Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-88/2022 22.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, cavabdehin nümayəndələri Nümayəndə2 və X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizələri üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən vurduğu zərərin əvəzi qismində 372000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, icraçı - Cavabdeh MMC ilə sifarişçi İddiaçı MMC arasında 02 mart 2020-ci il tarixdə 0203/2020 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə uyğun olaraq siyahısı, qiyməti, növləri, miqdarı, çatdırılma və ya icra müddəti və digər parametrləri tərəflər arasında rəsmiləşdirilən müqavilənin müvafiq əlavələrində (protokol və ya əlavə) göstərilən malları, işləri və ya xidmətləri razılaşdırılmış şərtlərlə istifadə məqsədləri və (və ya) təyinatı üçün yararlı halda sifarişçiyə təchiz etməyi və sifarişə uyğun olaraq digər xidmətləri göstərməyi, sifarişçi isə həmin malları, xidmətləri, işləri təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə işlərin yerinə yetirilməsinə görə İddiaçı MMC tərəfindən yetərincə vəsaitlərin ödənilməsinə, ödənilmiş vəsaitlər müqabilində forma 2 və işlərin təhvil verilməsi dəfələrlə tələb olunduğuna baxmayaraq, görülmüş işlər üçün Cavabdeh MMC tərəfindən forma 2 və təhvil-təslim aktları təqdim edilməmişdir. Əvəzində isə “AED MMC tərəfindən işlər yarımçıq saxlanılaraq müqavilə öhdəlikləri kobud şəkildə pozulmuş və tikinti sahəsində münaqişələr yaranmışdır. Bunun nəticəsində yarımçıq qalmış işlərin yerinə yetirilməsi üçün yeni işçi qüvvəsi cəlb etmiş və tələb olunan mal və materialları tez bir zamanda təchiz edilmişdir. Nəticədə, İddiaçı MMC-yə 372000 manat məbləğində ziyan dəymişdir. Aparılan araşdırma nəticəsində aşkar edilmişdir ki, Cavabdeh MMC tərəfindən 415800 manat həcmində iş görülməli idi. Lakin, müqavilə şərtlərini kobud şəkildə pozduqlarından, işləri özbaşına dayandırdıqlarından, yerinə yetirdikləri işləri yarımçıq qoyduqlarından, keyiyyətsiz yerinə yetirdiklərindən, habelə gördüyü işləri tikintiinşaat normalarına uyğun olmayan şəkildə İddiaçı MMC-yə təhvil vermədən ərazini tərk etdiklərindən faktiki olaraq müqavilə üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh MMC-nin hesabına İddiaçı MMC görülmüş işləri qəbul etmədən 372000 manat pulu avans olaraq vermişdir. Həmçinin, Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-dən 84273 manat məbləğində pul vəsaitinin (ƏDV xaric) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 02 mart 2020-ci il tarixli, 0203/2020 saylı müqaviləyə əsasən CY1 (açıqlaması: courtyard1/ bina1), CY2, CY 3, CY 7 və Beyond (binalararası park) C-2 işlərin görülməsinə dair aktlara əsasən görülən işlərin həcmi və dəyəri öz təsdiqini tapmış, ümumilikdə 424424 manat dəyərində olmuş, müxtəlif vaxtlarda 341151 manat "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödəniş edilmiş, 84273 manat məbləğində vəsait isə ödənilməmişdir. Bununla bağlı Cavabdeh MMC-nin rəhbəri tərəfindən dəfələrlə elektron məktub vasitəsilə və telefonla "xxxx" MMC-nin rəhbərinə məlumat verilmiş və qısa zamanda ödənişi həyata keçirməyi barədə xahişlər olunmuş, lakin 02 dekabr 2020-ci il tarixdə Tutto Bello MMC-nin rəhbəri və sahədəki səlahiyyətli şəxsləri tərəfindən Cavabdeh MMC-nin işçiləri sahəyə buraxılmamış, səbəb kimi güya "xxxx" MMC-nin ərazidə yoxlama apardığı üçün belə etdiklərini və qısa zamanda pulu ödəyəcəklərini telefonla Cavabdeh MMC-nin rəhbərinə bildirmişlər. Lakin sonradan məlum olmuşdur ki, 372000 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı iddia qaldırılmışdır. Faktiki olaraq görülmüş işlərə görə 5 ədəd akt tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və təsdiq olunmuş, bununla bağlı təhvil verilən sahələrə uyğun olaraq hissə-hissə ödənişlər edilmiş, lakin ödənişlər tam edilməmişdir. Hal – hazırda sifarişçi ödənişi etməmək üçün məsuliyyətdən yayınmaq istəyir. Lakin həm müqavilənin, həm də qanunvericiliyin birbaşa tələbidir ki, icra olunmuş işə görə muzd ödənilməlidir. 02 dekabr 2020-ci il tarixdə İddiaçı MMC bəhanə ilə Cavabdeh MMC-nin işçilərini heç bir səbəb olmadan iş sahəsindən kənarlaşdırmış, daha sonra güya işlərdə qüsur olması ilə günahlandırmış, lakin hər-hansı qüsur aktı təqdim edə bilməmiş və nəticədə ödənişdən yayınmağa cəhd etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı isə qəbul etmədiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərmişdir ki, Cavabdeh MMC tərəfindən gecikmələrlə nöqsanlı şəkildə icra edilməsi səbəbindən GRC işləri bütünlükdə baş sifarişçi tərəfindən İddiaçı MMC-nin iş həcmindən çıxarılaraq üçüncü tərəfə həvalə edilmişdir. Bundan sonra Cavabdeh MMC-nin rəhbərliyi baş sifarişçinin atdığı addıma etiraz əlaməti olaraq digər sahələrdə çalışan işçi heyətini toplayaraq tam heyətlə sahəni özbaşına tərk etmişdir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin icra etdiyi işlər müqavilə şərtlərinə, habelə tikinti – inşaat normalarına uyğunluğunun yoxlanılması məqsədilə komissiya yaradılmışdır. Araşdırma zamanı komissiya qranit döşənmiş sahələrdə ara doldurulması işlərinin görülməməsi, əksər hissələrdə qranitlərin qopması, bütün ərazilərdə qranitin üzərinə hopmuş və qurumuş beton qalıqlarının təmizlənməyərək saxlanılması, aqlay daşlarının ara doldurulması işlərinin aparılmaması, daşların keyfiyyət və rənglərində kəskin fərqlərin olması, aqlay divar üzləməsində qopmaların olması, heç bir ərazidə cilalama və ara doldurma işlərinin aparılmaması, daşların ölçülərinin qəbul edilmiş ölüçlərdən fərqli olması, bordyurların ara dolğularının vurulmaması, üzərinin hopmuş və bərkimiş beton qalıqlarından təmizlənməməsi, tamet daşlarının ara doldurulması işlərinin aparılmaması, keyfiyyətsiz daşlardan istifadə edilməsi, əksər sahələrdə tamet üzlərinin təmizlənməməsi, sandstone daşlarının pilləkən hissələrdə cilalanmaması, qırılmış daşaların yenisi ilə əvəzlənməməsi və üzərinin təmizlənməməsi, Gold sedec daşları quraşdırıldıqdan sonra çökmüş hissələrin mövcud olması və layihəyə uyğun quraşdırılmaması, qırılmış daşların yenisi ilə əvəzlənməməsi, boya təmir işlərində rəng fərqlərinin olması, su izolyasiyasının keyfiyyətsiz icrası hallarını müəyyən etmişdir. 06 oktyabr 2020-ci il tarixli kassa məxaric orderində X3 adı yazılsa da, həmin pulları Cavabdeh işçisi X2 imzalayaraq almışdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı müdafiə etdiyini bildirərək qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, "xxxx" MMC "xxxx" MMC tərəfindən ziyan vurulmasını təsdiq edən heç bir sənədi məhkəməyə təqdim edə bilməmiş, ödəniş tapşırıqlarını əsas tutaraq guya ona zərər vurulmasını əsaslandırmağa çalışmışdır. Halbuki, həm 18 noyabr 2020-ci il tarixdə AED MMC-nin mühasibi Şahin Hüseynov tərəfindən forma 2, həm də İddiaçı vəkili Surət Məmmədovun 15 yanvar 2021ci il tarixli Pretenziya Məktubuna 21 yanvar 2021-ci il tarixli cavab məktubu ilə əlavəyə binalar üzrə görülmüş aktlar göndərilmişdir. Hər dəfə cavabdehin direktoru Dövran Abbasov tərəfindən "xxxx" MMC-nin direktoru Anar Məmmədov ödənişlə bağlı zəng olunarkən o, qısa zamanda ödənişi edəcəklərini bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, "xxxx" MMC "xxxx" MMC-yə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Tərəflər arasında 02 mart 2020-ci il tarixdə mallar, işlər, xidmətlərin göstərilməsi barədə 0203/2020 saylı Müqavilə bağlanmış və X1 ilə həmin Müqaviləylə 1 saylı Əlavə olunaraq tərəflərin imza və möhürləri ilə öz təsdiqini tapmışdır. 02 mart 2020ci il tarixli müqaviləyə əsasən CY1, CY2, CY 3, CY 7 və Beyond C-2 işlərin görülməsinə dair aktlara əsasən görülən işlərin həcmi və dəyəri öz təsdiqini tapmış və ümumilikdə 424424 manat dəyərində olmuş, müxtəlif vaxtlarda 341151 manat "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə vəsait ödəniş edilmiş, 84273 manat məbləğində vəsait isə hələ də ödənilməmişdir. Müqavilənin 5.2.1-ci bəndinə əsasən, icraçının bu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini sifarişçidən tələb etmək hüququ vardır. Göründüyü kimi, faktiki olaraq görülmüş işlərə görə 5 ədəd akt tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və təsdiq olunmuş, bununla bağlı təhvil verilən sahələrə uyğun olaraq hissə-hissə ödənişlər edilmiş, lakin ödənişlər tam edilməmişdir. İndiki vəziyyətdə Sifarişçi ödənişi etməmək üçün Forma 2-ni bəhanə gətirərək məsuliyyətdən yayınmaq istəyir. Lakin həm müqavilənin, həm də qanunvericiliyin birbaşa tələbidir ki, icra olunmuş işə görə muzd ödənilməlidir. 2020-ci ilin dekabr ayının 2-də "xxxx" MMC bəhanə ilə "xxxx" MMC-nin işçilərini heç bir səbəb olmadan iş sahəsindən kənarlaşdırmış və daha sonra güya işlərdə qüsur olması ilə günahlandırmış, lakin hər-hansı qüsur aktı təqdim edə bilməmiş yə nəticədə ödənişdən yayınmağa cəhd etmişdir. Məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra onun əsl niyyəti bəlli olmuş və bu səbəbdən cavabdeh müqavilə üzrə icra edilmiş işə görə ödənilin məhkəmə qaydasında tələb edilməsini qərara qalmış və qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. "xxxx" MMC-nin layihə rəhbəri Etibar Mustafayev, sahə rəhbəri Həşimov Rauf və keyfiyyətə nəzarət üzrə mühəndisi Mirzəyev Hafiz görülən işlərin miqdarını öz imzaları ilə təsdiq edərək qeyd olunan və məhkəməyə təqdim olunan aktlar imza atmaqla işlərin görülməsini təsdiq etmişlər. 340151 manat vəsaitin güya 55151 manatı avans olaraq köçürülmüşdür. Lakin 55151 manat tikinti işləri üçün köçürülmüş, iş təhvil verilmiş və bununla bağlı tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə aktlar təsdiq olunmuşdur. Həmin aktların surətləri məhkəməyə təqdim olunmuşdur. İşin faktiki olaraq 2020-ci ilin aprel ayından başlamasını nəzərə alsaq avans olaraq ödəniş tapşırığında göstərilən 55151 manat vəsait işin başlamasından əvvəl ödənilməli idi, bu halda isə iş başladıqdan 3 ay sonra 13 iyul 2020-ci il tarixdə həmin vəsait Cavabdeh MMC-yə ödənilmiş, buna görə "xxxx" MMC-yə ENAM seriyalı 297855 saylı elektron qaimə təqdim olunmuş, qaiməyə görə malın dəyəri 55151 manat, ƏDV olaraq 9927,18 manat vəsait köçürülmüşdür. Bu isə onu sübut edir ki, qeyd olunan məbləğ avans hesab oluna bilməz. 06 oktyabr 2020-ci il tarixdə “AED MMC”-nin direktoru X4 "xxxx" MMC-nin adından Osman İsmayılzadə adlı şəxs güya 30000 manat pul ödəməsini təsdiq edən kassa məxaric orderini məhkəməyə təqdim etmişlər. Halbuki, həmin pulun nəyə görə rəsmi köçürmə ilə deyil əldən verilməsi məhkəməyə izah olunmamışdır, ümumiyyətlə tərəflər arasında müqavilə olduğu halda nə üçün bu formada güya pul verilməsini təsdiq etməyə çalışırlar. Həmin orderin nömrəsi yoxdur, il qrafasında qaralama vardır, alan şəxs yerində pasport məlumatları qrafası boşdur, həmçinin, Abbasov Dovranın özünün bildirməsinə görə imza ona məxsus deyildir, o, qeyd olunan məbləği almamış, bu sənəddən məlumatsızdır. İddiaçı məhkəməyə özünün komputerdə hazırladığı sənədi məxaric Orderi kimi təqdim edərək məhkəmədə yanlış təsəvvür formalaşdırmışdır. Belə ki, ciddi hesabat balankları xüsusi icazəsi olan şirkətlər tərəfindən holoqramla, Maliyyə Nazirliyinin xüsusi reyestr nömrələri ilə nömrələnməklə sifarişçilərə təqdim olunur. Bu halda isə, qeyd olunan order ciddi hesabat sənədi hesab oluna bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, “AED MMC” tərəfindən işlər aparılarkən vaxt və iş ardıcıllığının pozulması halları ilə rastlaşmış və qarşı tərəfə bu barədə məlumat verilmişdir. Görülmüş işlərə baxış keçirilərkən işlərin keyfiyyətsiz, yarımçıq görüldüyü müəyyən olunmuş, çatışmazlıqlar "xxxx" MMC-nin hesabına aradan qaldırılmışdır. “AED MMC”-nin ərazidən çıxarılmasının səbəbi işi vaxtında və baş podratçının tələblərinə uyğun olaraq görmədikləri olmuşdur. Daş işlərinin görüldüyü sahədə arxası betonla dolmamış, çatlar baş vermişdir. Buna görə də yenidən söküntü aparılmış və "xxxx" MMC-nin vəsaiti hesabına bərpa olunmuşdur. Görülmüş işlər forma 2 tərtib olunmaqla təhvil alınmamışdır. Onun tərəfindən imzalanmış sənədlər işin təhvil alınmasına dair deyil, həcmin müəyyən olunmasına dair sənədlərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, onun vəzifəsi "xxxx" MMC-də ofis işlərinin görülməsindən ibarət olmuş, hazırki mübahisəyə dair yazışma və müzakirlərdə iştirak etmişdir. "xxxx" MMC 2020-ci ildə tenderin qalibi olduqdan sonra qranitin vurulması, aqlay işləri, tamet və rəngləmə işlərinin görülməsinə dair Cavabdeh MMC ilə müqavilə bağlanmışdır. İşin gedişatı zamanı problemlər yaranmış, 2020-ci ilin oktyabr ayının sonu və noyabr ayında Cavabdeh MMC-nin işçiləri sahəni tərk etməyə başlamışdır. Onlar bizim çağışırlarımıza məhəl qoymamağa başladılar. Cavabdeh MMC-nin görməli olduğu işləri "xxxx" MMC yenidən görmüşdür. İşlərin görülməsi müddətinin tərəflər arasında razılaşdırılması barədə e-mail üzərindən yazışmalar mövcuddur. Tərəflər arasında forma 2, yəni, təhvil – təslim aktı imzalanmamışdır. İş görüldüyü zaman "xxxx" MMC-nin nüməyəndələri tərəfindən işin həcmi ölçülmüşdür, lakin bu işin icra həcmini təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 şahid Z.K.Vəliyevin ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən işlər görüldükcə həcmi ölçülərək rəhbərlik məlumatlandırılmışdır. Qranit işlərində gecikmənin səbəbi daşların gec gəlməsi olmuşdur. İddiaçı MMC-nin nümayəndələri hər gün Cavabdeh MMC tərəfindən görülmüş işlərə baxıb təsdiq etmişlər. Ümumilikdə 8 kolon iş görülmüş, 4-ü təhvil alınmış, təhvil alınmış işə görə ödəniş olunmuş və işçilərə əmək haqqı ödənilmişdir. 8 noyabr 2020-ci il tarixindən sonra "xxxx" MMC Cavabdeh MMC-nin işçilərinə sahədə işləməyə imkan verməmiş, eyni zamanda, digər podratçıların işçiləri isə sahədə işləməyə davam etmişlər. Axırıncı görülmüş iş 150000 manat dəyərində idi, lakin azaldaraq 80000 manata endirilmişdir. İşlərin görülməsinə dair forma 2 tərtib olunmasa da, Cavabdeh MMC tərəfindən işlərin əksər hissəsi tamamlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş qaimələr iddiaçıya göndərilsə də, sonuncu tərəfindən həmin qaimələrə nə etiraz olunmuş, nə ləğv edilmişdir. 340000 manat köçürülmüş vəsaitdən sadəcə bir köçürmə avans olmuş, digərləri isə görülmüş işlərə görə ödənişlər olmuşdur. Smeta sənədlərinin Cavabdeh MMC tərəfindən tərtib olunmasına dair məlumatı yoxdur. İş materiallarında olan: 02 mart 2020-ci il tarixli, 0203\2020 №-li müqaviləyə əsasən icraçı - Cavabdeh MMC sifarişçi - İddiaçı MMC-nin sifarişinə uyğun olaraq siyahısı, qiyməti, növləri, miqdarı, çatdırılma və ya icra müddəti və digər parametrləri tərəflər arasında rəsmiləşdirilən müqavilənin müvafiq əlavələrində (protokol və ya əlavə) göstərilən malları, işləri və ya xidmətləri razılaşdırılmış şərtlərlə istifadə məqsədləri və (və ya) təyinatı üçün yararlı halda sifarişçiyə təchiz etməyi və sifarişə uyğun olaraq digər xidmətləri göstərməyi, sifarişçi isə həmin malları, xidmətləri, işləri təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə icraçıya ödəməyi öhdəsinə götürmüşdür. ödəniş qəbzlərinin surətindən görünür ki, 13 iyul 2020-ci il tarixdə 55151 manat, 18 avqust 2020-ci il tarixdə 40000 manat, 24 avqust 2020-ci il tarixdə 130000 manat, 21 oktyabr 2020-ci il tarixdə 90000 manat, 02 dekabr 2020-ci il tarixdə 25000 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir; 06 oktyabr 2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh MMC-yə 30000 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir; İddiaçı MMC-nin 30 noyabr 2020-ci il tarixli, K-01/2020 №-li əmrinə əsasən 02 mart 2020-ci il tarixli, 0203\2020 №-li müqavilə əsasında Cavabdeh MMC-nin yerinə yetirdiyi işlərin müqavilə şərtlərinə, habelə tikinti – inşaat normalarına uyğunluğunun yoxlanılması məqsədilə komissiyalar yaradılmışdır; 04 dekabr 2020-ci il tarixdə tərtib olunmuş aktlarda qeyd edilmişdir ki, işlərin keyfiyyətsiz görülmüş, təhvilə məqbul sayılmamış və baş sifarişçinin tələblərinə cavab vermir, Cavabdeh MMC üzərinə qoyulmuş öhdəlikləri tam yerinə yetirmədiyi səbəbindən baş sifarişçi olaraq "xxxx" MMC 06 noyabr 2020-ci il tarixli məktubuna əsasən GRC işlərinin tamamlanması podratçı şirkət olan İddiaçı MMC-nin iş həcmindən çıxarılmaqla 112000 ABŞ dolları həcmində pul azaldılmış və üçüncü şirkətə tapşırılmış, İddiaçı MMC "xxxx" MMC tərəfindən 251801,62 manat məbləğində cərimələnmişdir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndində qeyd olunmuşdur ki, icraçı mallar, işlər və xidmətlərin sifarişçiyə təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil- təslim aktı (qaimə – faktura, o cümlədən elektron qaimə faktura) əsasında həyata keçirəcək. Lakin tərəflər arasında işlər və xidmətlərin sifarişçiyə təhvil verilməsini təsdiq edən müvafiq qaydada imzalanacaq təhvil- təslim aktının mövcud olmaması işin faktiki halları ilə təsdiqini tapır. Cavabdeh ilkin iddiaya etirazın əsası kimi ona istinad edir ki, "xxxx" MMCnin layihə rəhbəri Etibar Mustafayev, sahə rəhbəri Həşimov Rauf və keyfiyyətə nəzarət üzrə mühəndisi Mirzəyev Hafiz görülən işlərin miqdarını aktları imzalamaqla təsdiq etmişlər. Lakin məhkəmə hesab edir ki, həmin sənədlər müqavilənin 3.3-cü bəndində nəzərdə tutulduğu kimi “mallar, işlər və xidmətlərin sifarişçiyə təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil- təslim aktı” hesab edilə bilməz. Çünki Cavabdeh MMC tərəfindən məhkəməyə məhz qeyd olunan tələblərə cavab verən, lakin "xxxx" MMC tərəfindən imzalanmamış sənədlər təqdim olunmuşdur. Bu halın özü də təsdiq edir ki, həmin sənədlər təhvil – təslim aktı hesab oluna bilməz. İddianın əsasını 372000 manat məbləğində pul vəsaitinin qaytarılması təşkil edir və tələb həmin məbləğdə pul vəsaitinin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsi üçün cavabdehə verilməsi, lakin işlərin yerinə yetirilməməsi ilə əsaslandırılır. İlkin olaraq onu qeyd etmək lazımdır ki, işin mübahisəli hallarından biri 06 oktyabr 2020-ci il tarixli kassa məxaric orderi ilə bağlıdır.Həmin kassa məxaric orderində 30000 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-nin direktoru X9 tərəfindən qəbul edilməsi qeyd olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı bu məsələ mübahisələndirilərkən iddiaçının nümayəndəsi bildirmişdir ki, 06 oktyabr 2020-ci il tarixli kassa məxaric orderində X3 adı yazılsa da, həmin pulları "xxxx" MMC-nin işçisi X2 imzalayaraq almışdır. Buna görə də məhkəmə hesab edir ki, ödəniş qəbzlərinə əsasən 13 iyul 2020-ci il tarixdə 55151 manat, 18 avqust 2020-ci il tarixdə 40000 manat, 24 avqust 2020-ci il tarixdə 130000 manat, 21 oktyabr 2020-ci il tarixdə 90000 manat, 02 dekabr 2020-ci il tarixdə 25000 manat, ümumilikdə 340151 məbləğində pul vəsaitinin İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənildiyi işin mübahisələndirilməyən halıdır və rəsmi sənədlərə əsasən təsdiqini tapır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3847 nömrəli, 01 oktyabr 2021-ci il tarixli rəyinə əsasən 02 mart 2020-ci il tarixli, 0203/2020 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” kompleksində Cavabdeh MMC tərəfindən yerinə yetirilmş tikintiquraşdırma işləri faktiki olaraq tamamlandığından, həmin işlər üzrə ümumilikdə hər hansı qüsur müəyyən olunmamışdır. Lakin 2-ci korpusun qarşısında pilləkən marşında və meydançasında vurulmuş üzlük plitələrdən 2 ədədinin kənar hissəsinin sındığı və bəzi yerlərdə üzlük plitələrin arasındakı doldurucu məhlulun ovulub dağıldığı müəyyən edilmişdir ki, həmin hissələrin bərpa olunması üçün sərf edilməli xərclərin dəyəri təqribən 150 manat məbləğində müəyyən edilmişdir. Ekspert tərəfindən yalnız 1-ci sual üzrə araşdırma aparılmış, 2-ci sualda Cavabdeh MMC tərəfindən görülmüş işlərdə natamamlıq və qüsurların mövcud olduğu təqdirdə işlərin tamamlanması və qüsurların aradan qaldırılması üçün sifarişçi İddiaçı MMC tərəfindən hansı məbləğdə əlavə vəsait sərf edildiyi soruşulmaqla bu barədə sənədlər iş materiallarına əlavə edilsə də, ekspert yalnız mövcud olan qüsurlar barədə nəticəyə gəlmiş, təqdim olunmuş sənədlər isə ümumiyyətlə araşdırılmamışdır. Bu səbəbdən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6387 nömrəli, 18 may 2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” kompleksində 02 mart 2020-ci il tarixli, 0203/2020 saylı müqavilə üzrə yerinə yetirilmş tikinti-quraşdırma işləri faktiki olaraq baxış zamanı tamamlandığı müəyyən olunmuşdur. İş materiallarından olan foto şəkillərə, bağlanmış aktlara əsasən, tədqiq olunan ərazidə Cavabdeh MMC tərəfindən yerinə yetirilmş tikinti-quraşdırma işlərinin qüsurlu, yarımçıq olduğu və görülməli GRC işlərinin tamamlanması aparılmadığını müəyyən olunur. Eyni zamanda iş materiallarından görünür ki, Cavabdeh MMC tərəfindən görülmüş yarımçıq qüsurlu işlərin bərpası mümkün olmadığı üçün, İddiaçı MMC (“Sifarişçi”) tərəfindən Cavabdeh MMC tərəfindən aparılmış tikinti işlərinin yenidən qurularaq baş sifarişçiyə təhvil verilmişdir. Eləcə də Cavabdeh MMC tərəfindən görülmüş tikinti-quraşdırma işləri yarımçıq və qüsurlu olduğu üçün, aparılmış tikinti işlərinin qəbul olunmasına dair hər-hansı Forma 2 Aktları İddiaçı MMC-yə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarından əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aparılmalı tikinti-quraşdırma işlərinə dair ayrılmış 370151,0 (ƏDV xaric) manat vəsait ödənilmişdir. Lakin Cavabdeh MMC tərəfindən GRC işlərinin tamamlanması üçün ödənilmiş 80000 manatlıq tikinti-quraşdırma işləri görülməmiş, digər vəsaitlərin tikinti-quraşdırma işlərin yerinə-yetirilməsinə dair Forma 2 aktları sifarişçiyə təqdim edilməmişdir. Cavabdeh MMC tərəfindən görülmüş yarımçıq qüsurlu işlərin bərpası mümkün olmadığı səbəbindən, İddiaçı MMC (“Sifarişçi”) tərəfindən aparılmış söküntü və yenidən quraşdırma işlərinə dair smeta sənədləri iş materiallarında olmadığı üçün, aradan qaldırılması hansı məbləğdə sərf edilməsinə dair tədqiqat aparılmadı. Ekspert rəyinin məzmununda yeganə konkret müəyyən olunmuş hal ondan ibarətdir ki, Cavabdeh MMC tərəfindən GRC işlərinin tamamlanması üçün ödənilmiş 80000 manatlıq tikinti-quraşdırma işləri görülməmişdir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndində qeyd olunmuşdur ki, sifarişçinin hüququ var ki, öz mülahizələrinə görə icraçının aradan qaldırmaqdan imtina etdiyi və müvəffəq olmadığı keyfiyyətində qüsurlar aşkar edilmiş mallar, işlər və xidmətlərin dəyərini həmin çatışmazlıqlara mütənasib olaraq daha aşağı qiymətlə ödəsin və ya imtina etdiyi halda ödəməkdən imtina etsin.) Məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən GRC işlərinin tamamlanması üçün ödənilmiş 80000 manatlıq tikinti-quraşdırma işləri görülmədiyinə görə həmin məbləğdə pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Qalan məbləğin Cavabdeh MMC-dən tutulması üçün qüsurların aradan qaldırılması və işlərin tamamlanması üçün hansı məbləğdə xərclərin çəkilməsini sübutetmə yükü İddiaçı MMC-nin üzərinə düşür. Lakin, 10/6387 nömrəli, 18 may 2022-ci il tarixli rəyində də qeyd olunmuşdur ki, Cavabdeh MMC tərəfindən görülmüş yarımçıq qüsurlu işlərin bərpası mümkün olmadığı səbəbindən, İddiaçı MMC (“Sifarişçi”) tərəfindən aparılmış söküntü və yenidən quraşdırma işlərinə dair smeta sənədləri iş materiallarında olmadığı üçün, aradan qaldırılması hansı məbləğdə sərf edilməsinə dair tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, qüsurların aradan qaldırılması və işlərin tamamlanması üçün hansı məbləğdə vəsatinin sərf olunması ilə bağlı İddiaçı MMC tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmadığından ilkin iddia bu hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Qarşlıqlı iddia ilə bağlı məhkəmə onu qeyd edir ki, yuxarıda göstərildiyi kimi müqavilənin 7.3-cü bəndində göstərilən, tərəflər arasında işlər və xidmətlərin sifarişçiyə təhvil verilməsini təsdiq edən müvafiq qaydada imzalanacaq təhvil- təslim aktı mövcud deyildir və buna görə də həmin məbləğin İddiaçı MMC-dən tutulması üçün əsas yoxdur. Digər tərəfindən isə işin halları ilə təsdiq olunur ki, "xxxx" MMC-nin 06 noyabr 2020-ci il tarixli məktubuna əsasən GRC işlərinin tamamlanması podratçı şirkət olan İddiaçı MMCnin iş həcmindən çıxarılmaqla 112000 ABŞ dolları həcmində pul azaldılmış və üçüncü şirkətə tapşırılmış, İddiaçı MMC "xxxx" MMC tərəfindən 251801,62 manat məbləğində cərimələnmişdir. Yəni, yuxarıda göstərilən plenum qərarında əks olunmuş hüquqi mövqe əsas götürülməklə, podrat müqaviləsi bağlanarkən qarşıya qoyulan məqsəd və nəticə əldə edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd olunmalıdır. Həmçinin, ilkin iddia qismən təmin olunduğuna görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 6 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalı, məhkəmə tikinti – texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 157 manat məbləğində hissəsi İddiaçı MMC-dən, 43 manat məbləğində hissəsi Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair barədə iddiası qismən təmin edilsin. 80000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddiaçı iddiası qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 6 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə qarşılıqlı iddiası rədd edilsin. Məhkəmə tikinti – texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 157 manat məbləğində hissəsi İddiaçındən, 43 manat məbləğində hissəsi Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-88/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-88/2022
22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver