Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-444/2025 05.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: pul tələbi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ağac tinglərinin gətirilməsi üçün "xxxx" Türkiyə Şirkətinə ödənilmiş 111979,68 manat və suvarma sisteminin alınması üçün "xxxx" MMC-yə ödənilmiş 139400 manat, suvarma sisteminin bağa çatdırılması üçün ödənilmiş 6800 manat nəqliyyat xərci və ağac tinglərinin idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi üçün ödənilmiş 655,40 manatın, ümumilikdə 258835,08 manatın və məhkəməyə ödənilmiş 548,84 manatın cavabdehlərdən tutularaq İddiaçı QSC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Azərbaycan Respublikasının müxtəlif rayonlarında aqrar sahəsində fəaliyyət göstərməkdədir. Şirkətin təsisçisi və 100 faiz payçısı X2 Cavabdeh2la tanışlığı olmuşdur. Cavabdeh2 tanışlıqdan istifadə edərək mülkiyyət hüququ ilə ona məxsus olan Goranboy rayonu, Azad kəndi ərazisində 26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində intensiv bağ sahəsinin salınması ağac tinglərinin, suvarma sistemi və onun avadanlıqlarının alınmasına köməklik göstərməsini bildirmişdir. Həmin avadanlıqların Cavabdeh2 adına alınması mümkün olmamışdır. Səbəb isə o olmuşdur ki, Cavabdeh2 polis əməkdaşı olmaqla dövlət qulluqçusudur. Dövlət Qulluqçusunun isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına qanunvericilik yol vermir. Həmçinin, ağac tikinti və suvarma sistemləri avadanlığı satan şirkətlər həmin ting və suvarma sistemləri quraşdırılacaq ərazinin peykdən kordinatlarını tələb edir. Kordinatları tələb olunan torpaq sahəsinin alıcı qismində şirkət çıxış edən İddiaçı QSC-nin ya mülkiyyətində, yada icarəçi kimi istifadəsində olması zəruridir. Yuxarıda qeyd olunan səbəblərə görə formal olaraq 26 hektar torpaq sahəsini Cavabdeh2 icarə müqaviləsi əsasında İddiaçı QSC-yə verir. İddiaçı QSC ağac tingləri və suvarma sistemləri avadanlıqlarını alır. Çəkilmiş vəsaitin qaytarılmasının əsası kimi isə arvadı Cavabdeh1 adına bankdan kredit götürəcəyini, bunun üçün sahibkar kimi vergi orqanında qeydiyyata alınacağını bildirmiş, dediklərin təsdiqi olaraq sənədləri onlara təqdim etmişdir. xx.xx.2022cü il tarixdə Cavabdeh2 ilə İddiaçı QSC arasında Goranboy rayonu, Azad kəndində yerləşən 26 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Bundan sonra Cavabdeh2 ağac tinglərinin gətirilməsi üçün İddiaçı QSC-nin vasitəçiliyi və vəsaiti ilə Türkiyə Respublikasının "xxxx" şirkəti ilə xx.xx.2022-ci il tarixli, 220546 saylı müqavilə bağlamışdır. Həmin müqavilə əsasında xx.xx.2023-cü il tarixdə dəyəri 111979,68 manat olmaqla ağac tingləri (ağac şitilləri) alınmasını təmin etmişlər. Bundan əlavə, ağac tinglərinin əkilməsi ilə birlikdə ağacların suvarılması üçün "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən İddiaçı QSC tərəfindən alınaraq və gətirilərək 26 hektar torpaq sahəsinə 139400 manat dəyərində suvarma sistemi alınması və əlavə olaraq suvarma sisteminin bağa çatdırılması üçün 6800 manat nəqliyyat xərci ödənilmişdir. Ağac tinglərinin idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi üçün 655,40 manat əlavə gömrük ödənişi olmuşdur. Cavabdeh2 bildirmişdir ki, yoldaşına sahibkarlıq krediti vermirlər. Gərək icarə müqaviləsi ləğv edilsin. xx.xx.2023-cü il tarixdə hər iki tərəfin iştirakı ilə Goranboy rayonu, Azad kəndində yerləşən 26 ha torpaq sahəsinə dair icarə müqaviləsi ləğv edilmişdir. Bu günədək cavabdehlər tərəfindən hər hansı ödəniş edilməmişdir.
II. Tərəflərin mövqeyi
3. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir
4. İddiaçının nümayəndəsi Vəkil2 məhkəmə iclasında verdiyi izahtında iddia ərizəsində yazılanlara uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh2 polis əməkdaşı olduğu üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzdi, ona görə də ona məxsus olan Goranboy rayon, Azad kəndində yerləşən 26 hektar torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün iddiaçı şirkətlə icarə müqaviləsi bağlamışdır. İddiaçı şirkət həm ölkə daxili, həm də xaricdən ağac tingəlirinin gətirilib satışı ilə məşğuldur. İcarə müqaviləsi əsasında 26 hektar əraziyə tinglər əkilir. Suvarma sistemləri qurulur. Pulun ödənilməsinə gəldikdə, yoldaşının adına VÖEN açdıraraq dövlətdən sahibkar kimi dəstək alaraq kredit götürüb borcu ödəyəcəyini bildirir. Ona görə də icarə müqaviləsinin ləğv edilməsini istəyir. Razılıq olub müqavilə ləğv ediləndən sonra pulu ödəməkdən imtina edir. Ağac tinglərinin gətirilməsi üçün "xxxx" Türkiyə Şirkətinə ödənilmiş 111979.68 manat və suvarma sisteminin alınması üçün "xxxx" MMC-yə ödənilmiş 139400 manat, suvarma sisteminin bağa çatdırılması üçün ödənilmiş 6800 manat nəqliyyat xərci və ağac tinglərinin idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi üçün ödənilmiş 655.4 manatın, ümumilikdə 258835 manat iddiaçıya ödənilməli idi. Onlar qeyd olunan avadanlıqların və ağac tinglərinin həmin əraziyə gətirilməsi ilə bağlı sübutlar əlavə etmişlər. Avadanlıqları qurlaşdıran Cemil Cankara da şahid kimi gələrək, ifadə vermişdi. Cemil Cankaranın təsisçisi olması ilə bağlı məlumat mövcuddur. Bir dənə də olsun sübut gətirilməmişdir ki, avadanlıqlar iddiaçıya aid olmasın. O ki qaldı müqavilədə 25 ha torpaq sahəsinin göstərilməsinə, səbəb odur ki, 1 ha həmişə az göstərilir və çəkiləcək suvarma arxları üçün nəzərdə tutulur. Bu səbəbdən 26 ha yox, məhz 25 ha göstərilmişdir. Buna görə də qeyd olunanlara əsasən iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddaçı iddia ərzəsində qeyd edir ki, guya Cavabdeh2 ilə razılaşaraq meyvə ağac tingləri və suvarma sisteminin alınması üçün sifarişçinin istifadəsində və ya mülkiyyətində torpaq sahəsinin olması şərt olduğu üçün Cavabdeh2la onun mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsi bağlanmasına zərurət var idi. İddiaçı tərəfin iddia etdiyi meyvə ağacı tingləri və suvarma sisteminin alınmasına dair təqdim etdiyi "xxxx" MMC ilə bağlanmış sifariş müqaviləsi xx.xx.2022-ci il tarxdə imzalanmışdır. Həmçinin sifairş verilən əmlakların müqavilədə 25 ha torpaq sahəsində istifadə ediləcəyi bildirilmişdir. İddiaçının iddia etdiyi, Cavabdeh2 mülkyiyyətində olan 26 hektar torpaq sahəsinin İddiaçı QSC ilə bağlanmış icarə müqaviləsi isə 19 dekabr 2022-ci il tarixdə bağlanmışdır. İddiaçının iddia etdiy kimi, yəni meyvə tingləri və suvarma sisteminin Cavabdeh2 öz istifadəsi üçün, QSC-nin sifarişi ilə gətiriləcəyi, məhz FMəmmədov tərəfindən xərclər ödəniləcəyi barədə əvvəlcədən razılaşma olmuşdursa, belə olan halda icarə müqaviləsi də sifariş verilən tarixdən əvvəl və ya eyni tarixli olmalı idi. Ancaq göründüyü kimi icarə müqaviləsi 10 ay sonra, 19 dekabr 2022-ci ildə bağlanmışdır. İcarə müqaviləsi icarəyə götürən tərəfindən təklif edilmiş və sonradan onun təşəbbüsü ilə də həmin müqavilə ləğv edilmişdir. İcarə müqaviləsinin bağlanmasında məqsəd yalnız torpaq sahəsinin icarəyə verilməsi olmuşdur. İddia ərizəsinə əlavə edlmiş “M GMAİL” internet səhfəsindən çıxarışdan görünür ki, İddiaçı QSC ilə 25 HA SÖZLƏŞMƏ SON HALİ” başlıqlı yazı vardır. Həmin yazı İddiaçı QSC ilə “Elektron ünvan . arasında olan yazışmadır. Elektron məktubun məzmunundan görünür ki, İddiaçı QSC-nin rəhbəri Qalib Hümmətov ilə İddiaçı QSC ilə 25 HA SÖZLƏŞMƏ SON HALİ” mövzusunda tarix düzəlişi barədə mövzu vardır. Yazışmada qeyd edilir “Galib bey selam, X10 25 ha. (Faiq bey) sözləşmenin son halini gonderiyorum. Sözləşmə rekamı və nakliyle Cüneyt bey və Qalib bey arasında danışılmış son durumdur. Sözleşmeye sizin tövsiyeniz üzerin nakliye tutarını yazmadım. İmza və möhür yapıb gönderseniz məmnun olurum.” Təqdim edilmiş 2-ci yazışma da eyni tarixli olmaqla həmin məktubda da İddiaçı 25 ha. erik (qayısı) sözleşme (Faiq Hümmədov bağı) başlıqlı yazışma olması müəyyən olunur. Maraqlıdır ki, Şirin Aqro QSC tərəfindən məhkəməyə təqdim edilmiş elektron poçt vasitəsilə yazışmalarda “Tema (movzu)” adlı hissədə olan başlıqlarda İddiaçı QSC ilə 25 HA SÖZLƏŞMƏ SON HALİ”, İddiaçı 25 ha. erik (qayısı) sözleşme (Faiq Hümmədov bağlı) kimi ifadələrədən istfadə edlmişdir. Yazışmalarda “Faiq” və ya “Faiq Hümmətov” (Hümmətov iddiaçı Şirin Aqronun rəhbərinin soyadıdır) “Faiq” adının və “Hümmətov” soyadının qeyd edilməsində kimin nəzərdə tutulması, əslində “Hümmətov Xanlar və ya Qalib” və ya Cavabdeh2 nəzərdə tutulması qeyri-müəyyəndir. Digər Cavabdeh1 münasibətdə onun şəxsiyyət vəsiqəsinin surəti və heç bir imzası, o cümlədən elektron və ya əllə imzalanması olmayan “İnvestisiya layihəsi” yerləşdirilmişdr. Həmin “layihə” heç kim tərəfindən imzalanmamış olması, layihənin tarixinin bəlli olmaması bu “sənəd”in heç bir hüquqi qüvvəsi olan sənəd olmamasını deməyə əsas verir. Həmin layihənin harada kim tərəfindən icra edilməsilə bağlı heç bir məlumat yoxdur. “Layihə”də tinglər barədə qeyd edilir. Həmin tinglərin ümumi sayı “layhədə”16.500 olması göstərilir. İddaçı İddiaçı QSC isə qaimə əsasında 17.550 ədəd ting alması müəyyən olunur. "xxxx" MMC bu iş üzrə məhkəməyə, elektron məhkəmə sistemi vasitəsilə yerləşdirlmiş məktubda qeyd edir ki, guya Cavabdeh2 lazım olan tinglər və suvarma qurğusu razılaşma əsasında İddiaçı QSC nin maliyyəsi hesabına gətirilb və "xxxx" MMC-in işçisi Cemil Cankara tərəfindən suvarma sistemləri quraşdırılmışdır. Ancaq məktubda adı çəkilən Cemil Cankara adlı şəxsin "xxxx" MMC-in işçisi olması barədə heç bir sübut, sənəd məktuba əlavə edilməmiş, qeyd edilən suvarma avadanlığının quraşdırılması üçün ödəniş edilməsi barədə sənəd təqdim edilməmişdir. Məhkəmə iclasına sədrlik edən hakimin təşəbbüsü ilə "xxxx" MMC-nin məktubunda adı çəkilən Cemil Çankara məhkəmənin iclasına dəvət edilərək şahid qismində dindirilmişdir. İzahat verən Cemil Çankara izahatında "xxxx" MMC-nin işçisi yox, təsisçisi olmasını bildirdi. Ancaq nə işçi olaraq əmək müqaviləsinin surəti, nə də təsisçi olaraq Nizamnamənin surəti məhkəməyə təqdim edilmədi. İzahat verən zaman cavabdehin nümayəndəsi tərəfindən Suvarma avadanlığının quraşdırılması üçün Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə ödəniş edilib-edilməməsi soruşulmuşdu. X6 bildirdi ki, avadanlığın quraşdırılması üçün İddiaçı QSC tərəfindən ödəniş edilmişdir. Ancaq təqdim edilmiş sənədlərdən və o cümlədən avadanlığın ölkəyə gətirlməsi haqda müqavilədə avadanlığın quraşdırılması üçün pul vəsaiti ödənilməsi öz əksini tapmamışdır. X7 təkbaşına suvarma sistemini quraşdırması isə mümkün deyildir. Quraşdırma işlərində iştirak etmiş digər şəxslər barədə isə izahatda heç bir məlumat verilmədi. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərin hansı tarixdə, hansı şəraitdə çəkilməklə kimə məxsus torpaq sahəsində çəkilməsi də müəyyən deyildir. Həmin fotoşəkillərin hətta cavabdehə aid torpaq sahəsndə çəkilməsi həmin qurğunun kim tərəfindən alınması, kimin vəsaiiti hesabına yerləşdirilməsini sübut edəcək hal deyildir. O səbbədən ki, həmin fotoşəkli istənilən şəxsə məxsus sahədə çəkmək mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsnin tələblərnə görə müqavilə iki tərəfli, üç tərəfli və ya daha çox tərəfli bağlana bilər. Əgər iddiaçının bildirdiyi kimi İddiaçı QSC tərəfindən ting və suvarma qurğusunun ölkəyə gətirilməsində məqsəd həmin ting və avadanlıqların ona veriləcəyi nəzərdə tutulmuşdursa, belə olan halda 3 tərəfli də müqüvilə bağlana bilər və cavabdehlərdən biri və ya hər ikisi də tərəf olaraq müqaviləni imzalamağı mümkün olardı. O səbəbdən ki, iddia edilən məbləğ az məbləğ deyil. Bu qədər məbləğdə pul vəsaiti təşkil edən ting və qurğuların heç bir sənədləşmə aparmadan kiməsə verilməsi ağlabatan deyildir. Bəlkə də İddiaçı QSC-nin rəhbərliyi Cavabdeh2 məxsus 26 ha. torpaq sahəsini gələcəkdə icarəyə götürməsini planlayaraq bu məqsədlə həmin qurğu və tingləri ölkəyə gətirmişdir. Ancaq icarə müqaviləsini bağlamaq və pozmaq təşəbbüsü də iddiaçı tərəfindən gəlmişdir. Cavabdeh2 kiməsə öz mülkiyytətində olan torpaq sahəsini icarəyə vermək təklifi ilə bu müqaviləni bağlaması mümkün deyil. Bu kimi müqavilələrdə ilk maraqlı şəxs torpaq sahəsini icarəyə götürmək istəyən tərəfin bu təşəbbüslə çıxış etməsindən başlayır. Məhkəmədə sual yarada bilər ki, "xxxx" QSC mövcud olmadığı halda hansı səbəbdən Cavabdeh2 və Cavabdeh1 qarşı hansı səbəbdən belə bir iddia tələbi irəli sürmək qərarına gəlmşdir? Məsələnin mahiyyəti odur ki, İddiaçı QSC Cavabdeh2 Göygöl rayonunda yerləşən 20 ha torpaq sahəsini zəbt etmiş və bu haqda Göygöl rayon X8 Məmmədovun ərizəsi əsasında araşdırma aparılır. Yaranmış mübahisə ilə əlaqəli Qalib Hümmətov Cavabdeh2 20 ha. torpaq sahəsini ona satmağa məcbur etmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək, Cavabdeh2 tərəfindən onun qətlə yetirilməsi üçün muzdlu qatil sifariş edilmişdir. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə dəvət edilərək məsələ araşdırılmış və Qalib Məmmədovun hüquq mühafizə orqanlarına cinayətin hazırlanması barədə bilə-bilə yalan məlumat verməsi müəyyən edilmişdir. Bundan başqa Cavabdeh2 2024-cü ldə tanımadığı iki nəfər şəxs tərəfindən heç bir səbəb olmadan xuliqanlıq hərəkətlərinə məruz qalmış, naməlum şəxslər ona küt alətlə xəsarət yetirərək hadsə yerindən qaçmışlar. Hazırda hadisəni törətmiş hər iki şəxs müəyyən edilmiş və istintaqa cəlb edilmişlər. Cavabdeh2 müəmmalı “hücüm” epizodu da təsədüfi hadisə deyildir. O səbəbdən ki, həmin şəxslərin Cavabdeh2la heç bir mübahisəsi, tanışlığı belə olmamışdır. Bu isə cinayətin sifairşlə törədilməsi ehtimallarını artırmış olur. Yuxarıda göstərlən hərəəkətlərin fonunda belə br iddianın qaldırılması da təsadüfü deyil, vahid planın tərkib hissəsi kimi dəyərləndirilə bilər. Mülki Məcəllənin tələblərinə əsasən öhdəliyin yaranması üçün tərəflər arasında yazılı müqavilə olması əsas şərtidir. Bundan başqa qanunvericiliklə əsassız varlanma halları da öhdəliyin yaranması üçün digər əsasdır. İddiaçının nümayəndəsi məhkəmədə vəsatətlə çıxış edərək Cavabdeh2 barəsində xüsusi qərar çıxarılaraq onun əməlində dələduzluq cinayətinin olmasını araşdırmaq barədə qərar çıxarılmasını xahiş edir. Ancaq məlum olduğu kimi Cavabdeh2 barəsində belə bir araşdırmanın aparılmasında "xxxx" QSC və onun rəhbərləri birbaşa hüquq mühafizə orqanlarına müracət edə bilsələr də, bu müraciəti etməkdə maraqlı deyil. Məsələnin məhz məhkəmədə qaldırılması məhkəmənin çıxaracağı yekun qərarın bir qədər sığortalanmasına yönəlmişdir. Yəni məhkəmə Cavabdeh2 hazırkı iş üzrə idda tələbinin predmetinə dair guya “Əsassız varlanma” ,”Dələduzluq əlamətləri” xüsusatını müəyyən edir. Bu haqda polis orqanlarına əvvəlcədən məlumat verilmiş olsa və nəticəsindən qəbul edilmiş qərardan asılı olaraq məhkəmədə “əsassız varlanma” halının olmasına istinad etmək mümkün olmayacaqdı. O səbəbdən ki, belə bir hal mövcud olmadığı üçün məhkəməyə təqdim ediləcək bir sübut, arqument və hətta ehtimal da itirilmiş olacaqdı. O səbəbdən peşəkar hüquqşünas vəkillə təmsil olan iddiaçı məhkəmədən xahiş edir ki, “Dələduzluq” xüsusatının araşdırılması barədə ayrıca qərar çıxarılsın. Yuxarıda qeyd edilənlərə əsasən iddia tam olaraq əsassız və məntiqsiz olduğundan təmin edilməməldir. Bndan əlavə, Beta-Azərbaycanla bağlanan müqavilədə qeyd edilir ki, avadanlıqlarla bağlı sınaq və akt tərtib edilməli olduğu halda elə akt tərtib edilməyib. İddiaçının sənədləri mötəbər olmadığı üçün onlar təqsirsizliklərini sübuta yetirmək istəmirlər. Həmin sənədlər kommersiya sirri olduğu üçün lazım olsa həmin sübutları apellyasiya məhkəməsində təqdim edəcəklər. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Məhkəmə iclasında iddiaçı tərəfində şahid qismində dindirilən Cemil Cankara bildirmişdir ki, o, təsisçi kimi şirkətin ortaqlarından biridir. O, 2022-ci ildə Faiq müəllimin 25 hektar ərazisində suvarma sisteminin qurlaşdırılmasında birbaşa özü iştirak etmişdir. Faiq müəllim onları qarşılamış, oteldə qalmaq pullarını vermişdir. Onlara köməkçi fəhlələr gətirdi, otel pulunu isə nağd şəkildə verdi. Rəsmi olaraq və ya kart vasitəsilə heç bir ödəniş edilməmişdir. O həmçinin bildirdi ki, pul məsələsi bağlı məlumatlı deyildir, işləməklərinin qarşılığı İddiaçı QSC tərəfindən ödənilirdi.
II. Sübutların tədqiqi
7. 17.05.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Goranboy rayonu, Azad kəndi ərazisində yerləşən ümumi sahəsi 26 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə **********82 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
8. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Məmmədov X4 rayonu, Azad kəndi ərazisində yerləşən ümumi sahəsi 26 ha olan torpaq sahəsinin İddiaçı QSC-yə icarəyə vermişdir.
9. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 07 aprel 2023-cü il tarixli müqavilənin ləğvinə dair müqavilədən görünür ki, tərəflərin iştirakçı olduqları, Gəncə şəhər 6 saylı notariat ofisində rəsmiləşdirilmiş 3M-731 reyestr nömrəli xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bu müqaviləyə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq ləğv edilmişdir.
10. İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış 10 fevral 2022-ci il tarixli 2022.02.10 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, spesifikasiya və fakturaya müvafiq olaraq Goranboy Rayonu, Azad Kəndi 25 ha Erik (kayısı) bağı üçün 1 dest damcı suvarma materialları və suvarma qurğularını Satıcı satmağı. Alıcı isə almağı öhdəsinə götürür (1.1). Müqavilənin ümumi məbləği 82.000 USD, 139.400 (AZN) təşkil edir və bu müqavilənin ayrı ayrı Razılaşmalarının ümumi məbləğlərindən ibarətdir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Alıcı Müqavilə üzrə avans ödənişini hesab faktura təqdim olunduğu gündən 5 iş günü ərzində ödəyəcəkdir.
11. Suvarma materialları və suvarma qurğularının satın alınması ilə bağlı 10 fevral 2022-ci il tarixli 2022.02.10 nömrəli müqaviləyə 1 nömrəli əlavədən görünür ki, müqavilənin ümumi məbləği 139400 manat təşkil edir.
12. Elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı QSC-nə qaimə üzrə 139400.00 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür.
13. "xxxx" MMC-nin adından Ahmet Arslan tərəfindən İddiaçı QSC-nin nümayəndəsi Qalib bəyə ünvanlanmış xx.xx.2022-ci il tarixli gmail məktubunun “Şirin Agro QSC 25 ha sözleşme son hali” başlıqlı mətnindən görünür ki, X9 25 ha (Faig bey) sözleşmenin son halini gönderiyorum. Sözleşme rakamı və nakliye Cüneyt bey ve Galib bey arasında danışılmış son durumdur. Sözleşmeye sizin tavsiyeniz üzerine nakliye tutarını yazmadım. Sözleşme değeri 82.000 USD, nakliye 4800 USD.
14. İddiaçı QSC ilə “Beta Sulama və Fidancılıq” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli Fidan satış sözləşməsindən görünür ki, İddiaçı QSC tərəfindən ümumilikdə 65870,40 ABŞ doları məbləğində ağac tingləri alınmışdır.
15. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, İddiaçı QSC tərəfindən gətrilən tinglərə görə ümumilikdə 65870,40 ABŞ doları və 655,40 manat gömrük ödənişi edilmişdir.
16. "xxxx" MMC-nin direktoru Cüneyt Terkuran tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, direktoru olduğu "xxxx" MMC ilə "xxxx" QSC arasında, Goranboy rayonu, Azad kəndi ərazisində 25 ha ərik bağı üçün bir dəst damcı suvarma materialları və suvarma qurğularının satışı ilə bağlı xx.xx.2022-ci il tarixində 2022.02.10 №-li müqavilə imzalanmışdır. Müqavilə imzalanmamışdan əvvəl "xxxx" QSCnin təsisçisi X3, Gəncə şəhər sakini Cavabdeh2 və o görüşmüşlər. Görüş zamanı Gəncə şəhər sakini Cavabdeh2 yuxarıda qeyd olunan (25 ha bağ üçün) bir dəst damcı suvarma materialları və suvarma qurğularının onun Goranboy rayonu Azad kəndi ərazisində salınacaq bağı üçün lazım olduğunu bildirmiş və həmin torpağın çıxarışını, torpaq sahəsinin planı və ölçüsünü təqdim etmişdir. Həmçinin, hazırda bağda əkmək üçün ağac tingi alışına və onların suvarılması üçün suvarma qurğuları almağa maddi imkanı yoxdur, bu məqsədlə onun tanışı olan, "xxxx" QSC-nin təsisçisi X1 ona bu işlərin görülməsi üçün maddi dəstək göstərməsini xahiş edib. Həmçinin bildirmişdir ki, Qalib Hümmətovdan və ya onun təsisçisi olduğu "xxxx" QSC tərəfindən ödəniş edilib onun bağı üçün ağac tingləri və suvarma sistemləri alınacağı halda, həmin vəsaiti qısa müddətdə özünün və ya ailə üzvlərinin adına bankdan götürəcəyi kredit hesabına qaytaracaq. Yuxarıda gösətrilən müaqavilə üzrə ödənişlər şirkətə "xxxx" QSC tərəfindən ödənilib, Cavabdeh2 tərəfindən onlara hər hansı köçürmə və ya nağd olaraq ödəniş edilməyib. Müqavilə üzrə bütün öhdəliklər onlar tərəfdən yerinə yetirilib. Belə ki, şirkətin əməkdaşı Cemil Cankaranın iştirakı ilə suvarma qurğularının Goranboy rayonu Azad kəndi ərazisində yerləşən, Gəncə şəhər sakini Cavabdeh2 məxsus torpaq sahəsində quraşdırılması təmin edilib.
III. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı
Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
21. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı
Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
22. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı
Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
IV. Məhkəmənin mövqeyi
a) pulun ödənilməsi tələbi ilə bağlı
23. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
24. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
25. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Goranboy rayonu, Azad kəndi ərazisində yerləşən ümumi sahəsi 26 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə reyestrdə qeydiyyata alınmışdır. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Məmmədov X4 rayonu, Azad kəndi ərazisində yerləşən ümumi sahəsi 26 ha olan torpaq sahəsini İddiaçı QSC-yə icarəyə vermiş, 07 aprel 2023-cü il tarixli müqavilənin ləğvinə dair müqaviləyə əsasən isə həmin icarə müqaviləsi ləğv edilmişdir.
26. Hazırda iddiaçı cavabdehlərdən ağac tinglərinin gətirilməsi üçün "xxxx" Türkiyə Şirkətinə ödənilmiş 111979,68 manat və suvarma sisteminin alınması üçün "xxxx" MMC-yə ödənilmiş 139400 manat, suvarma sisteminin bağa çatdırılması üçün ödənilmiş 6800 manat nəqliyyat xərci və ağac tinglərinin idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi üçün ödənilmiş 655,40 manatın, ümumilikdə 258835,08 manat pulun tutulmasını tələb edir.
27. Məhkəmə iddianın ilkin olaraq ağac tinglərinin gətirilməsi üçün "xxxx" Türkiyə Şirkətinə ödənilmiş 111979,68 manat və ağac tinglərinin idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi üçün ödənilmiş 655,40 manatın tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia əsassız olduğundan rədd edilməlidir.
28. Belə ki, İddiaçı QSC ilə “Beta Sulama və Fidancılıq” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli Fidan satış sözləşməsindən görünür ki, İddiaçı QSC tərəfindən ümumilikdə 65870,40 ABŞ doları məbləğində ağac tingləri alınmışdır. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, İddiaçı QSC tərəfindən gətrilən tinglərə görə ümumilikdə 65870,40 ABŞ doları və 655,40 manat gömrük ödənişi edilmişdir.
29. Hazırda iddiaçı həmin müqaviləyə istinad edərək, “Beta Sulama və Fidancılıq” şirkətindən həmin ağac tinglərini məhz Cavabdeh2 torpaq sahəsindən əkmək üçün satın aldığını və ödənişini etdiyini bildirərək, həmin pulun cavabdehlərdən geri alınmasını xahiş etsə də, məhkəmə hesab edir ki, iddiaçının dəlilləri əsassızdır.
30. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə vurğulayır ki, İddiaçı QSC ilə “Beta Sulama və Fidancılıq” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə və gömrük bəyannaməsində ağac tinglərinin alıcısı kimi məhz İddiaçı QSC göstərilmiş və həmin tinglərin hansı səbəbdən alınması və yaxud Cavabdeh2 məxsus torpaq sahəsinə əkilməsi üçün gətirilməsi ilə bağlı hər hansı bir müddəa və ya qeyd göstərilməmişdir.
31. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı digər sübutu işdə iştirak edən şəxslərin izahatlarından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
32. Bundan əlavə, iddiaçı suvarma sisteminin alınması üçün "xxxx" MMC-yə ödənilmiş 139400 manat, suvarma sisteminin bağa çatdırılması üçün ödənilmiş 6800 manat nəqliyyat xərcinin də cavabdehlərdən tutulmasını xahiş edir.
33. Məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır.
34. Belə ki, İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış 10 fevral 2022-ci il tarixli 2022.02.10 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, spesifikasiya və fakturaya müvafiq olaraq Goranboy Rayonu, Azad Kəndi 25 ha Erik (kayısı) bağı üçün 1 dest damcı suvarma materialları və suvarma qurğularını satıcı satmağı, alıcı isə almağı öhdəsinə götürür (1.1). Müqavilənin ümumi məbləği 82.000 USD, 139.400 (AZN) təşkil edir və bu müqavilənin ayrı ayrı Razılaşmalarının ümumi məbləğlərindən ibarətdir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Alıcı Müqavilə üzrə avans ödənişini hesab faktura təqdim olunduğu gündən 5 iş günü ərzində ödəyəcəkdir. Həmçinin, suvarma materialları və suvarma qurğularının satın alınması ilə bağlı 10 fevral 2022-ci il tarixli 2022.02.10 nömrəli müqaviləyə 1 nömrəli əlavədən görünür ki, müqavilənin ümumi məbləği 139400 manat təçkil edir. İş materiallarına əlavə olunan elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı QSC-nə qaimə üzrə 139400.00 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür. Eyni zamanda, tərəflər arasında olan yazışma məktubundan, yəni "xxxx" MMC-nin adından Ahmet Arslan tərəfindən İddiaçı QSC-nin nümayəndəsi Qalib bəyə ünvanlanmış xx.xx.2022-ci il tarixli gmail məktubunun “Şirin Agro QSC 25 ha sözleşme son hali” başlıqlı mətnindən görünür ki, X9 25 ha (Faig bey) sözleşmenin son halini gönderiyorum. Sözleşme rakamı və nakliye Cüneyt bey ve Galib bey arasında danışılmış son durumdur. Sözleşmeye sizin tavsiyeniz üzerine nakliye tutarını yazmadım. Sözleşme değeri 82.000 USD, nakliye 4800 USD.
35. İşin mübahisəsiz hallarından görünür ki, Goranboy rayonu, Azad kəndi ərazisində yerləşən ümumi sahəsi 26 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə reyestrdə qeydiyyata alınmış, həmin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Cavabdeh2 ilə İddiaçı QSC arasında 19 dekabr 2022-ci il tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən Məmmədov X4 rayonu, Azad kəndi ərazisində yerləşən ümumi sahəsi 26 ha olan torpaq sahəsini İddiaçı QSC-yə icarəyə verilmiş, 07 aprel 2023-cü il tarixli müqavilənin ləğvinə dair müqaviləyə əsasən isə həmin icarə müqaviləsi ləğv edilmişdir.
36. Göründüyü kimi 10 fevral 2022-ci il tarixli 2022.02.10 nömrəli alğı-satqı müqaviləsi İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlansa da, müqavilənin predmetində suvarma sistemlərinin məhz Goranboy Rayonu, Azad kəndi 25 ha Erik (kayısı) bağı üçün alındığı qeyd olunmuş, həmçinin müqavilə tərəfləri arasında olan yazışmada da müqavilənin başlıq mətnində Faiq bəyin adı qeyd olunmuşdur.
37. Bundan əlavə, "xxxx" MMC-nin direktoru Cüneyt Terkuran tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, direktoru olduğu "xxxx" MMC ilə "xxxx" QSC arasında, Goranboy rayonu, Azad kəndi ərazisində 25 ha ərik bağı üçün bir dəst damcı suvarma materialları və suvarma qurğularının satışı ilə bağlı xx.xx.2022-ci il tarixində 2022.02.10 №-li müqavilə imzalanmışdır. Müqavilə imzalanmamışdan əvvəl "xxxx" QSC-nin təsisçisi X3, Gəncə şəhər sakini Cavabdeh2 və o görüşmüşlər. Görüş zamanı Gəncə şəhər sakini Cavabdeh2 yuxarıda qeyd olunan (25 ha bağ üçün) bir dəst damcı suvarma materialları və suvarma qurğularının onun Goranboy rayonu Azad kəndi ərazisində salınacaq bağı üçün lazım olduğunu bildirmiş və həmin torpağın çıxarışını, torpaq sahəsinin planı və ölçüsünü təqdim etmişdir. Həmçinin, hazırda bağda əkmək üçün ağac tingi alışına və onların suvarılması üçün suvarma qurğuları almağa maddi imkanı yoxdur, bu məqsədlə onun tanışı olan, "xxxx" QSC-nin təsisçisi X1 ona bu işlərin görülməsi üçün maddi dəstək göstərməsini xahiş edib. Həmçinin bildirmişdir ki, Qalib Hümmətovdan və ya onun təsisçisi olduğu "xxxx" QSC tərəfindən ödəniş edilib onun bağı üçün ağac tingləri və suvarma sistemləri alınacağı halda, həmin vəsaiti qısa müddətdə özünün və ya ailə üzvlərinin adına bankdan götürəcəyi kredit hesabına qaytaracaq. Yuxarıda gösətrilən müaqavilə üzrə ödənişlər şirkətə "xxxx" QSC tərəfindən ödənilib, Cavabdeh2 tərəfindən onlara hər hansı köçürmə və ya nağd olaraq ödəniş edilməyib. Müqavilə üzrə bütün öhdəliklər onlar tərəfdən yerinə yetirilib. Belə ki, şirkətin əməkdaşı Cemil Cankaranın iştirakı ilə suvarma qurğularının Goranboy rayonu Azad kəndi ərazisində yerləşən, Gəncə şəhər sakini Cavabdeh2 məxsus torpaq sahəsində quraşdırılması təmin edilib.
38. Qeyd olunan məktuba əsasən məhkəmə iclasına şahid qismində dəvət olunan və ifadə verən "xxxx" MMC-nin qanuni təmsilçisi (Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında iş materiallarına əlavə edilib) Cemil Cankaran ifadəsində özünün təsisçi kimi şirkətin ortaqlarından biri olduğunu, 2022-ci ildə Faiq müəllimin 25 hektar ərazisində suvarma sisteminin qurlaşdırılmasında birbaşa iştirak etdiyini bildirmişdir.
39. Məhkəmə hesab edir ki, Goranboy Rayonu, Azad kəndində yerləşən həmin 25 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olduğundan və həmin torpaq sahəsinin İddiaçı QSC-yə icarəyə verilməsi ilə bağlı əvvəllər tərəflər arasında müqavilə münasibətləri mövcud olduğundan, iş materiallarında olan sübutlar və şahidin ifadəsi həmin suvarma sistemlərinin məhz Cavabdeh2 məxsus Goranboy Rayonu, Azad kəndində yerləşən həmin 25 ha torpaq sahəsi üçün alınmış olduğu qənaətinə gəlməyə əsas verir.
40. Suvarma sisteminin bağa çatdırılması üçün ödənilmiş 6800 manat nəqliyyat xərci ilə bağlı isə məhkəmə qeyd edir ki, qeyd olunan sübutun məhkəməyə təqdim edilməsi ilə bağlı tərəfə məhkəmə iclasında təklif edilsə də, tərəf həmin sübutu məhkəməyə təqdim etməmiş və müqavilənin mətnində də onunla bağlı hər hansı bir razılaşma olmamışdır. Nəqliyyat xərci ilə bağlı yalnız müqavilə tərəfləri arasında olan gmail yazışmasında “nakliye”, yəni daşıma xərcinin 4800 USD olduğu qeyd olunsa da, həmin yazışma mətni təkbaşına sübutetmə vasitəsi olmadığından və digər sübutlarla öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, həmin pulun cavabdehlərdən tutulması barədə tələb əsassızdır.
41. İddiaçı eyni zamanda Cavabdeh2 əməlində Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri olduğu üçün onun barəsində xüsusi qərardad çıxarmaqla, Göygöl Rayon Prokurorluğuna xəbər verilməsini xahiş etmişdir.
42. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsimə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
43. Məhkəmə araşdırması zamanı Cavabdeh2 əməlində dələduzluq cinayətinin əlamətlərinin olması halı təsdiq olunmadığından, məhkəmə hesab edir ki, xüsusi qərardad çıxarılmamalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
44. İddiaçı eləcə də 548,84 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
45. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 549 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
46. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
47. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. İddia tələbi qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 429,40 manat pul cavabdеh Cavabdeh2 tutularaq İddiaçı QSC-nə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 119,44 hissəsi İddiaçı QSC-nin özünə aid edilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
49. Beləliklə, məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməli, Cavabdeh2 139.400 manat pul tutularaq İddiaçı QSC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
50. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia Cavabdeh2 münasibətdə qismən təmin edilsin. Cavabdeh2 139.400 (bir yüz otuz doqquz min dörd yüz) manat pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 429,40 (dörd yüz iyirmi doqquz manat qırx qəpik) manat pul Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 119,44 (bir yüz on doqquz manat qırx dörd qəpik) hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli