Məhkəmə qərarları › İş №e-2-2(113)-957/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-957/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-957/2022 02.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.000 manat məbləğində pul vəsaitinin və pul vəsaitinin vaxtında qaytarılmadığına görə, illik 5 faiz hesablanmaqla 2500 manatın, cəmi 27.500 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər müvafiq işlərin görülməsi ilə bağlı şifahi qaydada razılağa gələrək podrat müqaviləsini bağlanmışlar. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh hesabına 11.04.2019-cu il tarixdə 25.000 manat pul köçürmüşdür. Lakin cavabdehlə aralarında olan şifahi razılaşma sonradan pozulmuşdur. Onlar heç bir iş görməmişdilər. Həmin vəsaitin Cavabdeh MMC-yə ödənilməsi üçün həmin hüquqi şəxs tərəfindən İddiaçı MMC-yə hər hansı xidmət göstərilməmiş, işlər görülməmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xidmət göstərilməsi və ya iş görülməsini təsdiq edən hər hansı sənəd, sübut yoxdur. Göründüyü kimi mülkiyyətdə olan 25.000 manat pul vəsaiti əsassız olaraq Cavabdeh MMC tərəfindən onlara geri qaytarılmır. Cavabdeh hesabına 25.000 manat məbləğində köçürülmüş pulun Profix” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması barədə dəfələrlə yazılı formada Cavabdehnə müraciət olunmuşdur. Lakin Cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi Cavabdeh MMC 25.000 manat pul vəsaitini qaytarmamaqla İddiaçı MMCnin mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə də, Cavabdeh MMC-nin hesabına 25.000 manat məbləğində köçürülmüş pul İddiaçı MMC-yə qaytarılmalıdır. Həmçinin uzun müddətdir ki,Cavabdeh MMC 25.000 manat məbləğində pulu İddiaçı MMC-yə qaytarmır. Bu səbəbdən Mülki Məcəllənin 445.7-ci maddəsini rəhbər tutaraq 25.000 manat üçün illik 5%, yəni 2.500 manat məbləğində pul vəsaiti də İddiaçı MMC-nin xeyrinə Cavabdeh MMC-dən tutulmalıdır. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir, məhkəmə baxışı iclasında isə ərizə göndərərək, təqdim etdikləri sübut və izahatların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, tərəflər arasında podrat müqaviləsi ilə bağlı hər hansı bir münasibətin yaranmadığını və əsassız varlanma üzrə nəzərdə tutulmuş müddətin keçməsi barədə iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, 11.04.2019cu il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 25.000 manat məbləğində pul köçürülmüşdür. İddiaçı tərəf köçürülmüş pulun yanlışlıqla köçürüldüyünu, tərəflər arasında podrat münasibətlərinin olduğunu, Cavabdeh MMC tərəfindən heç bir iş görülmədiyini və pul köçürüldükdən 1 gün sonra yəni 12.04.2019-cu il tarixdə və sonradan da 08.02.2021-ci il tarixlərində Cavabdeh MMC-yə müraciət edərək yanlışlıqla köçürülmüş pulun geri tələb olunduğunu bildirir. Cavabdeh tərəf pulun 11.04.2019-cu il tarixdə köçürüldüyünü qəbul edir, ancaq tərəflər arasında hər hansı bir podrat münasibətlərinin mövcud olmadığını qeyd edir və əsassız varlanma üzrə iddia müddətinin keçməsi barədə ərizə təqdim edərək, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, ilk növbədə müəyyən edilməli olan əsas məqam tərəflər arasında yaranmış öhdəlik münasibətlərinin müqavilədən yoxsa əsassız varlanmadan əmələ gəlməsi çıxış edir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı, tərəflər arasında podrat münasibətlərinin yarandığını qeyd etsə də, podrat müqaviləsinin kimlər arasında bağlanmasını, hansı işlərin və xidmətlərin göstərilməli olmasını, görülməli işin və ya xidmətin hansı müddətdə yerinə yetirilməli olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 752.1-ci maddəsinə Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, qanunvericilikdə podrat müqaviləsinin imperativ olaraq hansı formada bağlanmalı olması barədə qeyd yoxdur. Ona görə də, podrat müqaviləsi şifahi formada bağlanması da mümkündür. Ancaq podrat müqaviləsinin bağlanması üçün müqavilənin zəruri şərtləri aydın olmalıdır (tərəflər, predmet, müddət, məbləğ). Hazırki halda isə iddiaçı tərəf podrat münasibətlərinin yarandığını qeyd etsə də, hansı işlərin görülməli olması, müddətini və.s kimi halları izah edə bilməmişdir. Bundan başqa təcrübi olaraq podrat müqaviləsi üzrə işlərin icra edilməsi müəyyən vaxt tələb edir. Belə olan halda 25.000 manat pulun 11.04.2019-cu il tarixdə köçürülməsi və 1 gün sonra 12.04.2019-cu il tarixdə məktub yazılaraq cavabdehdən geri tələb edilməsi tərəflər arasında hər hansı bir podrat münasibətlərinin yaranmamasına dəlalət edir. Belə ki, podrat müqaviləsi üzrə işlərinin (hansı işlər olduğunu müəyyən etmək mümkün olmadı) 1 gün ərzində icra edilməli olması da, ağlabatan deyildir. Həmçinin iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pulun geri tələb edilməsi barədə 12.04.2019-cu il tarixli məktubunda bundan xeyli zaman keçdikdən sonra 08.02.2021-ci il tarixli pulun geri tələb edilməsi barədə məktubunda eyni zamanda Mediator tərəfindən verilmiş arayışda pulun yanlışlıqla köçürülməsi qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır və hazırki işin həllinə Əsassız varlanma müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1092.1-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmiş mövqeyi ondan ibarətdir ki, digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Göründüyü kimi 1095-ci maddədə qeyd edilmiş 2 illik müddət kəsici müddət yox, Məcəllənin ümumi hissəsində göstərilmədiyindən xüsusi iddia müddəti hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 380-ci maddəsinə görə isə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Cavabdeh tərəf də, iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş edir. Hazırki işdən də göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 11.04.2019-cu il tarixdə yanlışlıqla pul köçürülmüş, cavabdeh tərəfindən isə iddia müddətinin axımını kəsən hər hansı bir hərəkət edilməmiş, iddiaçı isə Məhkəməyə 11.04.2021-ci il tarixədək müraciət etməli olduğu halda 18.01.2022-ci il tarixdə, yəni 1095-ci maddədə nəzərdə tutulmuş müddətin keçməsindən təxmini 9 ay sonra müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsassız varlanma üzrə iddia müddəti keçdiyindən, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar