Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-924/2025 16.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, borc tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümyəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iddiaçi İddiaçı MMC-yə olan ******* manat məbləğində borcun, hüquqi yardım üçün ödənilən 1000 manatın və dövlət rüsumu kimi ödənilən 1592,39 manatın cavabdeh - Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) tutulub, iddiaçı - İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə (Bundan sonra - Sifarişçi) İddiaçı (Bundan sonra - İcraçı) arasında 27 sentyabr 2019-cu il tarixdə, SOCAR **********20020182B00007 nömrəli “Ümumi təmizlik və texniki qulluq, binanın daxili və xarici qurğu və texnikalarına nəzarət və idarə etmə xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanılmış və həmin Müqaviləyə əsasən İcraçı Sifarişçinin Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 121 ünvanda yerləşən “SOCAR Tower” adlı inzibati binasında və Binaya aid olan ərazidə Müqavilənin “Xidmətlərin Həcmi və Qiymətləri” adlı 3 saylı Əlavəsində göstərilmiş xidmətləri Müqavilənin “Təmir və İstismar Tələbləri” adlı 1 saylı əlavəsinə və “Təmir və İstismar üzrə Məsuliyyət Matrisası” adlı 2 saylı əlavəsinə uyğun göstərməyi, Sifarişçi isə Müqaviləyə uyğun göstərilmiş xidmətləri qəbul etməyi və əvəzinin Müqavilədə razılaşdırılmış qaydada ödənilməsini öz öhdəsinə götürmüşdür. İcraçı qeyd olunan müqavilələrlə üzərinə düşən öhdəlikləri icra etmiş və görülmüş işlər İddiaçı MMC ilə SOCAR arasında bağlanılmış müvafiq təhvil-qəbul aktları əsasında təhvil verilmişdir. Tərəflər arasında bağlanılmış 27 sentyabr 2019-cu il tarixdə, SOCAR **********20020182B00007 nömrəli “Ümumi təmizlik və texniki qulluq, binanın daxili və xarici qurğu və texnikalarına nəzarət və idarəetmə xidmətlərinin göstərilməsi barədə” Müqavilə”nin 4.3-cü bəndinə əsasən göstərilən xidmətlərin dəyəri hər növbəti ayın ən geci 10–dək, Tərəflərin təyin edəcəkləri səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmiş təhvil-qəbul aktları və İcraçı tərəfindən verilmiş hesab-faktura əsasında ödənilməlidir. İcraçı görülmüş və təhvil verilmiş işlərin dəyərinin ödənilməsi üçün SOCAR-a elektron qaimə-fakturalar göndərmiş, lakin SOCAR borc öhdəliklərini tam həcmdə icra etməmişdir. Hazırda SOCAR-ın İddiaçı MMC-yə cəmi, 1593072.04 (bir milyon beş yüz doxsan üç min, yetmiş iki manat, 04 qəpik) manat məbləğdə ödənilməmiş borcu qalmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq SOCAR həmin borcu ödəməmişdir. İddiaçı - İddiaçı MMC 18 oktyabr2024-cü il tarixdə Elektron Məhkəmə Sistemi və Dövlət Vergi Xidməti vasitəsi ilə, elektron qaydada Cavabdeh – Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR)pretenziya göndərərək, hesablanmış həmin borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsini xahiş etmişdir. Lakin Cavabdeh İddiaçının həmin pretenziyasına cavab verməmişdir.
3. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 1.593.072,04 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbi irəli sürülmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-qəbul aktlarında əks olunan xidmətlərin faktiki olaraq icra edildiyini təsdiqləyən heç bir hüquqi qüvvəyə malik sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi təhvil-qəbul aktlarında göstərilən xidmətlərin icra edildiyini göstərən sübutlar iş materiallarında yoxdur. İddiaçı tərəfindən icra edildiyi iddia olunan xidmətlər əslində yerinə yetirilməmiş və ya onların faktiki icrası ilə bağlı hüquqi baxımdan mötəbər sübut təqdim edilməmişdir. İş materiallarında həmin xidmətlərin hansı işçi heyyəti tərəfindən yerinə yetirildiyi, bu prosesə konkret olaraq hansı əməkdaşların cəlb olunduğu, onların hansı əsasla (əmək müqaviləsi, əmək müqaviləsi bildirişi və digər hüquqi sənədlərlə bu xidmətlərin görülməsində iştirak etmələri barədə hər hansı digər sübut və s.) bu layihədə iştirak etdikləri barədə hər hansı məlumat və sübut yoxdur. Eyni zamanda, iddiaçı tərəfindən görülmüş işlərin dəyərinin nə ilə əsaslandırıldığı, bu xidmətlərin yerinə yetirilməsi üçün istifadə olunmuş materialların haradan və hansı prosedura uyğun şəkildə əldə edildiyi, onların dəyərinin necə hesablandığına dair hər hansı müvafiq təsdiqedici sənədlər iş materiallarına əlavə edilməmişdir. Halbuki, bu məlumatlar və sənədlər borcun mövcudluğunun müəyyən olunması və ümumilikdə iddiaçının tələbinin hüquqi əsaslara söykəndiyini göstərmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, iddiaçının yalnız təhvilqəbul aktları ilə kifayətlənərək məhkəməyə borcun mövcudluğunu sübut etməyə çalışması hüquqi baxımdan kifayət qədər əsaslandırılmış hesab oluna bilməz. Bütün bu məqamlar iş üzrə həqiqətin tam və obyektiv araşdırılması üçün son dərəcə vacib olduğundan işin tam, hərtərəfli və ədalətli araşdırılmasını təmin etmək məqsədilə aşağıdakı sənədlərlə məhdudlaşmayaraq, borcun mövcudluğunu təsdiq edən sənədlər iddiaçı tərəfindən iş materiallarına əlavə edilməli idi və bu sənədlərin təqdim olunmaması iddiaçının sübutetmə vəzifəsini yerinə yetirmədiyini açıq şəkildə göstərir: 1. Xidmət müqaviləsinə əsasən görülən işlərdə hansı işçi heyətinin iştirak etdiyini təsdiq edən sənədlər: - Həmin işçilərlə bağlanmış əmək müqavilələri və ya əmək münasibətlərinin mövcudluğunu sübut edən əmək bildirişləri. 2. Təhvil-qəbul aktlarında əks olunan işlərin icrasında istifadə olunan mal və materialların alınmasını təsdiq edən sənədlər: Alqı-satqı müqavilələri; Qaimələr və hesab-fakturalar və ya digər müvafiq təsdiqedici sənədlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına əsasən mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsasən mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Qeyd edilən müddəalara baxmayaraq, iddiaçı tərəf tələb etdiyi 1.593.072,04 manat məbləğində borcun yaranma səbəblərini əsaslandırmamış və bu borcun mövcudluğunu təsdiqləyən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən borcun təhvil-təslim aktları ilə təsdiq olunmasına dair iddiaçının arqumentlərinin əsassızdır. II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SOCAR**********20020182B00007 saylı müqaviləyə əsasən:
8. Müqavilənin 2.1-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən, İCRAÇİ SOCAR- ın Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 121 ünvanda yerləşən "SOCAR Tower" adlı inzibati binasında (bundan sonra - Bina adlanacaq) və Binaya aid ərazidə "Xidmətlərin Həcmi və Qiymətləri" adlı 3 saylı Əlavəsində göstərilmiş xidmətləri (bundan sonra "Xidmətlər" adlanacaq) Müqavilənin "Təmir və İstismar Tələbləri" adlı 1 saylı Əlavəsinə və "Təmir və İstismar üzrə Məsuliyyət Matrisası" adlı 2 saylı Əlavəsinə uyğun göstərməyi, Sifarişçi isə Müqaviləyə uyğun göstərilmiş xidmətləri qəbul etməyi və əvəzinin Müqavilədə razılaşdırılmış qaydada ödənilməsini öz öhdəsinə götürür.
9. Müqavilənin 2.2-ci bəndinə əsasən Xidmətlər, 1 saylı Əlavədə və 2 saylı Əlavədə təsvir edilmiş tələb və təlimatlar, məsluliyyətlər bölgüsünə uyğun olmaqla, BİNADA bütün sistemlərin normal fəaliyyətini, təhlükəsizliyini, funksionallığını və sabitliyini təmin edə bilən tədbirli və fəal bir İstismar və Təmir Şirkəti olan İCRAÇİ tərəfindən lazımi qaydada (keyfiyyətli və tam) icra olunacaqdır.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və 12 (on iki) ay müddətində qüvvədə olacaqdır. Müqavilənin şərtləri Tərəflər arasında 01 avqust 2019-cu il tarixdən Müqavilənin qüvvəyə mindiyi tarixədək mövcud olan münasibətlərinə də şamil edilir.
11. Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər Müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə qarşılıqlı razılaşdıqda və ya müqavilənin qüvvədə olma müddətinin uzadılmasına etiraz etdikdə İCRAÇİ Xidmətlərin göstərilməsini Müqaviləyə uyğun 2 aydan çox olmamaqla, davam etdirir, Sifarişçi isə bu dövr üçün göstərilmiş xidmətlərin dəyərini Müqaviləyə uyğun ödəyir.
12. Müqavilənin 4.1-ci bəndinə əsasən Xidmətlərin həcmi və dəyəri Müqavilənin 3 nömrəli Əlavəsində müəyyən edilir.
13. Müqavilənin 4.2-ci bəndinə əsasən qiymətlərə Xidmətlərin göstərilməsi üçün bütün xərclər və qüvvədə olan qanunvericiliyə əsasən nəzərdə tutulmuş vergilər, rüsumlar və digər məcburi ödənişlər daxildir.
14. Müqavilənin 4.3-cü bəndinə əsasən göstərilən Xidmətlərin dəyəri hər növbəti ayın ən geci 10-dək Tərəflərin təyin (yazılı qaydada) edəcəkləri səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmiş təhvil-qəbul aktları və İCRAÇİ tərəfindən verilmiş hesab-faktura əsasında ödənilir. Təhvil-qəbul aktı və hesab-faktura hər növbəti ayın ən geci 5-dək təsdiq edilməli və Sifarişçiyə göndərilməlidir.
15. Müqavilənin 5.1-ci bəndinə əsasən xidmətləri yalnız Müqavilədə göstərilmiş ünvanda yerləşən BİNA və ona aid sahələrdə həyata keçirməyi öz öhdəsinə götürür.
16. Müqavilənin 6.7-ci bəndinə əsasən sifarişçinin müqaviləyə uyğun olaraq, icraçıya ödəniş etmək və MÜQAVİLƏ ilə müəyyənləşdirilmiş digər öhdəlikləri istisna olmaqla, heç bir məsuliyyəti yoxdur. SİFARİŞÇİNİN məsuliyyəti bu bəndlə məhdudlaşır və İCRAÇİ onun öhdəliklərinə aid hərəkət/hərəkətsizlik səbəbi ilə yaranan bütün iddia, tələb, zərər və itkilərə qarşı SİFARİŞÇİNİ qorumalı, zərərdən müdafiə etməlidir.
17. Müqavilənin 7.1-ci bəndinə əsasən .1. İCRAÇİ, hər ay göstərilmiş XİDMƏTLƏR üçün Müqavilənin 4.3-cü bəndinə uyğun olaraq, özündə aşağıdakı məlumatları əks etdirən hesab fakturanı hazırlamalı: Aylıq istismar və təmir xidmətlərinin qiyməti; Müqavilənin 5.2ci Maddəsinə əsasən hər bir qüsurun dəyəri, əgər varsa; üçüncü tərəfdən əldə edilən xidmət və malların faktura məbləğinə bərabər olan və Müqavilə Qiymətinə daxil edilməmiş məbləğ və bu məbləğin SİFARİŞÇİ ilə öncədən razılaşdırılmış 5% (beş faiz) həcmində əlavəsi; və SİFARİŞÇİNİN məmnuniyyəti üçün, satınalınan Xidmət və işlər, ehtiyyat hissələri, sərf edilən ləvazimatlar, materiallar, alətlər, avadanlıqlar və sairlə əlaqədar 3-cü tərəflərə aid müşayiətedici fakturalar və ödəniş qəbzlərini fakturaya əlavə edərək SİFARİŞÇİYƏ çatdırmalıdır.
18. Müqavilənin 15.1-ci bəndinə əsasən müqavilənin qüvvəyə mindiyi tarixdən sonrakı 5 (beş) iş günündən gec olmayaraq AVADANLİĞİN təhvil verilməsi ilə, XİDMƏTİN icra olunacağı BİNA, SİFARİŞÇİ tərəfindən İCRAÇİYA təhvil verilmiş hesab olunur. TƏRƏFLƏR ilkin təhvil-təslim üçün icra tarixi göstərilən təhvil-təslim şəhadətnaməsini hazırlamalı və ikitərəfli qaydada imzalamalıdır.
19. Müqavilənin 15.4-cü bəndinə əsasən Tərəflər XİDMƏTLƏRƏ dair təhvil - təslim aktında, onlar tərəfindən aşkar edilmiş bütün qüsurları açıq - aydın və təfsilatlı qaydada təsvir etməli və məlumat verməlidir. Təhvil-təslim prosesi zamanı zəruri diqqət yetirməsi nəticəsində aşkar etdiyi və ya edə biləcəyi qüsuru aktda qeyd etməyən tərəf, sonradan bu qüsurun(-ların) mövcudluğuna istinad edə bilməz.
20. 01.11.2019-cu il tarixli “Socar” və İddiaçı arasında inzibati binaya təmizlik, bina və binada istismar olunan avadanlıqlara texniki xidmətlərin göstərilməsinə dair xx.xx.2019-cu il tarixdə bağlanmış “Ümumi təmizlik və texniki qulluq, daxili və xarici qurğu və texnikalara xidmətlərin göstərilməsi üzrə müqavilə” üzrə göstərilmiş xidmətlərin təhvil-qəbul aktına əsasən görülmüş işlərin cəmi 354796,36 manat məbləğində, xx.xx.2019-cu il tarixli akta əsasən cəmi 319952,30 manat məbləğində, xx.xx.2020-ci il tarixli akta əsasən 324454,18 manat məbləğində, xx.xx.2020-ci il tarixli akta əsasən cəmi 323732,30 manat məbləğində, xx.xx.2020-ci il tarixli akta əsasən cəmi 352216,30 manat məbləğində, xx.xx.2020-ci il tarixli akta əsasən 318683,55 manat məbləğində, xx.xx.2020-ci il tarixli akta əsasən 328457,30 manat məbləğində, xx.xx.2020-ci il tarixli akta əsasən 373010,90 manat məbləğində, xx.xx.2020-ci il tarixli akta əsasən 319952,30 manat məbləğində, xx.xx.2020ci il tarixli akta əsasən 351859,18 manat məbləğində, xx.xx.2020-ci il tarixli akta əsasən 319952,30 manat məbləğində, xx.xx.2020-ci il tarixli akta əsasən 324454,18 manat məbləğində, xx.xx.2020-ci il tarixli akta əsasən 323732,30 manat məbləğində xx.xx.2020ci il tarixli akta əsasən 319855,30 manat məbləğində, xx.xx.2021-ci il tarixli akta əsasən 373010,90 manat məbləğində, xx.xx.2021-ci il tarixli akta əsasən 339589,80 manat məbləğində, xx.xx.2021-ci il tarixli akta əsasən 323879,47 manat məbləğində, xx.xx.2021ci il tarixli akta əsasən 348079,18 manat məbləğində, xx.xx.2021-ci il tarixli akta əsasən 323732,30 manat məbləğində, xx.xx.2021-ci il tarixli akta əsasən 319952,30 manat məbləğində, xx.xx.2021-ci il tarixli akta əsasən 319952,30 manat məbləğində, xx.xx.2021ci il tarixli akta əsasən 364243,40 manat məbləğində, xx.xx.2021-ci il tarixli akta əsasən 347357,30 manat məbləğində, xx.xx.2021-ci il tarixli akta əsasən 319952,30 manat məbləğində, xx.xx.2021-ci il tarixli akta əsasən 348079,18 manat məbləğində, xx.xx.2021ci il tarixli akta əsasən 323732,30 manat məbləğində, xx.xx.2022-ci il tarixli akta əsasən 319952,30 manat məbləğində, xx.xx.2022-ci il tarixli akta əsasən 349385,90 manat məbləğində, xx.xx.2022-ci il tarixli akta əsasən 352397,30 manat məbləğində, xx.xx.2022ci il tarixli akta əsasən 319952,30 manat məbləğində, xx.xx.2022-ci il tarixli akta əsasən 389128,36 manat məbləğində, xx.xx.2022-ci il tarixli akta əsasən ƏDV daxil 483536,60 manat məbləğində, xx.xx.2022-ci il tarixli akta əsasən ƏDV daxil 382004,11 manat məbləğində, xx.xx.2022-ci il tarixli akta əsasən ƏDV daxil 382855,93 manat dyərində, xx.xx.2022-ci il tarixli akta əsasən 376511,21 manat dəyərində və xx.xx.2022-ci il tarixli akta əsasən ƏDV daxil cəmi 333964,18 manat dəyərində müəyyən edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
21. İddiaçı tərəfindən müqavilə üzrə xx.xx.2019 - xx.xx.2022-ci illəri əhatə edən eqaimələr tərtib edilərək cavabdehə göndərilmişdir.
22. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
23. Belə ki, iddiaçı iddia edir ki, cavabdeh ona göstərilən xidmətlərin dəyəri olan 1.593.072,04 manat ödəniş etmədiyi üçün borcu yaranmış və həmin borcun tutulmasını məhkəmə qaydasında tələb edir. İddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində ikitərəfli təhvil aktları və elektron qaimələr əlavə edilmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-qəbul aktlarında əks olunan xidmətlərin faktiki olaraq icra edildiyini təsdiqləyən heç bir hüquqi qüvvəyə malik sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi təhvil-qəbul aktlarında göstərilən xidmətlərin icra edildiyini göstərən sübutlar iş materiallarında yoxdur. İddiaçı tərəfindən icra edildiyi iddia olunan xidmətlər əslində yerinə yetirilməmiş və ya onların faktiki icrası ilə bağlı hüquqi baxımdan mötəbər sübut təqdim edilməmişdir. İş materiallarında həmin xidmətlərin hansı işçi heyyəti tərəfindən yerinə yetirildiyi, bu prosesə konkret olaraq hansı əməkdaşların cəlb olunduğu, onların hansı əsasla (əmək müqaviləsi, əmək müqaviləsi bildirişi və digər hüquqi sənədlərlə bu xidmətlərin görülməsində iştirak etmələri barədə hər hansı digər sübut və s.) bu layihədə iştirak etdikləri barədə hər hansı məlumat və sübut yoxdur. Eyni zamanda, iddiaçı tərəfindən görülmüş işlərin dəyərinin nə ilə əsaslandırıldığı, bu xidmətlərin yerinə yetirilməsi üçün istifadə olunmuş materialların haradan və hansı prosedura uyğun şəkildə əldə edildiyi, onların dəyərinin necə hesablandığına dair hər hansı müvafiq təsdiqedici sənədlər iş materiallarına əlavə edilməmişdir. Halbuki, bu məlumatlar və sənədlər borcun mövcudluğunun müəyyən olunması və ümumilikdə iddiaçının tələbinin hüquqi əsaslara söykəndiyini göstərmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, iddiaçının yalnız təhvilqəbul aktları ilə kifayətlənərək məhkəməyə borcun mövcudluğunu sübut etməyə çalışması hüquqi baxımdan kifayət qədər əsaslandırılmış hesab oluna bilməz.
24. Məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr və təhvil aktları xx.xx.2019-cu il tarixli, SOCAR**********20020182B00007 saylı podrat müqaviləsi üzrə 1.593.072,04 manat həcmində işlərin iddiaçı tərəfindən icra edildiyini təsdiq edən mötəbər sübut hesab edilə bilməz.
25. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
26. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
27. Məhkəmə hazırlıq iclaslarında cavabdehin nümayəndəsi iddiaçı tərəfindən əlavə sübutların (həmin xidmətlərin hansı işçi heyyəti tərəfindən yerinə yetirildiyi, bu prosesə konkret olaraq hansı əməkdaşların cəlb olunduğu, onların hansı əsasla (əmək müqaviləsi, əmək müqaviləsi bildirişi və digər hüquqi sənədlərlə bu xidmətlərin görülməsində iştirak etmələri barədə hər hansı digər sübut və s.) bu layihədə iştirak etdikləri, iddiaçı tərəfindən görülmüş işlərin dəyərinin nə ilə əsaslandırıldığı, bu xidmətlərin yerinə yetirilməsi üçün istifadə olunmuş materialların haradan və hansı prosedura uyğun şəkildə əldə edildiyi, onların dəyərinin necə hesablandığına dair sənədlərin) təqdim edilməsini tələb etsə də, iddiaçı tərəf təqdim etməmiş, əlavə sübutların təqdim edilməsinə zərurətin olmadığını, misal üçün işlərin görülməsi üçün hər-hansı ləvazimatın alınmasına dair sübutu məhkəməyə təqdim etdikləri halda həmin ləvazimatların məhz bu işlər üçün istifadə edilməsini məhkəmə tərəfindən müəyyən edilə bilməyəcəyini bildirmiş, sonuncu hazırlıq iclasında isə iddiaçı tərəfindən hər-hansı başqa sübutun məhkəməyə təqdim olunmayacağını bildirərək işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından da göründüyü kimi iddiaçı tərəfindən 1.593.072,04 manat dəyərində podrat işlərinin həqiqətən də görülməsi möhtəbərliyi şübhə altına alınmayan və təqzibolunmaz sübutla təsdiq olunmur.
31. Bununla bağlı məhkəmə qeyd edir ki, hüquqi şəxs olan iddiaçı tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir.
32. Bu baxımdan məhkəmə hesab edir ki, heç bir yazılı sübutlar olmadığı halda iş üzrə elektron qaimələr və tərəflər arasında imzalanmış ikitərəfli təhvil aktları podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, məhkəmə tərəfindən təhvil-qəbul aktlarına nəzər yetirdikdə - inzibati binaya gündəlik texniki xidmətin göstərilməsi – 191.307,02 manat, binanın daxilinin və həyətyanı sahənin təmizliyinin gündəlik və mütəmadi təmin edilməsi – 62.754,48 manat və s. xidmətlərin bu gədər yüksək giymətə müəyyən edilməsi (başa gəlməsi) məhkəmədə sübhə yaratmış və iddiaçıya bu giymətlərin nəyə əsasən bu gədər yüksək olunması, dəqiq olaraq binaya hanzı texniki xidmətin göstərildiyi sualı verildikdə, binanın gündəlik təmizliyi, sanitar qovşaqları gigiyenik vasitələr ilə təmin edilməsi və sair bildirmişdir. Lakin, bu cavablar aktlarda göstərilən məbləğlərin həqiqəti əks etdirdiklərini, 1.593.072,04 manat dəyərində işlərin faktiki olaraq görülməsinin doğruluğuna dair məhkəmədə daxili inam yarada bilməmişdir.
33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 1.593.072,04 manat dəyərində podrat işlərinin yerinə yetirilməsi və bununla da, podrat müqaviləsi üzrə iddiaçının öz öhdəliyini icra etməsi sübut olunmur.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
37. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
38. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
40. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
41. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.
46. Beləliklə, işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə 1.593.072,04 manat həcmində işlərin görülməsini təsdiq edən) hər hansı mötəbər və təkzibedilməz sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir.
47. Bundan əlavə, iddiaçı hüquqi yardım üçün ödənilən 1000 manatın və dövlət rüsumu kimi ödənilən 1592,39 manatın cavabdehdən tutulması xahiş edir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Məhkəmə qeyd edir ki, iddia ərizəsi rədd olunduğu üçün ödənilmiş dövlət rüsumu və vəkil xərci iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qarşı 1.593.072,04 manat məbləğində borcun tutulması barədə iddia ərizəsi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 1590 manat dövlət rüsumu və 1000 manat hüquqi yardıma görə xərc İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova