Məhkəmə qərarları › İş №e-2-2(115)-263/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-263/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-263/2024 04.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə mürаciət edərək, icarə haqqı olan 3900 manat məbləğində pulun və əşyalarının aparılması nəticəsində ona vurulmuş 5280 manat real maddi zərərin, ümumilikdə 9180 manat məbləğində pulun, ödənilmiş 112 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 003574 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən dörd mərtəbəli binanın zirzəmisində ümumi sahəsi 99.5 kv/m olan qeyri-yaşayış sahəsinin 99.5 kv/m olan tam hissəsini Cavabdeh icarəyə vermişdir. İcarə müqaviləsi xx.xx.2019-cu il tarixdə dəyişiklik edilməklə yenidən bağlanmışdır. Qeyd edilən icarə obyekti müqavilə bağlanmamışdan əvvəl yeməkxana kimi fəaliyyə göstərmiş, müqavilə bağlandıqdan sonra da yeməkxana kimi fəaliyyət göstərmək üçün icarəyə verilmişdir. İcarə müqaviləsinin 4cü bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən icarəyə verənə 200 manat icarə haqqı ödəyir. Lakin müqavilədə icarə haqqı 200 manat qeyd edilsə də müqavilə tərəflərinin şifahi razılaşmasına əsasən icarəçi icarəyə verənə ayda 500 manat icarə haqqı ödəməli idi. İcarəçi vergi ödənişini az ödəmək məqsədilə icarə müqaviləsində icarə haqqının 200 manat kimi qeyd edilməsini xahiş etdiyi üçün 200 manat icarə haqqı məbləği qeyd edilmişdir. Aylıq icarə haqqının 500 manatdan ödənilməsi "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli İddiaçı adına verilmiş hesabdan çıxarışda da öz əksini tapmışdır. Müqavilənin 6-cı bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilər. Bu halda icarəçi üçüncü şəxsin istifadəsi zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Müqavilənin 7-ci bəndinə görə müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazlı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Cavabdeh tərəfindən müqavilənin tələbləri pozulduğu üçün xx.xx.2021-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu ünvanlayaraq xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə niyyətini bildirmiş, xəbərdarlıq məktubu cavabdeh tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir. Göstərilənlərə əsasən Bərdə Rayon Məhkəməsində müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması tələbi ilə Cavabdeh qarşı iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Həmin qətnamədən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı və cavabdehin fərdi sahibkar statusu əldə edən fiziki şəxs olmaları əsası ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-1448/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə 14 sentyabr 2023cü il tarixdə icra edilmiş qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən icra məmuru vasitəsilə boşaldılaraq açarı ilə birlikdə təhvil verilmişdir. Təhvil verildikdən sonra onun tərəfindən obyektə baxış keçirilən zaman bütün elektrik xətlərinin sıradan çıxarıldığı, bəzi otaqlarda suvaqların söküldüyünü, zibillərin yığılıb qalaqlanaraq təmizlənmədiyi aşkar olunmuşdur. Göstərdiyi səbəblərdən bu günədək obyektini icarəyə verə bilmir. Bu günədək cavabdeh 6 aylıq (2023-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr aylarının) icarə haqqını ödəməmişdir. Bütün bunlar onu əldə edə biləcəyi gəlirlərdən məhrum etmişdir. Eyni zamanda 2023-cü ilin yanvar ayında cəmi 200 manat icarə haqqı ödəmişdir. Növbəti ayda 800 manat ödəyəcəyini söz versə də cəmi 700 manat icarə haqqı ödəmiş və 100 manat borcu qalmışdır. 2021-ci ildən əvvəl icarəçi icarə haqqı ödənişini nağd şəkildə ödəyirdi. 2021-ci ilin noyabr ayından başlayaraq "xxxx" ASC vasitəsilə hesabına ödəmişdir. 2021-ci ilin noyabr ayından əvvəlki aylarda icarəçi icarə haqqını tam ödəməmiş, həmin müddətdə ümumi 800 manat icarə haqqı borcu qalmışdır. Cavabdehlə şifahi razılaşdıqları aylıq 500 manat icarə haqqını hesabladıqda 4 aya 2000 manat məbləğində icarə haqqı edir. Cavabdeh Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayətinə etirazında qeyd etmişdir ki, müqavilə üzrə icarə haqqı 200 manat müəyyən edilməyinə baxmayaraq, iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən o iddiaçıya hər ay 500 manat icarə haqqı ödəmişdir. Ümumilikdə Cavabdeh ona 2900 manat icarə haqqı borcu qalmışdır. Həmçinin, qeyd edilən qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə verərkən aşağıda göstərdiyi əşyaları da istifadə etmək üçün ona təhvil vermişdi. 1 ədəd 850 manat dəyərində vitrin-soyuducu “İssoy”, 1 ədədinin dəyəri 70 manat olmaqla cəmi dəyəri 350 manat olan 5 ədəd stol (80 sm x 150 sm ölçüdə), 1 ədədinin dəyəri 60 manat olmaqla cəmi dəyəri 300 manat olan 5 ədəd stol (80 sm x 120 sm ölçüdə), 1 ədədinin dəyəri 25 manat olmaqla cəmi dəyəri 875 manat olan 35 ədəd yumşaq oturacaqlı stul, 1 ədədinin dəyəri 60 manat olmaqla cəmi dəyəri 120 manat olan 2 ədəd qaz balonu (50 kq), 1 ədəd dəyəri 130 manat olan qaz peçi (3 gözlü), 1 ədəd dəyəri 130 manat olan vitrin polka, 1 ədədinin dəyəri 40 manat olmaqla cəmi dəyəri 320 manat olan 8 ədəd jurnalnı stol, 1 ədədinin dəyəri 150 manat olmaqla cəmi dəyəri 1050 manat olan 7 ədəd divan, 1 ədəd dəyəri 50 manat olan Türkiyə istehsalı fri aparatı, 1 ədəd dəyəri 80 manat olan qazan üçün blender, 1 ədəd dəyəri 90 manat olan adi blender, 1 ədəd dəyəri 70 manat olan peraşki aparatı, 1 ədəd dəyəri 150 manat olan mikrovolnovka, 1 ədəd dəyəri 100 manat olan elektrik somavarı, 1 ədədinin dəyəri 35 manat olmaqla cəmi dəyəri 70 manat olan 2 ədəd böyük ləyən, 1 ədəd 25 manat dəyərində orta ləyən, 1 ədədinin dəyəri 15 manat olmaqla cəmi dəyəri 30 manat olan 2 ədəd plastmas turşu qabı (50kq), 1 ədəd dəyəri 30 manat olan böyük çuqun tava, cəmi dəyəri 80 manat olan 6 ədəd müxtəlif tava, cəmi dəyəri 80 manat olan 4 ədəd alüminum qazan, cəmi dəyəri 100 manat olan 5 ədəd emallı qazan, cəmi dəyəri 50 manat olan 10 ədəd piti qabları, cəmi dəyəri 200 manat olan çay dəsti (çayniklər, stəkanlar, nəlbəkilər və qənd qabları), bütün göstərdiyi əşyaların cəmi dəyəri 5280 manat təşkil edir. Cavabdeh həmin əşyaları aparmaqla ona 5280 manat məbləğində maddi zərər vurmuşdur. Lakin qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilərkən ona verdiyi əşyalar orada yox idi. Cavabdeh qeyd etdiyi əşyaları qeyri-yaşayış sahəsindən götürərək özü ilə aparmışdır. Hazırda cavabdeh nə əşyaları, nə də əşyaların dəyərini ona qaytarmır. Cavabdeh müqavilədən irəli gələn üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli e-2-2(113)-6179/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işin baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh icarə haqqından 2021-ci ilin iyun ayı üçün 150 manat, iyul ayı üçün 200 manat, avqust ayı üçün 100 manat, sentyabr ayı üçün 150 manat, oktyabr ayı üçün 200 manat, cəmi 800 manat əskik ödədiyini bildirmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək ünvan 1 ünavanında yerləşən 4 mərtəbəli yaşayış binasının zirzəmisindəki obyektin 29 may 2019-cu ildə kafe-çayxana kimi işlətmək üçün X1, aşağıdakı siyahıda göstərilən mebel inventar və avadanlıqları birlikdə icarəyə verildiyini bildirmişdir. 1. Vitrin soyuducu “ İssoy”- 1 ədəd-850 manat, 2. Stol (80 smx150 sm)-5 ədəd x 70 man = 350 manat, 3. Stol (80 sm x 120 sm) - 5 ədəd x 60 man = 300 manat, 4. Yumşaq oturacaqlı sul - 35 ədəd x 25 man = 875 manat, 5. Qaz balonu (50 kq)- 2 ədəd x 60 man = 120 manat, 6. Qaz peçi (3 gözlü)-1 ədəd x 130 man = 130 manat, 7. Vitrin polka1 ədədx130 man = 130 manat, 8. Jurnal stolu – 8 ədəd x 40 man = 320 manat, 9. Yumşaq divan-7 ədəd x150 man = 1050 manat; 10. Fri aparatı (Türkiyə)- 1 ədəd x 50 man =50 manat, 11. Qazan üçün blender - 1 ədəd x 80 man = 80 manat, 12. Adi blender -1 ədəd x 90 man = 90 manat, 13. Peraşki aparatı – 1 ədəd x 70 man = 70 manat, 14. Mikrovolnovka- 1 ədəd x 150 man = 150 manat,

15. Elektrik samovarı-1 ədəd x 100 man = 100 manat, 16. Böyük ləyən-2 ədəd x 35 manat = 70 manat, 17. Orta ləyən-1 ədəd x 25 manat = 25 manat, 18. Plastmas turşu qabı (50 kq) 2 ədəd x 15 man = 30 manat, 19. Böyük çuğun tava- 1 ədəd x 30 manat = 30 manat, 20. Müxtəlif ölçülü tavalar- 65 ədəd, cəmi 80 manat, 21. Aliminium qazanlar- 4 ədəd cəmi 80 manat, 22. Emallı qazanlar 5 ədəd cəmi 100 manat, 23. Piti qabı- 10 ədəd x 5 manat = 50 manat, 24. Çay dəsti (çayniklər, nəlbəki və qənd qabları və s) cəmi 200 manat, cəmi mebel, invertar və avadanlıqların dəyəri 5330 manat. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 003574 nömrəli şəhadətnamə əsasında mülkiyyətində olan ünvan 1 üncanında yerləşən 4 mərtəbəli binanın zirzəmisindəki 99.5 kv.m olan qeyri yaşayış sahəsinin Cavabdeh müqavilə əsasında icarəyə verilərkən otaqların hamısı təmiz halda, elektrik xətləri, işıqlandırma sistemi, razetkalar, kluçaterlər lampalar və su xəttinin bütün kranları işlək vəziyyətində olmuşdur. Bakı Kommersiya Məhkəməsinin qərarı əsasında obyekt ona təhvil verilərkən yalnız giriş otağında bir yerdə elektrik lampası yanırdı və ümumi rubilnik sındırılmışdır. Qalan otaqların hamısında elektrik xərtti yararsız hala salınmış, divarlarda suvaq dağıdılmış, zibillik əmələ gəlmiş və su xətti sıradan çıxarılmışdır. Bu səbəbdən 5 aydır o obyekti başqa şəxsə icarəyə verə bilmir. Göstərilən işlərin yerinə yetirilməsi ilkin hesablamalara görə 800 manat təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh icarə haqqı olan 3900 manat pulun, əşyalarının oğurlanması nəticəsində ona vurulmuş 5330 manat məbləğində real maddi zərərin, həmçinin obyektdə sıradan çıxarılmış su və elektrik xətlərinin bərpası, sökülmüş yerlərin təmir edilməsi və zibilin daşınması üçün təxminən 800 manatın, ümumilikdə 10030 manat məbləğində pulun, ödənilmiş 115 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslanadırılmışdır ki, İddiaçı ona qarşı dəymiş maddi ziyanın ödənilməsi və pul tələbinə dair iddia vermişdir. İddiada göstərir ki, qeyri-yaşayış sahəsini ona icarəyə verərkən ona məxsus əşyalarla təhvil verilmişdir. Bununla bağlı bildirir ki, iddiaçıya məxsus əşya və ya əşyalar onun istifadəsinə verilməyib. İddiaçı ilə onun arasında bağlanmış müqavilədə bu barədə heç bir bənd yoxdur. Bundan əlavə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-1448/2023 saylı qətnaməsi ilə iddiaçının iddia üzrə icarə obyektinin cavabdehə verilmiş ilkin vəziyyətdə iddiaçıya qaytarılması hissəsinə hüquqi qiymət verilərək iddia üzrə həmin hissə təmin edilməmişdir. İddiaçı Bakı Kommersiya Məhkəməsinə icarə obyektinin cavabdehə verilmiş ilkin vəziyyətdə iddiaçıya qaytarılması tələbini də irəli sürmüşdür. Məhkəmə iclasında iddiaçı iddia tələbinin bu hissəsi ilə bağlı izahatında göstərmişdir ki, icarə obyekti cavabdehə iddiaçıya məxsus əmlaklarla birlikdə təhvil verilmiş, həmin əmlaklarla birlikdə ona geri qaytarılmalıdır. Bakı Kommersiya Məhkəməsinin qeyd etdiyi qətnaməsinə əsasən məhkəmə hesab edib ki, iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz. Belə ki, ilk əvvəl nəzərə almaq lazımdır ki, əşyaların tələbi ilə bağlı hallarda, ümumi qaydada müvafiq olaraq-sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərdə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki, birinici tələb olunan əşya mövcuddur, ikinci, tələb edilən əşya iddiaçıya məxsusdur, üçüncü tələb edilən əşya cavabdehdədir, dördüncü, tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə o qanunsuz sahibdir. Yalnız qeyd edilən bu halların həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübut etmə ardıcılılığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlanılmasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər. Hazırki iş üzrə iddiaçı Bakı kommersiya Məhkəməsində iddiasına əsasən cavabdehdən tələb etdiyi əşyalara münasibətdə tələblərini yuxarıda qeyd edilən qaydada sübuta yetirə bilməmişdir. Məhz ona görə də iddiası həmin hissədə təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçı Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək iddianın predmetini dəyişərək hazırki vurulmuş maddi ziyanın ödənilməsi və pul tələbinə dair iddiasını vermişdir. Hesab edir ki, iddiaçı bu hərəkəti ilə məhkəməni aldatmaq istəyib. Belə ki, iddiaçı iddianın predmetini dəyişsə də Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə hal hazırki iddia mahiyyəti üzrə eynidir. İddianın digər hissəsi də Bakı Kommersiya Məhkəməsində mübahisələndirilmiş və hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı iddiasında qeyd edir ki, aralarında bağlanmış icarə müqaviləsində aylıq icarə haqqı 200 manat yazılsa da öz aralarında aylıq 500 manat razılaşmışlar. Bir daha qeyd edir ki, bu iddia Bakı Kommersiya Məhkəməsində araşdırılmış və məhkəmə tərəfindən əsaslandırılmış qətnamə qəbul edilmişdir. İşə aidiyyəti olmasa da məhkəmənin diqqətinə çatdırılır ki, icarə obyekti iddiaçının razılığı ilə onun tərəfindən əsaslı təmir edilmişdir. Təmir başa çatdıqdan sonra iddiaçı hər hansı bir əsaslı səbəb olmadan müqavilənin ləğv edilməsini tələb etmişdir. Buradan açıq-aydın hiss olunur ki, iddiaçı onun obyektə çəkdiyi xərcləri ört-bastır etmək fikirindədir. Ona görə də hesab edir ki, iddiaçının ona qarşı irəli sürdüyü iddiası mahiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə eyni olduğundan rədd edilməlidir. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12100 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, hal-hazır ki iddia üzrə cavabdeh İddiaçı vurulmuş maddi ziyanın ödənilməsi və pul tələbinə dair Gəncə Kommersiya Məhkəməsinə iddia vermişdir. Həmin iddiaya qarşı etiraz ərizəsi yazılmışdır. Eyni zamanda qarşılıqlı iddia yazmaq zərurəti yaranmışdır. Belə ki, ilkin iddia üzrə iddiaçı, qaşılıqlı iddia üzrə cavabdeh, aralarında bağlanmış xx.xx.2019 cu il tarixli icarə müqaviləsinin formal olduğunu iddia edir. Guya ki, icarə müqaviləsində aylıq icarə haqqı 200 manat yazılsa da öz aralarında 500 manata razılaşmışlar. Onun yazdıqları həqiqəti əks etdirmir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehə məxsus 99.5 kv/m olan qeyri -yaşayış sahəsi zirzəmidə yerləşməklə bərabər təmirsiz vəziyyətdə olmuşdur. Müqavilə 10 il nəzərdə tutularaq bağlanmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh ona demişdir ki, obyekt elə bil ki, özünündür. Nə etmək istəyirsə sərbəstdir. O də ona demişdir ki, obyekt uzun müddətə onun istifadəsində olacağına görə oranı əsaslı təmir etmək istəyir. O isə bununla razılaşmışdır. Bundan sonra obyektdə əsaslı təmirə başlamışdır. İlk iki ayın icarə haqqını icarə müqaviləsinin şərtlərinə uyğun əlbəl İddiaçı ödəmişdir. Təmir işləri bir neçə ay davam etmişdir. Üçüncü ayın icarə haqqı yaxınlaşdığı zaman İddiaçı obyektə gəlmiş, həmin zaman o artıq təmir işlərini yekunlaşdırıb fəaliyyətə başlamışdı və kifayət qədər də müştəriləri vardır. O obyektdə gördüklərindən şoka düşmüş, zirzəmidə yerləşən və yararsız vəziyyətdə olan obyekti sözün əsl mənasında cənnətə çevirmişdi. Çünki obyektin əsaslı təmiri üçün 43 min manat xərcləmişdi. O bildirdi ki, bu aydan etibarən ya 500 manat verəcəksən, ya da obyekti təhvil verəcəksən. Bununla bağlı onun nəzərinə çatdırdı ki, axı aralarında uzun müddətli müqavilə var, özü də ondan razılıq alaraq təmir işlərinə başlamışdır, ən əsası da bu təmiri öz hesabına edir. O danışıqlara əhəmiyyət verməyərək yenə də öz fikrində qaldı. Həmin vaxta qədər obyekdə xeyli miqdarda vəsait xərclədiyinə görə məcburən onunla razılaşmalı oldu. Bundan sonra hər ay ona 500 manat ödədi. Yenicə işə başlamışdı ki, məlum pandemiya başladı. Artıq həmin müddət heç kimə işləməyə icazə verilmədiyindən İddiaçıla görüşüb ona bildirdi ki, işləməyə icazə yoxdur. İcazə verilənə qədər müqvilə şərtlərinə uyğun ödəniş edəcəkdir. O isə qəti şəkildə etiraz edərək onunla razılaşmadı. “Əgər aylıq 500 manat ödəməyəcəksənsə obyekti təhvil ver” dedi. Pandemiya dövrü təxminən 2 il davam etdi. Bu müddət ərzində işləməyə-işləməyə ordan burdan borc taparaq hər ay ona 500 manat icarə haqqı ödəmişdir. İşlərini uzun müddətə hesabladığından və obyektdə çəkdiyi xeyli miqdarda vəsait naminə onun bu özbaşınalığının qarşısında qanun naminə rəftar etmədi. Aralarında bağlanmış icarə müqaviləsinin 5 ci bəndində göstərilir ki, fors-major hadisəsindən sığortalanma icarəçinin vəzifəsidir. Pandemiya dövrü fors-major sayılır. Pandemiya dövrü qismən bitdikdə yenidən fəaliyyətinə başlamışdır ki, bu zaman qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı icarə müqaviləsinin ləğv edilməsi və onun obyekti təhvil verməyinə dair məhkəmədə iddia qaldırdı. Bir neçə ayrı-ayrı instansiya məhkəmələrinin yekununda aralarında bağlanmış icarə müqaviləsi ləğv edildi. İndi isə o əsassız olaraq vurulmuş maddi ziyanın ödənilməsi və pul tələbinə dair Gəncə Kommersiya Məhkəməsinə iddia vermişdir. Belə olan halda o da qanunvericiliyin tələbinə uyğun öz hüquqlarından istifadə edərək qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 3cü bəndində göstərilir; icarə müddəti xx.xx.2029-cu il tarixədək müəyyən edilir. Həmin müqavilənin 4-cü bəndində isə icarəyə verilən sahənin istifadəsinə görə, icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 200 manat icarə haqqı ödəyəcəyi qeyd edilmişdir. Müqavilədən göründüyü kimi icarə haqqı 200 manat təşkil etdiyi halda qarşılıqlı iddia üzrə cavabdeh qeyri-qanuni ondan hər ay 500 manat almışdır. Özü də bu faktı danmır. Qarşılıqlı iddia üzrə iddiaçıya məxsus obyekt 4 il 4 ay onun istifadəsində olmuşdur. Bu müddət ərzində ona ümumilikdə 10400 manat verməli idi. Əslində isə o qaşılıqlı iddia üzrə cavabdehə 23500 manat ödəmişdir. Belə olduğu halda, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə ödədiyi artıq 12100 manat vəsaitin geri qaytarılması barədə qətnamə qəbul edilməsi zərurəti yaranmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini dəqiqləşdirərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 15700 manat pulun tutularaq öna ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iacrə müqaviləsinin 5-ci bəndində göstərilir ki, forsmajor hadisəsindən sığortalanma icarəçinin vəzifəsidir. Qarşılıqlı iddia üzrə cavabdeh pandemiya dövrü ərzində ona heç bir güzəşt etməmişdir. Məlum pandemiya dövründə Nazirləq Kabinetinin qərarları əsasında uzun müddət kafe və restoranlar fəaliyyət göstərməmişlər. Buna baxmayaraq qarşılıqlı iddia üzrə cavabdeh hər ay ondan məcburi icarə haqqını almışdır. Təxminən 1 il 6 ay pandemiya ilə bağlı kafeni işlətməsə də icarə haqqı ödəmişdir. Gəncə Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli e-2-2(115)-263/2024 qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddianın əşylarının aparılması nəticəsində ona vurduğu 5330 manat məbləğində real maddi zərərin cavadehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, müqavilədə icarə haqqı 200 manat qeyd edilmişdir ki, cavabdeh vergiyə az məbləğdə ödəniş etsin. Lakin aylıq 500 manatın ödənilməsi barədə şifahi qaydada razılaşmışlar. O qarşı tərəfə hər ay 500 manat ödəniş etməsi üçün heç bir təsir etməmişdir. Müqaviləyə əsasən icarə haqqı hər ayının 1-dən digər ayın 1-nə kimi hesablanmalı idi. Qeyd edilən obyekti əvvəlcə o özü işlətmiş, obyektdə əmlakları olmuşdur, daha sonra cavabdehin istəyi ilə obyekti işlətmək üçün ona vermiş və obyektdə olan əşyaları isə ordan götürməmişdir. Obyekti təhvil verərkən hər hansı təhvil-təslim aktı imzalanmamışdır. X3 icarəyə verərkən yanlarında ikisindən başqa heç kəs olmamışdır. Digər məhkəmədə iddia qaldıran zaman iddia tələbi müqavilənin ləğvi ilə əlaqədar olmuşdur, vəkili ona əvvəlcə həmin müqavilənin ləğvi ilə bağlı məsələni həll etməyini sonra isə digər məsələ ilə əlaqədar iddia verməyini məsləhət görmüşdü. Digər məhkəməyə təqdim etdiyi iddiada müqavilənin ləğvi və əmlakın ilkin vəziyyətdə ona qaytarılması tələbini qoymuşdur. İlkin vəziyyətdə dedikdə əmlakını qarşı tərəfə necə təhvil vermişdirsə o formada qaytarılmasını nəzərdə tutur, yəni təmirli, əşyalarla birlikdə. Məhkəməyə gətirdiyi foto şəkillərdəki formada obyekti qarşı tərəfə təhvil vermişdir. Əşyalarının aparılması nəticəsində ona 5330 manat ziyan vurulmuşdur. Bundan başqa cavabdeh icarə haqqını 2021-ci ilin axırından etibarən bank vasitəsi ilə ödəmişdir. 800 manat 2021-ci ildən qalmış puldur. Əksik ödənişlər pandemiya zamanından qabaq olmuşdur. Pandemiya isə forsmajor hal olduğuna görə icarəçi özünü sığortalamalı idi. Cavabdehin oğlu ona icarə haqqını gətirib verəndə hər dəfə əksik pul vermişdir. 5 ay icarə haqqını bu formada ödəmişlər, sonuncu dəfə bu formada icarə haqqını ödəyəndə pulu özünə qaytarmış və gəlib obyektin açarını onlardan alacağını bildirmişdir. Həmçinin 6 ay üçün hər aya görə 500 manatdan aylıq icarə haqqı hesablanmış, lakin cavabdeh icarə haqqını ödəməmişdir. Odur ki, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək bildirdi ki, onun iddiaçıya borcu yoxdur. Belə ki, əvəllər münasibətləri çox yaxşı olmuş, heç müqavilə belə bağlamaq istəməmişlər. İddiaçı ona obyektdən həmişəlik istifadə edə biləcəyini bildirmişdir. Buna görə də ilk dəfə həmin obyektə 43000 manat xərc çəkmişdir. İcarə haqqını həm bankla, həm də nağd olaraq ödəmişdir. Məhkəmədə işə baxılarkən icarə haqqı ödəməmişdir. 2023-cü ilin aprel, may, iyun aylarında icarə haqqını ödəmişdir. Obyekti ilk dəfə təhvil alarkən orada heç bir əşya olmamışdır. O obyekti qarşı tərəfdən aldığı vəziyyətdən də yaxşı vəziyyətdə ona qaytarmışdır. Ödənişlərdə heç bir əksikliyi olmamışdır. Onlar icarə müqaviləsini 200 manata bağlamışlar. O obyekti təmir etdirdikdən sonra qarşı tərəf bunu görüb 200 manatın az olduğunu bildirmişdir. Verdiyi artıq pulu qarşı tərəfdən tələb edir. Lakin bununla əlaqədar əvvəllər məhkəməyə müraciət etməmişdir. Pandemiya zamanı qapanmalarla əlaqədar işləyə bilməmişdir. Odur ki, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş edir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 yanvar 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 2 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 99.5 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) icarəyə verir(lər). İcarəyə verən İddiaçı (tam hissə, 99.5 kv/m) icarəçi Cavabdeh. Müqavilənin 4-cü bəndinə əsasən icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci bəndinə əsasən fors-major hadisəsindən sığortalanma icarəçilərin vəzifəsidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 may 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 2 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 99.5 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) icarəyə verir(lər). İcarəyə verən İddiaçı (tam hissə, 99.5 kv/m) icarəçi Cavabdeh. Müqavilənin 4-cü bəndinə əsasən icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci bəndinə əsasən fors-major hadisəsindən sığortalanma icarəçilərin vəzifəsidir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 19 may 2023-cü il tarixli 2- 2(113)-1448/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi, icarə haqqının ödənilməsi və icarə obyektinin boşaldılıb təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisindəki 99.5 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılması və kommunal xidmətlərə görə ödənilməmiş 422,67 manat, 2022-ci ilin yanvar ayı üçün 200 manat aylıq icarə haqqı, vəkilin göstərdiyi hüquqi yardıma görə 600 manat xidmət haqqı, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisindəki 99.5 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılması, müqaviləyə əsasən əmlakın cavabdehə verilmiş ilkin vəziyyətdə iddiaçıya qaytarılması, cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması, vəkilin göstərdiyi hüquqi yardıma görə 600 manat xidmət haqqı, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19 may 2023-cü il tarixli 2-2(113)-1448/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisindəki 99.5 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh qeyri-yaşayış sahəsindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumu və 600 manat hüquqi yardıma görə xərc, ümumilikdə 700 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(104)-2480/2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı Bərdə Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisindəki 99.5 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılması və kommunal xidmətlərə görə ödənilməmiş 422,67 manat, 2022-ci ilin yanvar ayı üçün 200 manat aylıq icarə haqqı, vəkilin göstərdiyi hüquqi yardıma görə 600 manat xidmət haqqı, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(021)-654/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(021)-654/2022 saylı qətnaməsi ləğv edilmiş, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan görünür ki, xx.xx.2021ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 275 manat, xx.xx.2023-cü il tarixdə 216 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 500 manat vəsait İddiaçı hesabına ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-1448/2023 nömrəli icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan icra sənədinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1448/2023 nömrəli icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan icra sənədinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid ifadə verərək bildirdi ki, sözü gedən obyekti əvvəllər onun atası işlədirdi, o isə dərsdən çıxanda gedib atasına kömək edirdi. Atası təxmini olaraq 2011-ci ilə kimi həmin obyektdə işləmişdir. Atası obyekti təhvil verəndə o hərbi xidmətdə olmuşdur, orada olmamışdır. Hərbi xidmətdən qayıdanda atası artıq obyekti təhvil vermişdi. Həmin vaxtı obyekt orta təmirli idi. Yer kafel, divarlar emusyalı idi. Obyektin hazırki vəziyyətini görməmişdir. Obyektin təmiri pis deyildi, yəni təmirli idi. Cavabdeh obyekti təhvil götürən zaman obyektin hansı vəziyyətdə olduğunu görməmişdir. Atası tərəfindən obyektin təhvil verilən zaman əşyaların orada qalmasını ondan eşitmişdir. X2 təhvil verilməsi zaman hansı vəziyyətdə olması ilə əlaqədar məlumatı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki, ayrı hal müəyyənləşdirilməyibsə, ondan əvvəlki hissəsinin də ödənildiyini ehtimal etməyə əsas verir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə ilk əvvəl qeyd edir ki, tərəflər arasında 29 may 2019-ci il tarixdə icarə müqaviləsi bağlanmış, İddiaçı ünvan 2 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 99.5 kv/m olan qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə vermiş, müqavilə üzrə icarə haqqı aylıq 200 manat müəyyən edilmişdir. Həmçinin tərəflər icarə haqqının aylıq 500 manat olması ilə bağlı razılığa gəlmişlər. İcarə haqqının aylıq 500 manat təşkil etməsi ilə bağlı razılaşmanın olması tərəflərin izahatları, həmçinin Cavabdeh Bərdə Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz ərizəsi ilə təsdiq olunur. Məhkəmə qətnaməsi ilə icarə müqaviləsinin ləğv edilməsi, icarəyə verilmiş obyektin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə tam icra olunaraq İddiaçı məxsus qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdə ona təhvil verilmişdir. Məhkəmə ilkin iddia ilə bağlı qeyd edir ki, ilkin iddiaçı iddia tələbində icarə haqqı olan 3900 manat məbləğində pulun və obyektdə sıradan çıxarılmış su və elektrik xətlərinin bərpası, sökülmüş yerlərin təmir edilməsi və zibilin daşınması üçün təxminən 800 manatın cavabdehdən alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. İcarə haqqı ilə bağlı məhkəmə bildirir ki, ilkin iddia üzrə iddiaçı 3900 manat pulun 800 manatının 2021-ci ilin iyun ayından həmin ilin oktyabr ayınadək olan icarə haqlarının əksik ödənilməsi nəticəsində yarandığını, qalan hissəsinin isə 2023-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr aylarının icarə haqqı ödənilmədiyindən, həmçinin 2023-cü ilin yanvar ayında icarə haqqı 100 manat əksik ödənildiyindən yaranan borc kimi qeyd etmişdir. İş materiallarından görünür ki, həqiqətən icarəçi 2023-cü ilin yanvar ayı üçün 200 manat, fevral ayı üçün 700 manat ödəniş etmiş, yanvar ayından 100 manat əksik ödəmiş, həmçinin həmin ilin aprel, may, iyun, iyul, avqust ayları üçün icarə haqqını ödəməmişdir. Bundan başqa iddiaçı 2023-cü ilin sentyabr ayı üçün tam olaraq icarə haqqını cavabdehdən tələb etsə də həmin ayın 14-ü icarə obyekti cavabdehdən alınaraq iddiaçıya qaytarıldığından həmin ay üçün 250 manat icarə haqqı ödənilməmiş qalmışdır. Beləliklə, 2023-cü ilin yanvar ayı üçün 100 manat, aprel, may, iyun, iyul, avqust ayları üçün 2500 manat, sentyabr ayı üçün 250 manat olmaqla cəmi 2850 manat icarə haqqı ödənilməmişdir. Ona görə də 2850 manat icarə haqqı ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ilkin iddia üzrə iddiaçının 2021-ci ilin iyun ayından həmin ilin oktyabr ayınadək olan icarə haqlarının əksik ödənilməsi, bunun nəticəsində 800 manat borc qalması ilə bağlı tələbini əsassız hesab edir. Belə ki, hər iki tərəfin izahatı və bank çıxarışından görünür ki, müqavilə bağlandığı vaxtdan 2021-ci ilin noyabr ayınadək icarə haqları rəsmi sənəd tərtib edilmədən, nağd şəkildə ödənilmiş, 2021-ci ilin noyabr ayından icarə haqları bank vasitəsilə ödənilmişdir. 2021-ci ilin iyun ayından həmin ilin oktyabr ayınadək olan müddət ərzində hansı məbləğdə icarə haqqı ödənilməsi, hansı məbləğdə ödənilməməsi ilə bağlı ilkin iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. 2021-ci il üzrə borcun olması təsdiq olunmur və həmin hissədə ilkin iddia təmin edilməməlidr. Bu qənaətə gələrkən məhkəmə xüsusilə qeyd edir ki, ilkin iddiaçı icarə müqaviləsinin ləğv edilməsi, icarə öbyektinin qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırarkən həmçinin cavabdehdən yalnız 2022-ci ilin yanvar ayı üçün ödənilməmiş 200 manat pulun tutularaq ona ödənilməsini xahiş etmiş, sonradan isə iddia tələbini dəqiqləşdirərək hər hansı icarə haqqı tələb etməmişdir. Həmçinin ilkin iddia üzrə iddiaçı icarə obyektini icarəçiyə təmirli verdiyini, obyektdə sıradan çıxarılmış su və elektrik xətlərinin bərpası, sökülmüş yerlərin təmir edilməsi və zibilin daşınması üçün təxminən 800 manat xərc çəkdiyini, habelə həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də qeyd edilən hallarla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Belə ki, icarə obyektinin müqavilə əsasında icarəçiyə təhvil verildiyi vaxt hansı vəziyyətdə olması, hazırkı vəziyyətdən yaxşı halda olmasını, bundan sonra isə icarə obyektinə 800 manat xərc çəkdiyini sübuta yetirə bilməmişdir. Ona görə də ilkin iddia həmin hissə də təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı icarə müqaviləsində aylıq icarə haqqının 200 manat olması, lakin hər ay 500 manatdan ödəniş etdiyini bildirməklə 200 manatdan artıq ödədiyi pulun, həmçinin pandemiya ilə bağlı işləməsə də ödədiyi icarə haqqını qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin icarə haqqının 500 deyil, 200 manat olması, icarəyə verən tərəfindən ona təsir göstərildiyindən 500 manatı məcbur qalıb ödəməsi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilə üzrə icarə haqqı aylıq 200 manat nəzərdə tutulsa da tərəflər hər ay icarə haqqının 500 manat ödəniləcəyi ilə bağlı razılaşmışlar. Bu həm tərəflərin izahatı, həm də iş materiallarında olan bank çıxarışı, qarşılıqlı iddiaçının apellyasiya şikayətinə yazdığı etiraz ərizəsi ilə təsdiq edilir. Bundan başqa tərəflər arasında bağlanmış icarə müqaviləsində fors-major hadisəsindən sığortalanma icarəçinin vəzifəsinə aid edilmişdir. İcarəçi isə fors-major hadisəsi ilə bağlı sığrtalanma vəzifəsini yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bundan başqa məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı X4 iddia ərizəsinidə ödənilmiş 115 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, iş materiallarında olan 16 noyabr 2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, ilkin iddia üzrə iddiaçı X4 iddia ərizəsinin məhkəməyə verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbində isə mediasiya xərcinin tutulması ilə bağlı tələbi olmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 15 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, ilkin iddiaçı iddia tələbinin həcmini artırmış, əlavə olaraq dövlət rüsumu ödəməmişdir. Mediasiya xərci 100 manat və ilkin iddia ərizəsinin məhkəməyə verildiyi vaxt ödənilmiş 15 manat dövlət rüsumu nəzərə alınmaqla ilkin iddiaçı dövlət rüsumunu 05 manat 09 qəpik kəsrlə ödəmişdir. Həmçinin ilkin iddiaçı mediasiya dair xərci ödədiyindən dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad edilmişdir. Qarşılıq iddiaçı isə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə vermiş, iddia verilərkən 126 manat 30 qəpik dövlət rüsumu ödəmişdir ki, 10 manat 80 qəpik kəsri qalmışdır. İlkin iddiaçı tərəfindən kəsrlə ödənilmiş 05 manat 09 qəpik və ilkin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 33 manat 50 qəpik, habelə qarşılıqlı iddiaçı tərəfindən kəsrlə ödənilmiş 10 manat 80 qəpik, cəmi 49 manat 39 qəpik dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 may 2019-cu il tarixli icarə müqaviləsi üzrə yaranmış 2850 (iki min səkkiz yüz əlli) manat pul, 15 (on beş) manat dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. İlkin iddianın qalan hissəsi və qarşılıqlı iddia təmin edilməsin. İlkin iddia üzrə Cavabdeh 49 (qırx doqquz) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar