Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-781/2024 22.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, faiz borcu, mediasiya xərci, hüquqi yardım xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 31-0205/23-CP16 saylı 30 may 2023-cü il tarixli müqavilə üzrə İddiaçı MMC-yə ödənilməli olan 20803,40 manat məbləğində borcun, hüquqi yardımın göstərilməsi üçün 2000 manat məbləğin və 433,40 manat məbləğində cərimənin, ilkin mediasiya sessiyasında iştirak üzrə ödənilmiş 200 manat məbləğin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 31-0205/23-CP16 saylı 30 may 2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə görə Təşkilatçı (İcraçı) qismində çıxış edən İddiaçı ümumilikdə 20.803,40 manat məbləğində xidmətləri təşkil etmiş, Sifarişçi qismində çıxış edən Cavabdeh isə göstərilmiş xidmətlərin dəyərini İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Müqavilə üzrə öz öhdəliyini lazımınca yerinə yetirməsinə baxmayaraq Cavabdeh göstərilmiş xidmətlərin dəyərini ona ödəməmiş və Cavabdeh tərəfindən Müqavilənin şərtləri pozulmuşdur. Beləliklə, Cavabdeh İddiaçıya ödənilməli olan məbləği bugünkü tarixədək ödəməmişdir. Məsələ ilə bağlı İddiaçı tərəfindən Cavabdehə Pretenziya məktubu ilə müraciət edilsə də, Cavabdeh tərəfindən ona heç bir cavab verilməmişdir. Həmçinin Cavabdeh MMC xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Müqavilənin 2.2-ci maddəsinə əsasən Eksponent (Sifarişçi) Təşkilatçı (İcraçı) tərəfindən təqdim olunmuş hesaba əsasən ümumi xidmət haqqını bir ödənişlə (100 %) 23 iyun 2023-cü il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci maddəsinə əsasən Tərəflər Azərbaycan Respublikasının mülki qanunvericiliyindən və bu Müqavilədən irəli gələn hüquqlara sahibdir və vəzifələr daşıyırlar. Bu Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu Müqaviləyə əsasən məsuliyyət daşıyırlar. Zərərçəkmiş Tərəf zərərin vurulmasının həqiqiliyini və həcmini, habelə öhdəliklərin yerinə yetirilməməsi ilə zərərin vurulması faktı arasında mövcud olan səbəbli əlaqəni təsdiq edən müvafiq sübutları qarşı Tərəfə təqdim etməlidir. Müqavilənin 5.2-ci maddəsinə əsasən Müqavilə üzrə son ödəmə tarixləri Eksponent (Sifarişçi) tərəfindən 3 (üç) gündən çox müddətdə gecikdirildiyi halda Təşkilatçı (İcraçı) Müqaviləyə bir tərəfli qaydada xitam vermək və bu xitam anınadək Eksponent (Sifarişçi) tərəfindən edilmiş ödənişləri özündə saxlamaq hüququna malikdir. Müqavilənin 6.2-ci maddəsinə əsasən Tərəflər arasında yaranmış mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsi ilə həll oluna bilər. Beləliklə, cavabdehdən gecikdirilmiş borcdan əlavə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz də tutulmalıdır. Cavabdehin Müqavilə üzrə ödənişi 23 iyun 2023-cü il tarixədək etməli olduğunu nəzərə alaraq, faizin hesablanması aşağıdakı qaydada həyata keçirilir: 20 803,40 AZN x 0,05 (% ) = 1040,17 AZN 1040,17 AZN / 12 (ay) = 86,68 AZN (1 ay üzrə faiz məbləği) 86,68 AZN x 5 (ay) = 433,40 AZN
3. Daha sonra xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 31-0205/23-CP16 saylı, 30 may 2023-cü il tarixli müqavilə üzrə ödənilməli olan 15813,40 manat pulun (xidmət haqqının), gecikdirilmiş vaxt üçün hesablanmış 606,76 manat faizin, habelə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 210 manat və hüquqi xidmətlərin/yardımın göstərilməsi üçün çəkilmiş 2000 manat xərcin, cəmi 18.630,16 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməyib və gəlməməyinin səbəbləri barədə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 31- 0205/23-CP16 saylı müqaviləyə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən təşkilatçı bu müqaviləyə uyğun olaraq xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində keçiriləcək “X1 and X2 2023” sərgisində iştirak üçün eksponentə 20 kv.m. təchiz olunmamış boş sahənin ayrılmasını təmin edir. Eyni zamanda sərginin keçirilmə müddətində eksponentə qeydiyyat xidmətlərini və texniki xidmət olaraq minimum elektrik birləşməsi 220V-3kWt təqdim edir.
10. Müqavilənin 1.3-cü bəndinə əsasən eksponent isə təqdim edilmiş xidmətlər müqabilində təşkilatçıya bu müqavilənin 2-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqını ödəməyi öhdəsinə götürür.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən eksponentin sərgidəki iştırakı üztə təşkilatçının xidmətlərinin ümumi qiyməti 20803,40 manat, o cümlədən 3173,40 manatdır (18% ƏDV bu məbləğin işində olmaqla).
12. Müqavilənin 2.2-ci bəndinə əsasən eksponent təşkilatçı tərəfindən təqdim olunmuş hesaba əsasən ümumi xidmət haqqını bir ödənişlə (100%) ödəməlidir. Beləliklə xidmət haqqının ödənilməsi eksponent tərəfindən aşağıda göstərilmş qaydada həyata keçirilməlidir:
13. A)Xidmət haqqının 100% 23 iyun 2023-cü il tarixinədək, təqdim olunmuş hesaba əsasən eksponent tərəfindən təşkilatçının bank hesaına manatla ödənilməlidir.
14. Müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş hər-hansı səbəbdən sərgidən sonra həyata keçirildiyi halda, eksponent təqdim olunmuş elektron fakturanə aldığı tarixdən əsasən ümumi məbləği bir dəfəyə 5 iş günü ərzində ödəməlidir. Ödəniş üçün əsas sənəd qimsində elektron-qaimə istifadə olunur və bu sənədə istinad olunmalıdır.
15. xx.xx.2023-cü il tarixli 353 saylı hesab fakturaya əsasən iddiaçı tərəfindən boş sahə, qeydiyyat haqqı və minimum elektrik birləşməsinə görə göstərilmiş xidətlərin dəyəri 20803,40 manat təşkil etmişdir.
16. xx.xx.2023-cü il tarixli, EBDİ549467 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 20803,40 manat dəyərində xidmət göstərilmiş və e-qaimə təsdiq edilmişdir.
17. 23.11.2023-cü il tarixli ödəniş tapşırığına əsasən hüquqi xidmətin göstərilməsinə görə İddiaçı MMC tərəfindən FNK Services and Consulting MMC-yə 2000 manat məbləğində vəsait köçürülmüşdür.
18. 07.01.2024-cü il tarixli ödəniş tapşırığına əsasən FNK Services and Consulting MMC tərəfindən Bakı şəhəri 33 saylı vəkil bürosuna 1000 manat məbləğində vəsait köçürülmüşdür.
19. 20.01.2024-cü il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il taixində EBDİ 549467 saylı elektron-qaimə üzrə 4228,81 manat məbləğində ödəniş edilmişdir.
20. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
21. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdehin ona 15.813,40 manat məbləğində borcunun olmasını iddia edir və həmin borcun ödənilməsini tələb edir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
24. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. İddiaçı tərəf müqavilə üzrə göstərilmiş xidmətlərə dair sübutları, o cümlədən göstərilmiş xidmətlərə dair tərtib edilmiş e-qaimənin cavabdeh tərəfindən təsdiq edilməsi, o cümlədən müqailə üzrə yaranmış borc məbləğindən (elektron-qaimə üzrə) qismi ödəniş etməsinə dair ödəniş tapırığı sübut qismində məhkəməyə təqdim etmişdir.
27. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
29. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
30. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
31. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
32. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
33. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
34. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmət göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən e-qaimənin təsdiq edilməsi, iddiaçının göstərdiyi xidmətin qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
36. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə hesablanmış məbləğlərə dair də e-qaimələr vermişdir.
37. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia əsas borc hissəsində təmin olunmalı, 15813,40 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
38. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla 7 ay üçün (dəqiqləşmə ərizəsinə əsasən xx.xx.2023 – xx.xx.2024-cü ilə kimi) 606,76 manat məbləğində borc hesablanmışdır.
39. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.
40. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
42. Belə ki, məhkəmə hesab edir ki, 20803,40 manat borcdan 4228,81 manat cavabdeh tərəfindən ödənildiyi üçün, qalan 15813,40 manat əsas borca illin 5 faiz hesablamaqla (15813,40 manat x 5%:12=66 manat (1 ay)x 07 ay =462 manat) 462 manat məbləğində pulun cavabdehdən tələb etməsində iddiaçı haqlı olmuşdur.
43. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 210 manat məbləğində mediasiya xərcləri və 1000 manat məbləğində vəkil xərci ödənilmişdir.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
45. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
46. Məhkəmə mediasiya xərci ilə bağlı qeyd edir ki, iddiaçının tələbi 15.813,40 manat hissədə təmin olunduğundan həmin məbləğə qarşılıq isə iddiaçıya qaytarılmalı olan mediasiya xərci məbləğinin həddi 140 manat müəyyən edilməlidir.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
48. Hüquqi yardıma görə də məhkəmə iddia tələbinin təmin edilən məbləğləri nəzərə alaraq 700 manat məbləğində müəyyən edilməsini ağlabatan məbləğ hesab edir.
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 700 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 140 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC -dən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 15813,40 manat borc məbləği, 462 manat faiz məbləği, 140 manat mediasiya xərcinin əvəzi və hüquqi yardımın göstərilməsinə çəkilmiş xərcin əvəzi olaraq 700 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova