Məhkəmə qərarları › İş №e-2-2(113)-9478/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9478/2025

02.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9478/2025 02.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı ödənilmiş sığorta ödənişinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı ödənilmiş sığorta ödənişinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən “Changan C575” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə əsassız olaraq ödənilmiş 2.419.5 manat pulun və ödənilmiş 44,20 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə “Mercedes Benz E350” markalı, ** YP *** (** YP ***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Changan C575” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, həmçinin digər 2 nəqliyyat vasitəsinin toqquşması ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yolnəqliyyat hadisəsində “Mercedes Benz E350” markalı, ** YP *** (** YP ***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və “Changan C575” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri X4 və X3 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, hər iki sürücü barədə qəbul edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar, o cümlədən forma 4 arayışı iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 135615 saylı sığorta aktına və **********175 saylı sığorta şəhadətnaməsinə əsasən, “Changan C575” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı iddiaçı sığorta şirkətində könüllü (kasko) sığorta qaydasında sığortalanmışdır. Rəsmi Servisin yəni Cavabdeh MMC-nin öz ekspertləri tərəfindən icra edilmiş xidmətlərə dair akt tərtib edilmiş və sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərər 5039.41 AZN (beş min otuz doqquz manat qırx bir qəpik) olaraq qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli, “A” formatlı ödəniş tapşırığından göründüyü kimi cavabdehin təqdim etdiyi bank hesabına 5039 AZN sığorta ödənişi edilmişdir. İş materiallarında olan İcbari sığorta müqaviləsindən göründüyü kimi hadisə zamanı təqsirli olan digər avtomobil “Mercedes Benz E350” markalı, ** YP *** (** YP ***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinin icbari avtoməsuliyyət sığortası hadisə zamanı "xxxx" ASC-də sığortalanmışdır. İddiaçı tərəfindən “PAŞA Sığorta ASC-yə icbari sığorta ödənişinin edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli məktub ünvanlanmışdır. Sonuncu tərəfindən iddiaçıya göndərilən xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixində “Changan C575” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi sığorta məbləğinin tam şəkildə digər zərərçəkənə ödənilməsinə etiraz etmədiyini rəsmi şəkildə bildirmişdir. Buna görə də tam sığorta məbləği həcmində sığorta ödənişi hadisə ilə əlaqədar digər zərərçəkənə ödənilmişdir. Bununla da, cavabdeh iddiaçının dəymiş zərərlə əlaqədar ona ödəmiş olduğu sığorta ödənişini Subroqasiya qaydasında zərərvuranın icbari sığorta şirkətindən tələb etmək hüququnu əlindən almışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Mülki Məcəllənin:

- 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. - 889.1-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. - 889.2-ci maddəsinə əsasən sığorta marağının mövcudluğu qanunla və ya mülkihüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. - 909.1-ci maddəsinə əsasən sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Girov və lizinq münasibətlərinin şərti kimi tətbiq edilən sığorta müqavilələri üzrə faydalanan şəxs (şəxslər) müvafiq olaraq girov saxlayanın və ya lizinq verənin razılığı ilə təyin edilə və ya dəyişdirilə bilər. - 915-ci maddəsinə əsasən sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir. - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. - 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.

8. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh MMC-yə məxsus olan “Changan CS75” markalı ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı i tarixədək könüllü qaydada (kasko) siğorta olunmuşdur.

9. Cavabdeh MMC-yə məxsus olan “Changan CS75” markalı ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin könüllü qaydada siğorta olunması barədə xx.xx.2022ci il tarixli şəhadətnamədən görünür ki, faydalanan şəxs kimi Cavabdeh MMC müəyyən olunmuşdur.

10. İşin digər müəyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə “Changan CS75” markalı ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Mercedes Benz E350 minik markalı 99YP420 dövlət qeydiyyat nişanlı və başqa nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd edilmiş nolnəqliyyat hadisəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati qaydada qərar qəbul edilmiş və təqsirli bilinmişlər.

11. İşin digər müəyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh MMC-yə məxsus olan “Changan CS75” markalı ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün 5039 ,41 manat tələb edilmiş, bu barədə icra edilmiş xidmətlərə dair akt tərtib edilmiş, bundan sonra "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə məxsus olan “Changan CS75” markalı ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı xx.xx.2024-cü il tarixli sığorta aktı tərtib edilmiş və xx.xx.2024-cü il tarixində 5039 manat məbləğində pul "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir.

12. Hazırda iddiaçı Subroqasiya qaydasında ödəmiş olduğu məbləği geri ala bilmədiyindən cavabdehə ödənilmiş sığorta ödənişinin əsassız olmasını, Cavabdeh MMC-nin əsassız olaraq varlandığını, Yol-nəqliyyat hadisəsində “Mercedes Benz E350” markalı, ** YP *** (** YP ***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bərabər həm də, sığortalanmış əmlak olan “Changan C575” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü təqsirli olduğu üçün iddiaçı tərəfindən ödənilmiş 5.039 manat sığorta ödənişindən 200 AZN azadolma (franşiza) məbləği çıxılmaqla qalan 4.839 manat sığorta məbləğinin yarısı, yəni 2.419,5 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olduğunu bildirir.

13. Göründüyü kimi, iddiaçı tərəf Cavabdeh MMC-yə məxsus olan “Changan CS75” markalı ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğini mübahisələndirmir. İddiaçının istinad etdiyi hal ancaq, Cavabdeh MMC tərəfindən "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubla bağlıdır.

14. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş məktub ünvanlanmışdır. Qeyd edilmiş məktubdan görünür ki, Cavabdeh MMC, baş vermiş hadisə nəticəsində əsas zərərçəkən X13 markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə müəyyən edilmiş zərərin ödənilməsinə etiraz etmədiyini bildirmişdir.

15. Məhkəmə bu xüsusda qeyd edir ki, "xxxx" ASC Cavabdeh MMC-nin könüllü sığorta müqaviləsi üzrə sığortaçısı olaraq, sığorta hadisəsi ilə bağlı sığorta ödənişini etmək onun birbaşa vəzifəsidir. Sığortalı olan Cavabdeh MMC tərəfindən isə verilmiş olan məktubuna istnad etməklə, "xxxx" ASC tərəfindən vermiş olduğu sığorta ödənişindən azadolma məbləği çıxmaqla, onun yarsının qaytarılması (və hətta nəyə görə məhz yarısı, bu meyarın özü belə qeyri-müəyyəndir) tələbinin hüquqi əsası müəyyən deyildir.

16. Bundan başqa da, Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən işə əlavə edilmiş sənədlərdən görünür ki, hadisənin digər iştirakçısı və təqsirli bilinmiş DİN-nin Avtomobil Təsərrüfatına məxsus Mercedes Benz E350 minik markalı 99YP420 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X7 olmuşdur.

17. "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, hadisə üzrə ödənilmiş 4.839 manat pulun "xxxx" ASC tərəfindən onlara ödənilməsi tələb edilmişdir.

18. "xxxx"xxxx"xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 90YP543 dövlət qeydiyyat nişanlı Mercedes Benz E350 minik markalı nəqliyyat vasitəsinin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalandığını, yuxarıda qeyd edilmiş Cavabdeh MMC tərəfindən verilmiş olan xx.xx.2024-cü il tarixli məktuba istinad edərək, tam sığorta məbləği həcmində sığorta ödənişinin, hadisə ilə əlaqəli digər zərər dəymiş ** VN *** dövlət qeydiyyat nişanlı X13 markalı avtomobil üzrə həyata keçirildiyini bildirmişdir.

19. Məhkəmə bu xüsusda qeyd edir ki, könüllü sığortaçı olan "xxxx" ASC öz istəyi ilə, sığortalısı olan Cavabdeh MMC-yə aid olan nəqliyyat vasitəsinə dəymiş olan zərəri tam olaraq ödəmişdir.

20. Mülki Məcəllənin də, 931-ci maddəsinin tələbindən görünür ki, sığrta ödənişi ilk növbədə icbari sığorta müqaviləsi bağlamış sığortaçı ödəməlidir. Ancaq, hazırkı halda, Mercedes Benz E350 minik markalı 99YP420 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortaçısı "xxxx" ASC icbari sığorta ödənişini digər zərər çəkmiş nəqliyyat vasitəsinin sürücüsünə ödəmişdir.

21. Məhkəmə qeyd edir ki, artıq hər bir sığortaçı öz üzərinə düşən sığorta ödənişini ödəmək ödəliyini icra etmişdir.

22. Yəni, artıq bir sığortalıdan ona ödənmiş sığorta məbləğinin bir hissəsinin geri qaytarılması, sonradan həmin sığortalının digər icbarı sığortaçıdan qalan məbləğin tələb edilməsi, bundan sonra da, icbari sığortalı olan şəxsə qarşı başqa növ iddiaların qaldırılması ilə nəticələnə bilər.

23. Ona görə də, qeyd edilmiş bu kimi halların yaşanmaması üçün sığorta təşkilatları baş vermiş sığorta hadisəsinə daha tez müddətə reaksiya bildirilməli və kordinasiyalı şəkildə fəaliyyət göstərməlidirlər.

24. Bundan başqa Məhkəmə bir daha qeyd edir ki, Cavabdeh MMC könüllü sığorta müqaviləsi üzrə sığortalı olaraq sığorta ödənişini, "xxxx" ASC-dən almaq hüququ olmuş və sığorta ödənişi də, ona ödənmişdir. Sonradan isə, sığortalıya ödənmiş olan sığorta ödənişinin qaytarılmasının hüquqi əsası mövcud deyildir.

25. Beləliklə, iddia rədd edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı ödənilmiş sığorta ödənişinin geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar