Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-814/2025 18.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 noyabr 2023-cü il tarixli xidmət müqaviləsinə əsasən ödənilməmiş 1653 manat əsas borc və gecikməyə görə hesablanmış 4060 manat cərimə məbləği olmaqla, ümumilikdə 5752 manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə 10 noyabr 2023-cü il tarixli, GV150/23 saylı xidmət müqaviləsi bağlanmışdır. Xidmət müqaviləsinə əsasən icraçı müqavilənin qüvvədə olduğu müddət ərzində sifarişçinin tapşırığına əsasən Kəlbəcər rayonu ərazisində şifarişçinin tapşırdığı yerdə “Kamaz” markalı yük özüboşaldan ilə torpağın ərazidən daşınması barədə razılaşmışlar. Bütün bunların qarşılığında xidmətin dəyəri 26 iş günü ərzində 4000 manat (vergi daxil) təşkil etmişdir. Ümumilikdə bir gün üçün ümumi məbləğ (vergi daxil) 153,846 manat təşkil etmişdir. Dekabr ayından etibarən müqavilə üzrə işə başlanılmış və dekabr ayında ümumilikdə 11 iş günü işləmişdir. 11 iş günü ilə bağlı olaraq sifarişçi Cavabdeh MMC ilə akt tərtib edilmiş və aktda öz əksini tapmışdır. Lakin sonradan ödənişə gəldikdə cavabdeh ödənişi həyata keçirməkdən imtina etmiş və süni maneələr yaradaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Tərəflər arasında bağlanmış 150/23 saylı, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə əsasən müqavilənin 3.3-cü maddəsində əks olunan yerinə yetirilmiş xidmətlər hesabat ayı bitdikdən sonra növbəti ayın 30-dək ödəniləcəyi və əgər 30 gün təvvim günü ərzində ödəniş tam olunmasa, hər təqvim gününə 1% gecikmə faizi hesablanacağı qeyd edilmişdir. Bu haqda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh MMC bunların heç birinə məhəl qoymamışdır. Ümumilikdə 1692,31 manat pulun heç bir hissəsi ödənilməmiş və əlavə olaraq fevral ayının 1-dən etibarən 1% dəbbə pulu ilə birlikdə hər ay üçün (günlük 16,92) aylıq ortalama 507,6 manat olmaqla, 4060 manat gecikmə faizi ilə birlikdə ümumilikdə 5752 manat ümumi borc yaranmışdır. Dəfələrlə şifahi xəbərdarlıq eməyinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Belə olduğu təqdirdə 17 oktyabr 2024-cü il tarixdə pretenziya məktubu vasitəsi ilə həm cavabdehin elektron məhkəmə poçtuna, həm də vergi ödəyicisi kimi online ASAN İMZA vasitəsi ilə daxil olaraq rəsmi vergi saytı vasitəsi ilə qoşma və pretenziya məktubu göndərilmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməkdən qəti şəkildə yayınmışdır. Hazırda pretenziyada göstərilən müddət başa çatdığı üçün məhkəməyə müraciət emişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” barədə ərizə verərək, 10 noyabr 2023-cü il tarixli Xidmət müqaviləsinə əsasən ödənilməli olan 1692 manat əsas borc və 200 manat dəbbə pulunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, məhkəməyə təqdim etdiyi müqaviləni də, aktı da cavabdeh tərəf ona “WhatsApp” vasitəsilə imzalanmaq üçün göndərmiş, o da imzalamışdır, həmin müqaviləni o, məhkəməyə təqdim etmişdir. Ona görə müqavilədə cavabdehin imzası yoxdur. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İddiaçı tərəfindən birtərəfli qaydada imzalanmış xx.xx.2023-cü il tarixli, GV150/23 saylı xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı müqavilənin qüvvədə olduğu müddət ərzində sifarişçinin tapşırığına əsasən Kəlbəcər rayonu ərazisində sifarişçinin tapşırdığı yerdə Kamaz markalı yük özüboşaldan ilə torpağın ərazidən daşınması xidmətri icra etməyi, sifarişçi isə icraçı tərəfindən icra edilmiş işi təhvil alıb, müqabilində müqavilə və ya əlavə razılaşmalarla müəyyən edilmiş muzdu icraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasən xidmətin dəyəri bir ayda 26 iş günü olmaqla 4000 manat (vergi daxil) təşkil edir. Həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən icraçının işləri keyfiyyətlə yerinə yetirərək sifarişçiyə təhvil vermək vəzifəsi, 2.2.1-ci maddəsinə əsasən müqavilə üzrə gördüyü işlərin dəyərinin müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 2.3.1ci maddəsinə əsasən sifarişçinin icraçının gördüyü işlərin dəyərini müqavilə ilə nəzərdə tutulan müddət ərzində ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən müqavilə üzrə yerinə yetirilmiş xidmətlər, hesabat ayı bitdikdən sonra növbəti ayın 30-dək ödəniləcəkdir. Əgər 30 təqvim günü ərzində ödəniş təmin olunmazsa, gecikən hər təqvim gününə görə 1% gecikmə faizi hesablanacaqdır və sifarişçi gecikmə olarsa, yaranan faiz ödənişini təmin edəcəyi öhədliyini götürür. - İddiaçı tərəfindən iddia tələbinin sübutu qismində məhkəməyə “WhatsApp” yazışmaları və səs yazıları təqdim edilmişdir. - xx.xx.2023-cü il tarixli GV150/23 saylı xidmət müqaviləsinə əsasən görülmüş işlər üzrə xx.xx.2023-cü il tarixli, 1 nömrəli aktın məzmunundan görünür ki, 2023-cü ilin dekabr ayı ərzində ümumi xidmətin (Kamaz özüboşaldan, **-LD-***) dəyəri 1692,31 manat təşkil edir. Akt İddiaçı tərəfindən imzalanmışdır. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, borcun 2 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən aşağıdakıları nəzərə almışdır. Təqdim olunan “WhatsApp” yazışmaları və səs yazılarından müəyyən olunmuşdur ki, iddiaçının ödənişlərlə bağlı müraciətinə “ayın axırını gözləyək”, "demişəm, ödəniş edəndə sizə də versinlər” və s. kimi cavablar verilmişdir. Həmçinin iddiaçı verdiyi izahatda bildirmişdir ki, məhkəməyə təqdim etdiyi müqaviləni də, aktı da cavabdeh tərəf ona “WhatsApp” vasitəsilə imzalanmaq üçün göndərmiş, o da imzalamışdır, həmin müqavilə və akt cavabdeh tərəfindən tərtib edilmişdir. Sübut qismində məhkəməyə müvafiq “WhatsApp” yazışması təqdim olunmuşdur. Müəyyən olunmuşdur ki, həmin yazışma cavabdeh tərəfindən “99...2200” nömrəsilə aparılmışdır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində cavabdehin qanuni təmsilçisi – rəhbərinin əlaqə məlumatları - Mobil telefon nömrələri bölməsindən müəyyən olunmuşdur ki, qeyd olunan telefon nömrəsi cavabdehin qanuni təmsilçisinin adına olan, ona məxsus olan mobil telefon nömrəsidir. Ona görə də məhkəmə həmin yazışmaları sübut qismində qəbul edir və qeyd olunan müqavilə və akt həmin nömrədən iddiaçıya göndərildiyinə görə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş və tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmçinin nəzərə alınmışdır ki, cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrəsinə məhkəmə iclaslarının vaxtı, yeri barədə SMS bildiriş göndərilsə də, iştirak edilməmiş, cavabdehin qanuni təmsilçisinin e-kabineti olsa da, e-kabinet vasitəsilə iddiaya hər hansı münasibət bildirilməmiş, etiraz edilməmişdir. Bu da dolayısı ilə iddinı qəbul etmə anlamına gəlir. Məhkəməyə təqdim olunan aktda işlərin görüldüyü 11 gün üçün 1 gün 153,846 manat olmaqla, 2023-cü il dekabr ayının ümumi xidmət haqqının məbləği 1692,31 manat olaraq qeyd olunmuşdur. Məhkəmənin qənaətinə əsasən cavabdeh öz öhdəliklərini icra etmədiyindən iddiaçı göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Eyni zamanda iddiaçı 200 manat dəbbə pulunun cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəməyə təqdim olunan müqaviləyə əsasən əgər 30 təqvim günü ərzində ödəniş təmin olunmazsa, gecikən hər təqvim gününə görə 1% gecikmə faizi hesablanacaqdır və sifarişçi gecikmə olarsa, yaranan faiz ödənişini təmin edəcəyi öhədliyini götürür. Xidmət haqqının ödənilməsində gecikmə baş verdiyindən iddiaçı dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 23 noyabr 2023-cü il tarixli, GV150/23 nömrəli xidmət müqaviləsi üzrə 1692 (min altı yüz doxsan iki) manat borc, 200 (iki yüz) manat dəbbə pulu olmaqla, cəmi 1892 (min səkkiz yüz doxsan iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 1692 (min altı yüz doxsan iki) manat borc, 200 (iki yüz) manat dəbbə pulu olmaqla, cəmi 1892 (min səkkiz yüz doxsan iki) manat məbləğində pul vəsaiti İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-814/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-814/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver