Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-910/2025 20.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, iddiaya cavab verməli olan şəxs) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) direktoru Cavabdeh 30260 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli texnika vasitəsinin xidmət müqaviləsinə əsasən mülkiyyətində olan “X2” markalı AZ185FX602 qeydiyyat nişanlı texniki vasitəsi ilə X1 şirkətinə iş görülməsinə dair müqavilə bağlanmışdır. Müqavilanin şərtinə əsasən görülmüş işə görə har ay üçün 15 000 manat vəsait ödənilməsi nəzərdə tutulmuşdur. Onun tərəfindən görülmüş işin müqavilində "xxxx" MMC tərəfindən ayrı-ayrı vaxtlarda görülmüş işə görə 59030 manat vəsait ödənilmiş, 30 260 manat borc qalmışdır. Dəfələrlə müraciat etməyinə va xx.xx.2024 cü il tarixdə rəsmi təklif göndərilməsinə baxmayaraq pul ödənilməmişdir. Ona görə də həmin vəsaitin ödənilməsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.
3. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, "xxxx" MMC faktiki olaraq fəaliyyətini dayandırdığına görə şirkətin ona olan 30 260 manat borcunun işin görülməsinə dair müqaviləni imzalamış direktor Cavabdeh oğundan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" MMC əsl Cavabdeh ilə əvəz edilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, qeydiyyatda olduğu ünvana göndərilmiş, mobil nömrəsinə məhkəmə iclasının yeri və vaxtı barədə “SMS bildiriş” göndərilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.3-cü maddəsinə əsasən, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır.
8. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
9. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.3-cü və 185.5-ci maddələrinə əsasən, mübahisəyə iddiaçının və cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının (bəzi istisnalarla) qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İş materiallarında olan sübutlar əsasında məhkəmə müəyyən edir ki, iddiaçı ilə "xxxx" MMC arasında 10 aprel 2023-cü il tarixdə xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı ona məxsus texnika ilə xidmət göstərməyi, cavabdeh isə həmin xidməti qəbul edib əvəzində xidmətin dəyərini ödəməyi öz üzərinə götürmüşdür.
14. İddiaçı həmin müqaviləyə istinad etməklə "xxxx" MMC-nin adından müqaviləni bağlamış Cavabdeh pulun tutulmasını tələb edir.
15. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya münasibət bildirmir.
16. Məhkəmə vurğulayır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
17. Hazırkı mübahisə üzrə sübutetmə predmetinə ilk növbədə iddiaçı ilə Cavabdeh arasında xidmət müqaviləsinin bağlanıb-bağlanmaması daxildir. Yalnız qeyd olunan hal təsdiqini tapdığı halda müqavilə predmetini təşkil edən xidmətin göstərilibgöstərilməməsi, xidmətin dəyərini ödəmək öhdəliyinin pozulub-pozulmamasının müəyyən edilməsi üzrə araşdırma aparıla bilər.
18. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan birinci hal, yəni iddiaçı ilə cavabdeh arasında xidmətin göstərilməsi üzrə müqavilənin bağlanması təsdiqini tapmır. Belə ki, iddiaçı ilə müqaviləni "xxxx" MMC bağlamış, Cavabdeh həmin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi (qanuni təmsilçisi) qismində müqaviləni imzası və hüquqi şəxsin möhürü ilə təsdiq etmişdir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər.
20. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır.
21. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
22. Qanunvericiliyindən tələbindən göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır və hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmçinin, nümayəndə vasitəsi ilə bağlanmış əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
23. Məhkəmə qeyd edir ki, 10 aprel 2023-cü il tarixdə xidmət müqaviləsini Cavabdeh "xxxx" MMC-nin icra orqanının rəhbəri kimi bağlamış, həmin müqavilə üzrə mülki hüquq və vəzifələr hüquqi şəxs üçün yaranmışdır. Belə olan halda, cavabdeh hüquqi şəxsin təmsilçisi kimi bağladığı əqddən irəli gələn hər hansı vəzifə daşıya bilməz.
24. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının 10 aprel 2023-cü il tarixli xidmət müqaviləsindən irəli gələn subyektiv hüquqlarının cavabdeh tərəfindən pozulması halı məhkəmədə öz təsdiqini tapmadığından iddiaçının həmin müqavilədən irəli gələn borcun cavabdehdən tutulması tələbi təmin edilə bilməz.
25. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
26. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Hazırkı iş üzrə iddia tələbi təmin olunmadığından məhkəmə hesab edir ki, məhkəmə xərci iddiaçıya aid edilməlidir.
V. Nəticə:
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova