Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-326/2023 02.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh əsas borc üzrə 21536 manat, gecikdirilmiş vaxta görə hesablanmış əldən çıxmış fayda kimi 5204.53 manat və 200 manat ödənilmiş mediasiya xərcinin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2016cı ilin əvvəllərində Cavabdeh da onlarla işgüzar münasibətlər yaratmışdır. Əvvəllər nağd qaydada, sonradan isə, nisyə şəklində onların istehsal etdikləri un məhsullarının satışını həyata keçirmişdir. Cavabdeh digər müştərilərilərindən fərqli olaraq, sonuncu dəfə, 2016-cı ilin sonunda (oktyabr ayında) ümumi dəyəri 21536 manat un məhsulunun (Şəmkir rayonu ərazisində yerləşən, özünə məxsus və ya icarəyə götürdüyü çörək bişirmə sexində qəbul edib) pulunu ödəyə bilməmişdir. Bunun səbəbini şəxsi həyatında olan problem ilə əsaslandıraraq, tez bir zamanda hissə-hissə olmaqla da olsa, ödəyəcəyinə söz vermişdir. Bu illər ərzində Cavabdeh müxtəlif vədlər və bəhanələr gətirməklə onlara olan borcunu ödəməkdən boyun qaçırır. Cavabdeh 2021-ci ilin mart ayına kimi "xxxx"MMC olan 21536 manat pul vəsaitini ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh 21536 manat pul vəsaitini ödəməkdən boyun qaçırmışdır. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, danışıqlar zamanı cavabdeh 21536 manat borcu ödəmək imkanı olmadığını bildirmişdir. Borcun əvəzi olaraq minik avtomobilini təklif etmişdir. Bununla bağlı razılığa gəlmişlər. Sonra isə Cavabdeh bu məsələnin adət-ənənələrimizə uyğun olmadığını bildirmiş və yenidən vaxt istəmişdir. İddiaçı tərəf onunla razılaşsa da ödəniş etməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, aldığı un məhsullarının dəyərini tam şəkildə ödəmişdir. Onun "xxxx"MMC-yə borcu qalmamışdır. Pulları həm sürücülər vasitəsilə, həm də bank vasitəsilə göndərmişdir. Odur ki, iddia əsassızdır. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 bildirmişdir ki, fərdi sahibkardır. Həm özü, həm də Cavabdeh "xxxx" MMC-dən un almışlar və un onlara Bakıdan maşınlarla gətirilir və ayrı-ayrılıqda onların obyektlərinə təhvil verilirdi. O, özü üçün almış olduğu unun pullarını da Cavabdeh vasitəsilə şirkətə göndərmişdir. Hazırda onun borcu yoxdur. X3 məhkəmədə bildirmişdir ki, təxminən iki-üç il bundan əvvəl sürücü kimi "xxxx" MMC hüquqşünasını Şəmkirə gətirmişdir, borcla bağlı Cavabdeh ilə görüşmüşlər və borcunu ödəyəcəyini bildirmişdir. Sonra Cavabdeh borc əvəzi olaraq maşını verməli olmuşdur. Bununla bağlı Gəncəyə banka gəlmişlər. Maşın bankda girovda olduğundan və həmin borcu bağladıqdan sonra maşının götürülməsi ilə bağlı razılığa gəlinmişdir. Sonradan rəhbərliklə əlaqə saxlanılmış və rəhbərlikdən borcun ödənilməsi üçün müəyyən vaxt verilməsi və maşının Cavabdeh qalması bildirilmişdir. X1 məhkəmədə bildirmişdir ki, 2001-ci ildən "xxxx" MMC-də xəzinədar, 2007-ci ildən hazırkı vaxta kimi isə satış müdiri işləyir. Onların müəssisələri un şatışı ilə məşğuldur və sifarişlərinə əsasən Şəmkirdən Əli müəllimə un göndərmişdirlər. Un şirkətin yük avtomobilləri ilə onlara çatdırılmışdır. Pullar da əsasən sürücülər vasitəsilə göndərilmişdir. Əli müəllimin 21536 manat borcu qalmışdır və dəfələrlə borcun ödənilməsi ilə bağlı onunla danışmışdır. Həmçinin Cavabdeh maşınının borc əvəzi götürülməsi barədə razılıqları da olmuş, əməkdaşlarını maşının götürülməsi üçün göndərmişlər. Son məqamda Əli müəllim rəhbərliyə müraciət edərək borcunu ödəyəcəyini və maşının onda qalmasını xahiş etmiş, rəhbərlik tərəfindən onun bu xahişi nəzərə alınmışdır. Hazırda üç ildən artıq vaxt keçdiyindən sənədlər saxlanılmır. "xxxx" MMC-də mühasibatlıq proqramı var. Şirkətə borcu olan şəxslər və borclar, o cümlədən Əli müəllimin 21536 manat borcu da həmin proqramda dəqiq göstərilir. İş materiallarında olan səs yazısı ilə müəyyən olunur ki, "xxxx" MMC-nin nümayəndəsi X5 ilə Cavabdeh arasında borcla bağlı telefon danışığı zamanı Cavabdeh borcu olduğunu etiraf edir. Borcun 22.000 manat deyil, ondan az olduğunu bildirir. Şəmkir rayon Polis Şöbəsinin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qə xx.xx.2022-ci il tarixli, 05668 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya zamanı "xxxx" MMC tərəfindən 200 manat mediasiya xərci ödənilmişdir. xx.xx.2022-ci il tarixli 237 nömrəli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2.-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı tələbini əsaslandıran bütün faktiki halları və bu barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Cavabdeh iddiaçının təqdim etdiyi faktları mübahisələndirirsə o da öz növbəsində bu barədə sübutlar təqdim etməlidir. Hazırkı iş üzrə iddiaçının cavabdehə un satması cavabdehin isə həmin məhsulları qəbul etməsi mübahisəsiz haldır. İzahatından göründüyü kimi cavabdeh iddiaçıdan un aldığını etiraf edir. Lakin, iddiaçının haqlı olmamasını isə aldığı unların əvəzini tam şəkildə ödəməsi ilə əsaslandırır. Belə olan vəziyyətdə cavabdeh ödənişlər barədə sübut təqdim etməlidir. Cavabdeh pulları iddiaşıya sürücülər və bank vasitəsilə göndərdiyini bildirsə də bu barədə sübut təqdim edə bilmir. Cavabdeh ən azından bank vasitəsilə ödəmiş olduğu pullar barədə yazılı sübut təqdim etmək imkanına malik olduğu halda bunu da etməmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 21536 (iyirmi bir min beş yüz otuz altı) manat məbləğində borc və 200 (iki yüz) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə iddia tələbinin 5204.53 manat əldən çıxmış fayda ilə bağlı hissəsinə dair qeyd edir ki, iddiaçının maddi zərərə məruz qalması sübutlarla təsdiqni tapmamışdır. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21536 (iyirmi bir min beş yüz otuz altı) manat məbləğində borc və 200 (iki yüz) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh 154,61 (bir yüz əlli dörd manat altmış bir qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-326/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-326/2023
02.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver