Məhkəmə qərarları › İş №e-2-2(113)-850/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-850/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-850/2025 18.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respulikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respulikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra-iddiaçı) cavabdeh Azərbaycan Respulikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında tərtib edilmiş 15 aprel 2024-cü il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi Aktı”nda və iddiaçının pretenziyasına cavabdeh təşkilatın göndərdiyi cavab məktubunda göstərilən 1185594,41 manat və müqavilənin 4.5-ci bəndinə uyğun olaraq sifarişçinin tələbi əsasında icraçı tərəfindən görülmüş əlavə işlərin dəyəri olaraq, ƏDV xaric, 277468,22 manat olmaqla, cəmi – 1463062,63 (bir milyon dörd yüz altmış üç min altmış iki manat altmış üç qəpik) manat məbləğində olan borcun, hüquqi yardım üçün ödənilən 5000 (beş min) manatın və dövlət rüsumu kimi ödənilən 1525,28 (bir min beş yüz iyirmi beş manat iyimri səkkiz qəpik) manatın cavabdehdən tutulub, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Bakı Olimpiya Stadionu” ilə (sifarişçi) İddiaçı (icraçı) arasında 01 avqust 2019-cu il tarixdə, 056-XM/2019 nömrəli “Təmir və İstismar Xidmətləri üzrə Müqavilə” imzalanmış və həmin müqaviləyə əsasən icraçı sifarişçinin Bakı şəhəri, Heydər Əliyev prospekti 323 ünvanda yerləşən “Bakı Olimpiya Stadionu obyektləri” üçün Müqavilənin “Xidmətlərin Həcmi və Qiymətləri” adlı 3 saylı əlavəsində göstərilmiş xidmətləri müqavilənin “Təmir və İstismar Tələbləri” adlı 1 saylı əlavəsinə və ”Təmir və İstismar üzrə Məsuliyyət Matrisası” adlı 2 saylı əlavəsinə uyğun göstərməyi, sifarişçi isə müqaviləyə uyğun göstərilmiş xidmətləri qəbul etməyi və əvəzinin müqavilədə razılaşdırılmış qaydada ödənilməsini öz öhdəsinə götürmüşdür. Sonradan SOCAR-ın Bakı Olimpiya Stadionu (Sifarişçi), İddiaçı MMC (İcraçı) və SOCAR-ın Sosial İnkişaf İdarəsi (yeni sifarişçi) arasında “Xidmət müqaviləsi üzrə hüquq və öhdəliklərin ötürülməsi haqqında” 28 fevral 2022-ci il tarixli razılaşma imzalanmış və həmin razılşmaya əsasən icraçı ilə sifarişçi arasında bağlanılmış 01 avqust 2019-cu il tarixli, 056-XM/2019 nömrəli Xidmət müqaviləsi üzrə sifarişçinin hüquq və vəzifələri SOCAR-ın Sosial İnkişaf İdarəsinə ötürülmüşdür. İcraçı qeyd olunan müqavilələrlə üzərinə düşən öhdəlikləri icra etmiş və görülmüş işlər İddiaçı MMC ilə cavabdeh SOCAR-ın Sosial İnkişaf İdarəsi arasında bağlanılmış təhvil-qəbul aktları əsasında təhvil verilmişdir. Tərəflər arasında bağlanılmış 01 avqust 2019-cu il tarixli, 056-XM/2019 nömrəli “Təmir və İstismar Xidmətləri üzrə Müqavilə”nin 4.3-cü bəndinə əsasən göstərilən xidmətlərin dəyəri hər növbətiayın ən geci 10-dək tərəflərin təyin edəcəkləri səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmiş təhvil qəbul aktları və icraçı tərəfindən verilmiş hesab-faktura əsasında ödənilməlidir. İcraçı görülmüş və təhvil verilmiş işlərin dəyərinin ödənilməsi üçün SOCAR-ın Sosial İnkişaf İdarəsinə elektron qaimə-fakturalar göndərmiş, lakin Sosial İnkişaf İdarəsi borc öhdəliklərini tam həcmdə icra etməmişdir. Bundan sonra tərəflər arasında 15 aprel 2024cü il tarixdə “Qarşlıqlı borcların üzləşdirilməsi Aktı” tərtib olunmuş və həmin aktla SOCARın Sosial İnkişaf İdarəsinin İddiaçı MMC-yə 01 aprel 2024-cü il tarixə borc qalığının 1185594, 41 (bir milyon bir yüz səksən beş min beş yüz doxsan dörd manat qırx bir qəpik) manat olduğu təsdiq edilmişdir. Buna baxmayaraq SOCAR-ın Sosial İnkişaf İdarəsi indiyədək həmin borcu ödəməmişdir. Bundan başqa, tərəflər arasında bağlanılmış 01 avqust 2019-cu il tarixli, 056-XM/2019 nömrəli Müqavilənin 4.5-ci bəndində göstərilib ki, müqavilənin məqsədləri üçün tərəflərin yazılı təsdiqinə əsasən cəlb edilməsi zəruri olan və müqavilənin ümumi məbləğinə aid edilməyən əlavə mallar, işlər və xidmətlər SOCAR-ın daxili normativ sənədlərinə uyğun müəyyən edilərək sifarişçi tərəfindən ödənilməlidir. Sifarişçi tərəfindən bunu icra etmək mümkün olmayacağı təqdirdə tələb olunan əlavə mallar, işlər və xidmətlər icraçı tərəfindən təklif oluna bilər. Belə halda icraçı tərəfindən əlavə təqdim edilən mallar, işlər və xidmətlərin dəyəri müqavilənin ümumi prinsiplərinə və müqavilənin 7.1-ci maddəsinə uyğun qaydada sifarişçi tərəfindən ayrıca ödəniləcəkdir. Həmin müqavilənin icrası zamanı Bakı Olimpiya Stadionunda keçirilmiş tədbirlərlə əlaqəli sifarişçinin tələblərinə və icraçının elektron qaydada təsdiq etdiyi təkliflərinə uyğun olaraq icraçı tərəfindən ümumi dəyəri, ƏDV xaric, 277468, 22(iki yüz yetmiş yeddi min dörd yüz altmış səkkiz manat iyirmi iki qəpik) manat məbləğində olan, müqavilədən kənar əlavə işlər (stadionda X1 məşqçi heyəti üçün ayrılmış ofisin elektrik və mexanika quraşdırma işləri, stadion ərazisində futbol meydançasının elektrik və mexanika quraşdırma işləri və digər) həyata keçirilmiş və müvafiq qaydada sifarişçiyə elektron qaimələr göndərilmişdir. Lakin həmin borc məbləği də indiyədək ödənilməmişdir. Hazırda cavabdehin iddiaçıya ödəməli olduğu borcun məbləği 1463062,63 (bir milyon dörd yüz altmış üç min altmış iki manat altmış üç qəpik) manat təşkil edir. İddiaçı MMC 01 iyun 2024-cü il tarixdə Elektron Məhkəmə Sistemi və Dövlət Vergi Xidməti vasitəsi ilə, elektron qaydada Cavabdeh Sosial İnkişaf İdarəsinə pretenziya göndərərək, hesablanmış həmin borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsini xahiş etmişdir. Cavabdeh Sosial İnkişaf İdarəsi həmin pretenziyaya verdiyi 12 iyun 2024-cü il tarixli cavab məktubunda tərəflər arasında 15 aprel 2024-cü il tarixdə tərtib olunan “Qarşılıqlı borcların üzləşdirilməsi Aktı”nda qeyd olunan 1185 594, 41 (bir milyon bir yüz səksən beş min beş yüz doxsan dörd manat qırx bir qəpik) manat məbləğdə borcun ödəniləcəyini qeyd etmiş, 277468, 22 (iki yüz yetmiş yeddi min dörd yüz altmış səkkiz manat iyirmi iki qəpik) manata aid olan hissədə isə borcu qəbul etmədiyini bildirmişdir. Halbuki, ƏDV xaric, 277468, 22 (iki yüz yetmiş yeddi min dörd yüz altmış səkkiz manat iyirmi iki qəpik) manat məbləğində olan müqavilədən kənar əlavə işlər müqavilənin icrası zamanı Bakı Olimpiya Stadionunda keçirilmiş tədbirlərlə əlaqəli sifarişçinin tələblərinə və icraçının elektron qaydada təsdiq etdiyi təkliflərinə uyğun olaraq icra edilmişdir. Bundan başqa, Sosial İnkişaf İdarəsi İddiaçı MMC-nin pretenziyasına verdiyi 12 iyun 2024-cü il tarixli cavab məktubunda “Qarşılıqlı borcların üzləşdirilməsi Aktı”nda qeyd olunan 1185 594, 41 (bir milyon bir yüz səksən beş min beş yüz doxsan dörd manat qırx bir qəpik) manat məbləğdə borcu qəbul etdiyini və ödəniləcəyini bildirsə də, həmin borc məbləğini də indiyədək ödəməmişdir. Bundan sonra İddiaçı MMC Sosial İnkişaf İdarəsinə 18 oktyabr 2024-cü il tarixdə növbəti pretenziya göndərərək, cəmi 1463062,63 (bir milyon dörd yüz altmış üç min altmış iki manat altmış üç qəpik) manat məbləğində olan borcun 3 (üç) gün müddətində ödənilməsini xahiş etmişdir. Lakin Sosial İnkişaf İdarəsi həmin pretenziyaya cavab verməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, işlərin görülməsi iddiaçının öz işçi qüvvəsi hesabına həyata keçirilmiş, tərtib edilmiş aktlar əsasında cavabdehə təhvil verilmiş, cavabdeh yazdığı pretenziyaya cavab məktubunda əsas borcunu qəbul etmişdir. İşlərin görülməsi yalnız aktlarla sübut edilir, işlərin görülməsi ilə bağlı başqa hər hansı sübut təqdim edə bilmir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin təmin edilməməsini xahiş etdi (əvvəlki məhkəmə iclaslarında iddianın əsas borc hissədə təmin edilməsinə etiraz etmədiklərini, qalan hissədə rədd edilməsini xahiş etmişdir). III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Bakı Olimpiya Stadionu” ilə (sifarişçi) İddiaçı (icraçı) arasında bağlanmış 01 avqust 2019-cu il tarixli, 056-XM/2019 nömrəli “təmir və istismar xidmətləri üzrə müqavilə”yə görə, icraçı sifarişçinin H.Əliyev prospekti 323 ünvanda yerləşən “Bakı Olimpiya Stadionu obyektləri” üçün "Xidmətlərin Həcmi və Qiymətləri" adlı 3 saylı əlavəsində göstərilmiş xidmətləri müqavilənin “Təmir və İstismar Tələbləri” adlı 1 saylı əlavəsinə və “Təmir və İstismar üzrə Məsuliyyət Matrisası” adlı 2 saylı əlavəsinə uyğun göstəməyi, sifarişçi isə müqaviləyə uyğun göstərilmiş xidmətləri qəbul etməyi və əvəzinin müqavilədə razılaşdırılmış qaydada ödənilməsini öz öhdəsinə götürür.

7. Müqavilənin 3.1-ci bəndinə görə müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və 12 (on iki) ay müddətində qüvvədə olacaqdır. Müqavilənin şərtləri tərəflər arasında 01 iyun 2019-cu il tarixdən müqavilənin qüvvəyə mindiyi tarixədək mövcud olan münasibətlərinə də şamil edilir.

8. Müqavilənin 4.1-ci bəndinə görə xidmətlərin həcmi və dəyəri müqavilənin 3 nömrəli əlavəsində müəyyən edilir.

9. Müqavilənin 4.3-cü bəndinə görə, göstərilən xidmətlərin dəyəri hər növbəti ayın ən geci 10-dək tərəflərin (yazılı qaydada) təyin edəcəkləri səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmiş təhvil-qəbul aktları və icraçı tərəfindən verilmiş hesab-faktura əsasında ödənilir. Təhvil-qəbul aktı və hesab-faktura hər növbəti ayın ən geci 5-dək təsdiq edilməli və sifarişçiyə göndərilməlidir.

10. 01 avqust 2019-cu il tarixli, 056-XM/2019 nömrəli müqaviləyə xx.xx.2019-cu il tarixli 1 saylı, 2 saylı və 3 saylı əlavələr imzalanmışdır.

11. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Olimpiya Stadionu (sifarişçi), İddiaçı MMC (icraçı) və SOCAR-ın Sosial İnkişaf İdarəsi (yeni sifarişçi) arasında bağlanmış 28 fevral 2022-ci il tarixli “Xidmət müqaviləsi üzrə hüquq və öhdəliklərin ötürülməsi haqqında” razılaşmaya görə, sifarişçi və icraçı müqavilə üzrə (01 avqust 2019cu il tarixdə, 056-XM/2019 nömrəli müqavilə) sifarişçiyə aid hüquq və öhdəliklərin 01 Mart 2022-ci il tarixindən yeni sifarişçiyə ötürülməsinə razılıq verir, yeni sifarişçi isə müqavilə üzrə hüquq və öhdəlikləri qeyd-şərtsiz qəbul etməyi öz öhdəsinə götürür.

12. Tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına görə xx.xx.2024-cü il tarixə SOCAR-ın Sosial İnkişaf İdarəsinin borcu 1185594,41 (bir milyon bir yüz səksən beş min beş yüz doxsan dörd manat qırx bir qəpik) manat təşkil edir.

13. Tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş görülmüş işlərin, göstərilmiş xidmətlərin təhvil-qəbul aktlarına görə 2022-ci ilin iyun ayı üçün 361971,66 manat, iyul ayı üçün 239403,58 manat, avqust ayı üçün 239279,68 manat, sentyabr ayı üçün 217761,35 manat, oktyabr ayı üçün 211979,39 manat məbləğində iş iddiaçı tərəfindən görülmüşdür.

14. 31.08.2019-cu il tarixli təhvil-qəbul aktına görə 2019-cu ilin avqust ayı üçün 197862,56 manat məbləğində, xx.xx.2020-ci il tarixli təhvil-qəbul aktına görə 2019-cu ilin dekabr ayı üçün 212279,60 manat məbləğində, xx.xx.2019-cu il tarixli təhvil-qəbul aktına görə 2019-cu ilin noyabr ayı üçün 290625,35 manat məbləğində, xx.xx.2019-cu il tarixli təhvil-qəbul aktına görə 2019-cu ilin oktyabr ayı üçün 213004,57 manat məbləğində, xx.xx.2019-cu il tarixli təhvil-qəbul aktına görə 2019-cu ilin sentyabr ayı üçün 197862,56 manat məbləğində, xx.xx.2020-ci il tarixli təhvil-qəbul aktına görə 2020-ci ilin aprel ayı üçün 199154,60 manat məbləğində, xx.xx.2020-ci il tarixli təhvil-qəbul aktına görə 2020-ci ilin iyul ayı üçün 199679,60 manat məbləğində, xx.xx.2020-ci il tarixli təhvil-qəbul aktına görə 2020-ci ilin iyun ayı üçün 219367,10 manat məbləğində xx.xx.2020-ci il tarixli təhvilqəbul aktına görə 2020-ci ilin avqust ayı üçün 230476,20 manat məbləğində, xx.xx.2020-ci il tarixli təhvil-qəbul aktına görə 2020-ci ilin sentyabr ayı üçün 206767,10 manat məbləğində, xx.xx.2020-ci il tarixli təhvil-qəbul aktına görə 2020-ci ilin fevral ayı üçün 199679,60 manat məbləğində xx.xx.2020-ci il tarixli təhvil-qəbul aktına görə 2020-ci ilin oktyabr ayı üçün 215298,35 manat məbləğində, xx.xx.2020-ci il tarixli təhvil-qəbul aktına görə 2020-ci ilin noyabr ayı üçün 199679,60 manat məbləğində, xx.xx.2021-ci il tarixli təhvil-qəbul aktına görə 2020-ci ilin dekabr ayı üçün 235500,10 manat məbləğində, xx.xx.2021-ci il tarixli təhvil-qəbul aktına görə 2021-ci ilin fevral ayı üçün 215298,35 manat məbləğində, xx.xx.2021-ci il tarixli təhvil-qəbul aktına görə 2021-ci ilin mart ayı üçün 217088,70 manat məbləğində, xx.xx.2021-ci il tarixli təhvil-qəbul aktına görə 2021-ci ilin aprel ayı üçün 199679,60 manat məbləğində iş görülmüşdür.

15. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBBU 910099 nömrəli 291920,58 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBV 321776 nömrəli 217761,34 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBW 487250 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCİ 362482 nömrəli 211979,39 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCG 429951 nömrəli 217761,34 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCD 827849 nömrəli 239279,68 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB 957926 nömrəli 239403,58 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBZ 736334 nömrəli 361971,66 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

16. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 200000 manat, xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdə 176624 manat, xx.xx.2023-cü il tarixdə 309322,04 manat və 55677,96 manat, xx.xx.2023-cü il tarixdə 200000 manat, xx.xx.2023cü il tarixdə 30832,35 manat və 171290,85 manat, xx.xx.2023-cü il tarixdə 200000 manat, xx.xx.2023-cü il tarixdə 169491,53 manat və 30508,47 manat, xx.xx.2023-cü il tarixdə 30508,47 manat və 169491,53 manat, xx.xx.2023-cü il tarixdə 300000 manat, xx.xx.2023cü il tarixdə 9801,81 manat, 85743,67 manat və 54454,52 manat, xx.xx.2023-cü il tarixdə 200000 manat, xx.xx.2023-cü il tarixdə 200000 manat, xx.xx.2023-cü il tarixdə 179661 manat və 32339 manat, xx.xx.2023-cü il tarixdə 258000 manat, xx.xx.2023-cü il tarixdə 142000 manat, xx.xx.2023-cü il tarixdə 254237,29 manat və 45762,71 manat məbləğində ödənişlər edilmişdir.

17. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

18. Belə ki, iddia ərizəsi iki hissədən ibarətdir: 1. 1185594,41 manat əsas borcun ödənilməsi; 2. Görülmüş əlavə işlərin dəyəri qismində 277468,22 manat pulun tutulması.

19. Məhkəmə iddia ərizəsinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. İddiaçı iddia ərizəsində tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə görülmüş 4691341,61 manat həcmində işlərin müqabilində cavabdeh tərəfindən 3270316,42 manat əsas, 235430,78 manat ƏDV məbləğinin ödənildiyini, qalıq 1185594,41 manat borcun isə ödənilmədiyini iddia edir.

21. Belə ki, iddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində ikitərəfli təhvil aktları və elektron qaimələr əlavə edilmişdir.

22. Məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş həmin elektron qaimələr və təhvil aktları 01 avqust 2019-cu il tarixli, 056-XM/2019 nömrəli podrat müqaviləsi üzrə 1185594,41 manat həcmində işlərin iddiaçı tərəfindən icra edildiyini təsdiq edən mötəbər sübut hesab edilə bilməz.

23. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

24. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

25. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən zəruri əlavə sübutların - 1185594,41 manat həcmində işlərin iddiaçı tərəfindən həqiqətən də icra edildiyini təsdiq edən sübutların, görülməsi iddia edilən işlərin kim(lər) tərəfindən icra edilməsi barədə məlumat, işləri icra etmiş şəxslərə (işçi, mütəxəssis və sairə) vəsait, əmək haqqı ödənilməsini, xidmətləri icra etmək üçün material və avadanlıqların alınmasını, ümumiyyətlə mövcud olmasını təsdiq edən sübut, müqavilə üzrə iddiaçının konkret olaraq hansı işləri, hansı qaydada icra etməsi barədə məlumat, bunu təsdiq edən sübutların təqdim edilməsi iddiaçıya dəfələrlə təklif edilsə də, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 işlərin icra edilməsini təsdiq edə biləcək sübut qismində yalnız elektron qaimələrin və təhvil aktlarının olmasını bildirmiş, digər sübut təqdim edə bilməyəcəyini göstərmişdir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Məhkəmə tərəfindən tərəflərin nümayəndələrinə iddiaçı MMC-nin və cavabdeh İdarənin qanuni təmsilçilərinin məhkəmə iclasında iştirak edib izahat vermələri təklif edilsə də, nümayəndələr qanuni təmsilçilərin məhkəmə iclasına gəlmək istəmədiklərini bildirmişlər.

29. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından da göründüyü kimi iddiaçı tərəfindən 1185594,41 manat dəyərində podrat işlərin həqiqətən də görülməsi heç bir yazılı sənəd və sübutla təsdiq olunmur.

30. Bununla bağlı məhkəmə qeyd edir ki, hüquqi şəxs olan iddiaçı tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir.

31. Bu baxımdan məhkəmə hesab edir ki, heç bir yazılı sübutlar olmadığı halda iş üzrə elektron qaimələr və tərəflər arasında imzalanmış ikitərəfli təhvil aktları podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

32. Bundan əlavə, cavabdehin nümayəndəsi Nümayəndə2 iş üzrə ziddiyyətli izahatlar vermiş, daha əvvəlki məhkəmə iclaslarında iddianı əsas borc hissədə qəbul etdiklərini, daha sonrakı izahatlarında isə iddanı qəbul etmədiklərini bildirmişdir.

33. Cavabdeh tərəf məhkəməyə hazırda həmin işlərin (iddiaçı ilə olan müqavilədə göstərilmiş qiymətlərdən daha yüksək qiymət müəyyən edilməklə) başqa hüquqi şəxs tərəfindən icra edildiyini bildirsə də, bu barədə sübutun təqdim edilməsi təklif edilsə də, həmin müqavilə və onun əlavələrinin kommersiya sirri təşkil etməsi səbəb kimi göstərilməklə təqdim edilməsindən imtina edilmişdir.

34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 1185594,41 manat dəyərində podrat işlərinin yerinə yetirilməsi və bununla da, podrat müqaviləsi üzrə iddiaçının öz öhdəliyini icra etməsi sübut olunmur.

35. Belə olan halda cavabdehin podrat müqaviləsi üzrə muzd ödəmək öhdəliyi, iddiaçının isə Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən muzd tələb etmək hüququ yaranmamışdır.

36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

39. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

40. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

41. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

42. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

43. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

44. Beləliklə, işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə 1185594,41 manat həcmində işlərin görülməsini təsdiq edən) hər hansı mötəbər və təkzibedilməz sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir.

45. Məhkəmə iddianı ikinci, 277468,22 manat pulun tələb edilməsi hissəsində də əsassız hesab edir.

46. Belə ki, iddiaçı tərəfindən məhkəmə tələbin bu hissəsini təsdiq edə biləcək ümumiyyətlə hər hansı sübut təqdim edilməmişdir.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.

48. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.

49. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

50. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 1523 manat dövlət rüsumu, 5000 manat hüquqi yardıma görə xərc iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respulikasın Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 1523 dövlət rüsumu və 5000 manat hüquqi yardıma görə xərc İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar