Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-911/2023 24.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı X1 Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 21 saylı Xidməti müqaviləyə əsasən 4462,18 manat (dörd min dörd yüz altmış iki manat on səkkiz qəpik) əsas borc, 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 4522,18 manat (dörd min beş yüz iyirmi iki manat on səkkiz qəpik) məbləğində borcun və 5,62 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 21 saylı Xidməti müqaviləyə əsasən iddiaçıya məxsus **- BA-*** dövlət qeydiyyat nişanlı, “DOOSAN 300” markalı texnika cavabdehə təhvil verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin dəyəri 11715 (on bir min yeddi yüz on beş) manat göstərilmiş, xx.xx.2022-ci il tarixli Təhvil-Təslim Aktına əsasən texnikanın istifadəsinə görə ümumilikdə 9111,66 manat (doqquz min bir yüz on bir manat altmış altı qəpik) məbləğində işlərin görüldüyü təsdiqlənmişdir. Bundan sonra da iddiaçıya məxsus texnika ilə işlər görülmüş və yekunda texnikanın istifadəsi üçün 9462,18 manat (doqquz min dörd yüz altmış iki manat on səkkiz qəpik) dəyərində vəsaitin sifarişçi - Cavabdeh MMC tərəfindən xidmət verən – X2 ödənilməsi razılaşdırılmışdır. Vəsaitin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 9462,18 manat (doqquz min dörd yüz altmış iki manat on səkkiz qəpik) olan elektron qaimə göndərilmiş, göstərilən vəsaitdən xx.xx.2022-ci il tarixdə 5000 (beş min) manat vəsait cavabdeh tərəfindən ödənilmiş, lakin 4462,18 manat (dörd min dörd yüz altmış iki manat on səkkiz qəpik) məbləğində vəsait bugünədək cavabdeh tərəfindən ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndinə əsasən cavabdeh avadanlığın xidmət haqqını hər növbəti ayın ilk 10 (on) günündə ödəməyi öhdəsinə götürsə də, artıq 1 ilə yaxın müddətdir ki, ödəniş tam şəkildə həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh MMC-nin 17 yanvar 2023-cü il tarixinədək iddiaçı X2 borcu 4462,18 manat (dörd min dörd yüz altmış iki manat on səkkiz qəpik) təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixində elektron qaydada pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 10 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki: - Xidmət verən qismində X3 ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 21 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən xidmət verənin mülkiyətində olan texnikasının (Əlavə 1) bu müqavilədə müəyyən edilən şərtlər daxilində xidmətə verilməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 2-ci bəndinə əsasən xidmət müddəti avadanlığın sifarişçiyə təhvil verildiyi tarixdən etibarən başlayır. Həmin müqavilənin 3-cü bəndinə əsasən avadanlığın xidmət haqqı 11715 (on bir min yeddi yüz on beş) manat təşkil edir. Bu qiymətə bütün vergilər daxildir. Avadanlığın xidmət haqqı hər növbəti ayın ilk 10 (on) günündə ödəniləcəkdir. Aylıq iş cədvəli (hesabat) 27 gün, gündəlik 9 saat (nahar və çay fasiləsi daxil) üzərindən hesablanacaqdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən sifarişçi hər cür yoxlama və təftişləri apararaq avadanlığın mövcud vəziyyətini görüb bəyəndiyini, ehtiyaclarına cavab verdiyini, işlək və saz vəziyyətdə olduğunu, təmizləndiyini, tam təchiz edildiyini, servis, istismar və texniki məlumatları haqqında sənədlər və istismar təlimatlarıyla birlikdə tam və qüsursuz olaraq təhvil götürdüyünü, habelə eyni şəkildə təhvil verəcəyini qəbul edir. Həmin müqavilənin 7-ci bəndinə əsasən xidmət verən, sifarişçinin yazılı bildirişi əsasında avadanlığa dövri texniki xidmət göstərməyi, texniki xidmət zamanı lazım olan ehtiyat hissələri və sərf olunan materialların dəyişdirilməsi və təmin edilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 9-cu bəndinə əsasən xidmət müddəti başa çatdıqda və ya müqavilə ləğv edildikdə, sifarişçi iş vaxtı müddətində dərhal avadanlığı sənədləri ilə birlikdə tərəflər arası imzalanmış müvafiq Təhvil-Təslim Aktı əsasında geri qaytarmalıdır. - xx.xx.2022-ci il tarixli Razılaşma Protokolu adlı sənəddən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 21 nömrəli xidmət müqaviləsinə əsasən xidmət verilən **-BA-*** dövlət qeydiyyat nişanlı, “Doosan 300” markalı texnikanın qiymətini 11715 (on bir min yeddi yüz on beş) manat razılaşdırmışlar. - xx.xx.2022-ci il tarixli Təhvil-Təslim aktında qeyd edilmişdir ki, Razılaşma Protokoluna əsasən xidmət verən ona məxsus olan və (Cədvəl N 1) əks olunmuş **-BA-*** dövlət qeydiyyat nişanlı, “Doosan 300” markalı texnikanı sifarişçiyə xidmətə verir, sifarişçi isə texnikanı təyinatı üzrə istifadə edib, xidmətə verərənə xidmət haqqı ödəyir. Sözügedən texnika xx.xx.2022-xx.xx.2022 tarixləri aralığında 21 gün çalışmış, xidmət haqqı 1 gün üçün 433,88 manat olmaqla, ümumilikdə 9111,66 manat xidmət haqqı ödənilməlidir. - xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 995460 nömrəli elektron qaimədən müəyyən edilir ki, X3 tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9462,18 manat təşkil edir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 25 oktyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə müraciət edilərək 4462,18 manat məbləğində borcun 10 (on) gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddia tələbini cavabdehdən 4462,18 manat (dörd min dörd yüz altmış iki manat on səkkiz qəpik) məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin olunmalı, Cavabdeh MMC-dən 4462,18 manat (dörd min dörd yüz altmış iki manat on səkkiz qəpik) əsas borc məbləği X1 xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçı cavabdehdən 60 manat mediasiya xərci və 5,62 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 60 (altmış) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4,62 manat (dörd manat altmış iki qəpik) məbləğində pul (müəyyən olunur ki, iddiaçının ödəməli olduğu dövlət rüsumunun məbləği 4,62 manat olmuşdur) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 4462,18 manat (dörd min dörd yüz altmış iki manat on səkkiz qəpik) əsas borc, 60 (altmış) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4,62 manat (dörd manat altmış iki qəpik) olmaqla, cəmi 4526,80 manat (dörd min beş yüz iyirmi altı manat səksən qəpik) məbləğində pul iddiaçı X1 xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-911/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-911/2023
24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver