Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-862/2023 13.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının qanuni təmsilçisi X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 215.668,70 manat məbləğində borcun və ödənilmiş 400 manat mediasiya sessiyası üçün ödənilmiş rüsumun və 100 manat məbləğində dövlət rüsumunun, cəmi 216.168,70 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (VÖEN **********) ilə Cavabdeh MMC (VÖEN **********) ilə arasında xx.xx.2022-ci il tarixdə imzalanmış LD-MN- SA2-22-02 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh MMC-ə məxsus torpaq sahəsində X6 Zavodunun tikintisi, avadanlıqlarla təmin edilməsi və xidmət göstərilməsini öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliyi İddiaçı MMC yerinə yetirmiş və Cavabdeh MMC-nə təhvil-təslim aktı əsasında təhvil verilmişdir. Həmçinin cavabdehə görülmüş işlərin qaiməsi və hesab-fakturaları elektron qaydada göndərilmişdir. Göründüyü kimi Cavabdeh MMC ilə bağlanmış müqaviləyə əsasən İddiaçı MMC öhdəliyini tam yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyini hal-hazıradək yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış LD-MN-SA2-22-02 saylı müqavilənin 5.3-cü bəndinə əsasən müştəri hesab-fakturaları təqdim etdiyi gündən 7 təqvim günü ərzində ödənişi etməlidir. Hesabfakturaların, (elektron qaimələrin) təqdim edilməsindən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən ödəniş tam olaraq həyata keçməmişdir. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən hər iki tərəf müqavilə öhdəliklərinə əməl etməyini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.4.1-ci bəndinə əsasən sifarişçinin fakturaların vaxtında ödənilməsi öhdəliyi vardır. Həmin müqavilənin 21-ci bəndinə qeyd edilmişdir ki, Müqavilə ilə bağlı yaranan hər hansı mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsi ilə həll edilir. Cavabdeh MMC-yə borcun qaytarılması barədə müxtəlif vaxtlarda həm şifahi, həm də elektron poçt vasitəsi ilə bildirişlər və pretenziya göndərilmişdir. Borc barədə Cavabdeh MMC-yə pretenziya məktubu göndərilməsinə baxmayaraq heç bir cavab gəlməmişdir. Ona görə də hesab edirlər ki, öhdəlik üzrə borc cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Pretenziya göndərdikdən sonra mediasiya üçün də müraciət olunmuş, lakin cavabdeh borcun ödənilməsindən imtina etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli l.D-MN- SA2-22-02 nömrəli müqavilə bağlanılmışdır. İddiaçı tərəf məhkəməyə təqdim etdiyi iddia ərizəsində və qoşma sənədlərdə borc məbləğinin hansı əsaslarla yarandığını göstərməmişdir. İlk növbədə bildirmək lazımdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən aydın olmur ki, tələb irəli sürülmüş 215.668,70 manat məbləğ hansı əsasla müəyyən edilmişdir. İddiaçı tərəf müqavilənin dəyəri ilə bağlı məhkəməyə yazılı sübut təqdim etməmişdir. Eyni qaydada pretenziya məktubunda anlaşılmaz şəkildə bu məbləğə istinad olunur. Digər tərəfdən, iddiaçı cavabdeh tərəfindən ödənilmiş 51.000 manat məbləğin ödənilməsini bilərək gizlətmişdir. Belə ki, etiraza əlavə olunmuş ödəniş sənədindən də aydın olur ki, müqavilə imzalandığı gün cavabdeh tərəfindən 51.000 manat məbləğində vəsait avans qismində iddiaçıya ödənilmişdir. Digər vacib məqam isə ondan ibarətdir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etməmişdir. Tərəflər arasında ilkin razılaşma olmasına baxmayaraq daha sonra yaranan fikir ayrılığı səbəbindən işlərin icrası tamamilə dayandırılmış və mallar iddiaçıya geri qaytarılmışdır. Bununla bağlı xx.xx.2022-ci il tarixli 3 nömrəli təhvil-təslim aktı məhkəməyə təqdim olunur. İddiaçı tərəf məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli aktla təqdim etdikləri akt müqayisə olunan zaman təqdim olunmuş mal-materialın tam həcmdə geri təqdim olunduğu aydın olur. Cavabdeh tərəfdə qalan (təhvil verilmiş) malın dəyəri 4 nömrəli təhvil-təslim aktı yekun olaraq rəsmiləşdirilmişdir. Odur ki, yuxarıda göstərilən əsaslarla müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya faktiki görülmüş işlərin əvəzi tam həcmdə ödənilmişdir. Qalıq məbləğlə bağlı sənədlər əsasında tələb hüququnun mövcud olmadığı aydın olur. İddiaçı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə qarşı vermiş olduğu xx.xx.2023-cü il tarixli yazılı etirazına xx.xx.2023-cü il tarixdə yazılı münasibətini bildirərək qeyd etmişdir ki, ilk olaraq cavabdehin iddia ərizələrində qeyd olunmuş borc məbləğinin haradan yaranmasının məlum olmaması barəsində dediklərinə cavab olaraq bildirirlər ki, borc məbləği tərəflər arasında imzalanmış müqavilələr üzrə görülmüş işlərin qarşılığında ödənilməmiş qalan pul məbləğlərindən yaranmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli MN-21- 02-04 saylı müqavilə üzrə sifarişçinin istəkləri əsasında görülmüş işlərin dəyəri olan 62.256 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Həmçinin tərəflər arasında imzalanmış LD-MN-SA2- 22-02 saylı 30 mart 2022-ci il tarixli müqavilə üzrə də iddiaçı tərəfindən öhdəliklər tam olaraq yerinə yetirilib iddiaçıya təhvil verilsə də, iddiaçı (cavabdeh) tərəfindən cəmi 51.000 manat ödəniş edilmişdir. Qalan məbləğ isə ödənilməmiş qalmışdır. Cavabdeh öz etirazında iddia edir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Bu da tamamilə həqiqətdən uzaqdır. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirərək Sifarişçi olan cavabdehə təhvil vermişdir. Bütün görülmüş işlərin iddiaçıya geri qaytarıldığını sübut etmək məqsədi ilə cavabdehin etiraz ərizəsinə əlavə etdiyi 3 saylı təhvil-təslim aktı barədə bildirir ki, həmin aktda iddiaçıya qaytarılan əşyalar müqavilə üzrə görüləcək işlər deyil, həmin işlərin görülməsi üçün əraziyə cəlb olunmuş texniki avadanlıqlar və iş alətləridir ki, onlar da sifariş yerinə yetirildikdən sonra işçi heyəti ilə bərabər ərazidən çıxarılmalıdır. 4 saylı aktda isə görülmüş işlərin kiçik bir hissəsi əks olunmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ərizənin nəzərə alınmasını xahiş etmiş və ərizədə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında MN-21-02-04 nömrəli xx.xx.2021-ci il tarixli və LD-MN-SA2-22-02 nömrəli, xx.xx.2022-ci il tarixli 2 müqavilə imzalanmış və həmin müqavilələr üzrə iddiaçı tərəfindən işlər görülmüşdür. LD-MN-SA2-22-02 nömrəli müqaviləyə əlavələr üzrə görüləcək işlərə görə ödəniləcək məbləğ 191.514 manat müəyyən olunmuş, lakin sonradan əlavə olaraq işlər həyata keçirildiyinə görə xx.xx.2022-ci il tarixli 01 nömrəli düzəlişə əsasən müqaviləyə əsasən real olaraq həyata keçirilmiş işlərin siyahısı və həmin işlərə görə ödənilməli olan 213.591,80 manat məbləğ müəyyən edilərək "xxxx" MMC-yə göndərilmişdir. Həmin müqavilə üzrə "xxxx" MMC tərəfindən 51.000 manat pul və 9.180 manat ƏDV ödənilmiş, qalan 153.411,80 manat məbləğin ödənilməsindən isə imtina edilmişdir. Bundan başqa tərəflər arasında imzalanmış MN-21-02-04 nömrəli müqavilə üzrə nəzərdə tutulmuş bütün işlər iddiaçı tərəfindən heyata keçirilib təhvil verildikdən sonra "xxxx" MMC-nin sifarişinə əsasən İddiaçı MMC tərəfindən müəyyən işlər görülüb təhvil verilmiş, lakin cavabdeh tərəfindən yerinə yetirilmiş işlərə görə ödənilməli olan 62.256,88 manat məbləğ iddiaçının hesabına ödənilməmişdir. Hər iki müqavilə üzrə cəmi 215.668,70 manat məbləğində pul ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə qarşı vermiş olduğu xx.xx.2023-cü il tarixli yazılı etirazına xx.xx.2023-cü il tarixli yazılı müraciətinin (münasibətinin) və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi X4 izahatında qeyd etmişdir ki, 2020-ci ildən etibarən cavabdehlər ilə iş görürlər və şirkəti avadanlıqlar ilə təmin edirlər. Birinci müqavilə üzrə işlər təhvil verilib. Həmin müqavilə üzrə 63.000 manat dəyərində əlavə iş görmüşlər. Daha sonra münasibətlər pozuldu və onlar həmin məbləği də hazırda tələb edirlər. İkinci müqavilə 2022-ci ildə bağladılar və onlara tapşırıq verildi ki, işləri tez bitirsinlər. Daha sonra cavabdeh şirkətin daxili problemləri yarandı və onlardan vaxt vermələrini xahiş etdilər. Lakin ödəniş edilmədi, dağlıq ərazidə zavod tikilməli idi. Bu səbəblə hasar çəkilməli idi. P.Ağayev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ikinci müqavilə üzrə avans ödəniş edilib. Tərəflərin imzaladığı təhviltəslim aktı yoxdur. Aktlar malların təhvil verilməsi ilə bağlıdır. İşlərin təhvil-təslim aktı imzalanmayıb. Smeta da var. Təqdim edəcəklər. Qırma daşları fundamentin altına yayılmayıb, lakin əraziyə daşınıb, iş dayandırılmışdı. Qırma daşlar böyük sahəyə yerləşdirilib. Bu əlavə işin bir hissəsidir. Layihəni cavabdehə təqdim etmişlər. Lakin cavabdeh layihənin göndərilməsini qəbul etmir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə qarşı vermiş olduğu xx.xx.2023-cü il tarixli yazılı etirazının məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, əlavə görülmüş işləri qəbul etmirlər. Onlar əlavə iş sifariş etməmişlər. Əlavə işlər ilə bağlı təhvil-təslim aktında müqavilənin nömrəsi və tarixi səhv göstərilmişdir. Onlar bu aktı qəbul etmirlər. Aktda qeyd edilən müqavilə barədə məlumatsızdırlar. Vəkil2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 60.080 manat məbləğ dəyərində ödəniş edilib, lakin məbləğin qalan hissəsini ödəməmişlər. Belə ki, qalan işlər görülməyib. Təhvil-təslim aktları mobilizasiya ilə bağlıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (təchizatçı) ilə CavabdehMMC (müştəri) arasında 28 aprel 2021-ci il tarixli MN-21-02-04 saylı malların istehsalı və təchiz edilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən təchizatçı Əlavə A-da (Təchizatın əhatə dairəsi) təfərrüatlı şəkildə verilmiş Malları istehsal etmək və təchiz etmək öhdəliyi götürür. 1.4-cü bəndinə əsasən imzalanma tarixinə baxmayaraq bu Müqavilə 28 aprel 2021-ci il tarixində qüvvəyə minir (bundan sonra “Qüvvəyə minmə tarixi”) və 28 aprel 2022-ci il tarixində başa çatır (bundan sonra “Qüvvədən düşmə tarixi”). 5.1-ci bəndinə əsasən malların çatdırılmasına görə ödəniş Əlavə B-də qeyd edilmiş cədvələ uyğun olmalıdır. 5.3-cü bəndinə əsasən müştəri hesab faktura təqdim edildiyi tarixdən etibarən yeddi (7) iş günü ərzində hesab faktura üzrə ödəniş etməlidir. Müqavilə müştərinin və təchizatçının imzası və möhürü ilə təsdiq edilmişdir. MN-21-02-04 saylı malların istehsalı və təchiz edilməsinə dair müqavilənin Əlavə A.2 (təchizat təsviri), Əlavə A.2 qoşma 1, 2, 3 və Əlavə B.2, B.3-ə əsasən tərəflər görüləcək işlərin miqdarı, xüsusiyyətləri və qiyməti (müqavilə qiymətinin Əlavə B.2-yə görə cəmi 594.888,70 manat, Əlavə B.3-ə görə cəmi 1.011.310,79 manat olması) barədə razılaşmışlar. Əlavə B.2 və B.3-də tərəflər həmçinin razılaşmışlar ki, müqavilə imzalandığı tarixdən etibarən 90 təqvim günü ərzində əvvəlcədən ödəniş kimi müqavilə qiymətinin 30%-i, təchizatçı tərəfindən daxili ödəniş sənədinin təqdim edilməsi zamanı veriləcək hesab-fakturalar əsasında müqavilə qiymətinin 70%-i müştəri, faktura təqdim edildiyi tarixdən etibarən 7 təqvim günü ərzində fakturaları ödəməlidir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanaraq möhürlə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 1 nömrəli təhvil-təslim aktına əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixənədək Şəki rayonu Qırxbulaq kəndi ərazisində yerləşən Tütünqurutma məntəqəsinin tikintisi layihəsində tikinti tamamlanma işlərində göstərilmiş xidmətlər (metaldan bayraq dirəklərinin (material ilə birlikdə), metal işıq dirəklərinin (material ilə birlikdə), drenaj kanalının üzərinə metal çərçivənin yığılması, altıaçıq fermaların yığılması, montaj olunması və rənglənmməsi, altıaçıq örtüyünün salınması) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin nümayəndəsinə təhvil verilmişdir. İddiaçı MMC (icraçı) ilə CavabdehMMC (müştəri) arasında 30 mart 2022-ci il tarixli LD-MN-SA2-22-02 saylı tikinti və inşaat işləri üzrə müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı Əlavə A 1-də sadalanan tikinti işlərini həyata keçirir. 1.4-cü bəndinə əsasən imzalandığı tarixdən asılı olmayaraq bu Müqavilə 30 mart 2022-ci il tarixində qüvvəyə minir (bundan sonra “Qüvvəyə minmə tarixi”) və 28 mart 2023cü ilədək qüvvədə qalacaq (bundan sonra “Qüvvədə qalma tarixi”) 5.1-ci bəndinə əsasən xidmətlər üçün ödəniş Əlavə B1-də qeyd edilmiş cədvələ uyğun olaraq həyata keçirilir. 5.3-cü bəndinə əsasən müştəri hesab fakturalar təqdim edildiyi tarixdən etibarən yeddi (7) təqvim günü ərzində hesab faktura üzrə ödəməlidir. Ödəniş gecikdirildiyi halda, layihə və işlərin də vaxtında həyata keçirilməməsi qaçılmazdır. 7.4.1-ci bəndinə əsasən fakturaların vaxtında ödənilməsi müştərinin, 7.4.2-ci bəndinə əsasən isə müştərinin gözləntilərini qarşılamaq üçün müvafiq xidmət göstərmək icraçının öhdəliyidir. Müqavilə müştərinin və icraçının imzası və möhürü ilə təsdiq edilmişdir. LD-MN-SA2-22-02 saylı müqavilənin xx.xx.2022-ci il tarixli Əlavə A 1 (işlərin təsviri) və Əlavə B 1-ə əsasən tərəflər görüləcək işlərin miqdarı, xüsusiyyətləri və qiyməti (müqavilə qiymətinin Əlavə B 1-ə görə cəmi 191.514 manat olması) barədə razılaşmışlar. Əlavə B 1də tərəflər həmçinin razılaşmışlar ki, müqavilə imzalandığı tarixdən 14 təqvim günü ərzində avans olaraq müqavilə üzrə müəyyən edilmiş qiymətin 30%-i, müqavilənin imzalandığı tarixdən 28 təqvim günü ərzində ödəniş olaraq müqavilə üzrə müəyyən edilmiş qiymətin 40%-i (Əlavə B1-in cəminin), müqavilənin imzalandığı tarixdən 42 təqvim günü ərzində ödəniş olaraq müqavilə üzrə müəyyən edilmiş qiymətin 30%-i (Əlavə B1-in cəminin), müştəri, ödənişi hesab-fakturaları təqdim edildiyi tarixdən etibarən 7 təqvim günü ərzində ödəməlidir. "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2022xx.xx.2022-ci illəri ərzində 30 mart 2022-ci il tarixli LD-MN-SA2-22-02 saylı müqaviləyə əsasən 51000 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından İddiaçı MMC-yə 9180 manat məbləğində (ƏDV) pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli Forma 2/İPC (o cümlədən 1 nömrəli təhvil-qəbul aktına) əsasən müəyyən edilir ki, LD-MN-SA2-22-02 saylı müqavilə üzrə Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən X7 Məntəqəsində görülmüş işlərin (layihənin smeta sənədlərinin hazırlanması, torpaq işləri, qapı, tor hasar, sahənin işıqlandırılması və s.) ümumi dəyəri (ƏDV daxil) 213.591,8 manat təşkil edir. Forma 2/İPC (təhvil-qəbul aktı) İddiaçı MMC tərəfindən imzalanmaqla möhürlə təsdiq edilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli 2 nömrəli, xx.xx.2022-ci il tarixli 3 və 4 nömrəli təhvil-qəbul aktlarına əsasən müəyyən edilir ki, müvafiq olaraq Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən X7 Məntəqəsində və Şəki rayonu Daşüz kəndi ərazisində yerləşən X7 Məntəqəsində İddiaçı MMC tərəfindən görülmüş işlər (müvəqqəti ofis, müvəqqəti anbar, giriş qapıları, tor hasar, su çəni və s.) Cavabdeh MMC-nin nümayəndəsinə təhvil verilmişdir. İddiaçı MMC tərəfindən 30 mart 2022-ci il tarixli LD-MN-SA2-22-02 saylı müqaviləyə əsasən ümumilikdə 213.591,80 manat dəyərində işlərin görülməsinə (layihənin smeta sənədlərinin hazırlanması, torpaq işləri, qapı, tor hasar, sahənin işıqlandırılması və s.) görə EBBY seriyalı, 976710 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir. İddiaçı MMC tərəfindən MN-21-02-04 saylı müqaviləyə əsasən ümumilikdə ƏDV daxil 73.463,12 manat (ƏDV xaric 62256,88 manat) dəyərində işlərin görülməsinə (sahənin tametlənməsi, su anbarı çəni, kölgəlik) görə EBDB seriyalı, 804725 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 2 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda müvafiq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/3544 saylı ekspert rəyindən görünür ki: Qərardadın birinci və ikinci sualları üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı MMC (icraçı) ilə cavabdeh "xxxx" MMC (sifarişçi) arasında bağlanmış inşaat işlərinə dair LD-MN-SA2-22-02 saylı 30 mart 2022-ci il tarixli müqavilə əsasında Əlavə A1-də nəzərdə tutulmuş işlər tam yerinə yetirildiyi müəyyən olunmuşdur. LD-MN-SA2-22-02 saylı 30 mart 2022-ci il tarixli müqavilənin Əlavə A1-də nəzərdə tutulmuş işlər tam yerinə yetirildiyini nəzərə alaraq qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. Qərardadın üçüncü sualı üzrə: İddiaçı MMC (icraçı) ilə cavabdeh "xxxx" MMC (sifarşçi) arasında bağlanmış inşaat işlərinə dair LD-MN-SA2-22-02 saylı 30 mart 2022-ci il tarixli müqavilə əsasında EBBY seriyalı, 976710 nömrəli elektron qaimədə göstərilmiş 2253 m3 həcmində qırma daş dolğusu və anbarlanması işləri tam şəkildə icra edilmişdir. Həmin işlər tam icra edildiyindən qərardadın üçüncü sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı. Qərardadın dördüncü-altıncı sualları üzrə: Şəki rayonu, Qırxbulaq kəndi ərazisində tütün qurutma məntəqəsinin tikintisi layihəsi üzrə tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil və təslim aktı N 1-də qeyd edilmiş, metaldan bayraq dirəklərinin (material ilə birlikdə), metal işıq dirəklərinin (material ilə birlikdə), drenaj kanalının üzərinə metal çərçivənin yığılması, altıaçıq fermaların qurulması, montaj olunması və rənglənmməsi, altıaçıq örtüyünün salınması, 1650 m2 sahədə tamet daşının döşənməsi və su anbarı çəninin quraşdırma işləri icra edildiyi müəyyən olunmuşdur. Həmin qərardadda qeyd edilən, yerinə-yetirilmiş tikinti-təmir işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 71.620,50 manat (ƏDV-siz) məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 28 aprel 2021-ci il tarixli MN-21-02-04 saylı malların istehsalı və təchiz edilməsinə dair və 30 mart 2022-ci il tarixli LD-MN-SA2-22-02 saylı tikinti və inşaat işləri üzrə müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda İddiaçı MMC MN-21-02-04 saylı müqavilə üzrə görülmüş ƏDV xaric 62.256,88 manat dəyərində işlərin dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini, eləcə də MN-SA2-22-02 saylı müqavilə üzrə ƏDV daxil 213.591,8 manat məbləğində görülmüş işlərdən yalnız 60.180 manat məbləğində ödəniş edildiyini əsas göstərərək MN-21-02-04 saylı müqavilə üzrə ƏDV xaric 62.256,88 manat və MN-SA2-22-02 saylı müqavilə üzrə ƏDV daxil 153.411,8 manat (213.591,8 – 60180), cəmi 215.668.68 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutulmasını tələb edir. Cavabdeh isə iddiaçının ödənilməsini tələb etdiyi işlərin görülmədiyini, eləcə də həmin işlər görülsə belə, onların sifarişi və razılığı olmadan görülmüş əlavə işlər olduğunu əsas göstərərək iddianın rədd edilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış MN-21-02-04 saylı malların istehsalı və təchiz edilməsinə dair müqavilə müxtəlif müqavilə növlərinin elementlərini birləşdirən qarışıq müqavilə olsa da, tərəflər arasında mübahisəli hüquq münasibətləri həmin müqavilə üzrə podrat işlərin görülməsindən və görülmüş işlərə görə müzd ödənilməsindən irəli gəldiyindən həmin münasibətlərə podrat müqaviləsinin normaları tətbiq edilməlidir. Müqavilə üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi tərəflər arasında mübahisə predmeti olan birinci hal iddiaçının ödənilməsini tələb etdiyi podrat işlərinin görülübgörülməməsi ilə bağlıdır. Həmin halın müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi üzrə iddiaçının ödənilməsini tələb etdiyi işlər, yəni MN-21-02-04 saylı müqavilə üzrə görülməsi iddia olunan metaldan bayraq dirəklərinin (material ilə birlikdə), metal işıq dirəklərinin (material ilə birlikdə), drenaj kanalının üzərinə metal çərçivənin yığılması, altıaçıq fermaların qurulması, montaj olunması və rənglənmməsi, altıaçıq örtüyünün salınması, 1650 m2 sahədə tamet daşının döşənməsi və su anbarı çəninin quraşdırma işlərinin icra edildiyi və dəyərlərinin ƏDV-siz 71.620,50 manat təşkil etdiyi, MN-SA2-22-02 saylı müqavilə üzrə smetada (Ə Əlavə 1 A) göstərilən işlərin hamısının, eləcə də smetada nəzərdə tutulmamış qırma daş dolğusu və anbarlanması işlərinin tam şəkildə icra edildiyi müəyyən edilmişdir. Cavabdehin ödənilməsini tələb etdiyi əlavə işləri sifariş etməməsi, onların görülməsinə razılıq verməməsi və həmin işlərin qəbul etməməsi barədə dəlillərə münasibətdə isə məhkəmə qeyd edir ki, birincisi, MN-SA2-22-02 nömrəli müqavilə üzrə görülmüş cəmi ƏDV daxil 213.591,8 məbləğində işlərin ƏDV daxil 191.514 manat hissəsi müqaviləyə Əlavə A1-da müəyyən edilmiş “İşlərin təsviri” və Əlavə B1 –də müəyyən edilmiş “İşlərin miqdarı, xüsusiyyətləri və qiyməti”nə daxil edilmiş işlər olduğundan həmin işlərin əlavə iş olması istisna olunur. İkincisi, MN-21-02-04 saylı müqavilə üzrə ödənilməsi tələb edilən işlərə gəldikdə həmin müqaviləyə Əlavə A 2 müqavilə üzrə görülməli işlərin müfəssəl şəkildə təsviri verilməmişdir(həmin əlavədə 6-cı bənddə ümumi şəkildə “İnşaat işləri”n görülməli olması, Əlavə B 2-də isə həmin işlərin dəyərinin 199.547,81 ABŞ dolları təşkil etməsi göstərilmişdir). Odur ki, müqavilə üzrə görüləcək tikinti işləri ümumi şəkildə sadalandığından iddiaçının ödənilməsi tələb edilən işlərin müqavilə bağlanarkən görülməsi nəzərdə tutulmuş işlərə daxil olmasının və ya ilkin olaraq görülməsi nəzərdə tutulmayan işlər olmasının müəyyən edilməsi mümkün görünmür. Həmin işlərin ilkin smetada nəzərdə tutulmamış işlər ehtimal edilsə belə qeyd edilməlidir ki, həmin işlərin bir hissəsi- metaldan bayraq dirəklərinin (material ilə birlikdə), metal işıq dirəklərinin (material ilə birlikdə), drenaj kanalının üzərinə metal çərçivənin yığılması, altıaçıq fermaların qurulması, montaj olunması və rənglənmməsi, altıaçıq örtüyünün salınması işləri ilə bağlı xx.xx.2021-ci il tarixli təhvil və təslim aktı N 1 tərtib edilərək hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Odur ki, həmin işlərlə bağlı təhvil-təslim aktı mövcud olduğundan həmin işlərlə bağlı cavabdehin işlərin tərəfindən sifariş edilməməsi, son nəticədə qəbul edilməməsi barədə dəlillərinin əsassız olması açıq-aşkardır. MN-SA2-22-02 nömrəli müqavilə üzrə smetada (“işlərin təsviri” və “işlərin miqdarı, xüsusiyyətləri və qiyməti”ndə) nəzərdə tutulmamış qırma daş dolğusu və anbarlanması işlərinə, eləcə də MN-21-02-04 saylı müqavilə üzrə təhvil-təslim aktı ilə əhatə edilməyən işlərə, yəni 1650 m2 sahədə tamet daşının döşənməsi və su anbarı çəninin quraşdırma işlərinə gəldikdə isə məhkəmə qeyd edir ki, birincisi, həmin işlərin görüldüyü ərazi cavabdehin icarəsində olduğundan iddiaçı tərəfindən görülmüş həmin işlərdən faydalanan şəxs Cavabdeh MMC olmuşdur. İkincisi, həmin işlərin müvafiq olaraq 2022 və 2021-ci illərdə görülməsinə baxmayaraq cavabdeh sifariş etmədiyini iddia etdiyi sözügedən işlərin görülməsi ilə bağlı iddiaçıya hər hansı formada irad, etiraz bildirilməmişdir. Üçüncüsü, həmin işlərə görə muzdun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilsə də, cavabdeh qanunvericilikdə müəyyən edilmiş 5 gün müddətində həmin qaimələri düzəlişə qaytarmamış, eləcə də hər hansı bir formada həmin qaimələrə etirazını bildirməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, sözügedən işlər cavabdehin şifahi sifarişinə əsasən görülmüş və həmin işlərə görə muzd ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Mülki Məcəllənin 753.3-ci maddəsinə görə əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. İlkin smetada dəyəri müəyyənləşdirilməmiş işlərə görə cavabdeh tərəfindən ödənilməli olan muzdun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, birincisi, cavabdeh MN-21-02-04 saylı müqavilə üzrə metaldan bayraq dirəklərinin (material ilə birlikdə), metal işıq dirəklərinin (material ilə birlikdə), drenaj kanalının üzərinə metal çərçivənin yığılması, altıaçıq fermaların qurulması, montaj olunması və rənglənməsi, altıaçıq örtüyünün salınması, 1650 m2 sahədə tamet daşının döşənməsi və su anbarı çəninin quraşdırma işlərinə görə ƏDV-siz 62.256,88 manat məbləğində; eləcə də MN-SA2-22-02 nömrəli müqavilə üzrə qırma daşların dolğusu və anbarlanması işlərinə görə ƏDV daxil 26.585,70 manat məbləğində muzdun ödənilməsi (EBBY seriyalı, 976710 saylı elektron qaimə 6-cı bənd) ilə bağlı iddiaçı tərəfindən göndərilmiş elektron qaimələr düzəliş üçün qaytarmamaqla həmin işlərin dəyəri ilə bağlı razılığını ifadə etmişdir. Bundan əlavə ekspert rəyi ilə metaldan bayraq dirəklərinin (material ilə birlikdə), metal işıq dirəklərinin (material ilə birlikdə), drenaj kanalının üzərinə metal çərçivənin yığılması, altıaçıq fermaların qurulması, montaj olunması və rənglənməsi, altıaçıq örtüyünün salınması, 1650 m2 sahədə tamet daşının döşənməsi və su anbarı çəninin quraşdırma işlərinin bazar dəyərinin ƏDV-siz 71.620,50 manat təşkil etməsi, yəni tərəflərin razılaşdırdıqları məbləğdən(ƏDV-siz 62.256.88 manat) də yüksək olması müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı MN-21-02-04 saylı müqavilə üzrə görülmüş işlərə görə ƏDV-siz 62.256,88 manat məbləğində muzd, MN-SA2-22-02 nömrəli müqavilə üzrə ƏDV daxil 153.411,8 manat (qırma daşı və anbarlama işləri daxil olmaqla işlərin ümumi dəyəri ƏDV daxil 213.591,8 – 60180 manat ödəniş məbləği) tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400+10 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 100 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 505,67 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 410 manat və dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının rəyinin verilməsinə görə ödənilməli olan 100 manat pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli, LD-MN-SA2-22-02 saylı müqavilə üzrə ƏDV daxil 153.411,8 manat məbləğində borc və MN-21-02-04 saylı müqavilə üzrə 62.256,9 manat məbləğində borc, cəmi 215.668,70 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 410 manat, dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-862/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-862/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver