Məhkəmə qərarları › İş №e-2-2(115)-843/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-843/2025

22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-843/2025 22.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X3rşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 3400 manat pulun və ödənilmiş 54 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 ilə aralarında olan müqaviləyə əsasən logistik xidmət göstərilmiş və cavabdehə məxsus əşyalar tərəflərindən sifarişçiyə gətirilərək təhvil verilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli MT2411 seriyalı 12417183 nömrəli elektron qaimə tərtib edilərək cavabdehə göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən ödənilməli olan 3400 manat pulun ödənilməsi təmin edilməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıq etmələrinə baxmayaraq cavabdeh həmin borcun ödənilməsindən yayınmış və ona ödənilməli olan pulu ödəməmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə aralarında rəsmi müqavilə olmuş, iki ildən artıq müddətdə həmin firma ilə işləmişlər. Aralarında hazırkı vaxtadək hər hansı bir narazılıq və ya mübahisə olmamışdır. Cavabdehə Rusiya Federasiyasında yerləşən şirkətdən daşıma xidmətini həyata keçirmişdir. Həmin xidmət üzrə 3400 manat dəyərində elektron qaimə göndərmişdir. 9500 manat dəyərində olan qaimə isə başqa daşıma xidməti ilə bağlıdır və xidmət haqqı ödənilmişdir. Tələb etdiyi 3400 manat məbləğ bir dəfə üçün olan puldur. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh X7 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC-nin yükləri onlara təhvil-verib-verməməsinə dair təhvil-təslim aktı yoxdur. Əgər yük onlara təhvil verilsəydi bu barədə təhvil-təslim aktı olmalı idi. Lakin akt yoxdur. Yükün onların tərəfindən qəbul edilməsini təsdiq edən sənəd təhvil-təslim aktıdır. Bu olmadığından yükün təhvil verilməsindən söhbət gedə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə X7 arasında bağlanmış nəqliyyat daşıma xidməti haqqında xx.xx.2024-cü il tarixli GL-ƏD 30/10/24/01 saylı müqavilədən görünür ki, bu müqavilə icraçı və müştəri arasında yüklərin beynəlxalq daşıması sahəsində tərəflərin qarşılıqlı səmərəli əməkdaşlığını tənzimləyir. İcraçı müştərinin sifarişlərinə əsasən (yüklərin daşınması (hava, dəniz və yerüstü), tərəflər arasında digər razılaşdırılmış xidmətlər) ekspedisiya xidmətləri təqdim etməyi, müştəri isə tərəflər arasında razılaşdırılmış icraçının xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Xidmətlərin dəyəri göstərilən hər bir xidmətə görə ayrılıqda hesablanacaqdır. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2024-cü il tarixdə logistika xidmətinə (Egida-Saloğlu) dair 3400 manat məbləğində, xx.xx.2024-cü il tarixdə logistika xidmətinə (Samsun-Ağstafa, Batum-Ağstafa, Egida-Ağstafa) dair 4250 manat, 1530 manat, 3740 manat olmaqla 9520 manat məbləğində elektron qaimə İddiaçı MMC tərəfindən X5 göndərilmiş, qaimələr təsdiq edilmişdir. İş materiallarında olan bank köçürmələrinə dair hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli müqaviləyə və MT2411 nömrəli qaiməyə əsasən X7 tərəfindən 9520 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixə aid gömrük bəyannaməsindən görünür ki, Azərbaycan Respublikasına idxal edilən 4632,6 kq malı göndərən OOO “Eqida”, malı qəbul edən "xxxx" Firması olaraq qeyd edilmişdir. İş materiallarında olan Qazax rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli cinayət işini başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, “X7” MMC-nin müraciəti əsasında toplanmış 118-C-24 nömrəli materialda MMC-nin satınalma rəhbər müavini vəzifəsində işləmiş X1 əməllərində cinayət tərkibi olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, borcluya borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə X7 arasında xx.xx.2024-cü il tarixdə nəqliyyat daşıma xidməti haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı müştərinin sifarişlərinə əsasən (yüklərin daşınması (hava, dəniz və yerüstü), tərəflər arasında digər razılaşdırılmış xidmətlər) ekspedisiya xidmətləri təqdim etməyi, müştəri isə tərəflər arasında razılaşdırılmış icraçının xidmət haqqını ödəməyi öz öhdəsinə götürümüşdür. İddiaçı MMC Rusiya Federasiyasında yerləşən "xxxx" şirkətindən yükləri Ağstafada yerləşən X5 daşıdığını, həmin yükün daşıma xidmətinə görə qarşı tərəfə elektron qaimə göndərdiyini, lakin qarşı tərəf xidmət haqqı olan 3400 manat pulu ödəmədiyini bildirmiş, həmin pulun cavabdehdən tutulub ona ödənilməsini xahiş etmişdir. Cavabdeh X7 isə yükün ona təhvil-təslim aktı ilə verilməli olduğunu, belə bir təhviltəslim aktı olmadığını, təhvil-təslim aktı olmadığından malın təhvil verilməsindən də söhbət gedə bilmədiyini bildirmişdir. Göründüyü kimi tərəflər arasında daşıma münasibətləri mövcud olmuş, iddiaçı Rusiya Federasiyasında yerləşən "xxxx" şirkətindən yükləri Ağstafada yerləşən X5 daşımış, lakin cavabdeh xidmət haqqını ödəməmişdir. Malların Rusiya Federasiyasından Azərbaycan Respublikasına idxal olunması ilə bağlı gömrük bəyannaməsi verilmişdir. Məhkəmə yükün təhvil verilib-verilməməsi ilə bağlı təhvil-təslim aktının olmaması dəlili ilə bağlı bildirir ki, iddiaçı tərəfindən yükə dair elektron qaimə göndərilmiş, həmin elektron qaimə təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında ifadə olunmuş mövqeyinə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilmiş elektron vergi-hesab fakturaları özü-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisə edilməyən digər bir elektron qaimə üzrə 9520 manat məbləğində vəsait elektron qaiməyə əsasən X7 tərəfindən ödənilmişdir. Cavabdeh məhkəməyə ödənilmiş elektron qaimə üzrə edilmiş ödənişlərin elektron qaimədən başqa, məsələn təhvil-təslim aktı və s. əsasında ödənildiyinə dair hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında daşınan yükün təhvil verilib-ödənilməsi elektron qaimələr üzrə həyata keçirilmişdir. Belə olan halda digər ödənilməyən qaimə üzrə xidmətin göstərilməsi öz təsdiqini elektron qaimənin müştəri tərəfindən təsdiq edilməsi ilə tapır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı həmin məbləğdə borcu cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 54 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə X7 arasında bağlanmış 30 oktyabr 2024-cü il tarixli GL-ƏD 30/10/24-01 saylı nəqliyyat daşıma xidməti haqqında müqaviləyə əsasən 3400 (üç min dörd yüz) manat pul, 54 (əlli dörd) manat dövlət rüsumu cavabdeh X4 tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar