Məhkəmə qərarları › İş №e-2-2(113)-920/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-920/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-920/2025 05.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, faiz borcu və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, iddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən - 12 yanvar 2022-ci il tarixli, 01/22-TTS-GP saylı və02 mart 2022-ci il tarixli, 04/22-TTS-GP saylı İşlərin görülməsi (Xidmətlərin göstərilməsi) haqqında müqavilələrə əsasən görülmüş işlərə görə 854.513,58 (səkkiz yüz əlli dörd min beş yüz on üç manat əlli səkkiz qəpik) manatın, - gecikdirilmiş 854.513,58 (səkkiz yüz əlli dörd min beş yüz on üç manat əlli səkkiz qəpik) manat borcuna 01 mart 2023-cü il tarixdən başlayaraq 01 yanvar 2025-ci il tarixədək illik 5 faiz olmaqla 78.320 (yetmiş səəkiz min üç yüz iyirmi) manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması, - məhkəməyə ödənilmiş 1223 (min iki yüz iyirmi üç) manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Tərəflər arasında 12 yanvar 2022-ci il tarixli, 01/22-TTS-GP saylı və 02 mart 2022-ci il tarixli, 04/22-TTS-GP saylı İşlərin görülməsi (Xidmətlərin göstərilməsi) haqqında müqavilələr bağlanmışdır. Müqavilələrin 1.1ci bəndinə əsasən Podratçı, Sifarişçinin tələblərinə uyğun olaraq «Hacıqabul rayonunda kənd təsərrüfatı bitkilərinin su təminatı sistemlərinin qurulması» layihəsinin icrası çərçivəsində pivot suvarma sistemlərinin qurulması üçün tələb olunan tikinti işlərini razılaşdırılmış həcmdə yerinə yetirməyi, layihə çərçivəsində zəruri hidrotexniki qurğu, avadanlıq və təmir-tikinti mal materiallarını təchiz etməyi, işləri başa çatdırmağı, tikintisi qurtarmış suvarma sistemini sınaqdan keçirməyi və sifarişçiyə istismara tam hazır vəziyyətdə təhvil verməyi, Sifarişçi isə Podratçının gördüyü işin müqabilində Müqavilə ilə müəyyən edilmiş işin dəyərini Podratçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilələrin 2.1.3-cü bəndinə əsasən göstərilmiş işlərin dəyərini ödəmək Sifarişçinin vəzifəsidir. Tərəflər arasında tərtib edilmiş 08 fevral 2023-cü il tarixli Yekun təhvil-təslim aktından müəyyən olunur ki, Sifarişçi və Podratçı arasında bağlanmış 02 mart 2022-ci il tarixli, 04/22-TTS-GP saylı müqaviləyə əsasən 1239914.57 (bir milyon iki yüz otuz doqquz min doqquz yüz on dörd manat əlli yeddi qəpik) manat dəyərində forma 2 üzrə işlər görülmüşdür. Görülən işlər tam təhvil verilmişdir. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralıqlarında İddiaçı MMC və Cavabdeh MMC arasında alqı-satqı əsasında qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktı tərtib edilmiş və 29 avqust 2024-cü il tarixə cavabdehin iddiaçıya 854.513.58 (səkkiz yüz əlli dörd min beş yüz on üç manat əlli səkkiz qəpik) manat borcu olduğu təsdiq olunmuşdur. İddiaçı tərəfindən bütün işlər tam həcmdə görülüb təhvil verilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəlik pozulmuş və onun iddiaçıya 854.513.58 (səkkiz yüz əlli dörd min beş yüz on üç manat əlli səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh mübahisə məhkəməyə qədər nizamasalma (pretenziya) qaydasında öhdəliyini icra etməmiş və mübahisə həlledilməmişdir

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdehə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01/22- TTS-GP saylı və xx.xx.2022-ci il tarixli, işlərin görülməsi (xidmətlərin göstərilməsi) haqqında 04/22-TTS-GP saylı müqavilələrə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə əsasən Podratçı, Sifarişçinin tələblərinə uyğun olaraq "Hacıqabul rayonunda kənd təsərrüfatı bitkilərinin su təmimatı sistemlərinin qurulması" (ikinci faza) layihənin icrası çərçivəsində Müqaviləyə əlavə olunmuş 1 saylı Əlavədə (İşlərin həcmi) daha ətraflı göstərilən pivot suvarma sistemlərinin qurulması üçün tələb olunan tikinti işlərini razılaşdırılmış həcmdə yerinə yetirməyi, layihə çərçivəsində zəruri hidrotexniki qurğu, avadanlıq və təmir-tikinti malmateriallarını təchiz etməyi, işləri başa çatdırmağı, tikintisi qurtarmış suvarma sistemini sınaqdan keçirməyi və Sifarişçiyə istismara tam hazır vəziyyətdə təhvil verməyi (bundan sonra - İşlər), Sifarişçi isə Podratçının gördüyü işin müqabilində Müqavilə ilə müəyyən edilmiş işin dəyərini Podratçıya ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə İşlər Podratçı tərəfindən Müqavilə ilə razılaşdırılmış müddətdə, həcmdə, özünün və ya üçüncü şəxslərdən cəlb olunmuş işçi qüvvəsi, qurğu, avadanlıq və yalnız Sifarişçi ilə razılaşdırılaraq təsdiq edilmiş və Müqavilənin tərkib hissəsi hesab olunan Əlavə 1-də öz əksini tapan mal-material və avadanlıqlardan istifadə edilməklə icra ediləcək.

10. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə üzrə Podratçı tərəfindən görülən işlər, Müqavilə və onun əlavələrinə, Azərbaycan Respublikasında qüvvədə olan dövlət tikinti normalarına (AzDTN), meliorasiya və irriqasiya sahəsində standartlar, norma və qaydalar üzrə keyfiyyət göstəricilərinə uyğun olaraq, habelə müvafiq işlərin tikintiyə dövlət nəzarəti və ekspertiza orqanlarında qəbul olunmasına dair tələblərə uyğun olaraq yerinə yetirməlidir.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən «Sifarişçi»nin vəzifələri:

12. Müqavilənin 2.1.1-ci bəndinə əsasən işlərin icra olunması üçün tələb olunan şəraiti yaratmaq;

13. Müqavilənin 2.1.2-ci bəndinə əsasən işi icrasından sonra təhvil almaq;

14. Müqavilənin 2.1.3-cü bəndinə əsasən göstərilmiş İşlərin dəyərini ödəmək.

15. Müqavilənin 2.1.4-cü bəndinə əsasən işlərin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini «Podratçı»ya ödəmək.

16. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə İşlərin haqqı Forma 2 ilə təsdiq edilən işlərin həcminə görə “Podratçı” tərəfindən göndəriləcək elektron qaimə əsasında “Sifarişçi” tərəfindən ödəniləcəkdir.

17. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə üzrə “Podratçı” tərəfindən təqdim edilən hesab-faktura əsasında avans da ödənilə bilər.

18. Müqavilənin 3.3-cü bəndinə əsasən hazırkı Müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

19. Müqavilənin 3.4-cü bəndinə əsasən hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq.

20. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBCC seriyalı 987142 nömrəli e-qaimə üzrə 416.839,44 manat, xx.xx.2022-ci il tarixli EBCE seriyalı 253719 nömrəli eqaimə üzrə 807.766,92 manat, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 992991 nömrəli eqaimə üzrə 15.308,18 manat məlbəğində xidmətə dair e-qaimələr göndərilmişdir.

21. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli, 04/22-TTS-GB saylı müqaviləyə dair arayışına əsasən xx.xx.2022-ci il tarixli EBCC 987142 nömrəli elektron qaimə əsasən 416839.44 manat, xx.xx.2022-ci il tarixli EBCE253719 nömrəli elektron qaiməyə əsasən 807766.92 manat və xx.xx.2022-ci il tarixli EBCJ992991 nömrəli elektron qaimə əsasən15308.18 manat olmaqla cəmi 1239914,54 manat dəyərində xidmət göstərildiyi, xxxx-2023-cü il tarixində 58154.03 manat Əsas məbləğ, xx-xx-2023-cü il tarixində 10467.73 manat ƏDV ödənişi, xx-xx-2023-cü il tarixində 8772.22 manat ƏDV ödənişi, xx-xx-2024-cü il tarixində 200000 manat Əsas ödənişi, xx-xx-2024-cü il tarixində 36000 manat ƏDV ödənişi, xx-xx-2024- cü il tarixində 10000 manat Əsas ödənişi, xx-xx-2024- cü il tarixində 1800 manat ƏDV ödənişi, xx-xx-2024- cü il tarixində 10000 manat Əsas ödənişi, xx-xx- 2024- cü il tarixində 1800 manat ƏDV ödənişi olmaql cəmi 336993.98 manat ödənildiyi, o cümlədən işlərin gecikdirlməsi səbəbi ilə 48456.80 manat cərimə olaraq borcdan azaldıldığı və yekun borcun 854463.8 manat olduğu qeyd olunmuşdur.

22. xx.xx.2022-ci il tarixli 5 saylı forma 2 arayışına əsasən xx.xx.2022-ci il tarixli, 01/22- TTS-GP saylı müqavilə üzrə görülmüş işlərin yekun dəyəri 4154156,57 qeyd olunmuş və Forma 2 hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

23. xx.xx.2023-cü il tarixli yekun təhvil-təslim aktına əsasən xx.xx.2022-ci il tarixli, 04/22-TTS-GB saylı işlərin görülməsi haqqında müqaviləyə əsasən ƏDV daxil 1239914,57 manat dəyərində forma 2 üzrə iş görüldüyü və görülən işlərin tam təhvil verildiyi qeyd olunmuş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

24. xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralıqlarında İddiaçı MMC və Cavabdeh MMC arasında qarşılıqlı hesablaşma üzrə Üzləşmə aktına əsasən Cavabdeh MMC-nin 29 avqust 2024-cü il tarixinə olan borcu 854513,58 manat müəyyən edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

25. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

28. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

29. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

31. İddiaçı iddia edir ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş işlərin təhvil-təslim aktları ilə, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, 854513,58 manat (ƏDV daxil) məbləğində borc ödənilməmiş qalmışdır.

32. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli və iddiaçı tərəfindən cavabdehə göstərilən 854513,58 manat məbləğində xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.

33. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 78320 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.

34. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

35. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

36. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.

37. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli yekun təhvil-təslim aktı imzalandığı və iddiaçı 01 mart 2023-cü il tarixdən başlayaraq 01 yanvar 2025-ci il tarixədək illik 5% ilə hesablanmaqla 78320 manat borcun ödənişinin gecikdirilməsinə görə faiz borcunun tələb edilməsində haqlı olmuşdur, həmin məbləğdə faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 1223 manat dövlət rüsumu və 326 manat vəkil xərci ödənişləri ödənilmişdir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

41. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

42. Məhkəmə hesab edir ki, iddia tam təmin edildiyi üçün iş üzrə ödənilmiş 1223 manat dövlət rüsumu və 326 manat hüquqi xidmət xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 854.513,58 (səkkiz yüz əlli dörd min beş yüz on üç manat əlli səkkiz qəpik) manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 78320 manat faiz borcu, vəkil xərcinin əvəzi olaraq 326 manat və dövlət rüsumunun əvəzi olaraq 1223 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar