Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-46/2025 21.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı İsmayil oğlunun və cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinə qarşı maddi zərərin ödənilməsi və ya əvəzləşdirilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsi əsasında istifadəsində olmuş 4 ha torpaq sahəsində çəkdiyi xərclər nəticəsində 415843,50 manat maddi zərərin cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsindən tutulub ona ödənilməsi və ya çəkdiyi xərcin əvəzlənməsi məqsədi ilə torpaq sahəsinin daha 3 il müddətinə onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə 4 nəfər üzvdən ibarət ailənin mülkiyyətinə 1.99 ha kənd təsərrüfatı məhsulları istehsal məqsədi ilə pay torpaq sahəsi verilmişdir. Ailə üzvlərinə verilmiş pay torpağı əkin və biçinə yararsız olduğu üçün Xoylu bələdiyyəsinin qərarı ilə başqa torpaq sahəsi ilə əvəzlənmişdir. Cavabdeh ilə onun arasında xx.xx.2003-cü il tarixdə bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən bələdiyyənin mülkiyyətində olan 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun istifadəsinə 10 il müddətinə icarəyə verilmişdir. Müqavilə ilə şərtləndirilmiş icarə haqqını bu günə kimi tam həcmdə ödəmişdir. Eyni zamanda müqavilə dövlət qeydiyyatından keçmiş, torpaq sahəsi təyinatı üzrə istifadə olunmuş, hətta daşlardan və digər yad cisimlərdən təmizlənərək daha yararlı hala gətirilmişdir. 2005-ci ildə icarəyə götürdüyü torpaq sahəsində 2255 ədəd ərik ağacı, 17 ədəd qoz ağacı, 8 ədəd armud ağacı əkmişdir. Həmin sahədə bağın salınması müqavilənin müddətinin uzadılması ümidi ilə olub. Keçmiş bələdiyyə sədri X7 ilə əvvəlcədən də razılıqları olub, əks halda müqavilənin davam edilməsinə bildiriş göndərərdi və ya elə 2013-cu ildə ləğv edərdi. 2013-cü ilə qədər ilə icarəyə verənə dəfələrlə müqavilənin uzadılması barədə yazılı qaydada müraciətləri olmasına baxmayaraq icarəyə verən ona cavab verməmiş, susqunluq göstəmirş, bu isə müqavilənin uzadılmasına razılıq kimi başa düşülmüş və qiymətləndirilmişdir. Eyni zamanda müqavilə tərəfi olan bələdiyyənin və ya onun keçmiş sədri X2 torpağın boşaldılması, qaytarılması, müqavilə müddətinin bitməsi ilə davam edilməməsi barədə heç bir yazılı və ya şifahi bildiriş və ya məlumat olmamışdır. Müqavilənin bitməsi barədə cavabdehdən təklif, məlumat olmadığı üçün 2013-cü ildən müqaviləyə və qanuna uyğun olaraq torpaq sahəsinə 2022-ci il tarixədək qulluq göstərməkdə davam etmişdir. Həmin sahədə əkdiyi ağaclar (bağ) son 2 ildir ki, məhsul verməyə başlamışdır. 2022ci ilin əvvəlində Goranboy Rayon Məhkəməsində torpaq sahələrindən çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə iddia qaldırmışdır. Bələdiyyə sədri X7 müqavilə müddətinin bitməsinə görə müqavilənin ləğvinə və ya yenidən bağlanması üçün heç bir hərəkət etmir, külli miqdarda xərc çəkilərək başa gələn bağın müəyyən həddə, yəni bar vermə həddinə çatmağını gözləmiş və bundan sonra məhkəməyə vermişdir ki, bağı əlindən alsın. Bələdiyyə müqavilənin uzadılması barədə təkliflərdən yayınmış, müqavilənin ləğv edilməsi barədə bildiriş göndərməmiş, məkrlə salınan bağın artıq gəlir gətirdiyini gözləmiş və bununla da mülki qanunvericiliyin və imza edərək bağladığı müqavilənin 2.12-ci bəndinin təbələrini pozmuşdur. Bələdiyyə və onun sədri niyə əvvəllər, yəni müqavilənin müddətinin qurtardığı müddətdən sonra yox, müqavilənin müddətinin qurtardığı andan təxminən 9-10 il müddətində yox, məhz 2022-ci il tarixdə onu torpaqdan çıxarmaq üçün məhkəməyə müraciət etmişdir? Müqavilənin müddətinin qurtardığı andan, yəni onun məhkəməyə müraciət etdiyi andan tərəfindən çoxlu təkliflər olub ki, müqaviləni yenidən bağlasınlar, amma bələdiyyə sədri bağın barını gözləmişdir ki, öz xeyri üçün bağı onun əlindən alsın. 2003-cü ildən müqavilənin bağlandığı vaxtdan bələdiyyə sədri X4 torpaqdan çıxarılma tələbi ilə məhkəməyə müraciət etdiyi andan, yəni 2022-ci ilin əvvələrinədək torpağın təmizlənməsi, münbitləşdirilməsi, ona xüsusi qulluq edilməsi, 2280 ədəd ağacın əkilməsi, onlara qulluğun edilməsi nəticəsində ona dəymiş real zərərin və əldən çıxmış faydanın həcmi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli “Əmlakın qiymətləndirilməsinin nəticəsi haqqında” hesabatında 415873,50 manat müəyyən edilmişdir. 2003-cü ildən 2021-ci ilin sonuna, 2022-ci ilin əvvəlinədək torpaq sahəsi onun istifadəsində olmuş, həmin müddətdə çəkdiyi xərc isə 415843.50 manat təşkil edir. Cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Goranboy rayon Xoylu bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2003-cü il tarixli 08 saylı icarə müqaviləsinə əsasən Goranboy rayonu Xoylu bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan 4 ha torpaq sahəsi əkin məqsədilə 10 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. İddiaçı torpaq sahəsini daşlardan və yad cismlərdən özünün torpaqdan istifadəsini asanlaşdırmaq üçün təmizləmişdir, bələdiyyəyə xeyir vermək məqsədilə etməmişdir. Ümumiyyətlə, torpaq sahəsinin daşlardan və yad cismlərdən təmizlənməsi torpağın yararlılığını, keyfiyyətini artıran amil deyil. Bundan başqa həm müqavilənin məzmunundan, həm də iddiaçının iddia ərizəsində qeyd etdiklərindən görünür ki, torpaq sahəsi iddiaçıya kənd təsərrüfatı məhsullarının əkini üçün verilmişdir, bağ salınması üçün deyil. Torpaq sahəsində meyvə ağaclarının əkilməsi barədə bələdiyyə ilə iddiaçı arasında heç bir razılaşma olmamışdır. Əksinə, torpaq sahəsində ağac əkməməsi barədə bələdiyyə tərəfindən ona dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. İddiaçı ilə bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2013-cü ildə başa çatmasına baxmayaraq, iddiaçı torpaq sahəsindən çıxmamış, 10 il ərzində torpaq sahəsindən qanunsuz olaraq istifadə etmişdir. İddiaçı təkcə ona icarəyə verilmiş 4 ha torpaq sahəsini deyil, bələdiyyənin mülkiyyətində olan 10 ha torpaq sahəsini 10 il ərzində qanunsuz zəbt edərək istifadə etmiş və gəlir götürmüşdür. Qeyd etdikləri qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində öz əksini tapmışdır. Belə ki, bələdiyyənin mülkiyyətində olan 10 ha torpaq sahəsini 10 il ərzində zəbt edərək qanunsuz istifadə etdiyinə görə iddiaçının barəsində Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə cinayət işi başlanılmış, Goranboy Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 1(045)-103/2021 saylı hökmü ilə Nəbiyev X6 rayonu Xoylu Bələdiyyəsinə məxsus 10 hektar torpaq sahəsini qanunsuz zəbt edib istifadə etdiyinə görə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməsi hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə hökmü dəyişdirilmiş, hökmdən İddiaçı CM-nin 188.3-cü maddəsi ilə təyin edilmiş cəzanın CMnin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi ilə bağlı müddəaların xaric edilməsi, İddiaçı həbsdə saxlanıldığı 14 gün müddətin təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 11 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalında həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi, cəzasının əvvəlinin 27 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 avqust 2022ci il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərarı ilə Goranboy Rayon Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli hökmü onun tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, İddiaçı təqsirli bilindiyi CM-nin 188.3-cü maddəsi ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən İddiaçı 25 noyabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək və 27 yanvar 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək həbsdə saxlandığı 07 ay 18 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 1 il 8 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-278/2023 saylı qətnaməsi ilə iddiaçı Goranboy rayon Xoylu bələdiyyəsinin cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı Goranboy rayonu Xoylu bələdiyyəsinin mülkiyyətində olan 6.1 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)- 1961/2023 saylı qətnaməsi ilə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)- 278/2023 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 836/2024 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bundan başqa iddiaçı qeyd edir ki, guya torpaq sahəsi 2021-ci ilin sonuna, 2022-ci ilin əvvəlinədək onun istifadəsində olub. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları olmasına baxmayaraq iddiaçı hələ də torpaq sahəsini zəbtdən azad etmir, məhkəmə qərarının icrasından yayınır. O, bu il də ağacların barını yığıb satıb, gəlir əldə edib. Belə olan halda iddiaçı bələdiyyədən hansı maddi zərər istəyir? Çəkdiyi xərcin əvəzinə torpaq sahəsinin daha 3 onda qalmasına gəldikdə isə, bu qətiyyən mümkün deyil. Belə ki, iddiaçı torpaq sahəsini özündə qanunsuz saxlamaqla təkcə bələdiyyəyə zərər vermir, həm də digər yerli sakinlərin hüquqlarını pozur. Belə ki, hər kəs icarəyə torpaq sahəsi götürüb əkib-becərmək istəyir. İddiaçı isə onları bu hüquqlarından, bələdiyyəni isə gəlirindən məhrum edir. Göründüyü kimi, iddia ərizəsində qeyd edilənlərin əksinə bələdiyyə tərəfindən iddiaçıya hər hansı zərər vurulmamışdır, əksinə, iddiaçı əkin üçün nəzərdə tutulmuş torpaq sahəsini ağac əkməklə yararsız hala salmışdır. Ağacların əkilməsi və becərilməsi üçün müəyyən xərc çəksə belə bu iddiaçının öz təşəbbüsü ilə olmuşdur, üstəlik bu xərcin iddiaçının qeyd etdiyi məbləğdə olması da qeyri-mümkündür. Həmçinin 10 il ərzində torpaqdan qanunsuz istifadə etməklə iddiaçı çəkdiyi xərcdən qat-qat artıq məbləğdə gəlir götürmüşdür. Göründüyü kimi iddiaçının torpaq sahəsində bağ salınmasına heç vaxt qanuni əsası olmamışdır, iddiaçıya heç bir ziyan dəyməmişdir, əksinə, iddiaçının qanunsuz hərəkətləri nəticəsində bələdiyyə mülkiyyətində olan torpağa ziyan dəymişdir. Odur ki, hazırki iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı İsmayil oğlu iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, qeyd edilən torpaq sahəsi 2003-cü ildən etibarən müqavilə əsasında onun istifadəsindədir. Hazırda torpaq sahəsində əkdiyi ağacların məhsulunu da özü götürür. Torpaq sahəsi əkin üçün ona verilmiş, müqavilədə də bu qeyd edilmişdir. Torpaq sahəsi ona əkin üçün verildiyi üçün hər cür kənd təsərrüfatı bitkisi əkməyə icazəsi vardır. Müqavilə müddəti bitdikdən sonra dəfələrlə yazılı qaydada müraciət etsə də, cavabdeh müqavilənin müddətini uzatmamışdır. 2004-cü ildən həmin sahədə ağaclar əkilmişdir. Torpaq sahəsi ona verilərkən müqavilədə həmin torpaq sahəsinin örüş sahəsi olması qeyd edilməmişdir, yoxsa o həmin torpaq sahəsinə ağac əkməzdi. Ağac əkdiyi vaxtdan bələdiyyəyə müraciət etmişdir, daha sonra isə müvafiq qrumlara tədbir görülməsi üçün müraciət etmişdir. O, dəfələrlə keçmiş bələdiyyə sədrinə müraciət etmişdir, ancaq bələdiyyə sədri onun müraciətlərinə cavab verməmişdir. Hər il o həmin torpaq sahəsi üçün subsidiya almışdır. Bələdiyyə ilə aralarında yeni müqavilə bağlamamışlar. Faktiki olaraq torpaq sahəsi onun istifadəsindədir. Hazırkı ağaclar 6 ildir ki, əkilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinin nümayəndəsi X9 (əvvəlki bələdiyyə sədri) etiraz ərizəsində göstərdiklərinə uyğun izahat verərək qeyd etdi ki, örüş yerini iddiaçı özü əkmişdir. O, örüş yerində əkin əkmək üçün müqavilə bağlamamışdır. Həmçinin, iddiaçı müqavilənin müddəti bitdikdən sonra ağac əkmişdir. Eiraz ərizəsində göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Goranboy rayonu Xoylu bələdiyyəsinin nümayəndəsi Nümayəndə (hazırkı bələdiyyə sədri) izahatında bildirdi ki, o özü də həmin kənddə yaşayır. Bələdiyyə sədri olmamışdan qabaq da gedən mübahisə ilə bağlı məlumatı olmuşdur. İddiaçı İsmayil oğlu sözü gedən torpaq sahəsini 2003-cü ildə icarəyə götürmüşdür, 2013-cü ilədək ordan istifadə etmişdir. Həmin illər ərzində torpaq sahəsində onun tərəfindən meyvə bağı salınmış və becərilmişdir. 2013-cü ildən sonra isə icarə müqaviləsinin müddəti uzadılmamışdır. İddiaçı İsmayil oğlu bildirir ki, torpaq sahəsini öz başına əkməmişdir, ona müəyyən məbləğdə ziyan dəymişdir. O, bələdiyyə sədri vəzifəsinə təzə seçilmişdir, bələdiyyənin hazırda borcu çoxdur. Bələdiyyənin həmin ziyanı ödəməyə maddi imkanı yoxdur. Hazırda torpaq sahələri hərrac-müsabiqə yolu ilə icarəyə verilir, iddiaçı bunula bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli, müəyyən sənədlər təqdim etməli, daha sonra hazırlanan sənədlər Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi idarəsinə təqdim edilməlidir. Yəginki iddiaçıya hərracda üstünlük veriləcəkdir. Torpaq sahəsinin hərraca çıxarlması ilə bağlı proses təxminən 3-4 ay çəkir. Həmin ərazi hazırda meyvə bağıdır, lakin bildiyinə görə həmin sahə örüş sahəsidir. Hazırda bələdiyyənin həmin torpaq sahəsini əkib-becərməyə də imkanı yoxdur, sahənin iddiaçıda qalması onlar üçün məqsədəmüvafiqdir. Bələdiyyənin pul tələbini ödəmək üçün maddi imkanı yoxdur, odur ki, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə Goranboy rayonu Xoylu bələdiyyəsi arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 12 mart 2003-cü il tarixli 03 saylı müqavilədən görünür ki, icarəçi əkin məqsədi üçün 4 ha torpaq sahəsini 10 il müddətinə hər il 13 manat 50 qəpik icarə haqqı ödəmək şərti ilə öhdəsinə götürmüşdür. İş materiallarında olan “Əmlakın Qiymətləndirilməsinin Nəticələri Haqqında Hesabat”dan görünür ki, Goranboy rayonu Xoylu kəndində yerləşən 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş 2255 ədəd ərik ağacından, 17 qoz ağacından və 8 ədəd armud ağacından xərclər çıxılmaqla əldə ediləcək gəlirin gəlir yanaşması metodu ilə xx.xx.2024-cü il tarixə real bazar dəyəri 415873,50 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2023-cü il tarixli 4/18 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 207-208-ci vərəqələrində olan 12 mart 2023-cü il tarixli 03 saylı müqavilədə “İcarəyəverən” qrafasındakı imza X5 tərəfindən icra olunmuşdur. İş materiallarında olan Kənd Təsərrüfatı Nazirliyi X15 İnkişaf mərkəzinin xx.xx.2024-cü il tarixli 3-22-3-22/2-71/2024 saylı məktubundan görünür ki, torpaq sahəsinin istifadəyə verilməsi haqqında müqavilə sənədində torpağın kateqoriyası və məqsədli istifadə (əkin, çoxillik əkin və s) növünün dəqiqləşdirilməsinə ehtiyac vardır. Kənd təsərrüfatı təyinatlı əkin məqsədli torpaqlarda çoxillik əkmə aparıla bilər. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 151/Mİ/24 nömrəli qiymətləndirmə rəyindən görünür ki, sözü gedən torpaq sahəsində hal-hazırda ərik, şaftalı, qoz və armud ağacları mövcuddur. 2460 ədəd ərik ağacı-6 illik-Türkiyə, 250 ədəd şaftalı ağacı-6 illik-yerli, 18 ədəd qoz ağacı-10 illik-yerli, 8 ədəd armud ağacı -6 illik-yerli. Hər bir ağacın alınması, gətirilməsi, əkilməsi və hazırki vaxtadək aqrotexniki qulluğa görə çəkilmiş 120420 manat təşkil edir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı mübahisəli ərazidə faktiki istifadəsində 13.49 ha torpaq sahəsi olduğu müənnəyn olunmuşdur. mövcud xəritə materiallarına istinadən. həmin 13.49 ha torpaq sahəsinin 10.06 ha hissəsi bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan örüş sahəsi, 3.43 ha hissəsi isə digər şəxslərin xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-836/2024 saylı qərarından görünür ki, Goranboy rayon Xoylu bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə mürcaiət edərək bələdiyyəyə məxsus 10.06 ha torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması və torpaqdan qanunsuz istifadə nəticəsində bələdiyyəyə vurulmuş 1500 manat ziyanın və 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 27 aperl 2023-cü il atrixli 2(061)-278/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı Goranboy rayon Xoylu bələdiyyəsinin mülkiyyətində olan 6.1 ha torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tərtər Rayon Məhkəməsinin 27 aperl 2023-cü il tarixli 2(061)-278/2023 saylı qərardadına əsasən iddia tələbinin 1500 manat pul hissəsi baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, cavabdeh bələdiyyə mülkiyyətində olan örüş kateqoriyalı torpaq sahəsini zəbt edərək 0.6 ha hissəsinə yonca bitkisi, 5.5 ha hissəsinə isə meyvə ağacları əkmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(104)-1961/2023 saylı qətnaməsi ilə Tərtər Rayon Məhkəməsinin 27 aperl 2023-cü il atrixli 2(061)-278/2023 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-836/2024 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(104)-1961/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(102)-838/2022 saylı qərarından və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(104)-13/2024 saylı qərarından görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi hökm edilmişdir. Hökmə əsasən Nəbiyev X6 rayon Xoylu kəndində Xoylu bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı uqodiyası örüş sahəsi kimi nəzərə tutulmuş torpaq sahəsinin 5.5 ha hissəsində müxtəlif növ meyvə ağacları, 0.6 ha hissəsində isə yönca bitkisi əkməklə ümumilikdə 6.1 ha torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icra hüququ olmadan özbaşına becərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökmdən CM-nin 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar çıxarılmış, İddiaçı həbsdə saxlanıldığı 14 gün təyin eidlmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 il 11 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmiş, İddiaçı həbsdən azad edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(104)- 603/2022 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 8 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(104)-13/2024 saylı qərarı ilə İddiaçı cəzanın 9 fevral 2024-cü il tarixədək çəkilməmiş 6 ay 17 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş üzrə mütəxəssis qismində dindirilmiş X15 X3 sektorunun müdiri vəzifəsində çalışan X8 göstərdi ki, torpağın təyinatın iki növü var. Torpaqlar əkin və örüş təyinatlıdır. Əgər torpaq əkin təyinatlıdırsa orda istənilən növ ağac, bitki əkilə bilir. Torpaq əkin üçün verilirsə çoxillik əkmələr də əkilə bilər. Torpaq əkin üçün verilirsə torpaqda əsasən yonca bitkisi, ağac, ot bitkiləri və meyvə ağacları əkilə bilər. Ona əslində məhdudiyyət qoyulmayıb. Bunun üçün torpaq analiz edilir. Hansı bitki hansı torpaq üçün yararlıdırsa o əkilir. Əkin təyinatlıdırsa nə istəsə onu da əkə bilər. Ancaq örüş təyinatlıdırsa orada əkin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Goranboy rayonu Xoylu bələdiyyəsi arasında 12 mart 2003-cü il tarixdə torpaq sahəsinin icarəyə verilməsi haqqında 3 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən 4 ha torpaq sahəsi 10 il müddətinə hər il 13 manat 50 qəpik icarə haqqı ödəmək şərti ilə əkin məqsədi üçün icarəçinin istifadəsinə verilmişdir. 12 mart 2013-cü il tarixdə icarə müqaviləsinin müddəti bitmiş, tərəflər arasında yeni icarə müqaviləsi bağlanmamış və ya icra müqaviləsinin müddəti uzadılmamışdır. 12 mart 2003-cü il tarixdən hazırkı vaxtadək torpaq sahəsi İddiaçı sahibliyində və istifadəsindədir, Goranboy rayonu Xoylu bələdiyyəsinə qaytarılmamışdır. Həmin sözügedən 4 ha torpaq sahəsində İddiaçı tərəfindən 2460 ədəd ərik ağacı, 250 ədəd şaftalı ağacı, 18 ədəd qoz ağacı, 8 ədəd armud ağacı əkilmiş, həmin ağaclara çəkilmiş xərc 120420 manat müəyyən edilmişdir. İddiaçı iddia tələbində icarə müqaviləsi əsasında istifadəsində olmuş 4 ha torpaq sahəsində çəkdiyi xərclər nəticəsində 415843,50 manat maddi zərərin cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsindən alınaraq ona ödənilməsi və ya çəkdiyi xərcin əvəzlənməsi məqsədi ilə torpaq sahəsinin daha 3 il müddətinə onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, İddiaçı ilə Goranboy rayonu Xoylu bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinin müddəti 12 mart 2013-cü il tarixdə bitmiş, tərəflər arasında olan icra hüquq münasibətlərinə xitam verilmişdir. Həmin tarixdən sonra İddiaçı 4 ha torpaq sahəsini heç bir əsas olmadan qanunsuz olaraq istifadəsində saxlamış, mülkiyyətçiyə qaytarmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə torpaq sahəsini qanunsuz olaraq sahibliyində saxladığına və istifadə etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, həmçinin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. İddiaçının çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etdiyi ağaclar isə tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddətində deyil, icarə müqaviləsinin müddəti bitdikdən və icarə hüquq münasibətlərinə xitam verildiyi vaxtdan sonra heç bir əsas olmadan sahibliyində və istifadəsində saxladığı bələdiyyə müəkiyyətində olan torpaq sahəsində heç bir icazə almadan əkilmişdir. Belə ki, qiymətləndirmə rəyi ilə 2460 ədəd ərik, 250 ədəd şaftalı, 8 ədəd armud ağacların 6 illik, 18 ədəd qoz ağacının isə 10 illik olması müəyyən edilmişdir ki, həmin müddətlər də tərəflər arasında icarə hüquq münasibətlərinin xitamından sonraya təsadüf edir. Belə olan halda ağaclara çəkilmiş xərcin maddi ziyan olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı tələbi təmin edilə bilməz. Həmçinin torpaq sahəsinin iddiaçının istifadəsində saxlanılması ilə bağlı iddia tələbi də əsassızdır. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsindən İddiaçı çıxarılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bundan başqa torpaq sahəsinin yenidən iddiaçının istifadəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətçinin hüquqlarına və səlahiyyətlərinə aiddir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidr. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 manat ekspertiza xərci iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 137 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinə qarşı maddi zərərin ödənilməsi və ya əvəzləşdirilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 (beş yüz) manat ekspertiza xərci İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 137 (bir yüz otuz yeddi) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-46/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-46/2025
21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver