Məhkəmə qərarları › İş №e-2-2(113)-925/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-925/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-925/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliyi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçı tərəfindən görülmüş elektrik təchizatı işlərinə görə 31024 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 184 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, xidmət müqaviləsinə əsasən Füzuli şəhərində yerləşən məktəb binasında elektrik təchizatı işlərinin görülməsi barədə razılığa gəlinmişdir. Eyni zamanda X1 ilə də Cavabdeh MMC arasında xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən o da Füzuli şəhərində yerləşən məktəb binasında elektrik təchizatı işlərini görməli idi. Yəni Cavabdeh MMC həm İddiaçı, həm də X1 ilə müqavilə bağlamış və onlar birlikdə Füzuli şəhərində yerləşən məktəb binasında elektrik təchizatı işlərini görməli idilər. Həmin müqaviləyə əsasən görülən işin 1 kv.m görə 10 manat ödəniş edilməli idi. İddiaçı və X1 tərəfindən 9300 kv.m metr elektirik təchizatı işi görülüb təhvil verildi. Bu işə görə 93000 manat ödəniş edilməli idi. Sonradan layihənin dəyişməsi ilə əlaqədar olaraq, işlərin artması səbəbindən əlavə olaraq 7000 manat da ödəniş edilməsi barədə razılığa gəlinmişdir. Daha sonra tərəflər arasında olan şifahı razılaşmaya əsasən yarımstansiyadan məktəb binasına kabel xəttinin çəkilməsi və məktəbin damında quraşdırılmış avadanlıqların elektrik təchizatı işlərinin görülməsi barədə də razılığa gəlinmişdir. Razılığa əsasən Cavabdeh MMC tərəfindən yarımstansiyadan məktəb binasına kabel xəttinin çəkilməsi üçün 18000 manat və məktəbin damında quraşdırılmış avadanlıqların elektrik təchizatı işlərinin görülməsi isə 20000 manat ödəniş edilməli idi. İddiaçı və X1 birgə bütün işləri bərabər şəkildə görmüş, razılaşmada nəzərdə tutulan işlər tam olaraq təhvil verilmiş, lakin görülən işlərin dəyəri bu günə kimi tam olaraq ödənilməmişdir. Belə ki, Cavabdeh MMC görülən işlərə görə ümumilikdə 138000 manat (yəni hər birinə 69000 manat) ödəniş etməli idi. Lakin Cavabdeh MMC tərəfindən cəmi 37976 manat ödəniş edilmişdir. Hal-hazırda Cavabdeh MMC tərəfindən yuxarıda qeyd edilən elektrik təchizatı işlərinə görə 31024 manat ödəniş edilməlidir. Pretenziya qaydasında Cavabdeh MMC-yə müraciət olunmağına baxmayaraq, cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh MMC ilə yaranan mübahisə məhkəmə qaydasında həll edilməli, Cavabdeh MMC-dən 31024 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Göründüyü kimi, İddiaçı tərəfindən razılaşmaya uyğun olaraq elektrik təchizatı işləri tam olaraq görülüb təhvil verilsə də, Cavabdeh MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ümumilikdə 69000 manat ödəniş edilməli olduğu halda, cəmi 37976 manat ödəniş edilərək, qalan məbləği ödəməkdən yayınmışdır. Bu səbəbdən də görülmüş işlərin dəyərinin ödənilməyən 31024 manat hissəsi, eləcə də iddia ərizəsi vermək üçün ödənilən dövlət rüsumunun əvəzi olaraq 184 manat pul Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 430, 442, 447.1, 753.2, 753.3, 756.1, 759.1, 759.2, 770, 776.1, 776.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, eyni işə görə M. Mustafayevə çox, lakin ona daha az məbləğdə pul ödənilmişdir. ona görə də cavabdehə qarşı hazırkı iddianı qaldırmışdır. İşlərin görülməsinə dair hər hansı sübutu yoxdur.

6. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, hazırkı iddiaçı Mirsəməd adlı şəxslə birlikdə gəlmiş və onunla işləmişdir. Elə hallar olur ki, bir neçə nəfər gəlir və işləyirlər, pul məbləği onlardan birinin hesabına vurulur. Görülən işlərin sübutu kimi forma 4 təqdim olunur və onların əsasında qaimələr vurulur. Hazırkı tələb üzrə iddiaçı bizə xidmət göstərməyibdir. Əgər işlər görülsə idi, forma 4 təqdim olunardı, lakin hazırkı iş üzrə forma 4 təqdim olunmamışdır. İddiaçıya hər hansı bir borc yoxdur. Bunları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. İş materiallarından görünür ki, sifarişçi qismində Cavabdeh MMC ilə icraçı İddiaçı arasında xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı sifarişçinin tapşırığı ilə Füzuli şəhərində elektrik işlərinin görülməsini və yaranan sualların həllinə rəhbərliyi öz üzərinə götürür. Həmin müqavilənin 3.1.5-ci maddəsinə əsasən sifarişçinin göstərilmiş xidmətlərin dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə ödəyir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə ilə nəzərdə tutulmuş işlər icraçı tərəfindən müvafiq qaydada tərtib edilmiş hesabatlar hər ay üzrə və ya sifarişçi tərəfindən tələb olunduğu hər hansı bir zamanda sifarişçiyə təqdim edilir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə görüləcək işlərin dəyəri, müqavilədə nəzərdə tutulmuş xərclər köçürmə yolu ilə icraçının bank hesabına ödəniləcəkdir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən ödəniş görülmüş işlər haqqında hesabat təqdim edildikdən sonra 10 bank günü ərzində ödənilir.

8. İddiaçı tərəfindən məhkəməyə iddiaçı tərəfindən cavabdehə göndərilmiş, ödənişi edilmiş xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 724123 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 553001 nömrəli elektron və xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 014821 nömrəli elektron qaimələr təqdim olunmuşdur.

9. İddiaçı tərəfindən iş materiallarına cavabdeh tərəfindən ona edilmiş ödənişlərlə bağlı bank hesabından çıxarış əlavə edilmişdir.

10. İddiaçı tərəfindən Cavabdehnə pretenziya məktubu göndərilərək, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi

15. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında Füzuli şəhərində yerləşən məktəb binasında elektrik təchizatı işlərini görməli, sifarişçi isə bu xidmətin müqabilində icraçıya əvvəlcədən razılaşdırılmış məbləğdə xidmət haqqının ödəməli idi. Tərəflər arasında müqavilənin bağlanması, işlərin görülməsi, ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir. Belə ki, həmin halı tərəflər də mübahisələndirməmiş və həmin hal məhkəməyə təqdim olunan bank hesabından çıxarışla öz təsdiqini tapır. Həmçinin iddiaçı məhkəməyə təqdim etdiyi üç elektron qaimə üzrə də ödənişin olunduğunu bildirmişdir, yəni həmin elektron qaimələr hazırkı mübahisə ilə bağlı olmamışdır.

16. Mübahisəli hal ondan ibarətdir ki, iddiaçı gördüyü işlərin haqqının qismən ödənildiyini, qalıq məbləğin 31024 manat təşkil etdiyini iddia etmiş, cavabdeh isə iddiaçıya heç bir borcun qalmadığını, görülən işlərin haqqının tam ödənildiyini bildirmişdir. İddiaçı, iddia ərizəsində digər şəxslə birgə bütün işləri bərabər şəkildə gördüyünü, razılaşmada nəzərdə tutulan işlərin tam olaraq təhvil verildiyini, lakin görülən işlərin dəyərinin bu günə kimi tam olaraq ödənilmədiyini bildirmiş, cavabdeh tərəfdən öhdəliklərin lazımınca yerinə yetirilmədiyini iddia edərək, hazırkı tələbi irəli sürmüşdür.

17. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi bütün ödənişlərin görülmüş işlərə uyğun tərtib edilmiş forma 4 sənədlərinə uyğun edildiyini, onlara iddiaçı tərəfindən hazırkı məbləğdə işlərin görülməsinə dair hər hansı sənədin (forma 4, elektron qaimə və s.) təqdim edilmədiyini və iddiaçıya hər hansı borclarının olmadığını bildirmişdir.

18. İddia tələbi xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə yerinə yetirilmiş və təhvil verilmiş işlərə görə ödənilməli olan 31024 manat məbləğində borcun cavabdehdən tutulmasından ibarətdir.

19. Məhkəmənin qənaətinə əsasən iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddiaçı həmin məbləğdə işlərin görülməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

20. Qeyd olunanlara əsasən məhkəmə hazırkı nəticəyə gəlmişdir.

21. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar