Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8791/2025 14.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 87320 manat məbləğində pul vəsaitinin, habelə gecikdirilmiş ödəniş məbləği 5% olmaqla 4366 manat cərimənin və hazırkı iddia tələbinə görə ödənilmiş 365.06 manat dövlət rüsumunun, cəmi 92051.06 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında Ağdam rayonu ərazisində, X3 torpaq işlərinin yerinə yetirilməsinə dair xx.xx.2023-cü il tarixli KH-41/2023 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1 saylı Əlavəsinə (X1) əsasən cavabdehə torpağın qazılması, özüboşaldan avtomobillərə yüklənməsi və daşınması, həmçinin torpağın sıxlaşdırılması işləri görülmüş və təhvil verilmiş, lakin həmin işlərin ödənişi cavabdeh tərəfindən təmin edilməmişdir. Online kargüzarlıq vasitəsilə cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli X2 barədə Aktda xx.xx.2023-cü il tarixli KH-41/2023 saylı Podrat müqaviləsinin icrası ilə bağlı ƏDV daxil 87320 manatlıq borcun qalması müəyyən edilmişdir. Belə ki, hazırda sözügedən müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı QSC-yə ƏDV daxil 87320 manat borcu yaranmışdır. O cümlədən müqavilənin 6.6-cı bəndinə əsasən gecikdirilmiş ödəniş məbləğinin 5%-i miqdarında (4366 manat) cərimə hesablanmışdır. Bildiririk ki, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini tam və layiqincə icra etməmişdir. Belə ki, bu günədək müqavilə üzrə nəzərdə tutulmuş torpaq işləri podratçı tərəfdən Cavabdeh MMC-yə yerinə yetirilib təhvil verilsə də, cavabdeh öhdəliyini icra etməmiş və ödəniş olunmamışdır. Tərəfimizdən dəfələrlə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi bildirilmişdir. Lakin müqavilənin bağlanmasının müddətindən artıq 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən öhdəliyin icrasına dair ödənişlə bağlı heç bir real addım atılmamışdır. Bildiririk ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər e-taxes.gov.az saytından online kargüzarlıq vasitəsilə cavabdehin şəxsi kabinetinə göndərilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (podratçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KH-41/2023 nömrəli podrat müqaviləsinə görə podratçı, sifarişçinin sifarişi əsasında Ağdam rayonu ərazisində, X3 torpaq işlərini yerinə yetirməyi, sifarişçi isə bu işləri qəbul edib dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 6.5-ci bəndinə görə podratçı tərəfindən görülən işlərin təhvil verilməsinin müddəti pozulduğu halda podratçı hər bir gecikdirilən gün üçün müqavilənin ümumi dəyərinin 5%-dən çox olmamaq şərti ilə yerinə yetirməli olduğu işlərin dəyərinin 0.01%-i həcmində sifarişçiyə cərimə ödəməlidir. Bu cərimə Sifarişçinin subpodratçıya ödəyəcəyi məbləğdən çıxılır.
9. Müqavilənin 6.6-cı bəndinə əsasən sifarişçi təhvil verilmiş işlərə görə ödəniş müddətini yubadarsa, sifarişçi hər bir gecikdirilən gün üçün müqavilənin ümumi dəyərinin 5 %-dən çox olmamaq şərti ilə subpodratçıya haqqı ödənilməmiş işlərin dəyərinin 0.01 % həcmində cərimə ödəməlidir.
10. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli, KH- 41/2023 nömrəli podrat müqaviləsinin 1 saylı əlavəsinə əsasən sifarişçinin sifarişi əsasında görüləcək işlər və işlərin vahid qiymətləri ƏDV daxil olmaqla 87320 manat dəyərində razılaşdırılmışdır.
11. Tərəflər arasında imzalanmış 2023-cü ilin avqust ayına görə podrat müqavilə qiymətləri ilə yerinə yetirilən podrat işlər və xərclərin dəyəri haqqında arayışa (Forma 3) əsasən podratçı tərəfindən 87320 manat dəyərində podrat işləri yerinə yetirilmişdir.
12. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş 2023-cü ilin avqust ayında yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktına (Forma 2) əsasən iddiaçı tərəfindən ƏDV daxil 87320 manat dəyərində işlər cavabdehə təhvil verilmişdir.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDL 816922 nömrəli 87320 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.
14. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KH- 41/2023 nömrəli podrat müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
21. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
23. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 87320 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 87320 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
24. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən hesablanmış 4366 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
25. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
26. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 87320 manat əsas borc, 4366 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 365,06 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 87320 manat əsas borc, 4366 manat cərimə, 365,06 manat dövlət rüsumu, ümumilikdə 92051,06 (doxsan iki min əlli bir manat sıfır altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X4