Məhkəmə qərarları › İş №e-2-2(115)-1383/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1383/2025

28.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1383/2025 28.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh 360 manat borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə 390 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı mülkiyyətində olan 90DV817 dövlət qeydiyyat nömrə nişanlı, göy-yaşıl rəngli, VAZ markalı, 21074 model minik avtomobilini xx.xx.2024 tarixində Cavabdeh etibarnamə ilə vermişdir. Həmin etibarnaməni ləğv etdirdikdən sonra cavabdehin avtomobil onun tərəfindən idarə olunan zaman müxtəlif tarixlərdə inzibati xətalar törədərək ümumilikdə 360 manat məbləğində cərimələndiyini bilmişdir. Mülkiyyətində olan avtomobili cərimə duracağından çıxara bilməyi üçün 360 manat cərimə məbləğini mobil ödəniş proqramı olan “M10” vasitəsi ilə mobil telefonu vasitəsi ilə ödəmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan inzibati xəta haqqında qərarlardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat, xx.xx.2024-cü il tarixdə İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat, xx.xx.2024-cü il tarixdə İXMnin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat, xx.xx.2024-cü il tarixdə İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat, xx.xx.2024-cü il tarixdə İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat, xx.xx.2024-cü il tarixdə İXMnin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat, xx.xx.2025-ci il tarixdə İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat, xx.xx.2025-ci il tarixində İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq olunmuşdur. İş materiallarında olan 29 mart 2025-ci il tarixli cərimələrin ödənilməsi ilə bağlı qəbzlərdən görünür ki, EQ25301626 nömrəli protokola əsasən 45 manat, EQ26276438 nömrəli protokola əsasən 45 manat, EQ21892414 nömrəli protokola əsasən 45 manat, EQ25951970 nömrəli protokola əsasən 45 manat, EQ24337663 nömrəli protokola əsasən 45 manat, EQ25148898 nömrəli protokola əsasən 45 manat, EQ23410189 nömrəli protokola əsasən 45 manat məbləğində cərimə məbləği ödənmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-ci maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, iddiaçı özünə məxsus nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edilməsi üçün cavabdehə vermiş, cavabdeh nəqliyyat vasitəsini idarə edərkən inzibati xətalara yol vermiş, ona inzibati tənbeh növündə cərimələr tətbiq edilmiş, iddiaçı nəqliyyat vasitəsinə dair verdiyi etibarnaməni ləğv etdirmiş, bundan sonra nəqliyyat vasitəsi ilə bağlı cərimələri ödəmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya 360 manat məbləğində ziyan vurmuşdur. Ona görə də 360 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilmsəi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Ona görə də 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 360 (üç yüz altmış) manat pul, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar