Məhkəmə qərarları › İş №e-2-2(113)-829/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-829/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-829/2020 12.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı öhdəliklərin icra olunması və zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2012-ci il tarixli, 17-01/12 nömrəli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icra olunması, 3 bloklu, 20 mərtəbəli binaya quraşdırılmış 7 ədəd liftin saz vəziyyətə gətirilməsi, texniki hazırlıq və qəbul aktının tərtib edilərək, FHN-dən ekspertizadan keçirilib, hər bir lift üçün pasport almaq vəzifəsinin cavabdehə həvalə olunması və öhdəliyin tam şəkildə icra olunmaması nəticəsində dəymiş mənəvi ziyan olaraq 10.000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxxxx 2012-ci il tarixli, 17-01/12 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən podratçı Cavabdeh MMC müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavəsində müəyyən edilmiş smetaya uyğun olaraq və müqavilədə müəyyən edilmiş müddətdə avadanlıqların quraşdırılması üzrə işlərin görülməsini, sifarişçi İddiaçı MMC isə həmin işləri qəbul etməyi və razılaşdırılmış xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən etibarən «Sifarişçi» 1 saylı əlavə ilə müəyyən edilmiş müqavilə qiymətinin ümumi məbləğinin həmin əlavəyə əsasən «Podratçı»ya ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən müqavilə üzrə vahid quraşdırma işlərinin ümumi qiyməti 303000 manat təşkil etmişdir. MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunmuş, 2012-2013-cü illər ərzində 293000 manat podratçıya ödənilmiş, 10000 manat qalıq qalmışdır. Müqavilənin bağlanmasından və ödənişin edilməsindən xeyli vaxt keçsə də, müqavilədə göstərilən öhdəliklər cavabdeh tərəfindən tam icra edilməmişdir. Belə ki, cavabdeh ümumilikdə 7 ədəd liftin quraşdırılmasını və istismara buraxılmasını öhdəsinə götürsə də, cəmi 3 ədəd lift işlək vəziyyətə gətirilmişdir və 4 ədəd lift isə ümumiyyətlə işləmir. İstismara buraxılmış 3 ədəd liftə hazırda cavabdeh tərəfindən xidmət olunur. İddiaçı tərəfindən cavabdehə rəsmi xəbərdarlıqlar göndərilmiş, həmçinin dəfələrlə danışıqlar aparılaraq 10000 manatı ödəməyə hazır olması bildirilsə də heç bir nəticə əldə olunmamış, müqavilə üzrə öhdəliklər tam şəkildə icra olunmayaraq MMC-dən əlavə 50000 manat ödəniş tələb olunmuşdur. Həmçinin də cavabdeh tərəfindən bildirilmişir ki, İddiaçı MMC-nin keçmiş faktiki rəhbəri X2 ərazisində cavabdehə öz şəxsi məqsədləri üçün iş gördürmüş, görülən işin pulunu vermədiyi üçün isə həmin məbləği MMC-dən tələb edirlər. Məmməd Xudayev MMC-də 2017-ci ilin aprel ayına qədər işləmişdir, müqavilə bağlandıqdan beş il yarım ərzində ondan tələb edilməmiş, yəni müqavilə bağlanmış 3 bloklu binaya heç bir aidiyyatı olmamışdır. Belə ki, lift quraşdırılan bina 20 mərtəbəli, 3 blokludur. Həmin binada ümumilikdə 222 mənzildə yüzlərlə sakinlər yaşayır. Həmin sakinlərin liftin işləməməsi ilə bağlı çoxsaylı müraciətləri iddiaçının mənəvi sıxıntı çəkməyinə səbəb olmaqla yanaşı, həmçinin də MMC-nin normal iş fəaliyyətinin pozulmasına, son nəticədə emosional və psixi gərginliyin yaranmasına səbəb olur ki, bu da mənəvi ziyanın tələb olunması üçün əsasdır. Cavabdeh MMC tərəfindən liftlərin saz vəziyyətə gətirilib, texniki hazırlıq və qəbul aktının tərtib edilərək FHN-ən ekspertizaya təhvil verilməməsi səbəbindən fərmanın icra edilməsi yəni binanın istismara verilməsi mümkin deyildir. İddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 45000 manat məbləğində avans, sonradan isə 27300 manat məbləğində pul vəsaiti ödənilmişdir. Halbuki, müqavilədə pul vəsaitinin xx xxxxxxx 2012-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC-nin üzərinə götürdüyü öhdəliklər tam icra olunmadığına görə Cavabdeh MMC tərəfindən də işlərin görülməsi tam başa çatdırılmamışdır.Hətta pulun göstərilən müddətdə ödənilməməsinə baxmayaraq bir neçə liftin quraşdırılması başa çatdırılmışdır. İddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi qəbzlərdə adları qeyd olunan şəxslər Cavabdeh MMC-nin işçiləri deyildir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - xx xxxxxx 2012-ci il tarixli, 17-01/12 saylı podrat müqaviləsinə əsasən Cavabdeh MMC smetaya uyğun olaraq və müqavilədə müəyyən edilmiş müddətə avadanlıqların quraşdırılması üzrə işlərinin görülməsini, sifarişçi kimi İddiaçı MMC isə həmin işləri qəbul etməsini və podratçıya bu müqavilə ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə üzrə vahid quraşdırma işlərinin ümumi qiyməti 303000 manat təşkil etmişdir. - Podrat müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə müqavilənin bağlandığı xx xxxxxx 2012-ci il tarixdə avans olaraq 45000 manat, xx xxxxxx 2012-ci il tarixdə 40000 manat, xx xxxx 2012-ci il tarixdə 40000 manat, xx xxxxx 2012-ci il tarixdə 40000 manat, xx xxx 2012-ci il tarixdə 40000 manat, xx xxxx 2012-ci il tarixdə 40000 manat, quraşdırma işləri başlayarkən xx xxxx 2012-ci il tarixdə 38000 manat, liftlərin təhvil verildiyi xx xxxxxxx 2012-ci il tarixdə 20000 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. - xx xxxxxx 2012-ci il tarixli ödəniş barədə sənədin surətindən görünür ki, X3 həmin tarixdə Rüstəmli Rövşən İbrahim oğlu tərəfindən müqaviləyə əsasən avans olaraq 45000 manat qəbul etmişdir. - xx xxxxx 2013-cü il tarixli məxaric orderinin surətindən görünür ki, 20000 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən X1 ödənilmişdir. - xx xxxxxx 2015-ci il tarixli məxaric orderinin surətindən görünür ki, 7300 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən X1 ödənilmişdir. - İddiaçı MMC-nin xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən xx xxxxxx 2012-ci il tarixli, 17-01/12 nömrəli müqavilə üzrə 2012-ci ildə 194350 manat, 2013-cü ildə 49500 manat, 2015-ci ildə 7300 manat olmaqla cəmi 286150 manat ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 769-cü maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuş və müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq muzdun hissə – hissə ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş arayışda xx xxxxxxx 2020-ci il tarixli arayışda müqavilə üzrə 286150 manat ödənildiyi göstərilsə də, həmin məbləğin yalnız bir hissəsinin ödənilməsi ilə bağlı 3 sənəd təqdim olunmuşdur: xx xxxxxx 2012-ci il tarixli ödəniş barədə sənəd - avans olaraq 45000 manat, xx xxxxx 2013-cü il tarixli məxaric orderinin - 20000 manat, xx xxxxxx 2015-ci il tarixli məxaric orderi- 7300 manat. Qeyd olunan sənədlərdə göstərilən məbləğlər cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Lakin həmin arayışda qeyd olunan digər məbləğlərin ödənilməsi ilə bağlı “Əliyev Həsən” adlı şəxsə 15000 manat, “Rzayev Calal” adlı şəxsə 49500 manat, “Rüstəmli Rövşən” adlı şəxsə 194350 manat pulun ödənilməsi ilə bağlı İddiaçı MMC-yə məxsus adi hesab dəftərindən çıxarışlar təqdim olunsa da, məhkəmə hesab edir ki, həmin çıxarışlar pul vəsaitinin ödənilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan çıxarışlarda həmin pul vəsaitlərinin Cavabdeh MMC-yə ödənilməsi qeyd olunmur, yuxarıda adları qeyd olunan şəxslərin Cavabdeh MMC-yə aidiyyatı barədə də məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 441.1 – 441.4-cü maddələrinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Beləliklə məhkəmə işin faktiki hallarını qeyd olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə muzdun hissə – hissə və konkret vaxtlarda ödənilməsi nəzərdə tutulsa da, İddiaçı MMC tərəfindən bu öhdəlik yerinə yetirilməmiş, Cavabdeh MMC tərəfindən də öhdəliyin icrası dayandırılmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Digər tələblər də məhz öhdəliyin icrası ilə bağlı olduğundan iddia həmin hissələrdə də təmin oluna bilməz. İddia rədd olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar