Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8031/2024 28.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə artıq ödənilmiş 182 700,08 manat məbləğində pulun və ödənilmiş 472,7 manata dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki: – tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli 113 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12ay müddətinə, illik 4% ödənilmək şərtilə 2 500 000 manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-dən 88557 manat əsas, 64174,99 manat faiz, 15309,32 manat cərimə, 50639,10 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla cəmi 218680,41manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərc və iş üzrə ödənilmiş 109 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan Cavabdeh ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən 3 dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. – Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 27 aprel tarixli e-2-2(119)- 274/2022 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 22 iyul tarixli 9/3581 nömrəli ekspert rəyinə əsasən, cavabdehin iddiaçıya hər hansı borcunun olmadığı, həmçinin borcalan tərəfindən 283469,35 manat məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 16 avqust tarixli e-2-2(119)-274/2022 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 8 sentyabr tarixli 9/6396 nömrəli ekspert rəyinə əsasən, cavabdehin iddiaçıya borcunun olmadığı, eyni zamanda182 700,08 manat məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmişdir. Bununla da Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 21 oktyabr tarixli 2-2(119)-274/2022 nömrəli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “borcun tutulması” barədə iddiatələbi rədd edilmişdir. – LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyəti birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və apellyasiya icraatı zamanı məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 fevral tarixli 2-2(105)-20/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “borcun tutulması”tələbinə dair kommersiya işi üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 10 mart tarixli 9/1581 nömrəli rəyi ilə cavabdehin iddiaçıya olan borcunun olmadığı, 182 700,08 manat məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 aprel tarixli 2-2(105)-20/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 21 oktyabr tarixli e2- 2(119)- 274/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(102)-412/2023 nömrəli qərarı ilə LPO Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 aprel tarixli 2-2(105)-20/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. – Yuxarıda sadalanan ekspert rəyləri və qanuni qüvvəsini almış məhkəmə aktları ilə xx.xx.2009-cu il tarixli 113 saylı kredit müqaviləsi üzrə İddiaçı MMC-nin LPO Cavabdeh ASC-yə heç bir borcunun olmadığı, əksinə 182 700,08 manat məbləğində artıq ödəmələrinin olduğu müəyyən edilmişdir. Həmin artıq ödəmələrin İddiaçı MMC-yə geri qaytarılması məqsədilə cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, bu günə kimi heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin mübahisənin məhkəmədənkənar həlli məqsədilə xx.xx.2024-cü il tarixdə cavabdehə müvafiq icra hakimiyyəti orqanın elektron informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə pretenziya məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: – Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2016-cı il tarixli 16 saylı qərarı ilə Cavabdeh ASC-nin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 3620/2016 nömrəli qərarına əsasən Cavabdeh ASC-nin ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” Qanunun 72-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan Banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. – Beləliklə, İddiaçı tərəfindən irəli sürülmüş iddia məhkəmə tərəfindən nəinki icraata qəbul edilməməli, ümumiyyətlə, ərizənin qəbulundan imtina edilməli idi. İddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməli idi. Müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (“Banklar haqqında” Qanun, 72.1.3-cü maddə). İddiaçı iddia ərizəsində 182 700,08 manat məbləğində vəsaitin LPO Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə iddia etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-3620/2016 nömrəli qərarına əsasən Cavabdeh ASC-nin ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” Qanunun tələblərinə əsasən ləğvedici – Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankın öhdəliklərinə görə məsuliyyət daşımır. Bu səbəbdən iddiaçı iddia ərizəsində tələb etdiyi 182 700,08 manat məbləğində vəsaiti ləğv prosesində olan bankdan tələb edilə bilməz. Ümumiyyətlə, ləğv prosesində olan banka qarşı pul tələbi ilə bağlı iddianın qaldırılmasının mümkünsüzlüyündən başqa, iş üzrə LPO Cavabdeh ASC cavabdeh ola bilməz. “Banklar haqqında” Qanunun tələblərinə əsasən banklara qarşı hər hansı tələb olduqda iddia onun ləğveicisinə qarşı, yəni LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qaldırılmalıdır. Bu halda iş üzrə cavabdeh LPO Cavabdeh ASC yox, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu olmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil işə Bakı Kommersiya Məhkəməsində baxılmasını xahiş etdi, cavabdehin nümayəndəsi X2 etirazın məzmununa uyğun izahat verdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırda iddiaçı LPO Cavabdeh ASC-dən götürdüyü kredit üzrə artıq ödənişlər etdiyini və həmin ödənişlərin tutulmasını tələb edir. “Banklar haqqında” Qanunu 72.1.3-cü maddəsinə görə, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarında göstərilmişdir ki, “...təcrübədə müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış müxtəlif münasibətlərdən irəli gəlməsi və mübahisənin hüquqi təbiətinə görə fərqlənirlər. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1) müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2) müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. ... Göstərilənlərdən müəyyən olunur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır ... iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil”. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinin şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 yanvar 2022-ci il tarixli Qərardadına əsasən, Bank fəaliyyəti fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirilməsi üzrə fəaliyyətdir. Bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti isə bankın fiziki və hüquqi şəxslərin müxtəlif mülki-hüquqi əsaslar (bank fəaliyyəti ilə əlaqədar olmayan) üzrə tələblərinin icrasına yönəlmiş fəaliyyəti nəzərdə tutur. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını mübahisəyə tətbiq olunmalı maddi və prosessual hüquq normalarının tələbləri baxımından təhlil edən məhkəmənin yekun qənaətinə görə, hazırkı mübahisə ləğv prosesində olan bankın bilavasitə bank fəaliyyəti ilə - öz adından və öz hesabına kreditlərin verilməsi ilə bağlı olduğundan iddia ərizəsinə inzibati mühakimə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 261.0 və 261.01-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə müəyyən edir ki, **********04 nömrəli qəbzə əsasən 472,7 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən 472,7 manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170, 261-262, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, eyni tələblə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edə bilər. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 472,72 manat pul İddiaçınə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-8031/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8031/2024
28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver