Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-345/2021 22.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 01 avqust 2019-cu il tarixli,75/19 nömrəli internetə qoşulma xidmətlərinə dair müqavilə və ona edilmiş əlavələrə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 19163,20 manat, cərimə borcuna görə 17246,88 manat, bank uçot dərəcəsinə görə 1628,87 manat, maddi ziyana görə 479,08 manat, dövlət rüsumuna görə 30 manat olmaqla ümumilikdə 38548,03 manat tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 21 iyun 2021-ci tarixində iddiaçı tərəfindən elektron qaydada məhkəməyə ərizə təqdim olunaraq cavabdehə verilən müddət ərzində iddia tələbininin bir qismini 13400 manat dəyərində məbləği ödədiyindən Cavabdeh MMC-dən 5763,20 manat əsas borcun və ümumi iddia üzrə dəymiş maddi zərərə görə 17246,88 manat cərimə,1628,87 manat bank uçot dərəcəsinə görə, 479,08 manat maddi ziyan və ona əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumunun cəmi 30911,23 manat tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha bir ərizə təqdim edərək 25.148.03 manatın ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, tərəflər arasında internet xidmətinin qoşulmasına dair 75/19 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 6 aylıq xidmət üzrə 2019-cu ilin avqust ayından 2020-ci ilin yanvar ayına qədər ədv daxil olmaqla 19163.20 Azn borcu yaranmışdır. Bu barədə təhvil-təslim aktları onlar tərəfindən təsdiq edilmiş və onlara elekton qaimə göndərilmişdir.Lakin qarşı tərəf hal-hazıra qədər borcu ödəməkdən imtina edərək birtərəfli qaydada yayınır. Bu barədə pretenziya onlara çatdığı gündən etibarən 5 iş günü ərzində borclarının tam ödənilməsi cavabdehdən xahiş olunmuşdur.Əks təqdirdə müqavilənin 4.4cü bəndinə əsasən hər gecikdirilmə gününə 0.5 faiz, borcu ödəməkdən imtina etdiyinə görə Mülki Məcəlləyə əsasən borca əlavə olaraq bank uçot faiz dərəcəsinə 2 faiz əlavə edilməklə cəmi 8.5 faiz, əlavə olaraq illik 5 faiz maddi ziyan və ödəniləcək 30 manat dövlət rüsumu Gəncə Kommersiya Məhkəməsi vasitəsilə tələb ediləcəyi bildirilmişdir. Lakin borcu ödəməkdən yayınmışdırlar buna görədə iddiaçı kimi məsələnin məhkəmə yolu ilə həll edilməsinə məcbur qalmışdırlar. Müqavilənin 4.4-cü bəndinə əsasən hər gecikdirilmə gününə 19163.20 azn borca əlavə olaraq hər gecimə gününə 0.5 faiz cərimə nəzərdə tutulmuşdur. 180 gün*0.5 faiz= 17246.88 manat cərimə nəzərdə tutulmuşdur. Borclu 19163.20 azn borcun ödənilməsi barədə pretenziya göndərilən gündən borc ödənişinin ödənilməməsinə görə 2 faiz bəndi əlavə edilməklə bank uçot dərəcəsi ilə 6.5+2=8.5 faiz həcmində, yəni 1628,87 manat ödənilməsi təmin edilməlidir.Borclu 19163.20 azn ödənilməsi barədə pritenziya göndərilən gündən borc ödənişinin ödənilməməsinə görə illik 5 faiz həcmidə, 6 aylıq müddət üçün 479.08 manat maddi ziyan və ona əlavə olaraq ödənilmiş 30 azn dövlət rüsumunun ödənilməsi təmin edilməlidir.Cavabdehə pretenziya məktubu göndərilsə də borcun ödənilməsini təmin etməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.İddiaçının nümayəndəsi X1 tərəfindən məhkəməyə ərizə göndərilərək işə onun iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 184.4-ci maddəsinə əsasən Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edildikdə ,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - 01 avqust 2019-cu il tarixli, 75/19 nömrəli internetə qoşulma xidmətlərinə dair müqavilənin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən icraçı İddiaçı MMC müştərinin internetə qoşulma xidmətləri ilə təmin edilməsi ilə bağlı texniki, iqitisadi, kommersiya və hüquqi münasibətləri eləcə də əsas prinsip və şərtləri tənzimləməyi,müqavilənin 3.2.1-ci maddəsinə əsasən isə Cavabdeh isə razılaşdırılmış ödəmə şərtləri əsasında xidmətlər üzrə ödənişləri təmin etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən müştəri xidmətlərə görə aylıq ödənişi icraçı tərəfindən təqdim edilən hesab-fakturanın tarixindən etibarən 10 (on) iş günü ərzində həyata keçirilməlidir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən ödəniş 5 (beş) iş günündən çox gecikdirildikdə, icraçının hər gecikdirilən təqvim gününə görə ümumi hesab faktura məbləğinin 0.05 (sıfır tam yüzdə beş) faizi miqdarında dəbbə pulunu tələb etmək hüququ vardır. -05 yanvar 2021-ci tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar olunmuşdur. -05 noyabr 2019-cu il tarixli, 2477 nömrəli hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil olmaqla 19163,20 manat məbləğində xidmət göstərilmişdir. -03 sentyabr 2020-ci il tarixli, EBAP 519400 seriya və nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 19163,20 manat dəyərində xidmət göstərilmişdir. -05 noyabr 2019-cu il tarixli, görülmüş işlərin təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 7963,60 manat məbləğində xidmət təhvil-təslim edilmişdir. -25 noyabr 2019-cu il tarixli, görülmüş işlərin təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 3823,20 manat məbləğində xidmət təhvil-təslim edilmişdir. -25 dekabr 2019-cu il tarixli, görülmüş işlərin təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 3823,20 manat məbləğində xidmət təhvil-təslim edilmişdir. -31 yanvar 2020-ci il tarixli, görülmüş işlərin təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 3823,20 manat məbləğində xidmət təhvil-təslim edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 01 avqust 2019-cu il tarixli,75/19 nömrəli müqaviləyə əsasən müqavilənin 1.1-ci bəndinə əsasən icraçı İddiaçı MMC müştərinin internetə qoşulma xidmətləri ilə təmin edilməsi ilə bağlı texniki,iqitisadi,kommersiya və hüquqi münasibətləri eləcə də əsas prinsip və şərtləri tənzimləməyi, müqavilənin 3.2.1-ci maddəsinə əsasən isə Cavabdeh isə razılaşdırılmış ödəmə şərtləri əsasında xidmətlər üzrə ödənişləri təmin etməyi öhdəsinə götürmüş,ancaq sifarişçi müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur. İşin hallarından göründüyü kimi tərəflər arasında internetə qoşulma xidmətlərinə dair müqaviləsi bağlanmışdır. Hazırkı iddia tələbi də, bilavasitə həmin razılaşmadan irəli gəlir. Mübahisəli borc məbləği isə elektron qaimələrdə təsdiqini tapır. Məhkəmə onu da qeyd edir ki, əlavə tələblərdən bank uçot dərəcəsinə görə 1628,87 manat tələb olunur ki, bu da müqavilənin 4-cü bəndinə əsasən tələb edilir. Həmin bəndə görə gecikmələr müştəri xidmətlərə görə aylıq ödənişi icraçı tərəfindən təqdim edilən hesab-fakturanın tarixindən etibarən 10 (on) iş günü ərzində həyata keçirilməlidir. Yəni hesablamalar hesab fakturaların təqdim olunma günü ilə əlaqəlidir. Lakin hesab fakturaların hansı tarixlərdə cavabdeh tərəfindən rəsmən qəbul edilməsi barədə sübutlar təqdim edilməmişdir. Cərimə borcuna görə 17246,88 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cərimə borcuna görə 17246,88 manatın əsas borc məbləğinə, yəni 5763,20 manata uyğun olaraq 500 manat məbləğində müəyyən edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 5763,20 manat əsas borc, 500 manat cərimə pulu, 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 5763,20 (iki min yeddi yüz altmış üç manat iyirmi qəpik) manat əsas borc, 500 (beş yüz) manat cərimə pulu və 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 6293,20 (altı min iki yüz doxsan üç manat iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-345/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-345/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver