Məhkəmə qərarları › İş №e-2-2(113)-84/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-84/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-84/2021 26.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı (MMC) "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı sığorta ödənişinin verilməsi tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Sığorta Şirkəti ASC-dən 155744,02 ABŞ dolları məbləğində sığorta ödənişinin və 113697,5 ABŞ dolları məbləğində dəbbə pulunun, ödəmə gününə Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsi ilə manatla tutulub onun xeyrinə köçürülməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "xxxx" Sığorta Şirkəti ASCdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən YBFQ2017- 00667 saylı Yük Sığortası Şəhadətnaməsinə əsasən, 155744.02 ABŞ dolları məbləğində olan mallar Hollandiyadan Azərbaycana daşınması zamanı yarana biləcək ziyan və zərərdən "xxxx" MMC-nin xeyrinə sığortalanmışdı. YBFQ 2017-00667 saylı Yük Sığortası Şəhadətnaməsində qeyd olunmuş mallar 13.10.2017-ci il tarixində Hollandiyada yük maşınına yüklənərək Azərbaycana göndərilmiş, lakin daşınma zamanı oğurlanmış və indiyədək tapılmamışdır. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığorta məbləği – 155744,02 ABŞ dolları məbləğində dəymiş ziyan 2 ildən çoxdur ki, əsassız olaraq ödənilmir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 08.11.2019-cu il tarixli “Tələb hüquqlarının güzəşt edilməsi haqqında” müqaviləyə əsasən, YBFQ 2017-00667 saylı Yük Sığortası Şəhadətnaməsi üzrə bütün tələb hüquqları, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, sığorta hadisəsi üzrə sığorta ödənişinin, cərimənin, faizlərin, dəymiş ziyanın ödənilməsinin tələb hüquqları İddiaçı MMC-yə güzəşt edilmişdir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən iflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. - 18-ci maddəsinə əsasən borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; Qeyd olunan normanın məzmunundan göründüyü kimi borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və ondan alınmalı məbləğləri tutulması üçün bütün digər hərəkətlərə son qoyulur. İşdən göründüyü kimi "xxxx" Sığorta Şirkəti ASC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehə qarşı tələblər yalnız tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər, yəni, məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin verilməsi tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar