Məhkəmə qərarları › İş №e-2-2(113)-7586/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-7586/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7586/2025 12.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 68000 manat borcun, ödənilmiş 294 manat dövlət rüsumunun, 500 manat vəkilə ödənilmiş məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ”Norıs Afezco” Məhdud Məsuliyyətli Cəmiyyəti (Sifarişçi) ilə İddiaçı (İcraçı) arasında 01 oktyabr 2024-cü il tarixli, QBL/06/24 saylı, “X3 Zonası ərazisində İstehsalat-Təmir, İnzibati, Adminiztrativ və binaların tikintisi” barədə Müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsində deyilir: “Sifarişçi2 layihələndirmə işlərinin görülməsini sifariş verib, “İcraçıya” razılaşdırılmış xidmət haqqı ödəməyi və layihə işlərinin yerinə yetirilməsi üçün lazım olan ilkin məlumatları “İcraçıya” vaxtında verilməsini öhdəsinə götürür. “İcraçı” isə “Sifarişçinin” müəyyən etdiyi qaydada layihələndirmə işlərinin görülməsini öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndində deyilir ki, bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. Həmin Müqavilənin 4.1-ci bəndində göstərilir ki, göstərilən xidmətlərin dəyəri Tərəflərin razılaşması ilə müəyyən edilərək, 85000 AZN (səksən beş min manat) müəyyənləşdirilir. Həmin Müqavilənin 5.1-ci bəndində bildirilir ki, bu Müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra öz qüvvəsini itirir. Həmin Müqavilənin 5.2-ci bəndində göstərilir ki, bu Müqavilədə nəzərdə tutulan xidmətin icra müddəti 3 ay (doxsan iş günü) müəyyən edilir. bəndində deyilir ki, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin, malların və ya xidmətlərin) İcracıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqavilə öhdəliklərinin “İcraçı” tərəfindən vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə baxmayaraq “İcraçı” öz öhdəliyini yerinə yetirməkdən yayınmış, nəhayət uzun prosesdən sonra ümumi məbləğdən cəmi 17000 manat ödənilmişdir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq “İcraçı” qalan məbləği ödəməkdən yayınmışdır. Nəhayət “Sifarişçinin” təklifi və bizim razılığımızla 10 aprel 2025ci ildə Öhdəliklərin ötürülməsi barədə Müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndində deyilir: "xxxx" MMC QBL 06/24 saylı, 1 oktyabr 2024-cü il tarixli Müqavilədə nəzərdə tutulmuş Xidmətlərin yerinə yetirilməsi öhdəliyini Cavabdeh MMC-yə ötürür. Həmin Müqavilənin 2-ci bəndində deyilir ki, Cavabdeh ötürülən hüquq və öhdəlikləri qəbul edir və Müqavilə üzrə bütün Xidmətlərin İddiaçı MMC qarşısında icra olunmasını öz öhdəliyinə götürür. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat X4 Azaddır müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar Ərizəni imzalayan şəxs haqqında məlumat: Bundan sonra dəfələrlə müraciət etməyimizə baxmayaraq və sonuncu dəfə xx.xx.2025-ci ildə göndərdiyimiz pretenziya məktubuna cavab verilməyib. Bu isə öhdəliyin icra olunmaması deməkdir

İİ. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qiyabi qətnamə qəbul olunmasını xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

II. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (icraçı) ilə Norıs Afezco (sifarişçi) arasında imzalanmış 01 oktyabr 2024-cü il tarixli, QBL/06/24 nömrəli Xidmət göstərilməsinə dair müqaviləyə əsasən Sifarişçi “X3 Zonası ərazisində İstehsalat-Təmir, İnzibati, Administrativ və köməkçi binaların tikintisi” üçün layihələndirmə işlərinin görülməsini sifariş verib, icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi və layihə işlərinin yerinə yetirilməsi üçün lazım olan ilkin məlumatları icraçıya vaxtında verilməsini öhdəsinə götürmüşdür. İcraçı isə sifarişçinin müəyyən etdiyi qaydada layihələndirmə işlərinin görülməsini öhdəsinə götürmüşdür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesabfakturada qeyd edilir.

10. Müqavilənin İcraçının vəzifələri adlı 3.2-ci bəndində qeyd olunmuşdur: 3.2.1 Müqavilədə nəzərdə tutulan qaydada “Sifarişçi”nin müəyyən etdiyi xidmətləri, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasmı təmin etmək, 3.2.2: Memarlıq baş plan; 3.2.3. Memarlıq eskiz layihə; 3.2.4. Memarlıq işçi layihə; 3.2.5. Konstruksiya layihələri, hesabat; 3.2.6. Layihə tapşıriğına uyğun Mühəndis Sistemləri layihələri:  Elektrik Təchizatı layihəsi (EAİ) - (Daxili və Xarici)  Su-Kanalizasiya layihəsi (SK) - (Daxili və Xarici)  İsitmə Ventilyasiya və Kondisionerləşdirmə layihəsi (İVK)  Yanğın Siqnalizasiya layihəsi (YS)  Rabitə şəbəkəsi layihəsi (RŞ) - İnternet-telefonlaşdırma  Video müşahidə layihəsi (VM) - (Daxili və Xarici)  X1 layihəsi (SS) 3.2.7. Texnologiya layihəsi - 3.2.8. Tikintinin təşkili layihəsi; 3.2.9. Ekoloji hesabat; 3.2.10. İzahat vərəqəsi toplusu; 3.2.11. Müvafiq texniki şərtlərin (elektrik, qaz, su-kanalizasiya) alınması üçün uyğun tələbatların verilməsi; 3.2.12. Layihələrin FHN-nin Dövlət Baş Ekspertiza idarəsində və ya layihələrə bir başa nəzarət edən aidiyyatı təşkilatda müdafiəsi; 3.2.13. Xidmətləri vaxtında və tam şəkildə təmin etmək.

11. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin dəyəri tərəflərin razılaşması ilə müəyyən edilərək, 85000 (səksən beş min) manat müəyyənləşdirilir.

12. Müqavilənin 4.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar göstərilən xidmətin dəyəri “Sifarişçi” tərəfindən “İcraçı”nın bank hesabma köçürmə yolu ilə həyata keçirilir. Ödəniş forması: “Sifarişçi” bu məbləğdən işin başlanğıcında İcraçının hesabına 20% işə başlamaq üçün, qalan hissəsi isə işin hər bir mərhələsi başa çatdıqda, tərəflər arasında razılaşdırmış müddətdə “Sifarişçi” tərəfindən ödəniləcəkdir.

13. Müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan xidmətin icra müddəti 3 ay (90 iş günü) müəyyən edilir.

14. İddiaçı (icraçı), Noris Afezco (öhdəliklərini ötürən sifarişçi) və cavabdeh (sifarişçi) arasında imzalanmış xx.xx.2025-ci il tarixli “Noris Afezco” və İddiaçı MMC arasında bağlanmış № QBL/06/24 saylı 01 oktyabr 2024-cü il tarixli müqavilə üzrə öhdəliklərin ötürülməsi barədə müqavilənin 1-ci bəndinə əsasən “NORİS AFEZCO” № QBL/06/24 saylı 1 Oktyabr 2024-cu il tarixli Müqavilədə nəzərdə tutulmuş Xidmətlərin yerinə yetirilməsi öhdəliyini Cavabdehnə ötürür.

15. Müqavilənin 3-cü bəndinə əsasən İddiaçı MMC zəmanət verir ki, Xidmətlər Müqavilənin şərtlərinə və müddəalarına tam uyğun şəkildə yerinə yetiriləcəkdir.

16. Müqaviləyə əsasən bu sazişlə, göstərilən xidmətlərə görə bütün ödənişlər İddiaçı MMC-nin VÖEN: **********-ın göstərilən bank hesabına təqdim olunan hesab fakturaya əsasən və Təhvil Aktı imzaladıqdan sonra ödəniləcəkdir.

17. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən Noris Afezco tərəfindən iddiaçıya 17000 manat vəsait ödənilmişdir.

18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və Norıs Afezco arasında 01 oktyabr 2024-cü il tarixli, QBL/06/24 nömrəli Xidmət göstərilməsi barədə müqavilə bağlanmış, həmin müqavilə üzrə Norıs Afezco tərəfindən iddiaçıya 17000 manat vəsait ödənilmişdir. Daha sonra iddiaçı (icraçı), Noris Afezco (öhdəliklərini ötürən sifarişçi) və cavabdeh (sifarişçi) arasında imzalanmış xx.xx.2025-ci il tarixli “Noris Afezco” və İddiaçı MMC arasında bağlanmış № QBL/06/24 saylı 01 oktyabr 2024-cü il tarixli müqavilə üzrə öhdəliklərin ötürülməsi barədə müqaviləyə əsasən "xxxx" № QBL/06/24 saylı 1 Oktyabr 2024-cu il tarixli Müqavilədə nəzərdə tutulmuş öhdəliklərini Cavabdehnə ötürmüşdür. Lakin həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

25. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 68000 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

26. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərəcəyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması xahiş edilsə də, iddiaçı tərəfindən məhkəməyə həmin xərci təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin xərc iddiaçının özünə aid edilməlidir.

28. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

29. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 68000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 294 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

IV. Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 68000 manat məbləğində pul, 294 manat dövlət rüsumu, ümumilikdə 68294 (altmış səkkiz min iki yüz doxsan dörd) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat xərc İddiaçı MMC-nin özünə aid edilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar