Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2757/2025 23.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilə üzrə xidmət haqqının ödənilməsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh MMC) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 13139,50 (on üç min yüz otuz doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti və 130 (yüz otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında bağlanmış 11 iyun 2024-cü il tarixli, PM/06-2024 nömrəli Xidmət Müqaviləsinə əsasən, Şuşa şəhərində yerləşən binaların daxili səthində suvaq işlərinin görülməsi ona həvalə edilmişdir. Onun rəhbərliyim altında 2024-cü ilin avqust ayında bütün işlər standartlara uyğun, tam və yüksək keyfiyyətli şəkildə görülüb cavabdehə təhvil verilmişdir. Lakin, görülən işlərin müqabilində cavabdeh tərəfindən ona ödənilməli olan 13139,50 (on üç min yüz otuz doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti bu günə qədər ödənilməmişdir. Dəfələrlə cavabdehə şifahi qaydada borcun ödənilməsi ilə bağlı müraciətlər etsə də, borc ödənilməmişdir. Nəhayət borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya (xəbərdarlıq) məktubu ünvanlanmış, lakin, yenə də borc məbləği ödənilməmişdir. Qeyd olunan borc məbləği “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”larla da (“Seriya: MT2408 Nömrə: 10047898 Tarix: xx.xx.2024” və “Seriya: MT2408 Nömrə: 11245105 Tarix: xx.xx.2024”) öz təsdiqini tapır.
II. Tərəflərin mövqeyi
3. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, məhkəmə tərəfindən verilmiş suala cavab olaraq bildirdi ki, aralarında təhvil-təslim aktlarının tərtib olunmamasına baxmayaraq, onun tərəfindən xidmətlər göstərilmiş və öhdəlik tam icra olunmuşdur. Cavabdeh məhkəmə iclaslarına gəlmir və buna heç bir etiraz etmir. Buna görə də qeyd olunanlara əsasən iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.
III. Sübutların tədqiqi
5. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 11 iyun 2024-cü il tarixli, PM/06- 2024 saylı xidmət müqaviləsindən görünür ki, “Sifarişçi” bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokolunda göstərilən xidmətləri alır, “icraçı” isə həmin xidmətləri vaxtında təchiz etməyi öz üzərinə götürür (2.1). “Sifarişçi” müqavilə üzrə yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan (aşkar olunmuş qusurların “İcraçı” tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsinin və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.
6. Elektron qaimələrdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli 10047898 nömrəli qaimə üzrə 10164 manat, xx.xx.2024-cü il tarixli 11245105 nömrəli qaimə üzrə 2975,5 manat məbləğində mallararın, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür.
7. 22.04.2025-ci il tarixli pretenziyadan görünür ki, borc məbləğinin 3 gün ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
IV. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
V. Məhkəmənin mövqeyi
a) müqavilə üzrə xidmət haqqının ödənilməsi tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış 11 iyun 2024-cü il tarixli, PM/06-2024 nömrəli müqaviləyə əsasən “Sifarişçi” müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokolunda göstərilən xidmətləri alır, “icraçı” isə həmin xidmətləri vaxtında təchiz etməyi öz üzərinə götürür və “Sifarişçi” müqavilə üzrə yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan (aşkar olunmuş qusurların “İcraçı” tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsinin və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürmüşdür.
12. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 11 iyun 2024-cü il tarixli, PM/06-2024 saylı müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
13. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
15. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
16. Bu mənada məhkəmə göstərir ki, tərəflər arasında dəyəri ödənilən xidmətlərlə bağlı formalaşmış işgüzar münasibət bu yöndə olmuşdur ki, iddiaçı və cavabdeh arasında müqavilə imzalanır və göstərilən xidmətlər və işlərin ümümi dəyəri həmin müqaviləyə əsasın müəyyən olunur.
17. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
18. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 13139,50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Belə ki, iş materiallarında olan qaimələrdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 10164 manat və 2975,5 manat olmaqla, ümumilikdə 13139,50 manat məbləğində mallararın, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalar ötürülmüşdür.
20. Məhkəmə qeyd edir ki, tərəflər arasında təhvil-təslim aktları olmasa da, cavabdeh tərəf işlərin görülməsinə və borcunun yaranmasına heç bir etiraz bildirməmişdir. Belə ki, cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
21. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
24. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
b) Məhkəmə xərcləri ilə bağlı
25. İddiaçı, elecədə 130 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
26. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına və iş materiallarına əlavə edilmiş qəbzə əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 129,60 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
27. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129,60 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
VI. Məhkəmənin gəldiyi nəticə
28. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 13139,50 manat məbləğində pul tutularaq İddiaçı-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
29. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehndən 13139,50 (on üç min bir yüz otuz doqquz manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129,60 (bir yüz iyirmi doqquz manat altmış qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əbülfəz Məmmədli