Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-944/2020 25.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı xxxx (Azərbaycan) ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xxxx (Azərbaycan) ASC Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC tərəfindən iddiaçı xxxx (Azərbaycan) ASC-nin xeyrinə xx xxxxx 2019-cu il tarixli, HA/0036/19/MLT saylı Xidmətlərin göstərilməsinə dair müqavilə üzrə yaranmış 96781 (doxsan altı min yeddi yüzsəksən bir) AZN məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 (otuz) manat pulun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinə əlavə ilə müraciət edərək, xx xxxxx 2019-cu il tarixli, HA/0036/19/MLT saylı Xidmətlərin göstərilməsinə dair müqavilə üzrə yaranmış 96781 AZN məbləğində borcun, 269.916,6 AZN məbləğində cərimə borcunun, cəmi 366697,6 AZN və köçürülmüş dövlət rüsumuna görə 30 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxx (Azərbaycan) ASC ilə Cavabdeh MMC arasında xx xxxxx 2019-cu il tarixli, HA/0036/19/MLT saylı Xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh (icraçı) Azərbaycan Respublikası ərazisində cavabdehə məxsus olan mobil ödəmə terminalları (avadanlıqları) vasitəsilə iddiaçı (sifarişçi) tərəfindən abunəçilərdən yığılması nəzərdə tutulan vəsaitlərin toplayır və həmin vəsaitlərin iddiaçının bu Müqavilədə qeyd olunan hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmətləri göstərir, iddiaçı isə cavabdehin göstərdiyi xidmətin həcminə görə ona xidmət haqqı ödəyir. Həmin müqavilənin 7.4-cü maddəsinə əsasən icraçı ay ərzində yığılan pul vəsaitlərini həmin ayın sonunadək cavabdehin hesablaşma hesabına köçürür. Cavabdeh tərəfindən 2019-cu ilin may, iyun, iyul, sentyabr, noyabr, dekabr ayları ərzində yığılan pul vəsaitləri müqavilə ilə müəyyən olunmuş müddət ərzində iddiaçının hesablaşma hesabına köçürülməmişdir. Belə ki, həmin müqavilə üzrə yaranmış 96781 (doxsan altı min yeddi yüz səksən bir) manat borc məbləği hazırkı tarixədək şirkətə ödənilməmişdir. Müqavilə üzrə öhdəliklərin icrası Cavabdeh MMC tərəfindən yerinə yetirilmədiyi üçün Cavabdeh MMC ilə bağlanmış xx xxxxx 2019-cu il tarixli, HA/0036/19/MLT saylı müqaviləyə xx.xx.2020-ci il tarixindən xitam verilmişdir. Müqavilənin 8.1-ci maddəsinə görə bütün qarşılıqlı ödənişlər və cərimələr üzrə borclar bu Müqaviləyə xitam verilən günədək tam ödənilməlidir. Lakin, Cavabdeh MMC müqaviləyə xitam verildikdən sonra da heç bir ödəniş etməmişdir. xx.xx.2019-cu il tarixində cavabdehə pretenziya məktubu göndərərək borc öhdəliyini xx xxxxxx 2020-ci il tarixinədək icra edilməsi xahiş edilmişdir. Həmin pretenziya məktubu cavabdehə xx.xx.2019-cu il tarixində təqdim edilmişdir. Buna baxmayaraq cavabdeh indiyədək borc məbləğini ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan xxxx (Azərbaycan) ASC ilə Cavabdeh MMC arasında xx xxxxx 2019-cu il tarixli, HA/0036/19/MLT saylı Xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh (icraçı) Azərbaycan Respublikası ərazisində cavabdehə məxsus olan mobil ödəmə terminalları (avadanlıqları) vasitəsilə iddiaçı (sifarişçi) tərəfindən abunəçilərdən yığılması nəzərdə tutulan vəsaitlərin toplayır və həmin vəsaitlərin iddiaçının bu Müqavilədə qeyd olunan hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmətləri göstərir, iddiaçı isə cavabdehin göstərdiyi xidmətin həcminə görə ona xidmət haqqı ödəyir. Həmin müqavilənin 7.4-cü maddəsinə əsasən icraçı ay ərzində yığılan pul vəsaitlərini həmin ayın sonunadək cavabdehin hesablaşma hesabına köçürür. İş materiallarında olan Cavabdeh və "xxxx" ASC arasında bağlanmış HA/0036/19/MLT nömrəli "01" aprel 2019-cu il tarixli Müqaviləyə əsasən Noyabr ayı 2019cu il ərzində ödənişlərin yığımı haqqında xx.xx.2019-cu il tarixli X1 əsasən: ayın əvvəlinə qalıq 84 085,00 AZN, ay ərzində sistemə daxil edilmişdir 7 788,00 AZN, ay ərzində “xxxx” ASC-yə köçürülmüşdür 0,00 AZN, ayın sonuna qalıq 91 873,00 AZN təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, xxxx (Azərbaycan) ASC Cavabdeh MMC-yə əsas borc məbləği 96781 manatın xx.xx.2020-ci il tarixədək ödənilməzsə, məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımınca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış müqavilə üzrə hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasibdir deyildir. Odur ki, tələb edilən məbləğdə deyil, 2900 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edildiyindən iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 93136 (doxsan üç min yüz otuz altı) manat əsas borc, 2900 (iki min doqquz yüz) manat cərimə, cəmi 96.036 manat məbləğində pul vəsaiti tutularaq “xxxx (Azərbaycan) ASC-yə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh MMC-dən tutularaq xxxx (Azərbaycan) ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 93136 (doxsan üç min yüz otuz altı) manat əsas borc, 2900 (iki min doqquz yüz) manat cərimə, cəmi 96.036 manat məbləğində pul vəsaiti tutularaq “xxxx (Azərbaycan) ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh MMC-dən tutularaq xxxx (Azərbaycan) ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-944/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-944/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver