Məhkəmə qərarları › İş №e-2-2(115)-1417/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1417/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1417/2024 04.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş 1500 manat məbləğində maddi zərərin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1465/2024 saylı qərardadı ilə işin baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 30 noyabr 2023-cü il tarixli 200 nömrəli müqaviləyə əsasən 1500 manatını avans, 1500 manatını isə təhvil alan vaxt, yəni ümumilikdə 3000 manat ödənilməsi şərti ilə sonuncu bu müqaviləyə əlavə edilmiş “texniki tapşırıq planı” əsasında “Onestar.az” avtomobil elanları olan veb-saytı 30-45 iş günü müddətində ərsəyə gətirməyi öhdəsinə götürmüşdür. Sözügedən müqaviləyə əlavə olan texniki tapşırıq planına əsasən cavabdeh “qeyd olunan markalar və modellər (yəni BMW, Mercedes, Hyundai və Kia markaları və bu markaların modelləri) üzrə “encar.com” veb-saytında mövcud avtomobil modellərinin bilgilərinin, eləcə də bu əks olunan avtomobillərin tarixçəsinin, yəni keçirdiyi qəzalarının, dəyişilən detallarının və.s “onestar.az” veb-saytında əks olunacağını, bu veb-sayta əlavə olunan fotolarda “encar.com” yazısının üzərindən eyni mövqelərdə “onestar.az” yazısının öz əksini tapacağını və həmin fotoların “encar.com” saytında olduğu ilə eyni keyfiyyətdə olacağını, istifadəçilərin qeydiyyatı, yəni istifadəçilərin ad, soyad, əlaqə nömrəsi və mail qeyd etməklə, qeydiyyatdan keçib satmaq istədikləri avtomobilləri sayta əlavə etmələri üçün xüsusi bölmənin düzəldiləcəyini, qeydiyyat sonrası əlavə olunan elanların təsdiqinin admin tərəfindən aparılması üçün moderasiya bölməsinin düzəldiləcəyini, istifadəçilərin manat və ABŞ dolları valyutaları üzrə valyuta mübadiləsi edə bilməsi üçün müəyyən funksiyanın əlavə ediləcəyini” öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə ona 1500 manat maddi ziyan vurmuşdur. Belə ki, sonuncu qeyd olunan markalar və modellər üzrə avtomobillərin məlumatları ilə birgə onların veb-sayta əlavə olunacağını öhdəliyinə götürsə də, nəinki bu avtomobillər, hətta əlavə edilmiş avtomobillərin məlumatları belə tam şəkildə, eləcə də olduğu kimi onların saytında əks olunmadığı müəyyən olunur. Belə olan təqdirdə, bu və digər nöqsanlar veb-saytın istifadə edilməsinə əhəmiyyətli dərəcədə maneə yaradır ki, bu veb-sayt qüsurlu hesab olunmaqla, istifadəyə tamamilə yararsızdır. Eyni zamanda, mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün cavabdeh ilə dəfələrlə danışıqlar aparılsa da, bu mümkün olmamış, habelə sonuncu öz öhdəliyini icra etməkdən qərəzli şəkildə boyun qaçırmış, nəticədə ona maddi ziyan dəymişdir. Məhkəmənin 13 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, onlar öz saytlarını ona görə yaratmışlar ki, “encar.com” saytı koreya dilində olduğu üçün müştərilər onların saytına girib avtomobil sifariş verə bilsinlər. Elanlar avtomobil satışı ilə bağlı olmuşdur. O, əvvəlcə cavabdehdən xahiş etmişdir ki, digər avtomobillərdən əlavə tək “KİA” markalı avtomobilin 30000 ədəd elanını yerləşdirsin. Cavabdeh isə heç ümumilikdə 1000 ədəd avtomobili elana yerləşdirməmişdir. Texniki tapşırıqda avtomobillərin “encar.com” saytında olduğu qədər sayda elana yerləşdirilməsi qeyd edilmişdir. Avtomobillərin dəqiq qədərini təqdim etdikləri diskdəki danışıqda qeyd etmişlər. Nərgiz xanım 30000 elanı müəyyən vaxta kimi təhvil vercəyini bildirsə də heç 1000 avtomobilin elanını yerləşdirməmişdir. Ümumi olaraq 30000- 50000 avtomobilin elanı olmalı idi. Avtomobilillərin qiymətini cavabdeh “encar.com” saytından götürüb qoymalı idi. Avtomobillərin şəkillərini “encar.com” saytındakı kimi keyfiyyətli formada yerləşdirməli idi. Elanların yerləşdirilməli olduğu dəqiq tarixi telefon danışıqlarında qeyd etmişlər. Bilgi dedikdə elanda avtomobilin şəkilləri, performans çeki, qiyməti, ili, yürüşünu nəzərdə tutmuşlar, hansı ki, bu məlumatlar elanda dəqiq göstərilməlidir. Performans çeki dedikdə avtomobilin dəyişən detallarının olub-olmamasını nəzərdə tutulur. Məhkəməyə təqdim etdiyi disk yazısında elanlarda nələrin qeyd edilməli olduğunu danışmışlar. Nərgiz xanım avtomobillərin sayını az yerləşdirmişdir, həmçinin yerləşdirilən avtomobillərin də məlumatlarını düzgün qeyd etməmişdir. Elə avtomobil var idi ki, onun heç şəkilləri yerləşdirilməmişdir. Təxminən 1300 avtomobil elana yerləşdirilmişdir. Ödədiyi 1500 manat avans məbləğidir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2023-cü il tarixli 200 nömrəli “Avtomobil elanı saytı onestar.az veb səhifəsinin yaradılması haqqında” müqavilədən görünür ki, sifarişçi Avtomobil elanı onestar.az xidmətlərin göstərilməsini sifariş verib, icraçıya razılaşdırlımış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında 30 noyabr 2023-cü il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən sifarişçi avtomobil elanı “onestar.az” xidmətlərin göstərilməsini sifariş verib, icraçıya razılaşdırlımış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci və 10.5-ci bəndində isə nəzərdə tutulmuşdur ki, icraçı sifarişçinin sifariş verdiyi avtomobil elanı saytı “onestar.az” xidmətini texniki tapşırıq əsasında yerinə yetirir. Müqavilədə göstərilmiş texniki tapşırıq planı müqaviləyə əlavə olunacaqdır. Həmin müqavilənin 4.2-ci bəndində qeyd edilmişdir ki, hazırkı müqavilə üzrə hesablaşmalar nağd qaydada ümumilikdə 3000 manat olmaqla 1500 manat avans, təhvil zamanı isə 1500 manat olmaqla həyata keçiriləcək. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan avtomobil elanı “onestar.az” xidməti 30-45 iş günü müddətində həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında razılıq avtomobillərin xarici dildə olan saytdakı məlumatlarının azərbaycan dilində olmaqla iddiaçının “onestar.az” saytında yerləşdirilməsi ilə bağlıdır. Müqavilədə görüləcək xidmətin texniki tapşırıq əsasında yerinə yetirilməli olması qeyd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş texniki tapşırıqdan icraçının həmin texniki tapşırıqla razı olması müəyyən edilmir. Bundan başqa həmin texniki tapşırıqda və müqavilədə icraçının hansı həcmdə xidmət yerinə yetirəcəyi müəyyən olunmur. İddiaçı hazırlıq iclasında icraçının 30000-50000 avtomobilin elanını sayta yerləşdirilməli olmasını izahatında qeyd etsə də, icraçının həmin həcmdə öhdəliyi üzərinə götürməsinə və götürdüyü öhdəliyini icra edə bilməməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli protokolundan görünür ki, həmin iclasda iştirak edən cavabdeh izahatında iddiaçının ona verdiyi sifarişi tam, vaxtında və uğurla icra etdiyini qeyd etmişdir. İddiaçı yalnız məhkəməyə disk yazısı təqdim etdiyini, qeyd etdiklərinin disk yazısında əksini tapdığını bildirdə də özü məhkəmə baxışında iştirak etməmişdir. Həmçinin hazırlıq iclasında disk yazısının bilavasitə onunla deyil, digər şəxslə icraçı arasında aparıldığını bildirmişdir. Baxış iclasında isə heç bir tərəf iştirak etmədiyindən, habelə disk yazısı bilavasitə iddiaçıya aid olmadığından məhkəmə həmin diski sübut kimi tədqiq etməmişdir. Göründüyü kimi iddiaçının təqdim etdiyi sübutlar icraçının müqavilə üzrə hansı həcmdə öhdəlik götürməsini, hansı həcmdə işi görməli olmasını, götürdüyü öhdəliyi yerinə yetirib-yetirməməsini müəyyən eyməyə imkan vermir. Belə olan halda iddia təmin edilə bilməz Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar