Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-960/2022 11.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 21370 manat pulun və 200 manat ödənilmiş mediasiya xərcinin tutuluraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh MMC ilə iddiaçı arasında bağlanılmış 15 Fevral 2021-ci il tarixli Xidmət müqaviləsinə (Podrat Müqaviləsi) əsasən Sifarişçiyə Avtokran XCMQ xüsusi nəqliyyat vasitəsi ilə yükqaldırma, yükboşaltma, montaj və digər xidmətlər göstərmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan eyni tarixli 1 nömrəli əlavəyə əsasən 2021-ci ilin yanvar, fevral, mart, may aylarında cəmi 29370 manatlıq iş görmüşdür. Sifarişçi həmin məbləğlərdən 07 May 2021-ci ildə 4000 manat, 02 Avqust 2021-ci il tarixində isə 4000 manat olmaqla, cəmi 8000 manat pulu iddiaçıya ödəmiş, qalan 21370 manat məbləği ödəməkdən imtina etmişdir. Sifaişçiyə dəfələrlə xəbərdarlıq etməyinə və 27 Oktyabr 2021-ci ildə rəsmi pretenziya təqdim etməyinə baxmayaraq, bugünədək iddiaçıya olan borc məbləğini ödəməmişdir. Daha sonra Sifarişçiyə mübahisənin həlli üçün 24.11.2021-ci il tarixində Mediasiya prosesinin tətbiqi barədə təkliflə müraciət etmişdir. Lakin sifarişçi tərəfindən iddiaçının təklifinə cavab gəlməmişdir. Ona görə də qanunla müəyyən olunmuş müddət keçdikdən sonra 09 Dekabr 2021-ci l tarixində Mediasiya Şurasına müraciət etmişdir. 23 Dekabr 2021-ci il saat 16:00 - 17:00-də ilkin mediasiya sessiyasında cavabdeh tərəf yenə də iştirak etməmiş və bu barədə 2021-002182 nömrəli ilkin mediasiyada iştirak edilməmə barədə arayış mediator tərəfindən təqdim edilmişdir. Bundan əlavə olaraq 200 manat mediasiya xərcini də iddiaçı ödəmişdir. 02 Oktyabr 2021-ci il tarixində sifarişçi ilə aralarında görülən işlər haqqında akt tərtib edilmiş, sifarişçi həmin aktda iddiaçıya 21370 manat borclu olduğunu etiraf etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 15.02.2021-ci il tarixdə 01 nömrəli xidmət göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №l-də göstərilən AVTOKRAN XCMG xüsusi nəqliyyat vasitəsilə (bundan sonra “Texnika” adlandırılacaq) “Sifarişçi”yə yükqaldırma, yükboşaltma, montaj və digər xidmətlər göstərir. Sifarişçi isə göstərilən xidmətlərin haqqını İcraçıya ödəniş edir. Müqavilənin 2.1-ci bəndinə əsasən texnika vasitəsi ilə göstərilən aylıq xidmət haqqı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələri ilə, X1 ilə müəyyən edilir, təqdim ediləcək hesab faktura və E-qaiməyə əsasən xidmət haqqının ödənişi həyata keçirilir. Müqavilənin 2.2-ci bəndinə əsasən ödəniş “Sifarişçi” tərəfindən “İcraçı”ya 20 (iyirmi) təqvim günündən gec olmayaraq ödənilir. Müqavilənin 2.3-cü bəndinə əsasən sahədə işlərin “İcraçı” tərəfindən bu və ya digər formada (yəni texnikanın təmiri, İcraçı tərəfindən sair gecikmələr, hava şəraiti və karantin rejimi istisna olmaqla) dayandırıldığı müddət üçün heç bir ödəniş hesablanmır. - 15.02.2021-ci il tarixli, 01 nömrəli Xidmət müqaviləsinə Əlavə 1 adlı 15 fevral 2021ci il tarixli Qiymət razılaşdırma protokolunda Avtokran XCMG K5 25 Tonun bir aylıq xidmət haqqı 6800 manat məbləğində müəyyən edilmişdir. Göstəriləcək xidmət 28 iş günü saat 8:00-dan 18:00-a qədərdir. Avtokran XCMG K5 tərəfindən göstərilən xidmətin vaxtı gün ərzində 10 (on) saatdan artıq olarsa, əlavə hər saat üçün 24 (iyirmi dörd) manat uyğun olaraq hesablanacaqdır. - Tərəflər arasında tərtib olunmuş 02 oktyabr 2021-ci il tarixli Görülən işlər haqqında aktdan görünür ki, İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış 15.02.2021-ci il tarixli, 01 nömrəli xidmət göstərilməsinə dair müqaviləyə əsasən görülmüş işlərə görə sifarişçinin icraçıya ümumilikdə 21370 (iyirmi bir min üç yüz yetmiş) manat məbləğində borcu vardır. Akt hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmış, cavabdehin möhürü ilə təsdiq edilmişdir.. - İddiaçı tərəfindən 26.10.2021-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini bir hissəsini İddiaçı ilə ”Bakinşaat Group” MMC arasında bağlanmış 15.02.2021-ci il tarixli, 01 nömrəli Xidmət müqaviləsinə əsasən görülən işlərə görə ümumilikdə 21370 (iyirmi bir min üç yüz yetmiş) manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi təşkil edir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını və tərəflər arasında tərtib edilərək imzalanmış 02 oktyabr 2021-ci il tarixli Görülən işlər haqqında aktı nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək, 15.02.2021-ci il tarixli, 01 nömrəli Xidmət müqaviləsinə əsasən görülən işlərə görə ümumilikdə 21370 (iyirmi bir min üç yüz yetmiş) manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 200 (iki yüz) manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 21370 (iyirmi bir min üç yüz yetmiş) manat borc və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 21570 (iyirmi bir min beş yüz yetmiş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-960/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-960/2022
11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver