Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-997/2021 25.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Kreditor Azərbaycan Respubikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin borclu X2 qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Kreditor Azərbaycan Respubikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək, borclu X1 dövlət büdcəsinə olan 48358.60 manat borcun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Məhkəmə əmrinin verilməsinə dair ərizə və ərizəyə əlavə edilən sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Həmin tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfindən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olma başa düşülməlidir. Məhkəmə qeyd edir ki, hazırkı işdə kreditor Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən əsas vergi borcunun ödənilməsi ilə yanaşı, həmin məbləğə hesablanmış faizlərin borcludan tutulması tələb olunur. Bununla yanaşı vergi orqanı tərəfindən hesablanmış vergi borcunun borclu tərəfindən mübahisələndirilməsi ehtimalı mövcuddur (həmin tələbə isə inzibati orqan tərəfindən inzibati icraat qaydasında və inzibati məhkəmələr tərəfindən inzibati mühakimə icraatı qaydasında baxılır). Belə olan halda isə yalnız kreditor tərəfindən təqdim edilmiş sənədlərə əsasən kreditorun tələbinin tam əsaslı və mübahisəsiz olmasını müəyyən etmək mümkün deyil, yəni borcluya qarşı yönəlmiş tələbin aşkar və mübahisəsiz olması istisna olunur. Digər tərəfdən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin “Vergi orqanlarının hüquqları” adlanan 23.1.15-1-ci maddəsinə əsasən həqiqətən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Bu maddi hüquq norması ümumi xarakter daşıyır və vergi orqanının vergilər üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu təsbit edir, bu hüququn reallaşdırma qaydası isə Vergi Məcəlləsinin 89 və 90-cı maddələri ilə müəyyən edilmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı vergi orqanı yalnız siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ilə məhkəməyə müraciət edə bilər. Qanunverici bu zaman onu da nəzərə almışdır ki, cavabdeh orqan öz səlahiyyətləri daxilində iddia qaldırmadan borcludan müvafiq sərəncam əsasında pul vəsaitini tuta bilər. Vergi Məcəlləsinin 23.1.7-ci maddəsinə görə vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının hüquqlarıdır. İstinad edilən maddi hüquq normasından da göründüyü kimi, vergi orqanının adıçəkilən sərəncamı icra (ödəniş) sənədidir və vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün hər hansı bir məhkəmə qərarı olmadan həmin digər kredit təşkilatlarına təqdim edilməsi kifayətdir. “İnzibati icraat haqqında” Azərbaycan 82.1 və 82.2-ci maddələrinə əsasən pul tələblərinin ödənilməsi aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə icraçıları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxxx 2011-ci il tarixli qərarı ilə müəyyən edilir ki, vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin mülkiyyətində olan əmlakın siyahıya alınaraq ixtisaslaşdırılmış təşkilatda satılması mülkiyyətçinin Konstitusiya ilə təsbit olunmuş əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına toxunduğu üçün məhz siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. İnzibati cərimələrin tətbiq edilməsi isə bu cür proseduru nəzərdə tutmadığından burada mülkiyyət hüququnun məhdudlaşdırılması baş vermir. Şəxsin vergi məsuliyyətinə cəlb edilməsi məsələsini öz səlahiyyətləri çərçivəsində məhkəmə və ya vergi orqanı həll etməlidir. Eynilə vergi orqanı öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinə görə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə görə bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Göstərilən maddələrin məzmunundan göründüyü kimi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması da vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilməlidir. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınaraq formalaşmış praktikaya əsasən vergi orqanları tərəfindən vergi borcunun, vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, eləcə də dövlət sosial sığorta haqqlarına görə borcların ödənilməsi tələbinə dair qaldırılan iddialara məhkəmələr tərəfindən baxılmır: icraata qəbul edilməmiş iddia ərizələrinin icraata qəbul edilməsindən MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilir, icraata başlanılmış işlər üzrə icraata MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilir. Belə olan halda isə məhkəmə vergi orqanının öz səlahiyyətləri daxilində iddia qaldırmadan borcludan müvafiq sərəncam əsasında pul vəsaitini tutmaq səlahiyyətinin olmasını, göstərilən əsasla vergi borcunun, vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi, eləcə də dövlət sosial sığorta haqlarına görə borcların tutulması ilə bağlı iddialara məhkəmələr tərəfindən baxılmadığını nəzərə alaraq hesab edir ki, vergi orqanının irəli sürdüyü eyniməzmunlu tələblərinə əmr icraatı qaydasında da məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır; 279.1-ci maddəsinə görə məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir: 279.2-ci maddəsinə görə bundan başqa, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olması da imtina üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 279-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor Azərbaycan Respubikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin borclu X2 qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-997/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-997/2021
25.01.2021 · Əmr icraatı - Fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver