Məhkəmə qərarları › İş №e-2-2(115)-206/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-206/2023

05.04.2023 · Sair işlər - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-206/2023 05.04.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı əmlak tələbinə dair ilk iddiası və Cavabdeh1 İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətində olan cəmi dəyəri 37516 manat 45 qəpik olan yuxarıda göstərilən daşınar əmlakların cavabdeh fərdi sahibkar Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq İddiaçınə geri qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, böyük və müasir texnoloji avadanlıqlarla və proseslərlə təchiz edilmiş və gündəlik 250 ton xam süd emal etmək potensialına malik ölkəmizdə ən iri süd məhsulları istehsalı ilə məşğul olan müəssisədir. Müəssisə Azərbaycan Respublikası regionlarının iqtisadi inkişaf proqramına uyğun olaraq səhmdarların şəxsi vəsaitləri hesabına və Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə yaradılmışdır. Cavabdeh1 fərdi sahibkar (VÖEN **********) olmaqla, Beyləqan rayonu Daşburun qəsəbəsində ayrı-ayrı vətəndaşlardan çiy süd toplayaraq satmaqla məşğul olmuş, bağlanmış müqavilə əsasında İddiaçı MMC tərəfindən ondan xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 213250 manat 96 qəpik dəyərində çiy süd alınmış və həmin məbləğdə ödəniş edilərək borc qalığı olmamışdır. İddiaçı MMC həmin vaxt aldığı çiy südün keyfiyyətinin qorunub saxlanılması məqsədilə mülkiyyətində olan, İtalia dövləti istehsallı olan soyuducu kimi istifadə edilməsi nəzərdə tutulmuş paslanmaz metaldan hazırlanmış, qiyməti 13654 manat 51 qəpik təşkil edən 1 ədəd ********** nömrəli, 1600 litir tutumlu, qiyməti 21355 manat 13 qəpik təşkil edən 1 ədəd ********** nömrəli, 3000 litir tutumlu süd soyutma çənləri, qiyməti 1878 manat təkil edən 1 ədəd 300 litrlik ön süd çəni, qiyməti 15 manat təşkil edən 1 ədəd 20 litrlik süd ölçü vedrəsi xx.xx.2017-ci il tarixdə, 1 ədədinin qiyməti 15 manat 34 qəpik olmaqla, cəmi 613 manat 60 qəpik təşkil edən 40 ədəd 40 litirlik süd bidonları və 40 ədəd süd bidonlarının qapaqları isə xx.xx.2018-ci il tarixli təhvil-təslim aktları ilə cəmi dəyəri 37516 manat 45 qəpik olan daşınar əmlaklar Cavabdeh1 təhvil verilmişdir. Ondan sonra Cavabdeh1 xx.xx.2018-ci il tarixdən İddiaçı MMC- yə çiy süd satışını dayandırmış və 2019-cu ilin may ayından yenidən bərpa edəcəyini bildirsə də, sonda imtina etmişdir. Bu səbəbdən İddiaçı MMC-nin süd alım müdiri vəzifəsində işləyən İsmayıl Allahverdiyev və əməliyyat direktoru Seymur Həsənov dəfələrlə rəsmi olaraq Cavabdeh1 həmin avadanlıqların qaytarılmasını tələb etsə də, sonuncu bundan imtina etmiş, guya süd bidonlarının oğurlandığını, süd çənlərinin qaytarılması üçün isə, əsasız olaraq 5.000 manat pul tələb etmişdir. O, yalandan guya süd çənlərinin təmirinə 5000 manat pul vəsaiti xərclədiyini bildirmişdir. Halbu ki, həmin çənlər ona aktla təhvil verilərkən təzə və tam işlək vəziyyətində olmuşdur. Çənlərin nə vaxt, kim tərəfindən və hansı hissəsinin təmir olunduğunu bildirməkdən imtina etmişdir. Cavabdeh1 göstərilən daşınar əmlaklar üzərində qanunsuz sahiblik edərək onu İddiaçı MMC-yə geri qaytarmaqdan da imtina etmişdir. Odur ki, Cavabdeh1 İddiaçı MMC- yə məxsus cəmi dəyəri 37516 manat 45 qəpik olan daşınar əmlakları geri qaytarmalıdir. xx.xx.2019-cu il tarixdə, təkrar 29.11. 2022-ci il tarixdə Cavabdeh1 daşınar əmlakların geri qaytarılması tələbinə dair pretenziya məktubları göndərilmiş, lakin o, razılığa gəlməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərci İddiaçı tərəfindən ödənilmişdir. Daha sonra ilkin İddiaçı nümayəndələri X2 və Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, iddiaçı Atena” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan İtaliya dövləti istehsalı olan soyducu kimi istifadə edilməsi nəzərdə tutulmuş paslanmaz metaldan hazırlanmış 1 ədəd ********** nömrəli 1600 litr tutumlu 13654 manat 51 qəpik dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd ********** nömrəli 3000 litr tutumlu 21355 manat 13 qəpik dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd 300 litr tutumlu 1878 manat dəyərində paslanmaz metaldan ön süd qəbul çəni, 1 ədəd 20 litr tutumlu 15 manat dəyərində paslanmaz metaldan süd ölçü vedrəsi, 1 ədədinin qiyməti 15 manat 34 qəpik olmaqla cəmi 613 manat 6 qəpik dəyərində 40 ədəd 40 litrlik süd bidonlarının cəmi dəyəri 37516 manat 45 qəpik olan daşınar əmlakların Cavabdeh1 alınaraq İddiaçınə geri qaytarılması, daşınar əmlakların alınması mümkün olmadıqda əmlakların dəyəri 37516 manat 45 qəpik məbləğində pul vəsaitin Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən 60000 manat pul və 270 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi üzrə İddiaçı MMC məhkəmədə ona qarşı iddia qaldıraraq dəyəri 37516 manat olan süd soyutma çənlərinin və süd balonlarının alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. Qeyd edir ki, cavabdeh ilə aralarında müqavilə olmuş və həmin müqavilənin mahiyyəti ondan ibarət olmuşdur ki, o, vətəndaşlardan topladığı çiy çiy süd məhsulunu onlara verməli onlar isə həmin südün dəyərini ona ödəməli idilər. 23 oktyabr 2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə o cavabdeh təşkilata 213250 manat məbləğində süd tədarük edərək təhvil vermişdir. Lakin bunun müqabilində cavabdeh təşkilat ona, cəmi 153250 manat ödəniş etmiş və bu günə kimi 60000 manat pul borcları qalmışdır. O dəfələrlə cavabdehdən həmin pulu tələb etsə də onlar bunu etməmişdirlər. İlkin iddia üzrə İddiaçı qarşılıqlı iddiaya dair məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.3-cü maddəsinin tələbinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında və həmin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilmədiyindən geri qaytarılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsini 152.1.6-cı maddəsinin tələbinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, 152.1.6-1-ci maddəsinin tələbinə əsasən "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və na, əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında hakim qərar çıxarır. Həmçinin ilkin iddia üzrə ərizələrində qeyd etdikləri kimi Cavabdeh1 fərdi sahibkar (VÖEN: **********) olmaqla, Beyləqan rayonu Daşburun qəsəbəsində ayrı-ayrı vətəndaşlardan çiy süd toplayaraq satmaqla məşğul olmuş, bağlanmış müqavilə əsasında iddiaçı "xxxx" MMC tərəfindən ondan xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 213250 manat 96 qəpik dəyərində çiy süd alınmış və həmin məbləğdə ödəniş edilərək borc qalığı olmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini rədd edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehə 2019-cu ilə qədər bütün süd məhsullarının dəyəri tam ödənilmişdir, lakin cavabdeh tərəfindən ona verilmiş süd çənləri və ləvazimatları geri qaytarılmamışdır. İddiaçı MMC tərəfindən mühasibat uçotu qaydalarına əməl edilir. Südü fakturayla qəbul edirlər, kassa məxaric orderində bunlar qeyd olunub və cavabdeh 213250 manat pulun hamısını almışdır. Qeyd olunan hallar şahidin ifadəsi ilə də təsdiqini tapmışdır. Bütün sənədləri təqdim etmişdirlər. Məhkəmədən ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, ilkin iddia ərizəsində sadalanan əmlaklar iddiaçı tərəfindən Cavabdeh1 verilmişdir. Lakin, iddiaçının Cavabdeh1 60000 manat məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi tərəfindən ona təqdim olunan qaimələr və digər sənədlərlə tanış olmuşdur. İddiaçının cavabdehə borcu qalması barədə sübütları olmasa da, hesab edir ki, qarşılıqlı iddia təmin ediləcəyi təqdirdə ilk iddia təmin edilə bilər. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını və şahidinin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Cavabdeh1 qarşı iddiaçının heç bir borcu yoxdur. Borcu kassadan ödəmişlər. Süd qaimə, faktura ilə onlara gəlmişdir. Qaiməni isə qarşı tərəf yazmışdır. Süd zavoda gəldikdən sonra onlar da ölçürmüşlər və məhsulu qəbul etdikdən sonra 15 gün ərzində məhsulun dəyəri ödənilmişdir. Qaimə əlyazma şəklində olmuşdur. Qaimədə südün çəkisi qeyd olunmuşdur. Məhsulun dəyərini nağd şəklində ya Cavabdeh1, ya da nümayəndəsi məxaric orderi ilə götürmüşdür. Məhkəməyə təqdim olunan reyestri kassa məxaric orderləri əsasında tərtib etmişlər. Cavabdeh1 alış qaimələri cəmlənərək 213000 manat təşkil edir. Əmlaklar cavabdehə təhvil-təslim aktına əsasən verilmişdir. Daha sonra cavabdehə həmin əmlakların götürülməsi barədə müraciət etsələr də, geri ala bilməmişlər. Cavabdeh1 çənlərin təmiri barədə onlara məlumat vermiş, ancaq təmir xərcləri barədə sənəd təqdim etməmişdir. Cavabdeh1 onlardan süd borcu ilə bağlı heç bir tələbi olmamışdır. Cavabdeh1 qaimədə qeyd etdiyi ölçüdən az süd olmayıbdır. Ümumilikdə, Cavabdeh1 ilə aralarında heç bir zaman pul mübahisəsi olmamışdır. İş materiallarına əlavə olunmuş tərəflər arasında razılaşdırılmış 28 dekabr 2017-ci il tarixli və 08 dekabr 2018-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, 1 ədəd ********** nömrəli 1600 litr tutumlu 13654 manat 51 qəpik dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd ********** nömrəli 3000 litr tutumlu 21355 manat 13 qəpik dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd 300 litr tutumlu 1878 manat dəyərində paslanmaz metaldan ön süd qəbul çəni, 1 ədəd 20 litr tutumlu 15 manat dəyərində paslanmaz metaldan süd ölçü vedrəsi, 1 ədədinin qiyməti 15 manat 34 qəpik olmaqla cəmi 613 manat 6 qəpik dəyərində 40 ədəd 40 litrlik süd bidonları heç bir qüsuru yoxdur, işləkdir qeydi ilə İddiaçı tərəfindən Cavabdeh1 təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 03/01-03/772 nömrəli maliyyə arayışdan görünür ki, dəyəri 37516 manat 45 qəpik məbləğində olan mal-material və avadanlıqlar İddiaçı tərəfindən Cavabdeh1 təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən Cavabdeh1 alınan südün və İddiaçı tərəfindən Cavabdeh1 ödənən vəsaitlərin reyster cədvəlindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 213250 manat 96 qəpik məbləğində süd alınmış və həmin məbləğ ona ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 İddiaçındən aralarında olan razılaşmaya əsasən öhdəliklərini yerinə yetirmək üçün 37516 manat 45 qəpik dəyərində olan mal-material və avadanlıqlar almış, lakin tərəflər arasında olan hüquq münasibətinə xitam verilməsinə, baxmayaraq, Cavabdeh1 öhdəliklərini tam həcmdə yerinə yetirməyərək, həmin əmlakı iddiaçıya geri qaytarmamışdır. İlk iddia üzrə iddiaçıya məxsus 37516 manat 45 qəpik dəyərində əmlak cavabdehin qanunsuz sahibliyində olduğundan, məhkəmə hesab edir ki, həmin əmlaklar və ya onların dəyəri cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, 1 ədəd ********** nömrəli 1600 litr tutumlu 13654 manat 51 qəpik dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd ********** nömrəli 3000 litr tutumlu 21355 manat 13 qəpik dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd 300 litr tutumlu 1878 manat dəyərində paslanmaz metaldan ön süd qəbul çəni, 1 ədəd 20 litr tutumlu 15 manat dəyərində paslanmaz metaldan süd ölçü vedrəsi, 1 ədədinin qiyməti 15 manat 34 qəpik olmaqla cəmi 613 manat 6 qəpik dəyərində 40 ədəd 40 litrlik süd bidonları və ya onların dəyəri Cavabdeh1 alınaraq İddiaçınə verilməlidir. 26 dekabr 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün həmin hissədə dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə və iddiaçı tərəfindən 2 manat 55 qəpik məbləğində dövlət rüsumun ödənilməsini nəzərə alaraq iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 200 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 İddiaçınə pul tələbinə dair qarşılıqlı iddiası sübuta yetirilmədiyindən təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. İş materiallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İddiaçı satın aldığı süd məhsulları üzrə Cavabdeh1 qarşısında ödənilməmiş pul öhdəliyinin qaldığı təsdiq edilmədiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. 1 ədəd ********** nömrəli 1600 litr tutumlu 13654 manat 51 qəpik dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd ********** nömrəli 3000 litr tutumlu 21355 manat 13 qəpik dəyərində paslanmaz metaldan Frigomilk süd soyutma çəni, 1 ədəd 300 litr tutumlu 1878 manat dəyərində paslanmaz metaldan ön süd qəbul çəni, 1 ədəd 20 litr tutumlu 15 manat dəyərində paslanmaz metaldan süd ölçü vedrəsi, 1 ədədinin qiyməti 15 manat 34 qəpik olmaqla cəmi 613 manat 6 qəpik dəyərində 40 ədəd 40 litrlik süd bidonları və ya onların dəyəri Cavabdeh1 alınaraq İddiaçınə verilsin. İlk iddia üzrə ödənilməli olan 200 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh1 İddiaçınə pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar