Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7612/2025 26.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış XM 70-25 saylı, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, göstərilmiş xidmətlərə görə 12883,14 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 800 manat, iddia üçün ödənilmiş 129 manat, müvəqqəti təminat barədə ərizənin verilməsi üçün ödənilmiş 13 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış XM 70-25 saylı, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İddiaçı MMC işləri icra etməyi, Cavabdeh MMC isə işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda, həmin müqavilə üzrə göstərilmiş xidmətlərə görə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 12883,14 manat ödənilməmiş borcu vardır. Həmin borcun ödənilməsi ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh MMC ilə danışıqlar aparılsa da, Cavabdeh MMC tərəfindən 12883,14 manat borc İddiaçı MMC-yə ödənilməmişdir. Həmçinin, borcun ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə müvafiq pretenziya qanunla müəyyən edilmiş qaydada göndərilmiş, lakin Cavabdeh MMC tərəfindən pretenziyaya münasibət bildirilməmiş, 12883,14 manat borc İddiaçı MMC-yə ödənilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 752.1, 753.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, müqavilə üzrə cavabdeh tərəfindən 3000 manat ödəniş edildiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış XM 70-25 saylı, xx.xx.2025-ci il tarixli xidməti müqavilənin 1.1-ci bəndinə əsasən icraçı özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla bu müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulan işləri icra edərək sifarişçiyə təhvil verməsini, sifarişçi isə icraçının təhvil verdiyi işi ondan təhvil aldıqdan sonra icraçının həmin akt və müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öhdəsinə götürür. 1.2-ci bəndə əsasən müqavilədə nəzərdə tutulmuş işlərin icraçı tərəfindən icra olunması tərəflər arasında imzalanan təhvil-təslim aktı ilə müəyyən olunur. 3.1-ci bəndə əsasən bu müqavilə üzrə görüləcək işlərin və xitmədlərin təfərrüatlı həcmi, miqdarı və vahid qiymətləri, onun ödənilməsi forması müqavilənin ayrılmaz tərkib hissəsi olan aktla və ya əlavə razılaşmalar ilə müəyyən olunur. 3.4-cü bəndə əsasən icraçının faktiki olaraq yerinə yetirdiyi işlərin miqdarı və həcmi həmin işləri sübut edən təhvil-təslim aktlarında əks etdirilməlidir. 2025-ci ilin may ayında tərtib olunmuş təhvil-təslim aktına (Forma 2) əsasən ƏDV daxil ümumi dəyəri 1896,44 manat olan Buldozer Komatsu D85EX-15E0 Torpaq düzəlişi və basılması xidməti 1** FB *** iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də həmin aktı imza və möhürü ilə təsdiq etməklə xidmətin göstərildiyini qəbul etmişdir. 2025-ci ilin iyun ayında tərtib olunmuş təhvil-təslim aktına (Forma 2) əsasən ƏDV daxil ümumi dəyəri 8533,97 manat olan Buldozer Komatsu D85EX-15E0 Torpaq düzəlişi və basılması xidməti 1** FB *** və Buldozer Komatsu D85EX-15E0 Torpaq düzəlişi və basılması xidməti 1** FB *** (Məsaye) iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də həmin aktı imza və möhürü ilə təsdiq etməklə xidmətin göstərildiyini qəbul etmişdir. 2025-ci ilin iyul ayında tərtib olunmuş təhvil-təslim aktına (Forma 2) əsasən ƏDV daxil ümumi dəyəri 5992,74 manat olan Buldozer Komatsu D85EX-15E0 Torpaq düzəlişi və basılması xidməti 1** FB *** iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də həmin aktı imza və möhürü ilə təsdiq etməklə xidmətin göstərildiyini qəbul etmişdir. MT2508 seriyalı, 10460805 nömrəli, xx.xx.2025-ci il tarixli, ümumi dəyəri 1896.437 manat, MT2508 seriyalı, 10460805 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 5992.74 manat, MT2507 seriyalı, 10551600 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 8533.96 manat olan elektron qaimələr iddiaçı tərəfindən cavabdehə ödəniş edilməsi üçün göndərilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, XM 70-25 saylı müqaviləyə əsasən MT2506 seriyalı, 10309850 sayl e-qaime tam və MT2507 seriyalı, 10551600 saylı e-qaime isə qismən olmaqla 3000 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh tərəfindən borcun 03 iş günü ərzində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli **********97 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət büdcəsinə 209 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hüquqi yardım üzrə vəkil xərcinin əvəzi olaraq vəkilin hesabına 800 manat məbləğində pul ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan hazırkı xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər arasında bütün mühüm şərtləri razılaşdırılaraq bağlanmış xx.xx.2025-ci il tarixli, XM 70-25 saylı müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığına əsasən icraçı özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla xidmət göstərməyi, cavabdeh isə bu müqavilə və aktlar ilə nəzərdə tutulmuş qaydada və məbləğdə xidmətləri qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, müqavilədə nəzərdə tutulmuş xidmətlər iddiaçı tərəfindən göstərilsə də, cavabdeh tərəfindən xidmət haqqı iddiaçıya tam ödənilməmişdir. Bununla da, cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyi yerinə yetirməmiş, qarşı tərəfin göstərdiyi xidməti qəbul etsə də, şərtləşdirilmiş 12883,14 manat xidmət haqqını ödəməmişdir. Bu fakt iş materiallarındakı sübutlarla (müqavilə, elektron qaimələr, təhvil-təslim aktları (forma 2)) öz təsdiqini tapmış, cavabdeh məhkəmə iclaslarından məlumatlı olduğu halda iddiaya qarşı heç bir etiraz etməmiş və tələbi mübahisələndirməmişdir. Buna görə də, iddiaçının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrasını, görülmüş xidmətin haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə, qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil alınan xidmətlərə görə xidmət haqqı ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 12883,14 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 129 manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 13 manat dövlət rüsumları da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hüquqi yardım üzrə vəkil xərcinin əvəzi olaraq 800 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yerinə yetirilən hüquqi xidmətin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 800 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 12883 (on iki min səkkiz yüz səksən üç) manat 14 (on dörd) qəpik məbləğində borcun, ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumunun, 500 (beş yüz) manat hüquqi yardım xərcinin, müvəqqəti təminat barədə ərizənin verilməsi üçün ödənilmiş 13 (on üç) manat rüsumun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7612/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7612/2025
26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver