh tərəfindən 17322,4 manat dəyərində işlərin görülməsini təsdiq etmişdir.

34. Odur ki, məhkəmə şərh edilənləri, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərini müqavilə üzrə tam icra edilmədiyini, belə olan halda isə iddiaçının əlavə ödənilmiş pulu geri tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki iddiaçı artıq ödənilmiş 15522,90 manat məbləğində əsas borcun (32845,3 manat - 17322,4 manat = 15522,9 manat) cavabdehdən tutularaq ona ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

35. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir.

36. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).

37. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. 15522,90 manat məbləğində pul, avansın ödənildiyi günə gədər bank uçot dərəcəsi ilə ona hesablanmış faiz - 4917 manat məbləğində dəbbə pulu və 152 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar