Məhkəmə qərarları › İş №e-2-2(113)-9541/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-9541/2025

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9541/2025 06.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 10.530,97 manat əsas borcun İddiaçı MMC-nin xeyrinə tutulması, dövlət rüsumu xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023 tarixdə Tərəflər arasında №064/23 saylı subpodrat müqaviləsi bağlanmışdır. Müqavilə və 1 saylı Razılaşma Protokoluna əsasən İddiaçı (Subpodratçı) Cavabdehin (Sifarişçinin) təqdim etdiyi tapşırıq və smeta/şərtlər əsasında işlərin icrasını öhdəsinə götürmüşdür. Müqavilədə işlərin qəbulu Forma-2 aktları ilə rəsmiləşdirilməsi, dəyərin həmin sənədlərə və razılaşdırılmış protokola uyğun bank köçürməsi ilə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı müqavilə üzrə öhdəlikləri tam və vaxtında icra etmiş, işlər xx.xx.2023 tarixində faktiki yekunlaşdırılmış və Forma-2 qəbul aktları tərtib olunmuş, müvafiq elektron qaimə-fakturalartəqdim edilmişdir. Görülmüş işlərin ümumi dəyəri ƏDV daxil 55 423,41 (əlli beş min dörd yüz iyirmi üç manat 41 qəpik) təşkil edir. Cavabdeh yalnız 44 892,44 AZN ödəmiş, nəticədə ƏDV daxil 10 530,97 manat əsas borc ödənilməmiş qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3, iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının xx.xx.2026-cı il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (subpodratçı) Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli 064/23 saylı subpodrat müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 1.1-ci bəndinə əsasən subpodratçı sifarişçinin tapşırığı ilə hazırki müqavilənin 1.2 bəndində göstərilmiş işlərin icrasını və işlərin nəticəsini, sifarişçiyə, tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq, təhvil verməyi öhdəsinə götürür, sifarişçi isə həmin işin nəticəsini qəbul etməyi və ödənilməsini öhdəsinə götürür.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırki müqavilənin dəyəri forma 2 üzrə müəyyən edilir.

13. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi ay üzrə görülmüş işlərin dəyərini tərəflər tərəfindən müvafiq aktların (forma 2) təsdiq olunduqdan sonra 5 bank günü ərzində ödəyir.

14. xx.xx.2023-cü il tarixli 064/23 saylı müqavilənin 1 saylı X1 ilə tərəflər xidmətin adı, ölçü vahidi və qiyməti barədə razılığa gəlmişlər.

15. Müqavilə və qiymətlərin razılaşdırılması protokolu hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq olunmuşdur.

16. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir.

17. Qeyd edilməlidir ki, podrat müqaviləsi üzrə ilk növbədə işlərin icra edilməsini sübut etmə vəzifəsi podratçı olan İddiaçı üzərinə düşür.

18. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli Forma 2 ilə 2023-cü ilin iyul ayı üzrə, xx.xx.2023-cü il tarixli Forma 2 ilə 2023-cü ilin avqust ayı üzrə və tələb edilən məbləğə dair xx.xx.2023-cü il tarixli Forma 2 ilə 2023-cü ilin sentyabr ayı üzrə 10.530,97 manat dəyərində subpodratçı tərəfindən yerinə yetirilmiş işlərin qəbul edilməsi tərəflərin imza və möhürü ilə təsdiq edilmişdir.

19. Bundan başqa iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-ci il tarixli EBDL seriyalı, 473350 nömrəli dəyəri 19.185,67 manat, xx.xx.2023-cü il tarixli EBDP seriyalı 227223 nömrəli dəyəri 25.706,77 manat, xx.xx.2023-cü il tarixli EBDR seriyalı, 055313 nömrəli dəyəri 10.530,97 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.

20. Hazırda iddiaçı cavabdeh tərəfindən ödənişlər həyata keçirildikdən sonra 10.530,97 manat məbləğində borcunun qaldığını bildirərək iddiaçının xeyrinə tutulmasını xahiş edir.

21. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işlər icra edilmiş və cavabdehin də, görülmüş işlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır.

22. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

23. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi əsaslıdır və 10.530,97 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

24. Bundan başqa işdən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə, **********45 nömrəli qəbzə əsasən dövlət rüsumunun əvəzi olaraq dövlət büdcəsinə 125 manat pul ödəmişdir.

25. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

VI. Nəticə:

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 10.530 (on min beş yüz otuz) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 125 (bir yüz iyirmi beş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar