Məhkəmə qərarları › İş №e-2-2(115)-304/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-304/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-304/2025 11.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Nümayəndə iştirakı ilə. İddiaçı Nümayəndə Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Nümayəndə Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona verilməli olan 9000 manatın, vurulmuş zərərin əvəzi olaraq 675 manatın, nəticədə cəmi 9675 manat pulun, o cümlədən 117 manat məbləğində dövlət rüsumu kimi ödənilmiş pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ********** nömrəli VÖEN əsasında mühasibatlıq sahəsində fiziki və hüquq şəxslərə müəyyən xidmətlər göstərməklə məşğul olur. xx.xx.2020-ci il tarixdə Qusar şəhərində yerləşən Cavabdeh MMC ilə onun arasında cavabdehə mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında 25/2020 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə görə Cavabdeh MMC mənə mühasibatlıq xidmətləri göstərilməsi müqabilində hər ay 1200 (min iki yüz) manat pul ödəməli idi. Cavabdeh MMCyə göstərilən mühasibatlıq xidmətlərinin həcmi artdığına görə qeyd olunmuş müqaviləyə hər ikisinin qarşılıqlı razılığı əsasında xx.xx.2021-ci ildə 01 saylı əlavə olunmuş və ona ödənilməli olan məbləğ 1200 manatdan 1500 (min beş yüz) manata qaldırılmışdır. Cavabdeh MMC ona xidmət haqqı kimi pullarını vaxtaşırı ödəyirmiş və heç bir narazılıq yox idi. Lakin, Cavabdeh MMC tərəfindən 2021-ci ilin noyabr və dekabr ayları üçün (2 ay), o cümlədən 2022-ci ilin yanvar, fevral, mart və aprel ayları üçün (4 ay) onaMMC tərəfindən ümumilikdə 6 ay üzrə göstərdiyi mühasibatlıq xidmətinin haqları 6 ay X 1500 manat = 9000 (doqquz min) manat pul ödənilməmişdir. Dəfələrlə bu haqda müqavilə bağladığı "xxxx" MMC-nin direktoru X2 şifahi və yazılı (Pretenziya) bildirsə də, heç bir nəticəsi olmamışdır. MMC-nin direktoru hər dəfə ona ödənişlərin həyata keçirilməsi üçün vaxt istəsə də, yenə ödəniş etməmişdir. O, məcbur qalaraq bununla bağlı MMC-yə xx.xx.2024cü il tarixdə rəsmi şəkildə pretenziya da göndərmiş və həmin pretenziya xx.xx.2024-cü il tarixdə MMC-nin mühasibi Əsəd Seyidov tərəfindən imzalanaraq qəbul edilmişdir. Həmin tarixdən bu günə kimi Cavabdeh MMC ona heç bir ödəniş təqdim etməmiş, o cümlədən ödənişi niyə təqdim etməməsi haqqında hər-hansı cavab verməmişdir. Qeyd olunmuş məsələ ilə bağlı Azərbaycan Respublikası DİN-nə, Baş Prokurorluğa, Qusar RPŞ-nə və Qusar rayon prokurorluğuna ərizə ilə müraciət etmiş. Qusar RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Romik Qazıxanov tərəfindən araşdırma aparılmış, Cavabdeh MMC-nin icraçı direktoru X4 da 9000 manat pul vəsaitini ödəmədiyini və ona borclu qaldığını yazılı izahatında etiraf etmişdir. xx.xx.2024-cü il tarixdə material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqnıda qərar qəbul edilmiş və mənə mülki qaydada məhkəməyə müraciət etmək hüququmun olması izah edilmişdir. İddiaçı Nümayəndə oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xidmətlərin göstərilməsi haqqında müqaviləsi, Müqaviləyə Əlavə 1, elektron qaimə-fakturalar, kassa mədaxil orderləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Nümayəndə ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2020-ci il tarixli 25/2020 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilənin predmetini icraçının sifarişçiyə müəssisədə mühasibatlıq sahəsində müəyyən xidmətlərin göstərilməsinə dair razılaşma təşkil edir. İcraçı bu müqavilədə müəyyən olunmuş qaydada və haqqa görə aşağıda göstərilən işlərin nəticələrini sifarişçiyə təqdim edilməsi üzrə xidmətlər göstərilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən icraçı tərəfindən göstərilən xidmətlərin qiymətini müqavilədə müəyyən edilmiş məbləğdə və qaydada ödəmək sifarişçinin öhdəliyi olaraq müəyyən olunmuşdur. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin qiyməti və göstərilən xidmətlərin haqqı, hər ay görülən xidmətlərə görə tərtib olunan akta əsasən 1200 manat ödənilir. Nümayəndə ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2020-ci il tarixli 25/2020 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə 01 fevral 2021-ci il tarixli əlavəyə əsasən müqavilənin qiyməti və göstərilən xidmətlərin haqqı, hər ay görülən xidmətlərə görə tərtib olunan akta əsasən 1500 manat olaraq ödənilir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən qeyd olunan xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 9000 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, kassa mədaxil orderləri, elektron qaimə-fakturalarla öz təsdiqini tapır. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh nümayəndəsi X4 cəmiyyətin 9000 manat borcunun olduğunu etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 9000 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimə-fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarında olan xidmətlərin göstərilməsi haqqında müqavilə, kassa mədaxil orderləri, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. Məhkəmə iddia tələbinin 675 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. İddiaçı öz ərizəsində 675 manat məbləğində faiz borcunu tələb edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad etmişdir. İddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarınında qeyd olunur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 110 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 7 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 9000 manat məbləğində pul və 110 manat dövlət rüsumu tutularaq iddiaçı Nümayəndəns ödənilməli, ödənilmiş 7 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 9000 manat məbləğində pul və 110 manat dövlət rüsumu tutularaq iddiaçı Nümayəndəns ödənilsin. Ödənilmiş 7 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar