Məhkəmə qərarları › İş №e-2-2(113)-793/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-793/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-793/2022 06.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası 939 saylı Hərbi Hissə cavabdeh “CPS Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 fevral 2018-ci il tarixli müqavilənin icrasının təmin edilməsi və məhkəməyə çəkilən xərclərin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsi dəqiqləşdirilərək cavabehdən tərəflər arasında bağlanmış müqaviləyə əsasən yaranmış 2124 manat borcun və ödənilmiş 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 12 fevral 2018-ci il tarixli 10 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı (iddiaçı) öz üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri icra etməyərək görülmüş işlərin dəyərini ödəməmişdir. Dəfələrlə borcun ödənilməsi üçün müraciət edilsə də, heç bir nəticə olmamışdır. Bakı Kommersiya Məhkəməsinin 04.02.2022-ci il tarixli, e-2-2(113)-793/2022 saylı qərardadı ilə iddiaçının yazılı razılığı əsasında iddiaçı 939 saylı Hərbi Hissə əsl iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra – iddiaçı) ilə əvəz edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin gəlməməsinin səbəblərinin üzrlü olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “X3” MMC ilə 939 nömrəli Hərbi Hissə arasında bağlanmış 12 fevral 2018-ci il tarixli 10 nömrəli podrat müqaviləsinə əsasən sifarişçi (“X3” MMC) bu müqavilənin qüvvədə olduğu müddət ərzində “X3” MMC-nin Nəqliyyat vasitələrinin müxtəlif hissələrinin təmirini icraçıya sifariş edir. Yerinə yetiriləcək işlərin həcmi təsdiq olunmuş sifariş sənədləri əsasında aparılmaqla sifarişçi tərəfindən nəzarət olunur. Müqavilənin 1.2-ci bəndinə əsasən icraçı təsdiq olunmuş sifariş sənədləri əsasında sifarişçinin tələbləri ilə təmir işlərini yerinə yetirməyi öhdəsinə götürür və lazımı işçi heyətini cəlb edir. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər Azərbaycan Respublikasında mövcud olan köçürmə yolu ilə hesablaşmalar qaydasında müvafiq şəkildə həyata keçirilir. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər, sifarişçi ilə icraçı arasında hər ayın sonunda tərtib olunmuş “görülmüş işlərin təhvil-təslim” aktına əsasən aparılır. Görülmüş işlərin qiyməti sifarişçi və icraçının qarşılıqlı razılığı əsasında müəyyən olunur. 12.11.2018-ci il tarixli təmir olunan məmulatların qiymətinin razılaşdırılması protokolundan görünür ki, VOLVO markarlı avtomobilin B16-01603 nomenklatura nömrəli mühərrikinin silindrlər blokuna gilizlərinin otuzdurulması, dirsəkli valın bloka yerləşdirilməsi, sürgü qolların təmiri, porşelərin sürgü qollara keçirilməsi və sürgü qolların dirsəkli vala yığılmasına göstərilən xidmətlərə görə 1800 manat və 324 manat ƏDV, ümumilikdə 2124 manat xidmət haqqı ödənilməsi razılaşdırılmışdır. Volvo markalı avtomobilin B-16-016103 nomenklatura nömrəli mühərrikinin silindirlər blokunun yoxlanılması və təmirindən sonra təhvil verilməsi barədə 22.12.2018-ci il tarixli 23 nömrəli aktdan görünür ki, avtomobil texniki şərtlərə uyğundur. EAAP 385419 nömrəli 21.01.2019-cu il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən görülmüş işlərlə bağlı cavabdehin ödəməli olduğu məbləğ 2124 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 03.02.2020-ci il tarixli 131 nömrəli pretenziya məktubundan görünür ki, 12 fevral 2018-ci il tarixli 10 nömrəli müqaviləyə əsasən aparılmış təmir işlərinin əvəzi olaraq 1800 manat məbləğində işlərin dəyərinin və 324 manat ƏDV-nin ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 18.10.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçriilməsi ilə bağlı 60 manat mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 12 fevral 2018-ci il tarixli 10 nömrəli podrat müqaviləsi bağlanmış, icraçı (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 2124 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 2124 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 70 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 70 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 2124 (iki min yüz iyirmi dörd) manat məbləğində pul və ödənilmiş 70 (yetmiş) manat məbləğində rüsum tutularaq iddiaçı Azərbaycan Repsublikası Müdafiə Nazirliyinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar