Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-82/2025 02.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta hadisəsi, dərmiş zərər, subroqasiya qaydasında pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (İddiaçı SŞ ASC) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığortalı X6 oğluna məxsus Bakı şəhəri, Nərimanov Rayonu, Daş Karxanası küçəsi, 130 saylı evin yararsız hala salınması nəticəsində ödənilmiş 3146,44 manat pul və ödənilmiş 52,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, 130 saylı ev Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə əsasən xx.xx.2019-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi icbari qaydada İddiaçı SŞ-da sığortalanmışdır. Sığortalanmış 130 saylı ev kanalizasiya xəttindən çirkab suların axıdılması nəticəsində zədələnmişdir. Həmin əmlaka dəymiş ziyanın məbləği 3400 manat məbləğində müəyyən edilmiş, dəymiş zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği və 3,56 manat bərpa məbləği çıxılmaqla, sığorta ödənişi 3146,44 manat olmuşdur. Şirkətimiz tərəfindən sığortalanmış mənzilin mülkiyyətçisi olan X6 oğlunun bank hesabına xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 3146,44 manat pul ödənilmişdir. Hadisədən sonra iddiaçı şirkətin əməkdaşları tərəfindən əmlaka dəymiş ziyanın səbəbi araşdırılmış və müəyyən edilmişdir ki, mənzilin dəhliz hissəsinin altında yerləşən kanalizasiya xətti tutulduğundan çirkab suyun geriyə axması nəticəsində 27.0 kv.m-lik dəhlizin döşəməsi (parketi) yararsız vəziyyətə düşmüşdür. Bu hadisəni 18 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt da təsdiq edir. Bundan sonra həmin kanalizasiya xəttinin kimə məxsus olmasının müəyyən edilməsi üçün iddiaçı tərəfindən "xxxx" ASC-yə müvafiq sorğu verilmişdir. Şirkətə daxil olmuş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 01/01-3/01-646 saylı məktubdan aydın olmuşdur ki, sözügedən ünvanda mövcud olan kanalizasiya xətti "xxxx" ASC-yə məxsusdur. Ona görə də hesab edilir ki, iddiaçı şirkət tərəfindən icbari qaydada sığortalanmış X6 oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, 130 saylı evə dəymiş ziyanın ödənilməsi üçün "xxxx" ASC-yə qarşı subroqasiya hüququ yaranmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.5-ci maddəsinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. Belə ki, İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsində sözügedən ünvanda baş vermiş su basma hadisəsi ilə bağlı sığorta ödənişini cavabdeh "xxxx" ASC-dən tələb etmişdir. Qeyd olunan su basma hadisəsi ilə bağlı ümumi məlumat versə də, həmin hadisənin "xxxx" ASC ilə bağlılığına dair heç bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş və birtərəfli qaydada tərtib edilmiş qüsur aktına əsasən su sızma hadisəsi fərdi yaşayış evinin ikinci mərtəbəsinin sanuzel otağından gələn borunun tutulması səbəbindən birinci mərtəbəyə ziyan dəyməsi ilə nəticələnmişdir. Qeyd olunan su basma hadisələri sözügedən ünvanların daxilində baş verdiyindən həmin su xətləri istehlakçının balans mənsubiyyətinə aid edilir. Bu səbəbdən Cəmiyyət istehlakçının mülkiyyətində yerləşən su xətlərində baş vermiş hər hansı su basma hadisəsinə görə məsuliyyət daşımır. "xxxx" ASC yalnız balansında olan su təchizatı və kanalizasiya qurğularına xidmət göstərir və onlara görə məsuliyyət daşıyır. Ona görə də istehlakçının mülkiyyətində yerləşən su xətlərinə nəzarəti özü həyata keçirdiyindən bununla bağlı yaranan problemlərə görə cavabdehlik ona məxsusdur.
5. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X2 adına xx.xx.2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3498 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
7. xx.xx.2012-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamədən görünür ki, X4 bütün əmlakının idarə edilməsi və s. 50 il müddətinə X1 etibar etmişdir.
8. BA seriyalı, 843480 nömrəli daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamədən görünür ki, sığortalı qismində X3 olmaqla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, sığorta haqqı 50 manat, sığorta məbləği 25000 manat, azadolma məbləği 250 manat miqdarında müəyyən edilmişdir.
9. 18 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, mənzilin dəhliz hissəsinin altında yerləşən kanalizasiya xətti tutulduğundan çirkab suyun geriyə axması nəticəsində 27.0 kv.m-lik dəhlizin döşəməsi (parketi) yararsız vəziyyətə düşmüşdür.
10. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 068270 nömrəli sığorta aktının məzmunundan müəyyən olunur ki, X1 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dəymiş ziyanla bağlı maddi ziyanın ümumi məbləği 3400 manat məbləğdən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği və 3,56 manat bərpa məbləği çıxılmaqla sığorta ödənişi 3146,44 manata bərabərdir. Qeyd edilmişdir ki, sığortalanmış əmlak kanalizasiya xəttindən çirkab sularının axması nəticəsində zədələnmişdir.
11. “X10” ASC tərəfindən tərtib və təsdiq edilmiş ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 3146,44 manat ödəniş edilmiş, ödənişin təyinatı və əsası kimi xx.xx.2019-cu il tarixli, 068270 saylı sığorta aktına əsasən sığorta ödənişi qeyd edilmişdir.
12. "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktının məzmunundan müəyyən olunur ki, su sızması nəticəsində X1 məxsus ünvan 2 ünvanında yerləşən evin ikinci mərtəbəsində sanuzel otağından gələn borunun tutulması nəticəsində su sızması əmlakın divarlarında və parketində zədələr əmələ gəlmişdir. Birinci mərtəbənin döşəməsi və su dəyən divar hissəsi yararsız hala düşmüşdür. Zədələnmiş sahənin bərpası üçün sərf edilən materialların və görülən işlərin dəyəri 3400 manat təşkil edir.
13. "xxxx" ASC-nin Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 01/01-3/01-646 nömrəli məktubun məzmunundan müəyyən olunur ki, sözügedən ünvanda olan mövcud kanalizasiya xətti "xxxx" ASC-yə məxsusdur.
14. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, O-AP-2021 3129 nömrəli pretenziya məktubundan görünür ki, 3146,44 manat vəsaitin 10 (on) iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli məlumatın məzmunundan müəyyən olunur ki, tədqiqat obyektinə baxış keçirilən zaman təqdim olunan hissədə heç bir qüsurun mövcud olmadığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
18. İddia tələbi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasından ibarətdir.
19. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
20. Belə ki, işin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, 130 saylı ev daşınmaz əmlakin icbari sığortası şəhadətnaməsinə əsasən xx.xx.2019-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi icbari qaydada İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta növü ilə sığortalanmış, sığorta haqqı 50 manat, sığorta məbləği 25000 manat, azadolma məbləği 250 manat miqdarında müəyyən edilmişdir.
21. Sığortalanmış Bakı şəhəri, Nərimanov Rayonu, Daş Karxanası küçəsi, 130 saylı ev kanalizasiya xəttindən çirkab suların axıdılması nəticəsində zədələnmişdir. Həmin əmlaka dəymiş ziyanın məbləği 3400 manat məbləğində müəyyən edilmiş, dəymiş zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği və 3,56 manat bərpa məbləği çıxılmaqla, sığorta ödənişi 3146,44 manat olmuşdur. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həmin məbləğ ödənilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin əməkdaşları tərəfindən əmlaka dəymiş ziyanın səbəbi araşdırılmış və müəyyən edilmişdir ki, mənzilin dəhliz hissəsinin altında yerləşən kanalizasiya xətti tutulduğundan çirkab suyun geriyə axması nəticəsində 27.0 kv.m-lik dəhlizin döşəməsi (parketi) yararsız vəziyyətə düşmüşdür. Bu hadisəni 18 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt da təsdiq edir. Bundan sonra həmin kanalizasiya xəttinin kimə məxsus olmasının müəyyən edilməsi üçün iddiaçı tərəfindən "xxxx" ASC-yə müvafiq sorğu verilmişdir. "xxxx" ASC-nin Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 01/01-3/01-646 nömrəli məktubdan aydın olmuşdur ki, sözügedən ünvanda mövcud olan kanalizasiya xətti "xxxx" ASC-yə məxsusdur.
22. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli məlumatın məzmunundan müəyyən olunmuşdur ki, tədqiqat obyektinə baxış keçirilən zaman təqdim olunan hissədə qüsurun mövcud olmadığı müəyyən edilmişdir. Bununla bağlı nəzərə alınır ki, hadisənin baş verməsindən xeyli müddət keçmiş və təmir işləri görülmüşdür.
23. Beləliklə, məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, sığorta ödənişini vermiş iddiaçının subroqasiya qaydasında həmin məbləğin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Cavabdehndən 3146,44 manat (üç min yüz qırx altı manat qırx dörd qəpik) sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh iddiaya etiraz etsə də, həmin etiraz əsaslı sayıla bilməz. Belə ki, xx.xx.2020-ci il tarixli, 01/01-3/01- 646 nömrəli məktubdan da müəyyən olunur ki, sözügedən ünvanda mövcud olan kanalizasiya xətti "xxxx" ASC-yə məxsusdur.
24. Eləcə də, iddiaçı 52,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
25. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,47 manat (əlli bir manat qırx yeddi qəpik) (iddia tələbi üzrə ödənilməli dövlət rüsumun məbləği olmuşdur) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 3146,44 manat (üç min yüz qırx altı manat qırx dörd qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,47 manat (əlli bir manat qırx yeddi qəpik) olmaqla, cəmi 3197,91 manat (üç min yüz doxsan yeddi manat doxsan bir qəpik) məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova