Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-56/2025 14.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, zərərin (əldən çıxmış faydanın) əvəzi olaraq 27000 manat, mənəvi zərərin əvəzi olaraq 25000 manat, hüquqi yardım üçün ödənilmiş 300 manat, rəylərin alınması üçün ümumi olaraq 150 manat, ümumilikdə 52450 manat pulun və ödənilmiş 248 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus Gəncə şəhəri Atatürk prospekti 249 saylı binanın birinci mərtəbəsində yerləşməklə 4,6 kv.m. qeyri-yaşayış sahəsi vardır. Həmin qeyri-yaşayış sahəsinə Gəncə şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən müvafiq sərəncam verilmiş, mülkə dair xx.xx.2014-cü il tarixdə DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportla və xx.xx.2014-cü il tarixdə verilmiş ******* seriyalı çıxarış əsasında qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh3, Cavabdeh4 2020-ci ilin mart ayından, Cavabdeh1 2020-ci ilin iyun ayından etibarən, eyni zamanda Cavabdeh2 2023-cü ilin mart ayından başlayaraq etmiş olduğu qanunsuz hərəkətləri nəticəsində İddiaçı yuxarıda qeyd edilən, ona məxsus qeyri-yaşayış sahəsindən istifadə edə bilməmiş və hal-hazıradək əldə edəcəyi gəlirlərdən uzun müddətdir məhrum olmuş, ona zərər vurulmuşdur. (həmçinin Cavabdeh5 hələ də davam edən hərəkətləri ucbatından). Belə ki, Cavabdeh3 2020-ci ilin mart ayından etibarən iddiaçıya məxsus Gəncə şəhəri Atatürk prospekti 249 saylı binanın birinci mərtəbəsində yerləşməklə 4,6 kv.m. olan qeyri-yaşayış sahəsini qanunsuz yolla zəbt etmiş və faktiki olaraq iddiaçının həmin yerdən istifadə etməsinə, mülkiyyət hüquqlarını həyata keçirməsinə imkan verməmiş, bundan məhrum etmişdir. Bununla əlaqədar İddiaçı məhkəmə instansiyalarına müraciət etmişdir. İlk olaraq iddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsində “mülkün cavabdehin qanunsuz zəbtindən azad edilməsi” tələbinə dair iddia qaldırmış, lakin birinci instansiya məhkəməsi (hakim Roman Ələkbərli) xx.xx.2021-ci il tarixli 2(044)-268/2021 saylı qətnaməsi ilə iddia tələbini təmin etməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan məlum olmuşdur ki, İddiaçı məxsus 4,6 kv.m. qeyri-yaşayış sahəsinə giriş-çıxış sərbəstdir və qonşu tikililərə heç bir maneçilik törətmir. Haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 268/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Loğman Süleymanov) xx.xx.2022-ci il tarixli 2(104)- 303/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iddianın təmin edilməsi və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4,6 kv.m. qeyriyaşayış sahəsindən çıxarılması barədə yeni qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən İspəndiyar Şəfiyev) xx.xx.2023-cü il tarixli 2(102)-360/2023 saylı qərarı iləkassasiya şikayətinin təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-303/2022 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması qərara alınmışdır. Əlavə olaraq hazırki iş üzrə Cavabdeh3 İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qaldıraraq və daha sonra dəqiqləşdirmə verərək İddiaçı 84100 manat maddi və 110000 manat mənəvi zərərin tutulmasını xahiş etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-239/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Eyni zamanda Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə heç bir məhkəmə qərarı olmadan İddiaçı, mülkiyyət hüququ ilə ona məxsus olan əmlakından qanunsuz olaraq çıxarılmış və həmin əmlak qanunsuz olaraq Cavabdeh3 təhvil verilmişdir. Qeyd edilənlər həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-239/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən də görünür ki, Cavabdeh3 özüdə həmin iddiada qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə 2004-cü il qətnaməsi icra edilərkən İddiaçı çıxarış təqdim etsə də qeyri-yaşayış binası xx.xx.2020-ci il tarixdə qanunsuz boşaldılaraq Cavabdeh3 təhvil verilmişdir. Bundan başqa Cavabdeh1 tərəfindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2(044)- 1240/2004 saylı qətnaməsi üzrə icra vərəqəsinə izah verilməsi barədə ərizə təmin edilməmişdir. Cavabdeh3 Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs İddiaçı) qarşı Gəncə şəhəri, Atatürk pr 249, 3A saylı yaşayış evinin fasadının yenidən qurulması ilə əlaqədar binanın 1-ci mərtəbəsinin şimal-qərb küncündə yaranmış 5,0 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına qeydiyyata alınması və rəsmiləşdirilməsinə icazə verilməsinə dair Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 1644 saylı sərəncamının etibarsız sayılması barədə inzibati məhkəmədə iddia qaldırmış və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-236/2021 saylı qərarı ilə iddia təmin edilməmiş, həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(104)-395/2021 saylı qərardadı ilə ləğv edilmiş və iddia mümkün sayılmamış, həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-926/2022 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bildirmişdir ki, Cavabdeh3 2020-ci ilin fevral-mart ayından ona problemlər yaratmağa başlamış, onun obyektinə daxil olmuşdur. Bundan başqa xx.xx.2020-ci il tarixdə Cavabdeh1 bir neçə əməkdaşı ona məxsus qeyri-yaşayış sahəsinə gələrək, 16 il əvvəl qəbul edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2- 1240/2004 saylı qətnaməsinin icra olunmasını ondan tələb etmişdirlər. Halbuki bu qətnamənin ona məxsus olan qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti yox idi (həmçinin o iş üzrə tərəf olmamışdır). İcra məmurlarının qanunsuz tələbinə görə, ona məxsus qeyriyaşayış sahəsindən zirzəmiyə hazırki işdə cavabdeh olan Cavabdeh3 xeyrinə qapı açılmalıdır. O, bu qanunsuz, əsassız tələbə etiraz etdikdə, icra məmurları fiziki zor tətbiq edərək, zorla sahəyə daxil oldular və döşəməni deşməyə cəhd edərək ona maddi zərər vurmuşlar. xx.xx.2004-cü il tarixli 2-1240/2004 saylı qətnaməsi əvvəllər icra edilmiş və zirzəmiyə qapı açılmışdır. İcra məmurları qanunsuz olaraq 2004-cü ilin qətnaməsinin icrası ilə bağlı ona məxsus qeyri-yaşayış sahəsinə daxil olduqda, zirzəmiyə açılan qapının olduğu qeyri-yaşayış sahəsi X1 məxsus idi və hazırda orada Cavabdeh3 fəaliyyət göstərir. 2004-cü ildə Cavabdeh3 zirzəmiyə qapı açmaq barədə mübahisəsi X4 ilə olmuş və sonuncuya məxsus obyekt ilə onun mülkiyyətində olan obyekt eyni deyil, N.İsmayılova məxsus obyektin yerində hazırda “Aptek Buta” fəaliyyət göstərir. Bütün bu qanunsuzluqların və özbaşınalıqların qarşısını ala bilmədiyindən, o, məcbur olub 2020-ci ilin avqust ayında məhkəməyə müraciət etmişdir və haqlı olduğundan iddiası təmin edilmişdir. Lakin bugünədək Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 ona qarşı əsassız iddialar qaldırır və qanunsuz hərəkətləri ilə onun qeyri-yaşayış sahəsindən istifadə etməyinə, sahiblik və mülkiyyət hüquqlarını həyata keçirməyə maneə olurlar. Bundan başqa hazırki iş üzrə Cavabdeh2 İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi və zəbt edilmiş sahənin boşaldılması” tələbi ilə Gəncə Şəhər Məhkəməsində əsassız iddia qaldırmış, məhkəmənin xx.xx.2023-cü il tarixli 2(125)-2756/2023 saylı qərardadı ilə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş və işə əlavə edilmiş “vergi ödəyicinin dövriyyəsi haqqında” xx.xx.2023-cü il tarixli sənəddən görünür ki, İddiaçı, ona məxsus qeyri-yaşayış sahəsindən istifadə etmiş, fayda(qazanc) əldə etmiş və müvafiq qaydada vergi ödəmişdir. Belə ki, iddiaçı 2014-cü ildən qeyd edilən qeyri-yaşayış sahəsinə görə vergi ödəmiş və özünə məxsus qeyriyaşayış sahəsindən qanunsuz olaraq çıxarılana qədər mütəmadi olaraq qeyri-yaşayış sahəsindən fayda, gəlir (qazanc) götürmüşdür. Eyni zamanda xx.xx.2023-cü il tarixli “Əmlakın Qiymətləndirilməsi Nəticələri Haqqında” Hesabatdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 4.6 kv.m ümumi sahədən ibarət, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış binasının aylıq kirayə haqqı 600 (altı yüz) manat təşkil edir. Bundan başqa xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi” barədə 15 nömrəli rəydən də məlum olur ki, obyekt şəhərin mərkəzində yerləşir və İddiaçı məxsus qeyri-yaşayış binasının aylıq kirayə haqqı 600 (altı yüz) manat təşkil edir. Z.Məmmədov adına Gəncə şəhər Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli çıxarışından məlum olur ki, İddiaçı səhhətində yaranmış problemlərlə əlaqədar, konkret olaraq keçirdiyi stresslə əlaqəli xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə xəstəxanaya müraciət etmişdir. Həmin dövrlər də iddiaçı ilə Cavabdeh3 arasında olan məhkəmə prosesləri dövrünə, eyni zamanda Cavabdeh1 mülkiyyət hüququ ilə İddiaçı məxsus olan qeyriyaşayış sahəsindən onu qanunsuz olaraq çıxarması və həmin əmlakı qanunsuz olaraq Cavabdeh3 təhvil verməsi dövrünə təsadüf edir. İddiaçı cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərəri 25000 (iyirmi beş min) manat dəyərində qiymətləndirir, çünki o bütün bu qanunsuz hərəkətlər ucbatından dəfələrlə xəstəxanaya müraciət etməsini, əsəbilərinin pozulmasını, yuxusuzluq yaranmasını, baş və ürək nahiyyəsində sıxılma hissi, ürək döyünmə hissi, əllərində əsmələr və s qoyulmuş diaqnoz üzrə müalicə almasını bildirmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1198/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1ndən iddiaçının xeyrinə zərərin (əldən çıxmış faydanın) əvəzi olaraq 34100 (otuz dörd min yüz) manatın, mənəvi zərərin əvəzi olaraq 25000 (iyirmi beş min) manatın, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat pulun, rəylərin alınması üçün ümumi olaraq 150 (yüz əlli) manat, ümumilikdə 59550 manat və ödənilmiş 269 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın tam şəkildə təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehlər iddiaçıya məxsus obyektə daxil olub istifadəyə maneçilik törədilir. Əgər Cavabdeh3 oranı tərk etmişdirsə, niyə məhkəmə qərarından apellyasiya şikayəti verirdi. Odur ki, məhkəmədən iddianın tam şəkildə təmin edilməsini xahiş edir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsindən onun obyektinə giriş yolunun açılması ilə bağlı 2004-cü il tarixli məhkəmə qətnaməsinin icrasını tələb etmiş və məhkəmə tərəfindən həmin qətnamə icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Həmin qətnamə icra olunaraq ona həmin yerdən giriş açılmışdır. Sonradan iddiaçı ona qarşı məhkəmədə iddia qaldıraraq həmin qeyri-yaşayış sahəsindən çıxarılmağımı tələb etmişdir. Məhkəmə icraatı zamanı ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının obyekti girişin üstündə yerləşir. İddia təmin olunmuşdur və həmin qərardadan apellyasiya və kassasiya şikayətəri verilmiş, qərar qüvvədə qalmışdır və qərar da icra edilmişdir. Məhkəmə qərarından sonra o, oradan çıxmışdır. O, ora heç bir müdaxilə etməmişdir. Ona böhtan atdığı üçün qarşı tərəf dəfələrlə cəzalandırılıb. 2022-ci ildən 2023cü ilə kimi qarşı tərəf oranı ayda 800 manat olmaqla Sabir adlı şəxsə icarəyə verib. Polis bölməsində həmin şəxslə mübahisələri olub. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehlərə və iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, digər cavabdehlər və iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: məhkəmə qərarları, ittiham aktı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar, vergi ödəyicisinin dövriyyəsi haqqında məlumat, qiymətləndirmənin nəticəsi haqqında hesabat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2004cü il tarixli 2-1240/2004 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, Gəncə şəhəri, Atatürk prospekti 249 saylı binanın zirzəmisinə 2-ci giriş yolu üzərində X3 vitraj tikdirməsinə icazə verilməsi barədə Gəncə şəhəri İcra Hakimiyyətinin Baş Memarı M.İbrahimov tərəfindən verilmiş 24 iyun 2004-cü il tarixli 10-315 saylı icazə məktubu(sənədi) və ona əlavə edilmiş layihənin ləğv edilməklə etibarsız sayılması, Gəncə şəhər Atatürk prospekti 249 saylı binanın zirzəməsinə gedən 2-ci giriş yolu (pilləkan) açılmaqla istifadəyə verilməsi qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 dekabr 2004-cü il tarixli 1mk-6406/04 nömrəli qətnaməsi ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2-1240/2004-cü il 27 sentyabr 2004-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2005-ci il tarixli 6k-295 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 dekabr 2004-cü il tarixli 1mk- 6406/04 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh1 16 iyun 2020-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2004-cü il tarixli 2-1240/2004 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Cavabdeh1 14 avqust 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərara əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2004-cü il tarixli 2-1240/2004 nömrəli icra sənədinin icraatına xitam verilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(044)-268/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh3 qarşı ”mülkün qanunsuz zəbtdən azad edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2022-ci il tarixli, 2(104)-303/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməklə Cavabdeh3 İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən 4,6 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmiş, məhkəmə xərcləri cavabdehə aid edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2023cü il tarixli 2(102)-360/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2022-ci il tarixli, 2(104)- 303/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh1 22 fevral 2023-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Gəncə Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(104)- 303/2022 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Cavabdeh1 27 mart 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərara əsasən Gəncə Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(104)-303/2022 nömrəli icra sənədinin icraatına xitam verilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2004-cü il tarixli 2-1240/2004 nömrəli qətnaməsi ilə, iddiaçı Cavabdeh3 iddiası təmin edilmiş, Gəncə şəhəri, Atatürk prospekti 249 saylı binanın zirzəmisinə 2-ci giriş yolu üzərində X3 vitraj tikdirməsinə icazə verilməsi barədə Gəncə şəhəri İcra Hakimiyyətinin Baş Memarı M.İbrahimov tərəfindən verilmiş 24 iyun 2004-cü il tarixli 10-315 saylı icazə məktubu (sənədi) və ona əlavə edilmiş layihənin ləğv edilməklə etibarsız sayılması, Gəncə şəhər Atatürk prospekti 249 saylı binanın zirzəməsinə gedən 2ci giriş yolu (pilləkan) açılmaqla istifadəyə verilməsi qət olunmuşdur. Həmin qətnamə xx.xx.2020-ci il tarixdə icra edilməsi üçün Cavabdeh1nə göndərilmişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Daha sonra Cavabdeh3 ərizə Cavabdeh1nə müraciət edərək, Gəncə şəhəri, Atatürk prospekti 249 saylı binanın zirzəmisinə gedən 2-ci giriş yolu (pilləkən) açılmaqla istifadəyə verilməsi məsələsi öz həllini tapdığından icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Cavabdeh1 14 avqust 2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Daha sonra İddiaçı Cavabdeh3 qarşı ”mülkün qanunsuz zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 04 may 2021-ci il tarixli 2(044)-268/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2022-ci il tarixli, 2(104)-303/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməklə Cavabdeh3 İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən 4,6 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(102)- 360/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2022-ci il tarixli, 2(104)-303/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi 20 fevral 2023-cü il tarixdə icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. Cavabdeh1 22 fevral 2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraat başlanılmışdır. Cavabdeh1 27 mart 2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə heç bir məhkəmə qərarı olmadan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan əmlakından qanunsuz olaraq çıxarılmış və həmin əmlak qanunsuz olaraq Cavabdeh3 təhvil verilmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə Cavabdeh1 bir neçə əməkdaşı ona məxsus qeyri-yaşayış sahəsinə gələrək, 16 il əvvəl qəbul edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-1240/2004 saylı qətnaməsinin icra olunmasını ondan tələb etmişdirlər. Halbuki bu qətnamənin ona məxsus olan qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti yox idi (həmçinin o iş üzrə tərəf olmamışdır). İcra məmurlarının qanunsuz tələbinə görə, ona məxsus qeyri-yaşayış sahəsindən zirzəmiyə hazırki işdə cavabdeh olan Cavabdeh3 xeyrinə qapı açılmalıdır. O, bu qanunsuz, əsassız tələbə etiraz etdikdə, icra məmurları fiziki zor tətbiq edərək, zorla sahəyə daxil oldular və döşəməni deşməyə cəhd edərək ona maddi zərər vurmuşlar. xx.xx.2004-cü il tarixli 2-1240/2004 saylı qətnaməsi əvvəllər icra edilmiş və zirzəmiyə qapı açılmışdır. İcra məmurları qanunsuz olaraq 2004-cü ilin qətnaməsinin icrası ilə bağlı ona məxsus qeyri-yaşayış sahəsinə daxil olduqda, zirzəmiyə açılan qapının olduğu qeyri-yaşayış sahəsi X1 məxsus idi və hazırda orada Cavabdeh3 fəaliyyət göstərir. 2004-cü ildə Cavabdeh3 zirzəmiyə qapı açmaq barədə mübahisəsi X4 ilə olmuş və sonuncuya məxsus obyekt ilə onun mülkiyyətində olan obyekt eyni deyil, N.İsmayılova məxsus obyektin yerində hazırda “Aptek Buta” fəaliyyət göstərir. Bütün bu qanunsuzluqların və özbaşınalıqların qarşısını ala bilmədiyindən, o, məcbur olub 2020-ci ilin avqust ayında məhkəməyə müraciət etmişdir və haqlı olduğundan iddiası təmin edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2004-cü il tarixli 2-1240/2004 nömrəli qətnaməsinin icrası ilə əlaqədar Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən həmin qətnamə icraya yönəldilmişdir. Daha sonra Cavabdeh3 Gənəc şəhəri üzrə İcra İdarəsinə müraciət edərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş və Cavabdeh1 qərarı ilə icraata xitam verilmişdir. Göründüyü kimi Cavabdeh3 iddiaçı olduğu və xeyrinə çıxarılan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını tələb etmiş və Cavabdeh1 tərəfindən həmin qətnamə icra edilərək 2ci giriş yolu açılmışdır. Cavabdeh3 iddiaçıya məxsus qeyri-yaşayış sahəsini qanunsuz olaraq istifadə etməmiş və məhkəmə qərarının icrası ilə bağlı həmin qeyri-yaşayış sahəsi onun istifadəsinə verilmişdir. Daha sonra həmin qeyri-yaşayış sahəsindən Cavabdeh3 çıxarılması ilə bağlı İddiaçı iddiası təmin edilərək Cavabdeh3 İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən 4,6 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə icraya yönəldikdən 1 ay sonra tam şəkildə icra olunaraq Cavabdeh3 qeyri-yaşayış sahəsindən çıxarılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. İşin araşdırılması zamanı Cavabdeh3 İddiaçı məxsus qeyri-yaşayış sahəsini qanunsuz istifadə etməsi halı məhkəmə tərəfindən müəyyən olunmamışdır. Cavabdeh həmin qeyri-yaşayış sahəsindən məhz məhkəmə qərarının icrası ilə bağlı istifadə etmişdir. Ona görə də iddia tələbi Cavabdeh3 maddi və mənəvi ziyanın ödənilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Məhkəmə digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 maddi və mənəvi ziyana görə pul tələb etsə də, məhz onların hansı hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyanın vurulması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi onlara münasibətdə də rədd edilməlidir. Əgər iddiaçıya hər hansı ziyan dəymişdirsə, həmin ziyan icra məmurunun hərəkətləri nəticəsində dəymişdir ki, Gəncə Kommersiya Məhkəməsənin e-2-2(115)-56/2025 nömrəli 14 oktyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə iddia tələbinin Cavabdeh1ndən maddi və mənəvi ziyanın tələb edilməsi hissəsinə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında göstərilmişdir ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Hazır ki məhkəmə araşdırması zamanı isə cavabdehlər tərəfindən törədilmiş əməlin nəticəsində iddiaçıya zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilməsi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Məhkəmə mənəvi zərərin ödənilməsinə dair hissədə iddiaya hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına əsasən, Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, «İnsan hüquqları və X6 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırki iş üzrə iddiaçı mənəvi ziyan tələbini cavabdehlərin ona qarşı törətdiyi qanunsuz hərəkətlərdən gərginlik və sarsıntı keçirməsi ilə əsaslandırsa da, iddiasının hüquqi əsasını təşkil edən, yəni məhz cavabdehlərin hərəkəti nəticəsində sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. İddia tələbi rədd olunduğundan, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 noyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, 2020-ci il üçün aylıq icarə haqqı 43,86 manat, 2021-ci il üçün aylıq icarə haqqı 45,09 manat, 2022-ci il üçün aylıq icarə haqqı 48,11 manat, 2023-cü il üçün aylıq icarə haqqı 54,80 manat, 2024-cü il üçün aylıq icarə haqqı 60 manat müəyyən olunmuşdur.Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB/02-5127/25 nömrəli rəyindən görünür ki, 2020-ci il üçün aylıq icarə haqqı 45,80 manat, 2021-ci il üçün aylıq icarə haqqı 47,20 manat, 2022-ci il üçün aylıq icarə haqqı 50,60 manat, 2023-cü il üçün aylıq icarə haqqı 58,80 manat, 2024-cü il üçün aylıq icarə haqqı 65 manat müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 500 manat təşkil etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin G-07/25-124 nömrəli 21 iyul 2025-ci il tarixli rəyindən görünür ki, 2020-ci ilin yanvar ayından 2024-cü ilin dekabr ayına qədər ayrı-ayrılıqda aylar üzrə orta aylıq icarə haqqının bazar qiyməti 50-100 manat olaraq müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 350 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı 300 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına, 500 manat məbləğində ekspertiza xərci tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına, 350 manat məbləğində ekspertiza xərci isə tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı 300 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına, 500 manat məbləğində ekspertiza xərci tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına, 350 manat məbləğində ekspertiza xərci isə tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-56/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-56/2025
14.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver