Məhkəmə qərarları › İş №e-2-2(115)-2811/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2811/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2811/2025 13.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-yə vurulmuş 100000 manat həcmində maddi zərərin və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 61344 manat həcmində cərimə məbləğinin, ümumilikdə 161344 manat həcmində pul məbləğinin və 453 manat dövlət rüsumunun tutularaq tam şəkildə iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 06 yanvar 2025-ci il tarixli XM 16-25 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən müqavilə şərtləri kobud şəkildə pozularaq, müqavilənin müddəti bitmədən və İddiaçı MMC-yə rəsmi qaydada məlumat verilmədən texnikalar özbaşına olaraq xidmət ərazisindən çıxarılmış, müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliklər tam və keyfiyyətli şəkildə icra edilməmiş, nəticədə İddiaçı MMC-nin digər şirkətlər qarşısında üzərinə götürdüyü öhdəliklərin vaxtında icrasında ciddi problemlər və gecikmələr yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə, İddiaçı MMC-yə ən azı 100000 manat həcmində maddi zərər dəymişdir. Hesablanmış 61344 manat həcmində cərimə məbləğinin müqavilə şərtləri əsasında tutulmasını cavabdeh sözügedən müqaviləni imzalamaqla öhdəlik kimi qəbul etmişdir. Cavabdeh müqavilə üzrə yaranan öhdəliyi icra etməkdən boyun qaçırır və qanunsuz olaraq öhdəliyinin icrasından birtərəfli qaydada imtina edir. Bu hal İddiaçı MMC-nin qanunla və müqavilə ilə qorunan hüquqlarını pozaraq, sahibkarlıq fəaliyyəti zamanı onun həm işgüzar nüfuzuna, həm də maddi baxımdan fəaliyyətinə mənfi təsir edir. Məhkəmənin iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı ilə aralarında xidmət müqaviləsi bağlanmış, iddiaçının işçilərinin nəzarəti ilə buldozerlə torpaq yarmaq işlərini yerinə yetirmişlər. İki ədəd texnika ilə xidmət göstərmişdir. O, iddiaçıya ziyan vuracaq hər hansı hərəkət etməmişdir. Belə ki, o iddiaçıya texnika vermiş, iş görmüş, işə də iddiaçının işçiləri nəzarət etmişdir. Yanvar ayından mart ayının 15nə kimi işləmişlər. Sadəcə olaraq iddiaçıdan haqqını tələb etmiş, bu zaman iddiaçı texnikaların fəaliyyətini dayandırmışdır ki, pul verə bilmir. Texnikanın fəaliyyətini iddiaçı özü dayandırmışdır. İddiaçı təşkilatın direktoru Turqut müəllim onunla telefon vasitəsilə əlaqə saxlamış, pul ödəyə bilmədiklərini, texnikaların fəaliyyətini dayandırmasını bildirmişdir. Texnikaların fəaliyyəti dayandıqdan sonra bir ay yarım texnika iddiaçıda qalmışdır. İddiaçının nümayəndəsi ona bildirmişdir ki, başqa şirkət texnikalardan istifadə etmək istəyir. O da həmin şirkətlə razılaşmışdır. Sənədi iddiaçı özü təqdim etmişdir. Onu iddiaçıya borcu yoxdur, iddiaçının ona borcu vardır. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli XM 16-25 nömrəli xidmət müqaviləsindən görünür ki, icraçı özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulan işləri icra edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə icraçının təhvil verdiyi işi ondan təslim aldıqdan sonra icraçının həmin akt və müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən icraçı sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırıqlarına və göstərişlərinə əməl edir. Həmin müqavilənin 2.2.7-ci bəndinə əsasən icraçı bu müqavilənin 1.1-ci bəndində və müqavilənin tərkib hissəsi olan aktlar üzrə sadalanan işləri yerinə yetirməli və təsdiq olunmuş təhvil-təslim aktlarını sifarişçiyə təhvil verməlidir. Həmin müqavilənin 2.2.13-cü bəndinə əsasən icraçı yerinə yetirilmiş işləri tam və keyfiyyətli şəkildə və vaxtında icra edib, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad şəkildə akt əsasında təhvil verməlidir və icra etdiyi işlərin keyfiyyətinə qanunvericiliklə müəyyən eidlmiş müddətdə (ən azı 1 il) zəmanət verməlidir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən öhdəliklərini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən tərəf onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən tərəflər hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam olaraq ödəyir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli XM 16-25 saylı müqaviləyə 1 nömrəli əlavədən görünür ki, tərəflər Buldozer Shantui SD16 torpaq düzəlişi və basılması xidmətinə görə bir gün üçün 319,50 manat məbləğ, Buldozer Shantui SD22 torpaq düzəlişi və basılması xidmətinə görə 1 ay (28 gün) üçün 12780 manat məbləğ müəyyən etmişdir. İş materiallarında olan təhvil-təslim aktlarından görünür ki, 2025-ci ilin yanvar ayı üçün 16111,96 manat, fevral ayı üçün 17161,75 manat, mart ayı üçün 10406,59 manat məbləğində işlərin görülməsinə dair forma iki sənədi tərtib edilib imzalanmışdır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-6904/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli XM 16-25 saylı xidmət müqaviləsi üzrə cavabdeh İddiaçı MMC-dən 32680 manat borc və hüquqi yardıma görə ödənilmiş 325 manat pul məbləği tutularaq iddiaçı Cavabdeh ödənilməsi, cavabdehdən 188 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş. Qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh məsuliyyəti barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə qeyd edir ki, tərəflər arasında xidmət müqaviləsi bağlanmış, icraçı sifarişçiyə iki texnika ilə xidmət göstərməyi, icra etdiyi işi sifarişçiyə təhvil verməyi, sifarişçi isə icraçının təhvil verdiyi işi ondan təslim aldıqdan sonra icraçının həmin akt və müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında üç ədəd 2025-ci ilin yanvar, fevral və mart aylarında göstərilən xidmətlərə dair təhvil-təslim aktı tərtib edilərək imzalanmışdır. Həmin aktlar əsasında sifarişçi icraçıya ödəmə həyata keçirmədiyindən icraçı borc tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə cavabdeh İddiaçı MMC-dən 32680 manat borc məbləğinin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırkı iş üzrə İddiaçı MMC məhkəməyə müraciət edərək Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyini, bu səbəbdən ona maddi ziyan dəydiyini, habelə müqavilə şərtləri yerinə yetirilməmə səbəbindən cavabdehin iddiaçıya cərimə məbləği ödəməli olduğunu bildirmişdir. Məhkəmə bildirir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, icraçı özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulan işləri icra edərək sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı icraçıya hansı işləri yerinə yetirməyi sifariş etdiyini və həmin sifarişlərin icraçı tərəfindən yetirinə yetirilmədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı ona cavabdehin hərəkətləri nəticəsində ziyan dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarından isə görünür ki, sifarişçi ilə icraçı arasında görülmüş işlərin təhviltəslim aktları tərtib edilərək imzalanmış, göstərilmiş xidmətlərin haqqı ödənilmədiyi üçün icraçı məhkəməyə müraciət etmişdir. Müqavilə şərtləri məhz sifarişçi tərəfindən pozulmuş, göstərilmiş xidmət haqları ödənməmiş, bununla da tərəflər arasında yaranmış podrat münasibətləri pozulmuşdur. Müqavilədə və ya ona əlavədə icraçı tərəfindən göstəriləcək işin həcmi qeyd edilməmişdir. İcraçı hansı həcmdə işi görməli idi, lakin ondan az iş görülməsi kimi hallar müəyyən edilmir. Müqavilə üzrə icraçının müqavilə öhdəliklərini yerinə yetirməməsi, bu səbəbdən sifarişçiyə maddi ziyan vurulması ilə bağlı iddiaçının göstərdikləri iş materialları ilə təsdiq edilmir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə biməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar