Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-63/2023 11.01.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri X2 və X3, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehndən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 29.500 (iyirmi doqquz min beş yüz) manat (ƏDV daxil) xidmət haqqı və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci olmaqla, ümumilikdə 29.700 (iyirmi doqquz min yeddi yüz) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC (bundan sonra “İddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “Cavabdeh”) arasında bağlanmış 1 dekabr 2020-ci il tarixli Mühasibat uçotu sahəsində dəstək üzrə xidmətlər göstərilməsinə dair müqavilənin şərtlərinə uyğun olaraq, əməkdaşlarımız tərəfindən Cavabdeh üçün aylıq əsasda mühasibatlıq xidmətləri göstərilmiş və müqavilə üzrə üzərimizə düşən öhdəliklər vaxtında və lazımi qaydada yerinə yetirilmişdir. Həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən, 1 yanvar 2021-ci il tarixdən başlayaraq İcraçının, yəni İddiaçının aylıq xidmət haqqı 5.000,00 manat üstəgəl ƏDV təşkil edirdi. Müqavilənin 2.2.1.-ci maddəsinə əsasən, tərəflər arasında hesablaşmalar müştəriyə təqdim olunan elektron qaimə-faktura və təhvil-təslim aktı əsasında bank köçürməsi yolu ilə aparılmalı idi. 01 fevral 2022-ci il tarixdə cavabdehlə aralarında təhvil-təslim aktı tərtib edilərək imzalanmış və həmin aktda qeyd olunmuşdur ki, 1 dekabr 2020-ci il tarixli Mühasibat uçotu sahəsində dəstək üzrə xidmətlərin göstərilməsinə dair müqavilə üzrə xidmətlər icraçı tərəfindən vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir. Həmin tarixdə imzalanmış xitama dair razılığa əsasən, 1 dekabr 2020ci il tarixli müqaviləyə 01 fevral 2022-ci il tarixdən etibarən xitam verilmiş, buna baxmayaraq, müştərinin görülmüş işlərin haqqını icraçıya ödəmək öhdəliyindən azad olmadığı göstərilmişdir. Cavabdeh tərəfindən xidmətin bəzi aylarında ödənişlər edilsə də, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli hesab-fakturalar üzrə bu günədək heç bir ödəniş edilməmişdir. Belə ki, hazırda cavabdehin iddiaçıya göstərilən tarixlərdə verilmiş 549/2021, 601/2021, 653/2021, 721/2021 və 040/2022 saylı hesab-fakturaların hər biri üzrə ayrı-ayrılıqda 5000 (beş min) manat xidmət haqqı üstəgəl 900 (doqquz yüz) manat ƏDV olmaqla, bütün hesab-fakturalar üzrə 25000 (iyirmi beş min) manat xidmət haqqı və 4500 (dörd min beş yüz) manat ƏDV, ümumilikdə isə 29500 (iyirmi doqquz min beş yüz) manat məbləğində borcu vardır. İddiaçı cavabdehlə yaranmış bu mübahisənin məhkəmədənkənar həll edilməsinə çalışsa da, onun cavabdehə şifahi və yazılı müraciətləri müsbət nəticə verməmişdir. Sonuncu dəfə cavabdehə 20 iyul 2022-ci il tarixdə pretenziya göndərilmişdir. İddiaçının nümayəndələri X5 və X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, borcun bir hissəsi ödənilmişdir və qalan borcun bankda olan hesablarından ödənilməsi üçün banka müraciət etmişdirlər. Lakin bankda olan hesabların üzərinə həbs qoyulduğundan köçürmə mümkün olmamışdır. Həmin həbs hesabdan götürülərsə borc tamamilə ödənilə bilər. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli, 32/20 TLS nömrəli “Mühasibat uçotu sahəsində dəstək üzrə xidmətlər göstərilməsinə dair” müqavilədən görünür ki, icraçı- İddiaçı Qapalı Səhmdar Cəmiyyəti aylıq əsasında müştəriyə- Cavabdehnə mühasibat uçotunun qurulması və aparılmasına dəstək üzrə xidmətlər göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən müqavilənin bağlandığı ilk üç ay üçün(dekabr, 2020) xidmət haqqı 3000 manat üstəgəl ƏDV təşkil edir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən 1 yanvar 2021-ci il tarixdən başlayaraq icraçının, yəni iddiaçının aylıq xidmət haqqı 5000 manat üstəgəl ƏDV təşkil edir. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən hesablaşmalar müştəriyə təqdim olunan elektron qaimə-faktura və təhvil-təslim aktı əsasında bank köçürməsi yolu ilə aparılır. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2020-ci il tarixli, 32/20 TLS nömrəli müqaviləyə əsasən icraçı tərəfindən müştəriyə mühasibat uçotunun qurulması və aparılmasına dəstək üzrə xidmətlər vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir. Bu akt ilə müştərinin görülmüş işlərin dəyərini(29500 manat) ödəmək öhdəliyinin mövcud olduğu təsdiq edililir. xx.xx.2022-ci il tarixli xitama dair razılıqdan görünür ki, icraçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə müştəri-Cavabdeh xx.xx.2020-ci il tarixli, 32/20 TLS nömrəli müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsinə dair razılığa gəlmişdirlər. Tərəflərin bu Müqaviləyə xitam verməsi Müştərini görülmüş işlərin haqqını İcraçıya ödəmək öhdəliyindən azad etmir. xx.xx.2021-ci il traixli, EBBK 673622 nömrəli elektron qaiməyə əsasən 5900 manat, xx.xx.2021-ci il tarixli, EBBM 372057 nömrəli elektron qaiməyə əsasən 5900 manat, xx.xx.2021-ci il tarixli, EBBO 050044 nömrəli elektron qaiməyə əsasən 5900 manat, xx.xx.2022-ci il tarixli, EBBP 22847 nömrəli elektron qaiməyə əsasən 5900 manat, xx.xx.2022-ci il tarixli, EBBR 467366 nömrəli elektron qaiməyə əsasən 5900 manat məbləğində mühasibatlıq xidmətləri göstərilmişdir. 19 iyul 2022-ci il tarixli, BT143/2022 nömrəli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/9- 00307 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, müştəri-Cavabdeh tərəfindən 2000 manat, xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, 360 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 3000 manat, xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqından bildirişdən görünür ki, 540 manat olmaqla cəmi 5900 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 32/20 TLS nömrəli “Mühasibat uçotu sahəsində dəstək üzrə xidmətlər göstərilməsinə dair” müqavilədən görünür ki, icraçı- İddiaçı Qapalı Səhmdar Cəmiyyəti aylıq əsasında müştəriyə- Cavabdehnə mühasibat uçotunun qurulması və aparılmasına dəstək üzrə xidmətlər göstərməyi, müştəri isə görülümüş işlərə görə hesablanmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin, müştəri müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Həmçinin cavabdehin nümayəndəsi iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-ci maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən 23600 (iyirmi üç min altı yüz) manat xidmət haqqı və 200 (iki yüz) manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 23600 (iyirmi üç min altı yüz) manat xidmət haqqı və 200 (iki yüz) manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehndən 160.80 (bir yüz altmış manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-63/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-63/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver