Məhkəmə qərarları › İş №e-2-2(115)-1157/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1157/2023

23.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1157/2023 23.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 41500 ABŞ dollarının ödəniş anına manatla məzənnəsi və ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh ona 60000 ABŞ dolları borcu vardır. Belə ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(115)-411/2021 saylı qətnaməsi ilə 60000 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryol xəstəxanasının cənub hissəsində (Dəmiryol vağzalının yaxınlığında) yerləşən maye-qaz doldurma məntəqəsinin iddiaçı Cavabdeh sahiblik və istifadəsinə verilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 04 may 2022-ci il tarixli 2-2(104)-70/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 4 noyabr tarixli, 2- 2(115)-411/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-614/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 04 may tarixli, 2-2(104)-70/2022 saylı qətnaməsinin qismən, Cavabdeh iddiasının təmin olunmadığı hissədə ləğv edilməsi, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, qətnamənin digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yuxarıda göstərilənlərdən də göründüyü kimi məhkəmə qərarı 60000 ABŞ dollarının Cavabdeh alınıb ona verilməsi hissəsində qanuni qüvvəsini almışdır. İşin faktiki hallarından görünür ki, onun 60000 ABŞ dollar pul 29 iyul 2009cu il tarixli barışıq sazişinə əsasən 13 il 10 ay müddətdir əsassız yerə cavabdehdədir. Cavabdeh 29 iyul 2009-cu il tarixindən hazırki tarixədək olan dövr üçün 60000 ABŞ dollarının 5%-i məbləğində pul ödəməlidir. Ona görə də cavabdeh ona 60000 ABŞ dollarının 1 illik faizi 3000 ABŞ dolları olmaqla, cəmi 41500 ABŞ dolları (13 il 6 ay x3000=41500 ABŞ dolları) pul ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, “Sərçə bazarı” deyilən ərazidə əvvəllər cavabdehlə şərikli maye qaz doldurma məntəqələri olmuş, sonradan münasibətləri korlanmış, aralarında mübahisə yaranmışdır. Məhkəmədə barışıq sazişi bağlamışlar, o Cavabdeh 2009-cu ilin iyul ayının 29-da əlbəəl 140000 ABŞ dolları pul vermiş, həmin maye qaz doldurma məntəqəsini öz adına keçirtmişdir. Daha sonra cavabdeh məhkəməyə müraciət edərək ondan pul almadığını bildirmişdir. Məhkəmədə isə 60000 ABŞ dolları pul aldığını etiraf etmişdir. Daha sonra məhkəmə 60000 ABŞ dolları pulun cavabdehdən alınıb ona verilməsi, obyektin isə cavadehin adına keçməsini qərara almışdır. Daha sonra cavabdeh ondan 144000 manat icarə haqqının tutulmasını tələb etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 2009-cu ildə tərəflər razılığa gəlmiş və barışıq sazişi bağlamışlar. Sazişə əsasən İddiaçı 140000 ABŞ dolları pulu Cavabdeh verməyi öhdəsinə götürmüş, Cavabdeh isə zəruri sənədləşmə işlərində köməklik göstərəcəyini öhdəsinə götürmüşdür. Bundan sonra obyekt İddiaçı adına keçmişdir. 2015-ci ilədək obyektlə əlaqədar mübahisə olmamışdır. Sonradan çıxarış ləğv olunmuş, ləğv olunmasına səbəb isə icra məmurunun icra haqqında qanunun tələblərinə riayət etməməsi olmuşdur. Çıxarış ləğv olunduğu üçün onlar cavabdehdən verdikləri pulu tələb etmişlər, məhkəmə qərarı ilə də sübuta yetirilmişdir ki, 60000 ABŞ dolları pul 2009-cu ildən etibarən qarşı tərəfdədir. Odur ki, qarşı tərəfdən həmin məbləğin illik 5%-i məbləğində pul tələb edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(115)- 411/2021 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, 60000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı pul və maye qaz doldurma məntəqəsinin sahiblik və istifadəsinə qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz rayonu Dəmiryol xəstəxanasının cənub hissəsində (Dəmiryol vağzalının yaxınlığında) yerləşən maye-qaz doldurma məntəqəsinin iddiaçı Cavabdeh sahiblik və istifadəsinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellaysiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(104)- 70/2022 saylı qətnaməsinə əsasən İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(115)-411/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(102)-614/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellaysiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(104)-70/2022 saylı qətnaməsi qismən, Cavabdeh iddiasının təmin olunmadığı hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan Gəncə Apellaysiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(104)- 71/2023 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh İddiaçı qarşı iddiasının pul tələbinə dair hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı 144000 manat pul vəsaiti əldən çıxmış gəlirin əvəzi qismində alınıb iddiaçı Cavabdeh verilməsi, pul tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh apellyasiya şikayətinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(102)-1544/2016 saylı qərarından görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(83)-724/2015 saylı qərarı ilə iddiaçı Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi idarəsinə qarşı özəlləşmə barədə qərarın və reyestrdən çıxarışın, texniki pasportun ləğv edilməsi, əmlakın özəlləşdirilməsi və çıxarışın verilməsinə dair tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(104)-239/2015 saylı qərardadı ilə iddiaçı Cavabdeh Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(83)- 724/2015 saylı qərardadından verdiyi şikayət qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(102)-448/2016 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ləğv edilmiş, işin sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilmişdir. 2-1(104)- 193/2016 saylı qərarı ilə iddiaçının şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(102)-1544/2016 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cl il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-1589/2017 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Gəncə şəhəri Kəpəz rayonu Dəmiryol xəstəxanasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasından (yanacaq doldurma məntəqəsi) ibarət daşınmaz əmlakla bağlı xx.xx.2010-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 2 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüquqlarına dair qeydiyyat, həmin qeydiyyata dair MA seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış və həmin əmlaka dair texniki pasportun ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)- 1209/2020 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-1589/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-4567/2020 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-1209/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı 2009-cu ilin iyul ayından etibarən 13 il 10 ay müddət ərzində 60000 ABŞ dollarının əsassız olaraq cavabdehdə olmasını qeyd etmiş, cavabdehin ona keçən dövr üçün 60000 ABŞ dollarının 5%-i məbləğində pul ödəməli olmasını bildirmiş və 41500 ABŞ dollarının cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aklarına əsasən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə barışıq sazişi bağlanmış, İddiaçı maye qaz doldurma məntəqəsi və həmin məntəqənin yerləşdiyi əraziyə olan hüquqlarından imtina etməsi müqabilində Cavabdeh 140000 ABŞ dolları məbləğində pul verməyi, Cavabdeh isə maye qaz doldurma məntəqəsi və həmin məntəqənin yerləşdiyi ərazinin İddiaçı adına sənədləşdirilməsi və özəlləşdirilməsi üçün lazım olan sənədlərlə təmin etməyi və ondan asılı olan bütün hüquqi hərəkətləri etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli barışıq sazişindən 2-3 gün sonra 60000 ABŞ dolları məbləğində vəsait Cavabdeh verilmişdir. Sonradan tərəflər arasında mübahisə yaranmış, məhkəmənin qanuni qüvvəyə minmiş akları ilə Gəncə şəhəri Kəpəz rayonu Dəmiryol xəstəxanasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasından (yanacaq doldurma məntəqəsi) ibarət daşınmaz əmlakla bağlı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüquqlarına dair qeydiyyat, həmin qeydiyyata hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin əmlaka dair texniki pasport ləğv edilmiş, maye-qaz doldurma məntəqəsinin Cavabdeh sahiblik və istifadəsinə verilməsi və 60000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair (maddi və mənəvi zərər) iddiası üzrə məhkəmə mübahisəsi isə başa çatmamışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehdən 41500 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 2 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 301,65 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 41500 (qırx bir min beş yüz) ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 301 (üç yüz bir) manat 65 (altmış beş) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar