Məhkəmə qərarları › İş №e-2-2(113)-790/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-790/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-790/2022 04.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndələri X1 və Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı görülmüş işlərə görə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin müvafiq tapşırıqlarına əsasən iddiaçı tərəfindən 2016-2017-ci illərdə ümumi dəyəri 1490446,50 manat (ƏDV daxil) məbləğində olan KÜR-2 magistral su kəmərinin Sanqaçal nasos stansiyasından Biləcəri nasos stansiyasınadək olan hissəsindən uzunluğu 11500 metr, diametri isə 1420 mm olan boruların torpaq altından çıxarılaraq pasdan təmizlənməklə faskalanması və Cavabdeh ASC-nin anbarına daşınması işləri, 2017-ci ildə Zərdab rayonu ərazisində, dəyəri 3097894,51 manat (ƏDV daxil) məbləğində, ümumi uzunluğu 4006,71 metr, diametri 1420 mm olan magistral su xəttinin tikinti işləri, 2017-ci ildə, Bakı şəhəri, Qala qəsəbəsi ərazisində, ümumi dəyəri 785314,21 manat (ƏDV daxil) uzunluğu 330000 metr, diametri isə 530 mm olan magistral su xəttinin tikintisi işləri, 2017- 2019-cu illərdə isə Şamaxı və Hacıqabul rayonları (Padar çöl) ərazisində dəyəri 8792600,31 manat (ƏDV daxil) uzunluğu 9313,00 metr, diametri isə 1420 mm olan magistral su xəttinin tikintisi işlərinin dəyəri olan 14166255,53 manat (ƏDV daxil), həmin məbləğə görə 6000000,00 manat faiz və ödənilmiş 10879 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır kı, İddiaçıASC ilə Cavabdeh ASC arasında yaranmış qarşılıqlı işgüzar əmakdaşlıq çərçivəsində iddiaçı tərəfindən Cavabdeh ASC-nin müvafiq tapşırıqlarına əsasən 2016-2017-ci illərdə ümumi dəyər 1490446,50 manat (ƏDV daxil) məbləğində olan KÜR-2 magistral su kəmərinin Sanqaçal nasos stansiyasından Biləcəri nasos stansiyasınadək olan hissəsindən uzunluğu 11500 metr, diametri isə 1420 mm olan boruların torpaq altından çıxarılaraq pasdan təmizlənənməklə faskalanması və Cavabdeh ASC-nin anbarına daşınması işləri görülmüşdür. Bundan əlavə, 2017-ci ildə Zərdab rayonu ərazisində, dəyəri 3097894,51 manat (ƏDV daxil) məbləğində, ümumi uzunluğu 4006,71 metr, diametri 1420 mm olan magistral su xəttinin tikinti işləri, 2017-ci ildə, Bakı şəhəri, Qala qəsəbəsi ərazisində, ümumi dəyəri 785314,21 manat (ƏDV daxil) uzunluğu 3300 metr, diametri isə 530 mm olan magistral su xəttinin tikintisi işləri, 2017- 2019-cu illərdə isə Şamaxı və Hacıqabul rayonları (Padar çöl) ərazisində dəyəri 8792600,31 manat (ƏDV daxil) uzunluğu 9313 metr, diametri isə 1420 mm olan magistral su xəttinin tikintisi işləri görülmüşdür. İddiaçı ASC tərəfindən həyata keçirilən yuxarıda göstərilən işlərin ümumilikdə dəyəri 14166255,53 manat (ƏDV daxil) təşkil edir. Cavabdeh ASC ilə İddiaçı ASC arasında olan razılaşmaya əsasən işlər görülüb qurtardıqdan sonra Cavabdeh ASC tərəfindən həmiı işlərin dəyəri İddiaçı ASC-yə ödənilməli idi. Lakin işlərin görülüb başa çatmasından 2 il keçməsinə baxmayaraq Cavabdeh ASC tərəfindər üzərinə düşən öhdəlik yerinə yetirilmir. “X9 və Ticarət” ASC-nin adı 06 sentyabr 2018-ci ildə dəyişdirilərək İddiaçı ASC olmuş, 25 oktyabr 2021-ci il tarixdə isə İddiaçı ASC İddiaçı MMC olmuşdur. Öhdəliyin icra edilməsi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq, pretenziya, mediasiya təklifi göndərilməsinə baxmayaraq, cavabdeh ilkin mediasiya sessiyasında iştirak edilməsindən imtina etmiş və öhdəliyi bu günədək yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, tərəflər arasında yazılı müqavilə bağlanmasa da, Cavabdeh ASC tərəfindən iddiaçıya lahiyələr göndərilmiş və bu layihələrə əsasən işlər görülmüşdür. Tərəflər arasında olan yazışmalar sübut qismində məhkəməyə təqdim olunmuşdur. Görülmüş işlərin təhvil verilməsi ilə bağlı Cavabdeh ASC-nin coğrafi informasiya sistemi var. İşlərin həmin sistemə yüklənməsi işin təhvil alınması deməkdir. Bundan başqa məhkəməyə təhvil – təslim aktları da təqdim olunmuşdur ki, həmin sənədlər görülmüş işlərin Cavabdeh ASCnin səlahiyyətli şəxsləri tərəfindən təhvil alınmasını təsdiq edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, 2012-ci ildən Cavabdeh ASC müxtəlif sahələr üzrə əməkdaşlıq edib müqavilələr bağlamnmışdır. 2016-cı ildən Hacıqabul və Zərdab rayonu ərazisinin suvarma məsələsi gündəmə gəlmişdir. Layihənin dəyəri 100-150 milyon manat arasında idi. 15 yanvar 2017ci il tarixdə cavabdehin rəhbərliyi həmin işlərin icrası ilə bağlı onları dəvət etmiş, işlərin təcili icra olunması tapşırılmışdır. İddiaçı MMC Cavabdeh ASC-nin Sənqəçal bazasında boruları demontaj edib Zərdaba aparırmış, 4 ay ərzində layihə başa çatmışdır. Padarçöldə isə ən mürəkkəb işlər İddiaçı MMC tərəfindən görülmüşdür. 1 dəmir yolunun və ixrac-boru kəmərinin altından keçməklə layhələr iddiaçı tərəfindən icra edilmişdir. İşlər 2019-cu ilin əvvəlində tamamlanaraq təhvil verilmişdir. 2019-cu ilin sonlarında ödənişlə bağlı danışıqlar getmiş, yaxın vaxtlarda həll olunacağı bildirilmiş, məsələ həllini tapmadığına görə məhkəməyə müraciət olunmuşdur. Lakin Cavabdeh ASC hazırda müqavilənin, qaimənin olmamasına istinad edərək iddianı qəbul etmir. Yazılı formada müqavilə olmasa da Cavabdeh ASC ilə 20 illik əməkdaşlıq edilməsi nəzərə alınaraq şifahi şəkildə razılaşma olmuş və işlər icra olunmuşdur. Cavabdeh ASC-nin işlərini görəcək İSO sertifikatlı qurum olmadığına görə BP əraziyə heç kimi buraxmırdı. İddiaçı MMC-nin həmin sertifikatı və aralarında partnyorluq münasibəti olduğuna görə bu işlərin görülməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Təhvil – təslim aktlarında göstərilən məbləğlərin hazırda tələb olunan məbləğlərdən aşağı olmasının səbəbi ondan ibarətdir ki, tələb olunan məbləğ yalnız İddiaçı MMC tərəfindən çəkilən xərclərdir və subpodratçılar tərəfindən çəkilən tələbdə nəzərə alınmamışdır. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, İddiaçı MMC Cavabdeh ASC tərəfindən iddia tələbində qeyd olunan işlərin görülməsinə dair müvafiq razılaşmanın olduğunu və 14166255,53 manat dəyərində işlərin gördüyünü bildirsə də, tərəflər arasında bununla bağlı heç bir müqavilə bağlanmamışdır. Bundan əlavə müqavilə ilə müəyyənləşdirilməli olan işlərin görülməsinə dair Forma-2 və Forma-3 sənədləri, podratçı tərəfindən təqdim edilməli olan elektron qaimə, invoys və digər zəruri sənədlərin heç birinin mövcud olmaması iddianın əsassızlığını bir daha sübut edir. Göründüyü kimi, tərəflər arasında müqavilə öhdəliyi olmadığına görə “Azərsu" ASC iddiaçı qarşısında hər hansı bir məsuliyyət daşıya bilməz. Mübahisə predmetini böyük həcmli işlər təşkil etdiyindən tərəflər arasında hər hansı şifahi razılaşmanın olması absurddur. İddiaçı tərəfindən ümumi görülən işlərin dəyərinin 1490446,50 manat olduğu bildirilsə də, həmin işlərin hansı qaydada hesablanması və buna dair müvafiq sənədlər təqdim olunmamışdır. İddiaçı ərizəsində cavabdehin xeyrinə gördüyü işlər barədə öz mülahizələrini qeyd etsə də, məhz cavabdeh tərəfindən həmin hərəkətlərin görülməsinə dair heç bir rəsmi sübut təqdim edilməmişdir. Halbuki, işlər görülməmişdən əvvəl layihənin smeta dəyəri müəyyən edilməli və smeta xərclərini nəzərdə tutan sənədlər hazırlanmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş təhvil-təslim aktları ümumi şöbədə çıxış tarixləri əsas götürülərək araşdırılmış və qeydiyyata alınmadığı, sənədlərdə qeyd edilən nömrələrin ümumiyyətlə fərqli hüquqi aktlara aid olduğu müəyyən olunmuşdur. Təhvil-təslim aktları Etibar Məmmədov tərəfindən imzalanmamış, aktlarda göstərilən müqavilə nömrələri Cavabdeh ASC-də qeydiyyatdan keçməmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - Hacıqabul, Şamaxı və Zərdab rayonlarında ərazilərin suvarma suyu ilə təminatı layihələrinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Cavabdeh ASC-yə 8 milyon manat ayrılmışdır. - LWE-2017/30 nömrəli, 22 sentyabr 2017-ci il tarixli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən sifarişçi – Cavabdeh ASC Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına Hacıqabul və Şamaxı rayonlarında 10000 hektar və Zərdab rayonunda 10000 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi lahiyəsinin tamamlanması ilə əlaqədar yenidənqurma və tikinti işlərinin satın alması üçün Podratçının – Cavabdeh ASC-nin "xxxx" Müəssisəsinin 2905151,37 manat (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir. Podratçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan Hacıqabul və Şamaxı rayonlarında 10000 hektar və Zərdab rayonunda 10000 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi lahiyəsinin tamamlanması ilə əlaqədar yenidənqurma və tikinti işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) Podratçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - LWE-2017/30 nömrəli, 22 sentyabr 2017-ci il tarixli “İşlər üzrə satınalma” müqaviləsinə 2 nömrəli Əlavə Razılaşmaya əsasən müqavilənin icra müddəti 21 sentyabr 2018-ci il tarixdən 30 dekabr 2019-cu il tarixinə qədər uzadılmışdır. - LWE-2017/29 nömrəli, 18 avqust 2017-ci il tarixli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən sifarişçi – Cavabdeh ASC Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına Hacıqabul və Şamaxı rayonlarında 10000 hektar və Zərdab rayonunda 10000 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi layihəsi çərçivəsində elektrik işləri ilə bağlı avadanlıqların və mal-materialların təchiz olunması və quraşdırılması işləri üçün podratçının – "xxxx" MMC-nin 499986,06 manat (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir. Podratçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan Hacıqabul və Şamaxı rayonlarında 10000 hektar və Zərdab rayonunda 10000 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi layihəsi çərçivəsində elektrik işləri ilə bağlı avadanlıqların və mal-materialların təchiz olunması və quraşdırılması işlərini öhdəsinə götürür. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların Podratçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - LWC-2017/26 nömrəli, 01 iyun 2017-ci il tarixli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən sifarişçi – Cavabdeh ASC Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına Hacıqabul və Şamaxı rayonlarında 10000 hektar və Zərdab rayonunda 10000 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi layihəsi çərçivəsində daxili diametri 1600 mm-lik dəmir beton borularla tunel tipli keçidlərin tikintisi işlərinin satın alınması üçün icraçının ******* manat (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir. İcraçı "xxxx" MMC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan daxili diametri 1600 mm-lik dəmir beton borularla tunel tipli keçidlərin tikintisi işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - LWC-2018/69 nömrəli, 06 iyul 2018-ci il tarixli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən “Regional su təminati zəif olan kəndlərdə su təhcizatı sisteminin yaradılması” işlərini 4774041,17 manat (ƏDV daxil) məbləğində icra etməyi qəbul etmişdir. Podratçı – “X9 və Ticarət” ASC, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçi – Cavabdeh ASC-yə satnalınan “Regional su təminati zəif olan kəndlərdə su təhcizatı sisteminin yaradılması” işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - LWC-2019/49 nömrəli, 20 may 2019-cu il tarixli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən “Sifarişçi” – Cavabdeh ASC “Biləsuvar rayonu ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin su təminatının yaxşılaşdırılması” işlərinin satın alınması üçün “İcraçı”nın – İddiaçı ASC-nin 3947979,69 manat (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında müqavilənin 2.1-ci bəndinə uyğun olaraq tikinti işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) icraçıdan qəbul edilməsini və müqaviləyə əsasən yerinə yetirilən işlərə görə razılaşdırılmış məbləği icraçının təqdim etdiyi Forma 2 aktlarına əsasən ödəməyi öhdəsinə götürür. - Cavabdeh ASC-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionaları üzrə BP şirkətinə ünvanlanmış 01 avqust 2017-ci il tarixli, 07/04-1/12986 nömrəli məktubdan görünür ki, su kəmərinin tikinti-quraşdırma işlərini “Alke” İnşaat Sənaye və Ticarət A.Ş. şirkəti həyata keçirəcəyindən, tikinti işlərinin icrası və boru üzərində dərinliklərin öyrənilməsi məqsədilə “Alke” İnşaat Sənaye və Ticarət A.Ş. şirkətinə qazıntı işlərinin aparılması üçün icazə verilməsi xahiş olunmuşdur. - Cavabdeh ASC-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionaları üzrə BP şirkətinə ünvanlanmış 29 avqust 2017-ci il tarixli məktubdan görünür ki, “BP Azərbaycan” şirkətinə məxsus 4 ədəd magistral kəmərin keçdiyi ərazidə 2 ədəd D1400mm-lik suvarma xətlərinin quraşdırma işlərinin yerinə yetiriləcəyi müddətdə podratçı təşkilat “Alke” İnşaat Sənaye və Ticarət A.S. şirkətinə məxsus 9 ədəd texnikanın və 54 ədəd işçinin əraziyə daxil olmasına şərait yaradılması haqqında müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. - 28 mart 2018-ci il tarixli, 07/07-1/11049 №li təhvil-təslim aktına əsasən “Alke” İnşaat Sənaye və Ticarət” ASC və “X8” MMC tərəfindən Xəzər rayonu, Qala qəsəbəsində yerləşən sahəyə suvarma xəttinin inşa olunması üzrə dəyəri ******* manat (ƏDV daxil) olan işlərin görüldüyü qeyd olunmuşdur. - 28 mart 2018-ci il tarixli, 07/07-1/11053 №li təhvil-təslim aktına əsasən “Alke” İnşaat Sənaye və Ticarət” ASC və “X8” MMC tərəfindən Zərdab şəhərində polad borulu magistral su xəttinin tikintisi üzrə dəyəri ******* manat (ƏDV daxil) olan işlərin görüldüyü qeyd olunmuşdur. - 28 mart 2018-ci il tarixli, 07/07-1/11152 №li təhvil-təslim aktına əsasən “Alke” İnşaat Sənaye və Ticarət” ASC və “X8” MMC tərəfindən Pardaçöl ərazisində iki ədəd su anbarının və polad borulu magistral su xəttinin tikintisi üzrə dəyəri 18809860 manat (ƏDV daxil) olan işlərin görüldüyü qeyd olunmuşdur. İddia ərizəsinin və əlavə olunmuş sənədlərin məzmunundan görünür ki, iddiaçı tərəfindən tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlərin mövcud olmasına istinad edilmişdir. Göründüyü kimi, İddiaçı tərəflər arasında podrat müqaviləsinin bağlandığını, müqavilə üzrə podratçı kimi üzərinə düşən öhdəliklərini lazımınca icra etdiyini və Cavabdehin pul öhdəliyinin yarandığını iddia edir. Cavabdeh isə tərəflər arasında hər hansı podat müqaviləsinin bağlanmasını və İddiaçı tərəfindən hər hansı podrat işinin görülməsini inkar edir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh tərəflər arasında podrat müqaviləsinin bağlanmasını qəbul etmədiyindən ilk növbədə tərəflər arasında podrat müqaviləsinin bağlanıb-bağlanmamasının müəyyənləşdirilməsi zəruridir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra - MM) podrat müqaviləsinin yazılı şəkildə bağlanılmasına dair imperativ göstəriş mövcud deyil. Bu baxımdan podrat müqaviləsinin şifahi formada bağlanılması mümkünlüyü istisna edilmir. Lakin nəzərə almaq lazımdır ki, MM-in 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 389.1-i maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan maddələrin dispozisiyasından aydın olur ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, bir-birinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. Bu tələb MM-in 405.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-in 752.1-ci maddəsində podrat müqaviləsinə verilmiş anlayışdan göründüyü kimi, ("Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.") "müqavilənin predmeti” "müddət" “muzd” podrat müqaviləsinin mühüm şərtlərini təşkil edir. "İşi icra etmə" şərti podratçıya, "muzd" şərti isə sifarişçiyə işarə edir. Hazırkı mübahisə üzrə tərəflər arasında yazılı podrat müqaviləsi olmadığından, Cavabdeh ümumiyyətlə belə bir müqavilənin bağlanmasını inkar etdiyindən və İddiaçı isə podrat müqaviləsi üzrə işləri gördüyünü iddia etdiyindən, Azərbaycan Respublikası Mülki prosessual məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında şifahi podrat müqaviləsinin bağlanıldığının sübut etmək yükü İddiaçının üzərinə düşür. Lakin İddiaçı tərəfindən şifahi podrat müqaviləsinin bağlanması ilə bağlı hər hansı sübut (məsələn, tərəflər arasındakı yazışmalar, əgər podratçı işi öz materialları ilə icra edibsə, həmin materialların alınmasına dair və s.) məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, İddiaçı tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasını və Cavabdehin muzd ödəmək öhdəliyinin əmələ gəldiyini sübut edə bilməmişdir. Halbuki MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan başqa, İddiaçı boruların torpaq altından çıxarılaraq pasdan təmizlənənməklə faskalanması ilə bağlı podrat işləri gördüyünü iddia etsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki görülmüş işlər və onların dəyəri yazılı sübutlarla ("Forma 2" aktlar, İddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı idi. Digər konsensual müqaviələrdən fərqli olaraq, podrat müqaviləsi bağlandığı anda icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. MM-nin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. MM-nin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İddia tələbi 5 hissədən ibarətdir: - 2016-2017-ci illərdə ümumi dəyəri 1490446,50 manat (ƏDV daxil) məbləğində olan KÜR-2 magistral su kəmərinin Sanqaçal nasos stansiyasından Biləcəri nasos stansiyasınadək olan hissəsindən uzunluğu 11500 metr, diametri isə 1420 mm olan boruların torpaq altından çıxarılaraq pasdan təmizlənməklə faskalanması və Cavabdeh ASC-nin anbarına daşınması işlərinin; - 2017-ci ildə Zərdab rayonu ərazisində, dəyəri 3097894,51 manat (ƏDV daxil) məbləğində, ümumi uzunluğu 4006,71 metr, diametri 1420 mm olan magistral su xəttinin tikinti işlərinin, - 2017-ci ildə, Bakı şəhəri, Qala qəsəbəsi ərazisində, ümumi dəyəri 785314,21 manat (ƏDV daxil) uzunluğu 330000 metr, diametri isə 530 mm olan magistral su xəttinin tikintisi işlərinin; - 2017-2019-cu illərdə isə Şamaxı və Hacıqabul rayonları (Padar çöl) ərazisində dəyəri 8792600,31 manat (ƏDV daxil) uzunluğu 9313,00 metr, diametri isə 1420 mm olan magistral su xəttinin tikintisi işlərinin dəyərinin; - yuxarıda göstərilən işlərin görüməsinə görə ödənilməli olan 14166255,53 manat (ƏDV daxil) məbləğinə görə faiz olaraq ******* manat məbləğində pul vəsaitinin ödənilməsi. Cavabdehin iddiaya etirazını aşağıdakı xüsusatlarla əsaslandırmışdır: - iddia tələbində qeyd olunan işlərin görülməsi ilə bağlı heç bir müqavilə bağlanmamışdır; - iddia tələbində qeyd olunan işlərin görülməsi ilə bağlı satınalma müqavilələrinə əsasən digər şirkətlərlə müqavilələr bağlanmışdır; - müqavilə ilə müəyyənləşdirilməli olan işlərin görülməsinə dair Forma-2 və Forma-3 sənədləri, podratçı tərəfindən təqdim edilməli olan elektron qaimə, invoys və digər zəruri sənədlərin heç biri mövcud deyildir; - görülən işlərin dəyərinin 1490446,50 manat olduğu bildirilsə də, həmin işlərin hansı qaydada hesablanması və buna dair müvafiq sənədlər təqdim olunmamışdır. - işlər görülməmişdən əvvəl layihənin smeta dəyəri müəyyən olunmalı və smeta xərclərini nəzərdə tutan sənədlər hazırlanmalı olduğu halda bu sənədlər mövcud deyildir. - təqdim olunmuş təhvil-təslim aktlarında qeyd edilən nömrələrin ümumiyyətlə fərqli hüquqi aktlara aid olduğu müəyyən olunmuş, aktlarda göstərilən müqavilə nömrələri qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli, 3226 №-li sərəncamından görünür ki, Hacıqabul və Şamaxı rayonlarında 10000 hektarlıq və Zərdab rayonunda 10000 hektarlıq ərazinin suvarma suyu ilə təminatı layihəsinin həyata keçirilməsi üçün Cavabdeh ASC-yə ******* manat pul vəsaiti ayrılmışdır. Sərəncamın məzmunundan da görünür ki, layihənin həyata keçirilməsi üçün ayrılan məbləğ ümumilikdə ******* manat təşkil edir. Lakin iddia tələbində Zərdab rayonu ərazisində aparılan işlərə görə 3097894,51 manat, Şamaxı və Hacıqabul rayonları ərazisində aparılan işlərə görə 8792600,31 manat, ümumilikdə 11890494,82 manat vəsait tələb olunur. Bundan başqa, iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim olunmuş 28 mart 2018-ci il tarixli, 07/07-1/11152 saylı təhvil – təslim aktında “Padarçöl ərazisində iki ədəd su anbarının və polad borulu magistral su xəttinin tikintisi” layihəsinə “X9 və Ticarət” ASCnin iştirak payı 85% olmaqla 18809860 manat, “Zərdab şəhərində polad borulu magistral su xəttinin tikintisi” layihəsinə “X9 və Ticarət” ASC-nin iştirak payı 85% olmaqla ******* manat məbləğində vəsaitin xərcləndiyi qeyd olunur. Təhvil – təslim aktlarında göstərilən məbləğlər nəzərə alınarsa, hal – hazırda iddiaçı tərəfindən 2 layihə üzrə tələb olunan məbləğ müvafiq olaraq 15988381 manat və 5620918,25 manat olmaqla ümumilikdə 21609299,25 manat təşkil etməli idi. Digər məqam ondan ibarətdir ki, qüvvədə olan qanunvericiliyə əsasən vəsait dövlət büdcəsindən ayrıldığına, Cavabdeh ASC səhmləri dövlətə məxsus olan hüquqi şəxs olduğuna və ayrılan vəsaitin məbləği nəzərə alınaraq qeyd olunan işlərin görülməsi satınalma müqaviləsindən kənar həyata keçirilə bilməzdi. Qeyd olunan xüsusatla bağlı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş LWE-2017/30 nömrəli, 22 sentyabr 2017-ci il tarixli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən dövlət vəsaiti hesabına Hacıqabul və Şamaxı rayonlarında 10000 hektar və Zərdab rayonunda 10000 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi lahiyəsinin tamamlanması ilə əlaqədar yenidənqurma və tikinti işlərinin satın alması üçün podratçının – Cavabdeh ASC-nin "xxxx" Müəssisəsinin 2905151,37 manat (ƏDV daxil) məbləğində təklifini qəbul etməsi, LWE-2017/29 nömrəli, 18 avqust 2017-ci il tarixli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən layihə çərçivəsində elektrik işləri ilə bağlı avadanlıqların və mal-materialların təchiz olunması və quraşdırılması işləri üçün podratçının – "xxxx" MMC-nin 499986,06 manat (ƏDV daxil) məbləğində təklifini qəbul etməsi, LWC-2017/26 nömrəli, 01 iyun 2017-ci il tarixli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən layihə çərçivəsində daxili diametri 1600 mm-lik dəmir beton borularla tunel tipli keçidlərin tikintisi işlərinin satın alınması üçün icraçının ******* manat (ƏDV daxil) məbləğində təklifini qəbul etməsi təsdiqini tapır. Həmin müqavilələr üzrə görüləcək işlərin ümumi dəyəri 6102617,43 manat təşkil edir ki, bu məbləğ də ******* manat həddindədir. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş analoji müqavilələrdən görünür ki, Cavabdeh ASC ilə İddiaçı MMC arasında bağlanmış LWC- 2018/69 nömrəli, 06 iyul 2018-ci il tarixli və LWC-2019/49 nömrəli, 20 may 2019-cu il tarixli “İşlər üzrə satınalma” müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.11-6-cı maddəsinə əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi qeyd olunmuşdur. - 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. - 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesabfakturasını verməyə borcludur. Qeyd olunan normaların məzmununa əsasən və tərəflərin hər ikisinin də vergi ödəyicisi olan hüquqi şəxs olması nəzərə alınmaqla elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunsa da, iddiaçı tərəfindən bu tələbə əməl olunması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tərəflər arasında yazılı formada deyil, şifahi razılaşmanın olması qəbul olunsa belə, işlər görülməmişdən əvvəl layihənin smeta dəyəri müəyyən olunması, smeta xərclərini nəzərdə tutan, işlərin görülməsini, 14166255,53 manat məbləğində pul vəsaitinin xərclənməsini əsaslandıran sənədlər də məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən sübut olaraq məhkəməyə müxtəlif hüquqi şəxslərlə bağlanmış müqavilələr, ödəniş tapşırıqları, bank hesabından çıxarışlar və digər sənədlər təqdim olunsa da, həmin sənədlərin hazırkı mübahisəyə aidiyyatının olması müəyyən edilmir. Sübut olaraq təqdim olunmuş Cavabdeh ASC-nin müxətlif hüquqi şəxslərə ünvanladığı İddiaçı MMC –yə məxsus texnikaların və işçilərin əraziyə daxil olmasına şərait yaradılması haqqında məktublarına əsasən də hansı işlərin görülməsi, hansı xərclərin çəkilməsi qənaətinə gəlinməsi mümkün deyildir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 28 mart 2018-ci il tarixli, 07/07- 1/11049 №li təhvil-təslim aktına əsasən “Alke” İnşaat Sənaye və Ticarət” ASC və “X8” MMC tərəfindən Xəzər rayonu, Qala qəsəbəsində yerləşən sahəyə suvarma xəttinin inşa olunması üzrə dəyəri ******* manat (ƏDV daxil) olan işlərin görüldüyü qeyd olunmaqla müqavilə nömrəsi AZ/0704-23D göstərilmiş, 28 mart 2018-ci il tarixli, 07/07-1/11053 №li təhvil-təslim aktına əsasən “Alke” İnşaat Sənaye və Ticarət” ASC və “X8” MMC tərəfindən Zərdab şəhərində polad borulu magistral su xəttinin tikintisi üzrə dəyəri ******* manat (ƏDV daxil) olan işlərin görüldüyü qeyd olunmaqla müqavilə nömrəsi V78 6/2018 göstərilmiş, 28 mart 2018-ci il tarixli, 07/07-1/11152 №li təhvil-təslim aktına əsasən “Alke” İnşaat Sənaye və Ticarət” ASC və “X8” MMC tərəfindən Pardaçöl ərazisində iki ədəd su anbarının və polad borulu magistral su xəttinin tikintisi üzrə dəyəri 18809860 manat (ƏDV daxil) olan işlərin görüldüyü qeyd olunmaqla müqavilə nömrəsi AZ12/017 göstərilmişdir. Cavabdeh ASC-nin 29 aprel 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, təhvil – təslim aktlarının qeydiyyat nömrələrinin cəmiyyətin istehsal fəaliyyəti ilə bağlı, işə aidiyyatı olmayan digər təşkilatlara ünvaanlanmış məktublara aid olduğu müəyyən edilmişdir. Həmçinin, təhvil – təslim aktı adlı sənədlərin cəmiyyətin kargüzarlıq xidməti tərəfindən hər hansı bir qeydiyyatının aparılmadığı müəyyən edilmişdir. Tərəflər arasında aktlarda göstərilən AZ/0704-23D, V78 6/2018, AZ12/017 nömrəli müqavilələr bağlanılmamışdır və ümumiyyətlə mövcud deyildir. Digər tərəfdən iddia ərizəsi ilə İddiaçı MMC tərəfindən tələb olunan məbləğ kreditor borcu kimi mühasibat uçotu sənədlərində öz əksini tapmamışdır. Məhkəmə qeyd edilən təhvil-təslim aktlarını iddia tələbinin əsasını təşkil edən faktı təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Çünki təhvil-təslim aktlarında Cavabdehin İddiaçı qarşısında müxtəlif məbləğdə borcunun olması qeyd edilsə də, həmin borcun tərəflər arasında bağlanmış hansı müqavilədən irəli gəldiyi qeyri-müəyyəndir. Halbuki təhvil-təslim aktları tərəflər arasında onun imzalanmasına qədər yaranmış öhdəlik hüquq münasibəti üzrə tərəflər arasındakı vəziyyəti təsdiqləyir. Əgər Aktlarda onun imzalanmasına səbəb olmuş əsasa (konkret halda, iddia edilən podrat müqaviləsi) istinad edilməyibsə, həmin Aktın iddia tələbinin haqlılığını təsdiq edən sübut kimi qəbulu yolverilməzdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, "Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər". Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı da təhvil – təslim aktlarında istinad olunan müqavilələr məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Analoji əməliyyatlar üzrə tərəflər arasında münasibətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satınalma müqavilələri bağlanmaqla həyata keçirilməsi, iddia tələbinin əsasını təşkil edən layihələr üzrə digər hüquqi şəxslərlə satınalma müqavilələrinin bağlanması, tələb olunan məbləğin Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli, 3226 №-li sərəncamına əsasən ayrılmış məbləğdən artıq və iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim olunmuş təhvil – təslim aktlarında göstərilən məbləğdən aşağı olmasını, smeta dəyəri müəyyən olunması, smeta xərclərini nəzərdə tutan, işlərin görülməsi, pul vəsaitinin xərclənməsi barədə sənədlərin təqdim olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsassız olduğuna görə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinin tələbini və iddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı görülmüş işlərə görə yaranmış borcun ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar