Məhkəmə qərarları › İş №e-2-2(115)-80/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-80/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-80/2024 17.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı cavabdeh “X7–Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh “X7– Nur” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə üzrə 18000 (on səkkiz min) manat məbləğində elektron qaimə fakturanın vergi orqanına vaxtında təqdim edilməməsinə görə dövlət büdcəsinə ödənilmiş 1198,20 (min yüz doxsan səkkiz manat, iyirmi qəpik) manat maddi ziyanın, 5000 (beş min) manat işgüzar nüfuza dəymiş ziyanın, ödənilmiş 105 (yüz beş) manat mediasiya xərcinin və vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat xidmət haqqının alınaraq İddiaçı xeyrinə verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “X7–Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X7-Nur” MMC-dən xx.xx.2022-ci il tarxdə bağlanmış müqavilə üzrə 18000 (on səkkiz min) manat məbləğində elektron qaimə fakturanın vergi orqanına vaxtında təqdim edilməməsinə görə dövlət büdcəsinə ödənilmiş 1198,20 (min yüz doxsan səkkiz manat, iyirmi qəpik) manat maddi ziyanın, 5000 (beş min) manat işgüzar nüfuza dəymiş ziyan, ödənilmiş 105 (yüz beş) manat dövlət rüsumunun və vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat xidmət haqqının alınaraq İddiaçı MMC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X7-Nur” MMC-nin (VÖEN **********) direktoru X1 ilə (bundan sonra “İcraçı” adlandırılacaq) İddiaçı MMC-nin (VÖEN **********) direktoru X4 (bundan sonra “Sifarişçi” adlandırılacaq) arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci şərtinə görə bu müqavilə əsasında “İcraçı” Qazax rayonunun Bala Çaylı kəndində 1 ədəd 150 metr dərinliyində subartezian quyusunun qazılması və su çəninin quraşdırılması işlərini icra etməyi öhdəsinə götürür, “Sifarişçi” isə bu xidmətləri qəbul edib dəyərini bu müqavilənin 3-cü maddəsinə uyğun şəkildə “İcraçı”-ya ödəməyi öhdəsinə götürür. “Sifarişçi” müqavilənin 3.1 və 3.2-ci şərtlərini icra edərək, ödəmələri əvvəlcədən avans şəklində ödəmişdir. Lakin, “İcraçı” müqavilənin şərtlərində göstərilən və öz üzərinə düşən öhdəliyi tam şəkildə icra etməmişdir. Belə ki, “İcraçı” müqaviləyə əsasən əvvəlcədən avans olaraq ödənilmiş 18000 (on səkkiz min) manat vəsaitin elektron qaimə fakturasını “Sifarişçi”-yə vaxtında təqdim etməmişdir. Məhz, “İcraçı”nın bu hərəkəti nəticəsində “Sifarişçi”-yə vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilmiş və “Sifarişçi” məcbur olub, dövlət büdcəsinə xx.xx.2023-cü il tarixdə 1198,20 manat məbləğində maliyyə sanksiyası ödəmişdir. Göründüyü kimi, cavabdehin təqsirindən iddiaçı 1198,20 manat məbləğində dövlət büdcəsinə vəsait ödəmişdir. Həmçinin, bildirir ki, cavabdehin günahından Cəmiyyət həm mənəvi, həm də maddi sarsıntı yaşamışdır. Belə ki, rəhbərlik etdiyi İddiaçı MMC fəaliyyətə başladığı gündən hazırki dövrədək işə məsuliyyəti, işgüzarlığı və dövlət orqanları ilə əlaqəli əməkdaşlıqda daim seçilmişdir. Lakin, cavabdehin məsuliyyətsizliyindən cəmiyyətin imicinə ciddi zərər dəymişdir. Artıq MMC-yə işinə laqeyd münasibət bəsləyən, məsuliyyətsiz bir orqan kimi baxılır. Beləliklə, cəmiyyətin işgüzar nüfuzana ciddi xələl gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.6-cı maddəsinə görə bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Bilindiyi kimi, qüvvədə olan qanunvericliyin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sesiyasında iştirak etmək məcburidir. Məhz, qanunun tələbinə görə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməkdən əvvəl mediasiya sesiyasından iştirak etmək üçün cavabdehə təklif göndərmiş, lakin onun mediasiya sesiyasında iştirak etməməsi səbəbindən mübahisənin məhkəmədən kənar həll etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC-nin iddia tələbində göstərdiyi 105 (yüz beş) manat vəsaitin dövlət rüsumu kimi deyil, 1 saylı Mediasiya Təşkilatına ödənilmiş xidmət haqqı kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı 10 mart 2022-ci il tarixli müqaviləyə əsasən “X7-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinə Qazax rayonunda 150 metr dərinlikdə artezian quyusu qazmaq həvalə etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirərək subartezian quyusunu qazmış və su çənini quraşdıraraq təhviltəslim prosesini həyata keçirmişdir. Cavabdeh bu günə qədər müqaviləyə əsasən etdiyimiz ödənişlərin elektron qaimə-fakturasını bizə təqdim etməyib. Bu səbəbdən vergi orqanı 18000 manat pul məbləğini gəlir kimi hesablayaraq, vergi borcu tətbiq etmişdir. Elektron qaimə-fakturalar onlara vaxtında təqdim olunsa idi, 1198 manat məbləğində vergidən yayınma borcu ödəmək məcburiyyətində qalmazdılar. Müqavilə bağlanandan təxminən bir il ərzində təhvil-təslim başa çatmışdır. Ancaq təhvil-təslim aktını təqdim edə bilməmişdir. 1198,20 manat penya ilə birlikdə vergi borcu hesablanmışdır. İş davam edirdi ona görə onların tərəfindən ödəniş edilirdi. İşlərin görülməsi üçün ödəniş qabaqcadan edilmişdir. Bundan başqa cəmiyyətin işgüzar nüfuzuna ziyan dəymişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın tam təmin edilməsini xahiş edir. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinə xx.xx.2022-ci il tarixdə 2022-ci il üçün mənfəət vergisini təqdim edib. Təqdim olunmuş 96885,49 manat məbləğinin müqayisəsi nəticəsində 17932,81 manat məbləğində pul vəsaiti xərc kimi göstərilmişdir. Xərci təsdiq edən sənədlər aşkar olunmadığından, bununla bağlı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilmişdir. Həmin xərclə bağlı ya dəqiqləşmiş bəyannamə verilməli, ya da xərci təsdiq edən sənədlər əlavə olunmalı idi. Vergi ödəyicisi tərəfindən 5 iş günü ərzində nə dəqiqləşmiş bəyannamə, nə də ki xərci təsdiq edən sənədlər təqdim edilmədiyindən 12 avqust 2022-ci il tarixdə vergi ödəyicisi barədə 896 manat kameral qaydada cərimə hesablanmışdır. Xərci təsdiq edən hər bir sənəd hesablanaraq xərcə salınır. Qaimələrin olmaması səbəbindən onlar məcbur qalaraq cərimə hesablamışdılar. Vergi orqanı tərəfindən xərc sənədi kimi yalnız elektron qaimələr nəzərə alınır. Məxaric xəzinə orderləri və ödəniş tapşırıqları xərc sənədi hesab edilmir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: podrat müqaviləsi, müqaviləyə 1 nömrəli əlavə, vergi borcunun ödənilməyəcəyi təqdirdə tələbin icraya yönəldilməsi qaydasında icra strukturlarına müraciət ediləcəyi barədə xəbərdarlıq, tələbin icraya yönəldilməsi haqqında qərar, vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə qərar, məxaric xəzinə orderi, ödəniş tapşırıqları, vergi sərəncamı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.3-ci maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “X7-Nur” MMC-nin (VÖEN **********) direktoru X1 ilə İddiaçı MMC-nin (VÖEN **********) direktoru X4 arasında xx.xx.2022-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə əsasında “İcraçı” Qazax rayonunun Bala Çaylı kəndində 1 ədəd 150 metr dərinliyində su artezian quyusunun qazılması və su çəninin quraşdırılması işlərini icra etməyi öhdəsinə götürmüş, “Sifarişçi” isə bu xidmətləri qəbul edib dəyərini bu müqavilənin 3-cü maddəsinə uyğun şəkildə “İcraçı”-ya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış müqavilənin 3-cü bəndindən görünür ki, müqavilənin ümumi məbləği ƏDV daxil olmaqla 18000 manat təşkil etmişdir. Müqavilə üzrə ödəmələr avans və icraçının təqdim etdiyi (qaimə, akt və digər sənədlər) əsasında aparılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məxaric xəzinə orderi, xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, müqavilənin ƏDV daxil olmaqla dəyəri olan 18000 manat pul vəsaitinin hamısı cavabdeh təşkilata avans olaraq ödənilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaiməfaktura verilməsinə yol verilmir. 166.7-cı maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. İddiaçı müqavilə üzrə müəyyən olunmuş pul vəsaitinin hamısını ayrı-ayrı vaxtlarda avans olaraq ödədiyi üçün qanunverciliyin yuxarıda qeyd olunan tələbinə əsasən həmin ödəmələrlə bağlı cavabdehdən elektron qaimə-faktura tələb edə bilməzdi. Yalnız cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş işlər tamamilə yekunlaşdıqdan sonra işlərin görülüb təhvil verilməsi və bununla bağlı çəkilmiş xərclər barədə elektron qaiməfaktura təqdim edilməli idi. Lakin iddiaçı tərəfindən məhkəmənin tələbinə baxmayaraq işlərin görülməsi və təhvili ilə bağlı təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir. Düzdür iddiaçının nümayəndəsi öz izahatında müqavilə üzrə öhdəliyin cavabdeh təşkilat tərəfindən yerinə yetirildiyini bildirmiş və işlərin görülməsi ilə bağlı aralarında hər hansı mübahisənin olmadığını bildirmişdir. Bununla belə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə işlərin görülməsi və təhvili ilə bağlı təhvil-təslim aktı təqdim edilmədiyindən cavabdeh təşkilat tərəfindən işlərin tam görülüb yekunlaşdırılmasını müəyyən etmək mümkün deyildir. Belə olan təqdirdə isə, cavabdehin yuxarıda qeyd olunan ödəmələrlə bağlı hər hansı elektron qaimə-faktura göndərmək öhdəliyindən söhbət gedə bilməz. İşin faktiki hallarından görünür ki, vergi orqanı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim olunmuş 2022-ci il üçün mənfəət vergisi ilə bağlı Bəyannamədə uyğunsuzluq aşkar etmiş və göstərmişdir ki, təqdim olunmuş məlumatların müqayisəsi nəticəsində 17932,81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Həmin xərclə bağlı ya dəqiqləşmiş bəyannamə, ya da ki xərci təsdiq edən sənədlərin əlavə olunması üçün iddiaçı təşkilata xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlığa baxmayaraq vergi ödəyicisi tərəfindən vergi orqanına nə dəqiqləşmiş bəyannamə, nə də ki xərci təsdiq edən sənədlər təqdim edilməmişdir. Nəticədə də vergi orqanı tərəfindən İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli qərarla əlavə vergi hesablanmışdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin qeyd olunan normasından da göründüyü kimi iddiaçı sahibkarlıq subyekti olaraq müqavilə üzrə ödəmiş olduğu məbləğin, yəni xərcinin sənədləşdirilmiş məlumat əsasında vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borclu idi. Lakin iddiaçı təşkilat tərəfindən müqavilə üzrə çəkilmiş xərcin vaxtında sənədlər əsasında uçotu aparılmadığından bəyannamədə həmin xərcləri təsdiq edən sənədləri göstərə bilməmişdir. Buradan da belə nəticəyə gəlmək olar ki, iddiaçının öz təqsirindən vergi orqanı tərəfindən ona əlavə vergi borcu hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının öz təqsirindən vergi orqanı tərəfindən ona əlavə vergi borcu hesablandığından iddiaçı cavabdehdən vergi borcuna görə ödəmiş olduğu 1198,20 (min yüz doxsan səkkiz manat, iyirmi qəpik) manat məbləğində ziyanın tutulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. İşin hallarından görünür ki, cavabdehin iddiaçıya əlavə vergi borcunun tətbiq olunmasında təqsiri müəyyən olunmadığından, cavabdeh tərəfindən iddiaçı təşkilatın işgüzar nüfuzuna da zərər yetirilməmiş olur. Ona görə də iddia tələbi bu hissədə də təmin edilə bilməz. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və ödəniş qəbzindən göründüyü kimi cavabdeh “X7–Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 105 manat mediasiya xərcini ödəmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 105 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə dövlət rüsumu iddiaçıdan alınmamalıdır. İş materiallarında olan 11032 nömrəli ödəniş qəbzindən görünür ki, Gəncə 1 saylı Vəkil Bürosuna 220 manat vəkil xidmət haqqı ödənilmişdir. İddiaçı iddiaə tələbində həmin məbləği də cavabdehdən tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi iddiaçının iddia tələbi rədd edildiyindən vəkilə göstərilən yardıma görə cavabdehdən hər hansı xərc tutula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “X7–Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh “X7–Nur” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə üzrə 18000 manat məbləğində elektron qaimə fakturanın vergi orqanına vaxtında təqdim edilməməsinə görə dövlət büdcəsinə ödənilmiş 1198,20 manat maddi ziyanın, 5000 manat işgüzar nüfuza dəymiş ziyanın, ödənilmiş 105 manat mediasiya xərcinin və vəkilə ödənilmiş 220 manat xidmət haqqının alınaraq İddiaçı xeyrinə verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X7–Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh “X7– Nur” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə üzrə 18000 manat məbləğində elektron qaimə-fakturanın vergi orqanına vaxtında təqdim edilməməsinə görə dövlət büdcəsinə ödənilmiş 1198,20 manat maddi ziyanın, 5000 manat işgüzar nüfuza dəymiş ziyanın, ödənilmiş 105 manat mediasiya xərcinin və vəkilə ödənilmiş 220 manat xidmət haqqının alınaraq İddiaçı xeyrinə verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar