Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1140/2023 10.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı “İddiaçı”nin nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı “İddiaçı”nin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 180998 ABŞ dolları məbləğində borcun, 410 manat mediasiya xərcinin, 168 manat tərcümə və notariat xərclərinin cavabdeh Gəncə şəhər İcra Hakimiyyətindən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “UBG X6 Ticaret LTD Şirketi” ilə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arasında bağlanılmış müqaviləyə əsasən “UBG X6 Ticaret LTD Şirketi” sözügedən müqavilə şərtləri əsasında və müddəti ərzində Gəncə şəhərində inşa edilən və X3 yerləşən “Zəfər Tağı” layihəsi çərçivəsində 705 tonluq polad konstruksiya məmulatlarının quraşdırılmasını öhdəsinə götürmüş, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti isə 705 tonluq polad konstruksiyanın hazırlanıb təhvil verilməsinə görə ******* ABŞ dolları, onların daşınması və yerində quraşdırılmasına görə 472350 ABŞ dolları olmaqla, cəmi ******* ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə razılaşdırılan ödəniş şərtlərinə əsasən məmulatların istehsalı üçün avans olaraq 700000 ABŞ dolları, məmulatların istehsalatı tamamlandıqdan sonra yükləməyə hazır hala gəldiyində 370000 ABŞ dolları, istehsalat cəminin qalanı olan 107350 ABŞ dolları istehsal olunan məmulatlar montaj sahəsinə çatdıqda ödənilməsi müəyyən olunmuşdur. Quraşdırma işlərinə görə isə quraşdırmadan öncə 142000 ABŞ dolları, qalan 330350 ABŞ dolları isə iş qurtaranda ödənilməliydi. “UBG X6 Ticaret LTD Şirketi” müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirsə də, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri qismən yerinə yetirmiş və bugünədək onun 180998 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. “UBG X6 Ticaret LTD Şirketi” ilə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arasında imzalanmış “İşlərin qəbulu haqqında yekun hesabat”da qeyd edilmişdir ki, “UBG X6 Ticaret LTD Şirketi” Layihə çərçivəsində öhdəsinə götürdüyü polad konstruksiya işlərini 24 iyul 2013-cü il tarixində tamamlayaraq tam şəkildə təhvil vermişdir. İş üzrə iddiaçı “İddiaçı” iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək “UBG X6 Ticaret LTD Şirketi” ilə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arasında bağlanılmış müqaviləyə Türkiyə Respublikasının hüququnun tətbiq edilməsini və 180998 ABŞ dolları məbləğində borcun, 410 manat mediasiya xərcinin, 168 manat tərcümə və notariat xərclərinin cavabdeh Gəncə şəhər İcra Hakimiyyətindən tutularaq iddiaçı “İddiaçı”-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “İddiaçı” iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, “UBG X6 Ticaret LTD Şirketi” ilə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arasında bağlanılmış müqavilədə həmin müqaviləyə tətbiq edilməli hüquq barədə müddəa öz əksini tapmadığından, müqaviləyə tətbiq edilməli hüquq seçilərkən “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmalıdır. Bunun üçün isə tərəflər arasında bağlanılan müqavilənin mülki-hüquqi müqavilələrin hansı növünə aid olmasını dəqiqliklə müəyyən edilməsi olduqca vacib əhəmiyyət kəsb edir. Bunun üçün ilk öncə tərəflər arasında bağlanılmış müqavilənin, daha sonra isə qüvvədə olan müvafiq qanunvericilik aktlarının müddəalarının təfsilatlı şəkildə təhlil edilməsinə ehtiyac var. Belə ki, sözügedən müqavilənin predmetində qeyd edilir ki, “Sifarişçi tapşırır, İcraçı isə öz növbəsində bu müqavilənin şərtləri əsasında və müddəti ərzində Gəncə şəhərində inşa ediləcək və X3 yerləşəcək Zəfər Tağı layihəsi çərçivəsində xidmətlərin göstərilməsini öz öhdəsinə götürür. Edilən istehsal sifarişçi tərəfindən verilən kran ilə yenə sifarişçi tərəfindən hazırlanmış dəmir-beton təməllər üzərinə montajlanacaqdır. Müqavilənin “Qiymət və Ödəmə” adlı bəndinin cədvəlində təhvil verilməli olan polad konstruksiyasının ölçü vahidi, yəni ümumi çəkisi (705 ton) ifadə edilir və hər 1 ton məmulatın istehsalının müqabilində 1670 ABŞ dolları məbləğində qiymət təyin edilmişdir. Beləliklə, İcraçı 705 ton məmulat istehsal etməyi, Sifarişçi isə bunun müqabilində ona 177350 ABŞ dolları məbləğində vəsait ödəməyi öhdəsinə götürmüşdür. 472350 ABŞ dollar məbləğində vəsait konstruksiyanın nəqliyyatı və montajı üçün ödənilməli idi. Qiymət cədvəlindən dərhal sonra isə göstrəlir ki, “işin qiyməti vahid qiymət üsuluna görədir”, yəni vahid qiymət metodu ilə hesablanır və “işin son məbləği vahid qiymət ilə tərəzi çeklərinin cəminin vurulması ilə müəyyən edilir. Daha sonra müqavilədə təsbit edilir ki, istehsal üçün material olaraq 700000 ABŞ dolları avans şəklində, istehsalat tamamlanıb yüklənməyə hazır hala gəldiyində yükləmə edilmədən əvvəl 370000 ABŞ dolları, istehsalat cəminin qalanı olan 107350 ABŞ dolları istehsalat montaj sahəsinə çatdığında ödənilir. Montaj işini görəcək olan işçilər montaja başlamadan qabaq 142000 ABŞ dolları, qalan hissəsi olan 330350 ABŞ dolları isə iş qurtaranda ödənilməlidir. Beləliklə, müqavilənin məzmunundan aydın olur ki, İcraçının öhdəlikləri iki hissədən ibarətdir: 1) 705 tonluq məmulatı istehsal etmək, 2) istehsal olunanları sahəyə çatdıraraq onları montaj etmək. Həmçinin, müqavilədə işin son məbləğinin vahid qiymət ilə tərəzi çeklərinin cəminin vurulması ilə müəyyən edilməsi müddəasının təsbit edilməsi də diqqətdən kənarda qalmamalıdır, çünki bu şərt onu təsdiq edir ki, 1) istehsal olunaraq təhvil verilməli olan məmulat çəkiylə ifadə edilmişdir, 2) istehsal olunaraq montaj olunmalı olan məmulatın 1 tonunun qiyməti tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır, 3) istehsal olunan məmulat bütövlükdə İcraçının materialından hazırlanmışdır. Göründüyü kimi, müqavilənin məzmunundan bəlli olur ki, İcraçı bəlli çəkidə məmulatı istehsal edərək ona mülkiyyət hüququnu Sifarişçiyə verməlidir, yəni özünə məxsus materialdan hazırladığı əmlakı Sifarişçiyə verməlidir. Məlum olduğu kimi, mülki-hüquqi müqavilələr üç qrupa bölünür: 1) əmlakın verilməsi barədə müqavilələr, 2) işlərin görülməsi barədə müqavilələr, 3) xidmətlərin göstərilməsi barədə müqavilələr. Bu təsnifat Azərbaycan Respublikasının möcvud mülki qanunvericiliyində, o cümlədən Mülki Məcəllənin 402.1-ci, 13-cü, 385-ci, 398.3-cü, 451-ci, 870.1-ci, 1206-cı, Vergi Məcəlləsinin 13.2.16.3-cü, 14-cü, 159-cu, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddələrində öz əksini tapmışdır. Belə olan halda, işlərin görülməsi barədə müqavilələr qrupuna aid olan podrat müqavilələrinin və əmlakın verilməsi barədə müqavilələr qrupuna aid olan alqı-satqı müqavilələrin fərqləndirilməsi üçün qanunvericilik normalarını nəzərdən keçirmək mühüm praktiki əhəmiyyət daşıyır. Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər Mülki Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Buna baxmayaraq konkret hüquqi münasibətə hansı müqaviləyə dair qaydaların tətbiq edilməsinin müəyyənləşdirilməsində çətinlik yarana bilər və hazırki iş üzrə də düzgün nəticəyə gəlmək üçün məhz podrat və alqı-satqı müqavilələrini ayırmaq böyük əhəmiyyət kəsb edir. Buna görə də podrat müqaviləsinin mahiyyətini başa düşmək və bu müqavilə növünü əmlakın verilməsi barədə müqavilələr növündən fərqləndirmək üçün həm Mülki Məcəllənin 39-cu fəslinin müddəalarına, həm bütövlükdə Mülki Məcəlləyə, həm də “Malların beynəlxalq alqı-satqı müqavilələri haqqında” 11 aprel 1980-cı il tarixli BMT Konvensiyasına müraciət edilməlidir. Mülki Məcəllənin 752.1-ci maddisinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddədə isə qeyd edilir ki, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Sözügedən maddə ilə müəyyən olunur ki, tərəflər arasında bağlanılan müqavilə podrat müqaviləsi olsa belə, aşağıda qeyd edilən şərtlər mövcud olarsa həmin müqaviləyə alqı-satqı qaydaları tətbiq edilir: 1) podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa; 2) əvəz edilən əşya hazırlanmışdırsa. Hazırki iş üzrə tərəflər arasında bağlanılan müqavilənin məzmunundan görünür ki, İcraçı məmulatı məhz özünün əldə etdiyi materiallardan hazırlamışdır. Hazırlanan məmulatın əvəz edilən əşya olması isə istehsal olunan məmulatın müqavilədə çəki ilə müəyyənləşdirilməsi ilə təsdiq edilir. Belə ki, Mülki Məcəllənin 135.7-ci maddəsinə görə başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. Maraqlıdır ki, hələ Roma hüququnun bəyan etdiyi prinsip ondan ibarət idi ki, öz materialından məmulat hazırlayıb əvəzli qaydada başqasına verən şəxs alqı-satqı müqaviləsi bağlamış hesab olunur. Əksinə, əgər məmulat sifarişçinin materialından hazırlanırdısa, tərəflər arasında podrat müqaviləsinin bağlanması bildirilirdi. Bu prinsip “Malların beynəlxalq alqı-satqı müqavilələri haqqında” 11 aprel 1980-cı il tarixli BMT Konvensiyasının 3-cü maddəsində də təsbit olunmuşdur: Malı sifariş verən tərəf onun hazırlanması və ya istehsalı üçün zəruri olan materialların əhəmiyyətli hissəsinin göndərilməsi öhdəliyini öz üzərinə götürmədiyi halda, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış hesab olunur (Türkiyə Respublikası xx.xx.2011-cu il tarixdə, Azərbaycan Respublikası isə xx.xx.2016-cı il tarixdə sözügedən Konvensiyanı ratifikasiya etmişlər). Həmin Konvensiyanın eyni maddəsinin 2-ci hissəsində isə qeyd edilir ki, “bu Konvensiya malları təchiz edən tərəfin öhdəliklərinin üstünlük təşkil edən hissəsinin işlərin görülməsi və ya digər xidmətlərin göstərilməsindən ibarət olduğu müqavilələrə tətbiq olunmur”. Konvensiyada təsbit edilən bu yanaşma həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “Oxşar müqavilələr” adlı 604-cü maddəsində də öz əksini tapmışdır: “hazırlanmalı və ya istehsal edilməli malların göndərilməsinə dair müqavilələr, əgər sifarişçi həmin malların hazırlanması və ya istehsalı üçün zəruri materialların mühüm hissəsini göndərməyi öz öhdəsinə götürürsə, habelə əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildirsə, alğı-satqı müqavilələrinə bərabər tutulur”. Bu maddədə texniki səhvə yol verilmiş və “götürürsə” sözün yazılışında “m” hərfi buraxılmışdır, əslində “götürürsə” yox “götürmürsə” yazılmalıydı. Yuxarıda da qeyd edildiyi ki, həm “Malların beynəlxalq alqı-satqı müqavilələri haqqında” 11 aprel 1980-cı il tarixli BMT Konvensiyasına görə, həm də Mülki Məcəllənin 752.2-ci maddəsinə görə əgər sifarişçi malların hazırlanması və ya istehsalı üçün zəruri materialların mühüm hissəsini göndərməyi öz öhdəsinə götürmürsə və podratçı malları özünün əldə etdiyi materiallardan hazırlayarsa bu halda bağlanan əqd alqı-satqı müqaviləsi hesab edilir. Beləliklə, Mülki Məcəllənin 604-cü maddəsinin, habelə “Malların beynəlxalq alqısatqı müqavilələri haqqında” 11 aprel 1980-cı il tarixli BMT Konvensiyasının 3-cü maddəsinin tələblərinə görə əşyanın əvəz edilən, yaxud əvəzedilməz olmasından asılı olmayaraq əşya bütövlükdə podratçının materialından hazırlanırsa, yəni məmulatın hazırlanması üçün materialların əhəmiyyətli hissəsi sifarişçi tərəfindən təqdim edilmirsə və əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildirsə bağlanılan müqavilə alqı-satqı müqaviləsi hesab edilir. Əlavə olaraq qeyd edilməlidir ki, tikinti podrat müqaviləsi podrat müqaviləsinin xüsusi növü olduğu üçün podrat müqaviləsinə aid qanunvericilik normaları eyni zamanda tikinti podrat müqaviləsinə də şamil edilməlidir. Yuxarıda qeyd edilənlərdən belə nəticə hasil olur ki, tərəflər arasındaki müqaviləyə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsinin tələblərinə əsasən Türkiyə Respublikasının hüququ tətbiq edilməlidir. İş üzrə cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən 3 illik iddia müddətinin keçdiyini bildirmiş, tərəflər arasında bağlanmış müqavilə üzrə iddia müddəti keçdiyindən iddiaçının tələbinə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı”nin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iş materiallarında olan sənədlər “UBG Yapı Sanayi ve Ticaret LTD” şirkətinin müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti isə öhdəliklərini tam yerinə yetirmədiyi sübuta yetirilir. Cavabdehin müqavilə üzrə 180998 dollar borcu vardır. “X4 Bankası Anonim Şirkəti” ixracata dəstək olaraq sığorta proqramını həyata keçirir. Müqavilənin tərəfi olan “UBG Yapı Sanayi ve Ticaret LTD” şirkəti ilə “X4 Bankası Anonim Şirkəti” arasında müqavilə bağlanmış və tələb etmə hüququ tam olaraq hazırki iş üzrə iddiaçıya keçmişdir. Məhkəməyə müraciət etməmişdən qabaq cavabdehə borcun ödənilməsi üçün dəfələrlə müraciət edilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada hər hansı etiraz və ya heç bir cavab verməmişdir. Bundan başqa müavilənin özündə tərəflər hansı ölkənin qanunvericiliyinin tətbiqi barədə razılığa gəlməmişdirlərsə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1ci yarımbəndinə əsasən alqı-satqı, podrat, tapşırıq, daşıma, komissiya, qarantiya və sair müqavilələrin tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə müvafiq olaraq satıcının, podratçının, vəkaləti alanın, daşıyıcının, komisyonçunun, qarantın təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. Hazırki iş üzrə tərəflər arasındaki müqavilə podrat müqaviləsi olsa da həmin müqavilədə alqı-satqı müqaviləsinin də elementləri vardır. Cavabdeh tərəfindən müvafiq materillar sifariş verilmiş, “UBG Yapı Sanayi ve Ticaret LTD” şirkəti isə həmin materilların həm istehsalını, həm daşınmasını, həm də quraşdırılmasını həyata keçirmişdir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1ci yarımbəndinə bir neçə müqavilənin adı sadalandığı üçün və tərəflər arasında olan müqavilədə bir çox müqavilənin elementi olduğu üçün “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 2-ci yarımbəndi yox, 1-ci bəndi tətbiq edilməlidir. Müqavilədə nəzərdə tutulan öhdəliklər 2 yerə ayrılmışdır. 1-ci hissədə müvafiq materilların hazırlanmasıdır. Bu hissə tam olaraq alqı-satqı müqaviləsini özündə ehtiva edir. O cümlədən müqavilədə polad materialının sifarişi xüsusi olaraq qeyd edilməsəydi onlar bunu tikinti-podrat müqaviləsi kimi qəbul edə bilərdilər. Onlar özü bu məsələ ilə bağlı təhlil aparmış və Türkiyə Cumhurriyyətinin qanunverciliyinin tətbiq olunması ilə bağlı nəticəyə gəlmişlər. Həmin qanunverciliyə əsasən hazırki mübahisə üzrə iddia tələbi 10 il təşkil edir. Belə ki, Türkiyə Cumhurriyyəti qanunverciliyinin tətbiqi onlar üçün daha əlverişlidir. O cümlədən iddiaçının məhkəməyə bu qədər vaxt ərzində müraciət etməməsində səbəb Türkiyə Cumhuriyyətinin qanunvericiliyinə uyğun hərəkət edərək mübahisənin məhkəmədən kənar qaydada həllinə nail olmaq olmuşdur. Hazırda qüvvədə olan Nazirlər Kabinetinin 7 iyun 1994cü il tarixli 228 saylı qərarı ilə təsdiq edilmiş “Əsaslı Tikintilərdə Podrat X1” əsasən podratçı planlaşdırılmış dövr üçün qüvvədə olan qayda və tövsiyələrə uyğun, müqavilədə nəzərdə tutulmuş işlərin maya dəyərinin hesabatını hazırlayır, layihə-smeta sənədlərini sifarişçidən aldıqdan sonra 45 gün ərzində layihəni araşdırıb öz fikrini bildirməlidir. O cümlədən digər bir sıra tikinti podratlarına dair tələblər öz əksini həmin qaydalarda tapmışdır. BMT-nin 1987-ci il tarixli “Beynəlxalq Alqı-Satqı Müqavilələrinə dair Kovensiyasını” həm Türkiyə Cumhuriyyəti, həm də Azərbaycan Respublikası ratifikasiya etmişdir. Həmin kovensiyada alqı-satqı ilə əlaqədar müddəalar var ki, hansıki ərizədə bunlara istinad etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, müqavilə nə Cavabdeh, nə də ki, keçmiş Nizami Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. O cümlədən icra başçısının belə bir müqaviləni imzalamaq səlahiyyəti olmamışdır. İcra Hakimiyyəti dövlət tərəfindən maliyyələşdirildiyi üçün belə bir müqavilə bağlaya bilməzdi. Müqaviləni bağlayan şəxs isə hazırda həmin vəzifədə işləmir. İddiaçıya edilən ödənişlər İcra Hakimiyyəti tərəfindən edilməmişdir və ödənişlərin kim tərəfindən edildiyi barədə məlumat yoxdur. Ona görə də iddia tələbini qəbul etmir, həmçinin iddiaçı 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddia tələbinə etiraz edərək qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “UBG X6 Ticaret LTD Şirketi” ilə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arasında bağlanmış 19 dekabr 2012-ci il tarixli müqavilədən görünür ki, icraçı sifarişçinin tapşırığı ilə bu müqavilədə göstərilən şərtlər daxilində və müddət ərzində Gəncə şəhərində tikiləcək və X3 yerləşəcək Zəfər Abidəsi Layihəsi çərçivəsində xidmətlərinin göstərilməsini öz öhdəsinə götürmüşdür. İstehsal edilən qurğu icraçı tərəfindən verilən kran ilə, həmiçinin icraçı tərəfindən hazırlanmış dəmir beton təməllər üzərində quraşdırılacağı müəyyən edilmişdir. Həmin müqavilənin 4.8-ci bəndinə əsasən sifarişçi bu müqavilədə göstərilən xidmətlərə görə icraçıya ödənişlərin təyin olunan vaxtlarda edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 aprel 2014-cü il tarixli “Debitor borclarının ötürülməsi haqqında” müqavilədən görünür ki, “UBG X6 Ticaret LTD Şirketi” Gəncə şəhər İcra Hakimiyyəti firmasına göndərmiş olduğu və təfsilatları qeyd edilən göndərişlərdən irəli gələn debitor borcların Türk Eximbankla bağladıqları 28765113 saylı şəhadətnaməyə əsaslanan sığorta müqaviləsinə uyğun olaraq Türk Eximbank tərəfindən sığorta əhatəsinə alınan qisim kompensasiya edildiyinə görə əvvəlcə ölkə xaricində və ya ölkə daxilində qismi və ya tamamilə real və ya hüquqi şəxsə ötürülməmiş və ya hər hansısa bir müsadirə prosesinə məruz qalmamış ümumilikdə 279998 ABŞ dolları məbləğindəki qalan debitor borcu rəsmi qaydalarla müraciət etmə prosesi daxil olmaqla bütün hüquqları ilə birgə geri qaytarılmaz formada Türk Eximbanka ötürmüşdür. Həmiçinin müqavilədə göndəriş məbləğinin 502694 ABŞ dolları, qalan göndərişin məbləğinin 279998 ABŞ dolları təşkil etdiyi qeyd edilmişdir. İş materiallarında olan 17 iyun 2013-cü il tarixli 103293 saylı fakturadan görünür ki, Gəncə şəhər İcra hakimiyyətinə 239 ədəd 78940 kq olmaqla 276290 ABŞ dolları dəyərində mal göndərildiyi qeyd edilmişdir. İş materiallarında olan 28 may 2023-cü il tarixli 948889 saylı fakturaya əsasən 13400 ABŞ dolları, 17 iyun 2023-cü il tarixli 950527 saylı fakturaya əsasən isə 13400 ABŞ dolları məbləğində nəqliyyat haqqının Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən ödəniləcəyi qeyd edilmişdir. İş materiallarında olan “Dəqiqləşmiş qəbul protokol” undan görünür ki, “UBG X6 Ticaret LTD Şirketi” tərəfindən X5 Zəfər Abidəsi Layihəsi daxilində tikintisini öhdəliklərinə götürdükləri Polad Konstruksiya işləri tamamlanmış və xx.xx.2013-cü il tarixdə tam vəziyyətdə Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyətinə təhvil verilmişdir. İş materiallarında olan “Qurumun banka olan debitor borcları haqqında” 84604608-204- 1411 saylı sənəddən görünür ki, Türk Eximbankı 181000 ABŞ dolları məbləğindəki qalan ödənişin Cavabdeh tərəfindən edilmədiyini və həmin məbləğin tam formada 17 noyabr 2014cü il tarixinə qədər məlumatları qeyd edilmiş bank hesabına köçürülməsi barədə Cavabdehnə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikasının Beynəlxalq Xüsusi Hüquq haqqında Qanunun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. Həmin Qanunun 25.1.6-cı maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə podrat müqaviləsində - podratçının tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. Həmin Qanunun 25.2.2-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında, müqavilə ilə bağlı tətbiq olunmalı hüquq barədə razılaşma olmadıqda, bu Qanunun 25.1-ci maddəsinin müddəalarından asılı olmayaraq birgə fəaliyyət barədə və tikinti podrat müqavilələrinə - belə fəaliyyətin həyata keçirildiyi və ya müqavilə ilə nəzərdə tutulan nəticələrin yarandığı ölkənin hüququ tətbiq edilir. Məhkəmə qeyd edir ki, “UBG X6 Ticaret LTD Şirketi” ilə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arasında bağlanmış 19 dekabr 2012-ci il tarixli müqaviləyə əsasən İcraçı Sifarişçinin tapşırığı ilə müqavilədə göstərilən şərtlər daxilində və müddət ərzində Gəncə şəhərində tikiləcək və X3 yerləşəcək Zəfər Abidəsi Layihəsi çərçivəsində xidmətlərinin göstərilməsini öz öhdəsinə götürmüşdür. Belə ki, İcraçı statik və tətbiq layihələrinin hazırlanması, polad vəsaitin təmin edilməsi, qumlanması və epoksi astar boyasının vurulması, istehsalatın sexlərdə standartlara uyğun olaraq tamamlanması, ikiqat epoksi boyanın vurulması, bütün üfüqi daşımalar hazırlanaraq yerinə montajın qurulması, işin istehsalı üçün lazımi hər cür sərf vəsaiti və işçi qüvvəsini təmin edərək istehsal sexində görülməsi, istehsalı qurtaran materialların Türkiyədəki gömrük əməliyyatlarının aparılması və rüsumların ödənilməsini öhdəsinə götürmüşdür. Sifarişçi müqavilədə göstərilən xidmətlərə görə İcraçıya ödənişlərin təyin olunan vaxtlarda edilməsi, habelə memarlıq layihəsinin hazırlanaraq təqdim edilməsi, tikinti üçün lazımi sənəd və icazələrin alınması, rüsumların ödənilməsi, beton təməllərin və daşıyıcı sütunların yerinin hazırlanması, nəqliyyat icraçı tərəfindən edilən istehsalatın Azərbaycandakı gömrük əməliyyatlarının aparılması, polad materiallarda standartlara uyğun əlavə edilməsinə icazə verilməsi, montaj sahəsində istifadə olunacaq mobil kran, elektrik və suyun təmin edilməsi, bina örtükləri, lifləri və nərdivanlar üçün lazımi incə qutu profil işlərinin aparılmasını öhdəsinə götürmüşdür. “UBG X6 Ticaret LTD Şirketi” tərəfindən X5 Zəfər Abidəsi layihəsi daxilində tikintisini öhdəliklərinə götürdükləri polad konstruksiya işləri tamamlanmış və xx.xx.2013-cü il tarixdə tam vəziyyətdə Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə təhvil verilmişdir. Beləliklə, İcraçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, Sifarişçi isə ödənişlərini tam olaraq yerinə yetiməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə məhz tikinti podrat müqaviləsidir. Bu həm müqavilənin məzmunundan, tərəflərin öhdəliklərindən, həm də görülmüş işlərin nəticələrindən aydın görünür. Müqavilədə isə tərəflər arasında mübahisə yarandığı təqdirdə hansı ölkənin qanunvericiliyinin tətbiq edilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Beynəlxalq Xüsusi Hüquq haqqında Qanunun 25.1.6-cı maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə podrat müqaviləsində - podratçının tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. Həmin Qanunun 25.2.2-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında, müqavilə ilə bağlı tətbiq olunmalı hüquq barədə razılaşma olmadıqda, bu Qanunun 25.1-ci maddəsinin müddəalarından asılı olmayaraq birgə fəaliyyət barədə və tikinti podrat müqavilələrinə - belə fəaliyyətin həyata keçirildiyi və ya müqavilə ilə nəzərdə tutulan nəticələrin yarandığı ölkənin hüququ tətbiq edilir. Məhkəmə hesab edir ki, birgə fəaliyyət barədə və tikinti podrat müqavilələrinə - belə fəaliyyətin həyata keçirildiyi və ya müqavilə ilə nəzərdə tutulan nəticələrin yarandığı ölkənin hüququ tətbiq edildiyindən, hazırkı müqavilə üzrə nəzərdə tutulan nəticələr Azərbaycan Respublikasında yarandığından mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə maddi hüquq nörmaları əsas götürülməlidir. Bundan başqa məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasbət bildirirək qeyd edir ki, tərəflər arasında müqavilə 19 dekabr 2012-ci il tarixdə bağlanmış, İcraçı tərəfindən tikinti işləri xx.xx.2013-cü il tarixdə tamamlanaraq Sifarişçiyə təhvil verilmişdir. Qeyd edilən tarixdən 10 ilə yaxın müddət keçdikdən sonra məhkəmədə iddia qaldırılmışdır. Müqavilə tələbləri üzrə iddia müddətinin üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin altı il olması nəzərə alınmaqla mübahisə üzrə iddia müddəti keçmiş hesab edilməli və iddia tələbi təmin edilməməlidir. Bundan başqa iş materiallarında olan Gəncə şəhər 2 saylı mediasiya təşkilatı tərəfindən cavabdehin mediasiya sessiyasında iştirak etmədiyi və iddiaçı tərəfindən 410 manat mediasiya xərcinin ödənildiyi barədə arayış verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı “İddiaçı”nin Cavabdehnə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1140/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1140/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver