Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-793/2021 13.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu Kreditor MMC-nin borclu X1 qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditor MMC borclu X1 qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək borcludan Kreditor MMC-nin xeyrinə 5138 manat 90 qəpik əsas borc, 943 manat cərimə borcu, 20 manat dövlət rüsumu və 110 manat vəkil xərci, cəmi 6211 manat 90 qəpik məbləğində pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Məhkəməyə təqdim edilmiş Kreditor MMC ilə borclu X2 arasında 5 il müddətinə bağlanmış 23.09.2019-cu il tarixli, 03 nömrəli alqı-satqı müqaviləsinə əsasən borclu tərəfindən mallar alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, Kreditor MMC tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından, Kreditor MMC ilə X2 arasında bağlanmış alqı satqı müqaviləsinin müddəti başa çatmadığından, tərəflər arasında öhdəlik münasibətləri davam etdiyindən, həmçinin tələb edilən 110 manat vəkil xərcinin ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilmədiyindən, məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.2 və 279.2.3-cü maddələrinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. İşin qeyd olunan hallarını və mübahisənin xarakterini nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278 və 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin borclu X1 qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Ərizə və ona əlavə olunmuş sənədlər Kreditor MMC -yə qaytarılsın. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-793/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-793/2021
13.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver