Məhkəmə qərarları › İş №e-2-2(113)-7836/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7836/2025

28.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7836/2025 28.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızı, İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, qüsurlu məhsulun geri qaytarılaraq məhsulun tam dəyəri olan məbləğin iddiaçıya ödənilməsi; telefonsuzluq, narhatlıqlar və itirilən zamana görə təzminat, cavabdeh tərəfin öz qaydalarına əsasən 14 iş gününü aşdığına görə hər gecikmə günü üçün məhsulun dəyərinin 1%-i miqdarında təzminat ödəməsi, məhkəmə xərclərinin cavabdeh tərəfdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025 tarixində “BirMarket” (keçmiş Umico.az) onlayn ticarət platformasından Redmi 14C 8/256 GB model telefon sifariş etmişəm. xx.xx.2025 tarixində həmin məhsul Hacıqabul rayonundakı 612 saylı təhvil məntəqəsindən mənə təqdim olunmuşdur. Telefonu qəbul etdikdən sonra eyni gün məhsulu geri qaytarmaq üçün müraciət etsəm də,cavab gecikmiş, qarşı tərəf mənimlə 24 saat ərzində əlaqə quracağını bildirsədə dediyi vaxtda deyil, daha gec əlaqə saxlamışdır. Gözləməkdən ümüdsüz olduğum üçün məhsulu açıb istifadə etməyə məcbur oldum. Bu zaman məlum oldu ki, məhsulun sistem yenilənməsi mümkün deyil və Dövlət tərəfindən təsdiqlənmiş “SİMA” mobil identifikasiya proqramını dəstəkləmir. Bundan sonra,cavabdeh tərəflə əlaqə saxlayaraq məhsulun qüsurlu olduğunu və geri qaytarılmasını və ya yenisi ilə əvəzedilməsini tələb etdim. Lakin onlar istehlakçı hüquqlarının qorunması haqqında Qanunun 15-ci maddəsini əsas gətirərək, məhsulun zavod salafanının açıldığı üçün geri qaytarılmasının mümkün olmadığını, yalnız texniki diaqnostikadan sonra nəticəyə əsasən qərar veriləcəyini bildirdilər. xx.xx.2025 tarixində mən məhsulu geri qaytardım və cavabdeh tərəf 14 iş günü ərzində mənə rəy veriləcəyini bildirdi.Bundan sonra onlar xx.xx.2025-də AKT tərtib edərək rəylərin belə bildirdilər ki, guyya telefonda heç bir qüsur yoxdur və şikayyət etdiyim bütün hallar hazırda yüklənir və problemsiz işləyir və məhsulmənə təqdim ediləndə mənim tərəfimdəndə buyurub yoxlayaram.Bundan sonra dəfələrlə müraciətlərimdən sonra onlar nəhayət məhsulu xx.xx.2025 tarixində məhsulumu birmarketin hacıqabul r-da fəaliyyət göstərən 612 saylıməntəqələrinə gətirdikdən sonra məni ora dəvət etdilər. Məndə öz növbəmdə video qeydiyyat apararaq həmin məntəqədə məhsulumu yoxladıqdan sonra şahid oldum kisadaladığım problemlər öz yerində qalmasından əlavə digər 3-cü donma probleminin əlavə olunduğunu gördüm. Onuda qeyd edim ki xx.xx.2025 tarixində AKT tərtib edilən məhsulumu bu qədər vaxtı bunlar niyə belə gecikdirmişlər? Bundan savayı Birmarketin özünün qaydalarına əsasən məhsulumun diaqnostikadan əlavə geçikməsinə görə hər günü üçün məhsulumun qiymətinin 1 faizinin təzminatıda odənilməlidir ki onuda bunlar hesablasalarda ödəmirlər. Hər dəfə müxtəlif bəhanələrlə vaxt uzadılmış, mən aldadılmışam. Bundan əlavə bu şəbəkə məni aldatdığı kimi bu iş ilə müraciət etdiyim Antiinhisar və istehlak bazarına X1 də aldadıblar. Belə ki mənə bildirdiyləri cavab və AKT nüxsəsini onlarada bildirərək mənim aldığım məhsulun qüsuru olmadığını bildirərərk yalan məlumat vermişlər. Hazırda mənim müraciətlərimə baxılmamış və bu problem hələdə davam edir. Həmçinin, telefonun İMEİ kodunun rəsmi qeydiyyatında da ziddiyyət mövcuddur. E-Customs sistemində gömrük bəyannaməsi görünsə də, qeydiyyatın aparılmadığı, MyGov sistemində isə əksinə qeydiyyatda olduğu göstərilir. Bu da məhsulun mənşəyi və rəsmi uyğunluğu ilə bağlıciddi şübhələr yaradır. Qanunvericiliyə əsasən, məhsulun texniki qüsuru varsa, istehlakçı geri qaytarma və ya yenisi ilə əvəz olunması hüququna malikdir. Həmçinin, 14 iş günü ərzində problemi həll etmədikdə, cavabdeh tərəf hər gecikən gün üçün məhsulun dəyərinin 1%-i qədərtəzminat ödəməyə borcludur. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin həmin Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Materiallardan görünür ki, iddiaçı vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınsa da, hazırkı mübahisənin onun sahibkarlıq fəaliyyətindən irəli gəldiyi müəyyən edilir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı şəxsi məqsədlər üçün bir ədəd telefon sifariş etdiyini, həmin telefonu aldıqdan sonra onda qüsurlar aşkar etdiyini, istehlakçı kimi hüquqlarının pozulması ilə bağlı daha əvvəl Antiinhisar və istehlak bazarına X2 də müraciət etdiyini, lakin məsələnin həll edilə bilmədiyini göstərmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisənin cavabdehin həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi halı mövcud olmadığına görə hüquq münasibətlərinin xarakteri baxımından hazırkı işə kommersiya məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyatı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyatı məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar